67 qəpik: tələbəyə verilən dəyər - Azərbaycan niyə Türkiyədən örnək almır?
Bizi izləyin

Elm və təhsil

67 qəpik: tələbəyə verilən dəyər - Azərbaycan niyə Türkiyədən örnək almır?

Deyillər ki, tələbəlik illəri ömrün ən gözəl illəridir. Bir çoxları bu illəri xoş hislərlə xatırlasa da, bu hal heç də hamı üçün eyni deyil. Təəssüf ki, maddi sıxıntılar yaşana biləcək o xoş anlara mane olur. Ən çox yadda qalan hadisələrindən biri də tələbə dostlar və rəfiqələrin bir yerdə ali məktəb bufetlərində keçirdiyi anlardır. Tənəffüs zamanı, boş vaxtlarda kimi tək, kimi də bir neçə dostu ilə birgə yolunu bufetdən salmalı olur. Ali məktəblərin bufetlərində olan qiymətlər isə nə cibə münasibdir, nə də keyfiyyətlidir. Çox uzağa yox, qardaş ölkə Türkiyədə ali məktəblərin bufetlərində olan qiymətlərə baxsaq nə qədər münasib olduğunu görəcəyik. Türkiyədə şorba, 2 cür quru yemək, su, çörək, meyvə universitetlərdə tələbəyə 11 tl, yəni 67 qəpiyə satılır. Lakin ölkəmizdə olan dövlət universitetlərində yeməklər adi çörəkarası kolbasa, pomidor 1.50-2.50 manatdan başlayır. Təhsil haqqlarına baxsaq, Azərbaycanda daha çox təhsil haqqı ödənilir. Lakin tələbənin cibinə uyğun heç bir doyurucu qida yoxdur.

Təhsil eksperti Nadir İsrafilov Publika.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələri təkcə savadlı deyil, həm də sağlam nəsil yetişdirməlidir.

“Gənclər bizim gələcəyimizdir”, “Gənclər bizim sabahımızdır” zaman-zaman ən mötəbər kürsülərdən səslənən və nəsillərin bir-birini əvəz etməsi fonunda gəncliyə böyük ümidləri ifadə edən bu şüar həmişə aktual olub. Bir də ki, "Sağlam bədəndə sağlam ruh olar" deyib atalarımız. Bu gün həyatın bütün sahələrində quruculuq işlərinin sükanı arxasında olan orta və yaşlı nəsili sabah indiki gənclər əvəz edəcək. Bu mənada, bu gün təhsil müəssisələrimizin üzərinə öz yetirmələrinə təkcə müəyyən bilik, bacarıq və vərdişlər deyil, həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək kimi bir vəzifə də düşür. Məktəbli yeniyetmələrin və tələbə gənclərin müəyyən hissəsi məktəb və universitet bufetində qidalanır. Bununla belə, təhsil müəssisələrinin daxilində fəaliyyət göstərən bufet və yeməkxanalarla bağlı zaman-zaman narazılıqlar meydana gəlir.

Bunların əsas səbəbləri isə bəzi bufet və yeməkxanalarda vəziyyətin heç də ürək-açan olmamaması, bu xidməti göstərən bufetlərdə, demək olar ki, sağlamlığa birbaşa zərər vuran məhsullar satılması, qiymətlərdən və şəraitdən narazıdırlar, qida blokunda fəaliyyət göstərən işçilərin fəaliyyətinin nəzərdə tutulmuş qanunvericilik aktlarına əsasən tənzimlənməməsi ilə bağlıdır. Ötən ildən etibarən həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradan bu problemin həlli yolu tapılıb. “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinə start verilib. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi başlayıb. Yəni, məktəblərin bufetlərinə, qida təhlükəsizliyi və sanitar qaydalarına ictimai nəzarət olacaq. Eyni zamanda, təmsil etdikləri məktəblərdə bufetlər, sanitar qovşaq və digər ümumi istifadə olunan ərazilərə maarifləndirici məlumat banerləri yerləşdiriləcək, məktəblilərə paylanması üçün çap materialları ilə təmin olunacaq”.

Təhsil eksperti vurğulayıb ki, belə bir təcrübənin ali məktəblərə də tətbiq edilməsi öz səmərəsini göstərə bilər:

“Bu gün biz Ortaq türk tarixi yazırıq. Olmazmı ki, dünya təcrübəsi bir yana, heç olmasa qonşu və qardaş Türkiyənin orta və ali məktəblərində bu xidmətin neçə təşkil edildiyi, qida rasionunun necə müəyyənləşdirildiyi, yeməklərin necə qablaşdırıldığı, qiymətlərin necə formalaşdırıldığı təcrübəsini öyrənək və buna müvafiq öz standartlarımızı müəyyənləşdirək? Bir də ki, təhsil müəssisəsi daxilində fəaliyyət göstərən bufet və yeməkxanaların işinin təşkili və keyfiyyəti ilə bağlı qanunvericilikdə təsdiqini tapmış konkret müddəalar var:

- Bufet və yeməkxanalar üçün qida qəbulu zalları ayrılır. Onların sahəsi qüvvədə olan tikinti və sanitariya normalarına uyğun olmalıdır.

- Təhsil müəssisələrində fəaliyyət göstərən iaşə obyektlərinin sanitariya-texniki vəziyyəti, xammal və məhsulların saxlanma şəraiti, istehsalat rejimi, istehsalat sahələri, avadanlıqlar və s. sanitariya norma və qaydalarına uyğun olmalıdır.

( Türkiyə universitetində 11 lirəyə (67 qəpiyə) satılan tələbə yeməyi)

- Qida blokunun (mətbəx, ərzaq məhsulları anbarı, qida qəbulu zalı, bufet, yeməkxana) işçiləri işə qəbul edilərkən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada ilkin və sonradan dövri tibbi müayinələrdən keçməlidirlər və s. Sadəcə olaraq təhsil müəssisə rəhbərləri bu və digər müddəalara diqqət yetirməli, mütəmadi müvafiq monitorinqlər keçirib, real vəziyyətlə öyrənib, əlaqədar qurumlarla onların həllinə səy göstərməlidir.

Onu da xatırlatmaq yerinə düşər ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir ki, bu da bu iki qurumdan hansısa birini hər hansı bir narazılıq və narahatçılığa görə məsuliyyət hissindən azad etmir”.

Millət vəkili Fazil Mustafa qeyd edib ki, bu məsələ hər bir universitetin öz şəxsi işidir:

“Universitetlərin özləri təşkil eləməlidirlər və müəyyən dərəcədə tələbə cibinə uyğun şəkildə bunu tənzimləməlidir. Əks halda bu çətinlik həmişə qalacaq. Bizdə bir tələbəyə olan bir diqqət, qayğı çox arzuolunan səviyyədə deyil. Amma Türkiyədə bu belə deyil. Tələbə bufetdə olan yeməklə yanaşı, yurd, nəqliyyat, infrastruktur və başqa məsələlərlə təmin olunur. Ölkəmizdəki yataqxanalarda əvvəllər məcburi köçkünlər məskunlaşmışdı. Amma indi onların da bir qismi onsuz da yataqxanalardan çıxıb. Buna baxmayaraq, şərait tam yaradılmadığına görə tələbələr əziyyət çəkirlər. Universitet bufetlərində olan qidaların qiymət məsələsi müzakirə olunub və müəyyən dərəcədə nəzərdə saxlanmalıdır. Tələbələrin bu məsələdə vəziyyətini yüngülləşdirən addımlar atılmalıdır”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm