Elm və təhsil
Stresdən uzaq, akademik hazırlıq - Azərbaycanda ali məktəbə qəbul cəmi iki fəndən olacaq?
Azərbaycanda abituriyentlər hələ də bütün fənlərdən imtahan verir. Məsələn, tibb universitetinə qəbul üçün əsas fənn biologiya və kimya olsa da, əlavə olaraq riyaziyyat, fizika və ingilis dili də proqramda yer alır. Bu, şagirdlər üçün həm vaxt, həm də enerji baxımından böyük yük yaradır, qəbuldan sonra isə oxumağa həvəsi azalda bilər.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində isə tələbələr yalnız ixtisaslarına uyğun əsas fənlər üzrə imtahan verirlər. Məsələn, Böyük Britaniyada tətbiq olunan A-Level (Advanced Level) sistemi üzrə abituriyentlər adətən 3-4 fənn seçir və yalnız seçdikləri ixtisasa uyğun imtahan verir. Tibb üçün biologiya və kimya, mühəndislik üçün isə riyaziyyat və fizika və s. Bu yanaşma tələbənin potensialını daha düzgün göstərir və təhsilə fokuslanmasını artırır.
Maraqlıdır, Azərbaycanda da abituriyentlərin yalnız seçdikləri ixtisasın əsas fənnindən imtahan verərək universitetə qəbul olması mümkündür? Bu sistemin tətbiqi üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Publika.az-ın suallarını cavablandırdı. Ekspert bildirdi ki, mövzu həm aktual, həm də strateji xarakter daşıyır:
“Xüsusilə təhsil sahəsində fəaliyyət göstərən biri kimi mövzunun həm praktik, həm də konseptual baxımdan vacib olduğunu vurğulamaq istəyirəm. Müqayisə üçün Böyük Britaniya təcrübəsinə nəzər salaq. Burada tətbiq olunan A-Level sistemi üzrə şagirdlər 3-4 fənn seçir və konkret ixtisaslara uyğun imtahan verirlər. Qiymətləndirmə ixtisas yönümlüdür və şagird erkən mərhələdə akademik istiqamətini müəyyənləşdirir. Bu model fokuslanmanı artırır, əlavə fənn yükünü azaldır və akademik dərinlik yaradır”.

R.Fikrətoğlunun sözlərinə görə, Azərbaycanda da bu model nəzəri olaraq mümkündür, lakin struktur dəyişiklikləri tələb olunur:
“Hazırda ali məktəblərə qəbul 1-5-ci ixtisas qrupları üzrə aparılır və hər qrup üzrə bir neçə əsas fənn müəyyənləşdirilib. Bu sistem şagirdi daha çox imtahana yönəldir, erkən ixtisaslaşmanı zəiflədir və repetitorluq sistemini gücləndirir.
Xarici təcrübəni tətbiq etmək üçün ilk növbədə kurikulum dəyişməlidir. Orta məktəblərdə, xüsusilə 10-11-ci siniflərdə akademik istiqamətlər üzrə bölünmə aparılmalıdır. Humanitar, STEM (elm, texnologiya, mühəndislik, riyaziyyat-red.), tibb və s. Burada mütləq şəkildə istiqamətlər üzrə bölünməyə ehtiyac var. Eyni zamanda qəbul modeli də yenilənməlidir. Hər ixtisas üzrə konkret baza fənləri müəyyənləşdirilməli, universitetlərə daha geniş muxtariyyət verilməlidir.
Minimum keçid balı əsasında ilkin seçim aparılmalı, əlavə olaraq ixtisas yönümlü imtahan modeli tətbiq olunmalıdır. Bu yanaşma həm daha ədalətli seçim imkanı yaradar, həm də abituriyentin real akademik potensialını üzə çıxarar. Məsələn, hüquq üçün tarix və məntiq, kompüter elmləri üçün riyaziyyat və informatika, psixologiya üçün biologiya və məntiq əsas götürülə bilər. Universitetlərin müsahibə və motivasiya məktubu kimi mexanizmlərdən istifadə etməsi də məqsədəuyğundur”.
Ekspert onu da əlavə etdi ki, bu model Almaniya və Niderland kimi ölkələrdə tətbiq olunur. Lakin Azərbaycanda birbaşa keçid riskli ola bilər:
“Daha doğru yanaşma 3-5 illik mərhələli keçid planı, seçilmiş universitet və ixtisaslar üzrə pilot tətbiqdir. Yəni ilkin mərhələdə seçilmiş universitetlər və müəyyən ixtisaslar pilot olaraq müəyyənləşdirilməlidir.
Bu modelin üstünlükləri kifayət qədərdir. Şagird daha erkən karyera qərarı verir, seçdiyi sahə üzrə dərin akademik hazırlığa yönəlir, imtahan stresi azalır və beynəlxalq modellərə uyğunlaşma asanlaşır.
Əslində bu yanaşma olduqca perspektivlidir. Sadəcə keçid mərhələsində müəyyən çətinliklər yarana bilər. Riskləri minimuma endirmək üçün əvvəlcə bir neçə prioritet universitet seçilməli, mərhələli şəkildə tətbiqə başlanmalı və nəticələr qiymətləndirildikdən sonra model genişləndirilməlidir”.
Gülnar Süleymanova
-
Nida Xəbər 12:42Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər
-
Dünya12:18ABŞ-dan gələn naməlum təyyarə Rusiya ərazisindən keçərək bu türk dövlətinə uçub
-
Dünya11:42Qlobal maliyyə, rəqəmsal valyutalar və Kreml: Epşteyn Putinlə nə planlaşdırırdı?
-
İdman11:00Ulduz futbolçu təsdiqlədi: Özündən 7 yaş böyük xanım reperlə eşq yaşayır - FOTOLAR
-
Sosial10:03Bakı metrosunda daha bir PROBLEM - Sərnişinlər təcili düşürüldü
-
Ekopublika.az09:36Şuşanın “İskəndər”lə vurulduğunu gözlərimlə gördüm - Kerobyandan etiraf
-
Region08:48Türkiyə səhər saatlarında silkələndi
-
Magazin108:24"Kasıb yaşayacağamsa, nə edirəm sevgini?"




























.jpg)










