Elm və təhsil
Məktəblərdə yoluxma kəskin artdı: dərslər TAM BAĞLANIR? - AÇIQLAMA
“Bakıda daha bir məktəb bağlandı... Bu məktəbdə bir sinif distant təhsilə keçdi”. Hər gün xəbər saytlarının lentində yer alan bu cür başlıqlar Azərbaycanda təhsil müəssisələrində COVID-19-a yoluxmanın nə qədər ciddi olduğunu göstərir. Universitetlərdə kütləvi yoluxmalar aşkarlanır, qruplar ənənəvi tədrisi dayandırırlar. Hətta bəzən siniflərdə vəziyyət o həddə çatır ki, bütün məktəbin distant təhsilə keçməsi ilə bağlı qərar qəbul edilir. Vəziyyət ciddidir. Ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan 344-ü (0,3 faizi) distant təhsilə keçib. Sosial şəbəkələrdə noyabrın 1-dən ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində dərslərin əyani şəkildə dayandırılacağı ilə bağlı da məlumatlar yayılıb. Təhsil Nazirliyi isə bunun dezinformasiya xarakterli olduğunu bildirir.
Həkimlər hesab edirlər ki, məktəb və universitetlərdə kütləvi yoluxmaların qeydə alınması vəziyyətin yenidən pisləşəcəyinə işarədir.
Mövcud vəziyyətlə bağlı Publika.az-a danışan infeksionist-hepatoloq Mərdan Əliyev bildirib ki, təhsil müəssisələrində yoluxmaların artması proqnozlaşdırılan hal idi:
“Payız aylarında virusa yoluxma daha da artır. Məktəblərin açılması isə bir qədər tələsik qərar oldu. Yaxşı olardı ki, məktəblər sentyabrda açılmazdı. Üzü qışa, ya da yaza doğru açılsaydı, daha uyğun olardı. Çünki hamı bilirdi ki, payız aylarında təkcə koronavirus yox, həmçinin digər respirator infeksiyalar da artır. Ona görə də məlum idi ki, məktəblərin açılması yoluxmaları artıracaq. Gözlənilən kimi də oldu. Məktəblilər arasında hazırda virusa yoluxma sürətlə artır. Bu hal həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə yaşanır. Mövcud durumun qarşısını almaq isə mümkün deyil. Bir sinifdə 30-dan çox şagird təhsil alır. Böyüklər arasında sosial məsafəni və digər qaydalara əməl etməyi təmin etmək mümkün olsa da, uşaqlarda bunu etmək mümkün deyil. Ona görə də yoluxma artıb. Ümumi yoluxma sayı getdikcə artacaq. Təhsil müəssisələrinin tam bağlanıb-bağlanmayacağı ilə bağlı qərarın verilməsini isə qarşıdakı dövrdə demək olar. Amma 2-3 həftəlik distant təhsilə keçib yenidən tədrisi bərpa etmək olar. İndi necə ki, bəzi məktəblərdə bu proses var. Ancaq bu, çox çevik olmalıdır. Bir nəfərdə yoluxma varsa, həmin gündən də məktəb bağlanıb distant tədrisə keçilməlidir”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun sözlərinə görə, məktəblərin açılması ilə bağlı qərar qəbul olunarkən Təhsil Nazirliyi bütün müvafiq hazırlıq işlərini görmüşdü: “Biz fikirləşirdik ki, pandemiya bitməyib, yoluxma arta və qapanma tədbirlərinə gedilə bilər. Bu gözlənilənlər özünü doğrultdu. Ölkəmizdə hazırda yoluxma sayı çox kritik deyil, idarəolunandır. Ancaq təhsil müəssisələrində yoluxma hallarının aşkar edilməsi bizə lokal xarakterli qərarları qəbul etməyə ehtiyac yaradır. Hazırda təhsil müəssisələrinin qapanmasından söhbət gedə bilməz. Situasiya elə bir həddə deyil ki, biz məktəbləri bağlayıb distant təhsilə keçək. Təəssüflər olsun ki, cəmiyyətdə həqiqəti əks etdirməyən, rəsmi əsası olmayan paylaşımlara da rast gəlirik. Orta məktəblərdə, ali və orta ixtisas təhsili müəssisələrində yoluxma halları var. Əgər yoluxma aşkarlanarsa, hansı tədbirlərin həyata keçirilməsi, ayrı-ayrı siniflərin ənənəvi tədrisi dayandırıb distant formaya keçməsi və bütün bu kimi məsələlər aidiyyəti qurumlarla birgə analiz edilir, virus aşkarlanan sinif və qruplarla bağlı doğru qərarlar qəbul olunur. Karantin müddəti bitdikdən sonra həmin siniflərin və ya məktəbin ənənəvi formada tədrisə davam etməsi ilə bağlı qərar qəbul olunur. Hazırkı vəziyyət bizə əsas vermir ki, bütün təhsil ocaqları distant tədrisə keçsin. Ənənəvi tədrisin bərpası zamanı da beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin məhz bu cür situasiyalarda qəbul etdiyi qərarlar müzakirə olunub müvafiq qərarlar verilmişdi”.
Ekspert hesab edir ki, mövcud vəziyyətə müvafiq olaraq ayır-ayrı siniflər və qruplarla bağlı qərarlar qəbul edilməlidir: “Pandemiya nə qədər davam edəcəksə, biz də ona uyğun yaşamağa məcburuq. Bu baxımdan hər bir insan həmrəylik nümayiş etdirməlidir. Təhsilin 1,5 il müddətində distant formada davam etdirilməsinin xüsusilə orta məktəb bazasında nə qədər təsirlərlə yadda qaldığını hamımız bilirik. Bu baxımdan da əgər məktəblərin bağlanmasını istəmiriksə, övladlarımızı yaxşı təhsil verməklə bağlı arzularımız varsa, təbii ki, ilk növbədə həmrəylik nümayiş etdirməli, qərar və qaydalara əməl etməliyik. Bu qaydalara əməl olunsa, mütləq şəkildə biz vəziyyəti idarəolunan həddə saxlaya bilərik. Məsuliyyətsizlik nümayiş olunacaqsa, gələcəkdə daha sərt qərarların şahidi ola bilərik”.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...