Əmlak
Bakıda mənzillərin qiyməti necə dəyişəcək? - Ekspertdən PROQNOZ
“Son zamanlarda yeni tikililərin sayının azalması, mənzillərə tələbatın yüksək səviyyədə olması qiymət artımını qaçılmaz edir”.
Bunu Publika.az-a müsahibəsində əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspertlə müsahibəni təqdim edirik:
- İlkin mənzil bazarında vəziyyət necədir?
- İlkin mənzil bazarında ilin əvvəli ilə müqayisədə nisbətən artım var. Az da olsa, qiymət dəyişikliyi müşahidə olunur. Mənzillərin 1 kvadratmetri üzrə qiymət 900 manatdan başlayır. Bu rəqəm rayonlar üzrə dəyişir. Məsələn, Nərimanov rayonunda minimum göstərici 1200 manatdır. Xətai və Yasamal rayonlarında isə qiymətlər 900-950 manatdan başlayır. Təmirli mənzillər 300-400 manat fərqlə təklif edilir.
- Təkrar mənzil bazarında qiymətlər nə yerdədir?
- Təkrar mənzil bazarında İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müəyyən kreditlərin verilməsi artım yaradıb. Bu da kəskin artım deyil. Daha çox Kiyev və Leninqrad layihəli mənzillərə üz tutulur. Tikintisi 1980-ci illərə aid evlərə daha çox tələbat var. Yəni onların qiymətlərində digərləri ilə müqayisədə hardasa 2-3 faiz daha çox artım müşahidə olunur. Bakı şəhərində əvvəllər 40 min manata Xruşşov tipli bir otaqlı mənzillər tapmaq mümkün idisə, hazırda bu göstərici 48-50 min manatdan aşağı deyil. Keçən illə müqayisədə də qiymət artımını müşahidə edirik. Ümumən qiymət artımı labüddür. Son zamanlarda yeni tikililərin sayının azalması, mənzillərə tələbatın yüksək səviyyədə olması qiymət artımını qaçılmaz edir.
- Turistlərin mənzil alışı ilə bağlı vəziyyət necədir?
- Koronavirus epidemiyasının yayılması ilə əlaqədar turist axınında əvvəlki temp müşahidə edilmir. Daha çox Cənubi Azərbaycanda yaşayan soydaşlarımız paytaxta axın edirdi. İndi isə onların ölkəyə gəlişində müəyyən məhdudiyyətlər var. Bu da bazara təsirsiz ötüşmür.
Turistlər daha çox şəhərin mərkəz hissələrinə maraq göstərir. Onlar xüsusilə mənzərəli evləri seçirlər. Yeni tikililərə maraq böyükdür. Xarici vətəndaşlara torpaq satışı olmadığı üçün əsasən mənzil alışına üstünlük verirlər.
- Kirayə mənzil bazarında vəziyyəti dəyərləndirərdiniz (qiymətlər, bazara təsir edən faktorlar).
- Kirayə mənzil bazarında həmişə olduğu kimi tələb yüksək olduğu üçün qiymətlər ona nisbətdə düşmür. Hazırkı vaxt kirayə mənzil bazarının ən yüksək dövrü hesab olunur. Çünki tələb yüksəkdir. İş o həddə çatıb ki, 3-4 nəfər bir otaqda qalmaq şərti ilə olsa belə mənzil kirayələyir. Səbəb isə qiymətlərin baha olmasıdır. Köhnə tikililərdə bir otaqlı mənzillərin qiyməti 250 manatdan başlayır.
İki otaqlı mənzillərdə bu rəqəm 300-500 manat arasında dəyişir. Üç otaqlılar isə 400 manatdan təklif edilir. Yeni tikililərdə bir otaqlı mənzilin qiyməti 350, iki otaqlı 400, üç otaqlı isə 500 manatdan yuxarı olmaqla dəyişir. Bu da mənzilin harada yerləşməsindən asılıdır. Qeyd edim ki, metrostansiyalar ətrafındakı qiymətlər digərlərinə nisbətən yüksəkdir. Təxminən 15-20% fərq var.
- Adambaşına düşən yaşayış fondu tikilən mənzillərin sayına adekvatdırmı?
- Hazırda ölkədə adambaşına düşən yaşayış sahəsi çox azdır. Yəni adekvat deyil. Rusiya, Qazaxıstan kimi ölkələrlə müqayisə etdikdə çox azdır. Ona görə də hökumət bu istiqamətdə işlər görür. Keçən illə müqayisədə adambaşına düşən yaşayış fondu 8-9 kvadratmetrdir. Digər ölkələrdə bu göstərici 15-16 kvadratmetrdir. Bəzi ölkələrdə isə 20 kvadratmetri də ötüb. Yeni binaların tikilməsindən çox şey asılıdır. Hazırkı vəziyyətdə görürük ki, yeni tikilən binaların sayı əvvəlki illərlə müqayisədə o qədər də çox deyil. İlkin mərhələdə 2 və 3 mərtəbəli binaların, sonrakı mərhələdə isə 5 mərtəbəli binaların sökülməsi və yerində yeni, daha geniş hündürmərtəbəli binaların tikilməsi nəzərdə tutulub. Bu da maliyyəyə bağlı məsələdir.
- Hazırda mənzil almaq sərfəlidirmi?
- Mənzil almaq həmişə faydalıdır. İllər üzrə müşahidə etsək, görərik ki, ev alanlar heç vaxt uduzmur. Çünki ildən-ilə qiymətlər dəyişir. Neftin dəyərdən düşməsinin evlərin qiymətinə təsir edəcəyini düşünmürəm. Çünki tələb həddindən artıq yüksəkdir. Təklif isə ilbəil azalır. Bəlkə də azərbaycanlılar yeganə millətdir ki, doğulmayan nəvəsinin belə ev probleminin həlli üçün çalışır.
- Alıcılar daha çox hansı istiqamətlərdə ev almağa üstünlük verirlər?
- Daha çox metrostansiyalar ətrafında. Bu səbəbdən də metro ətrafındakı mənzillər digərləri ilə müqayisədə 10-15% bahadır. Məsələn, Neftçilər metrostansiyası yaxınlığında bir otaqlı Xruşşov tipli layihə 55 min manatdırsa, 8-ci kilometr bazarı ətrafında bu rəqəm 48 min manat təşkil edir. Köhnə tikililərdə bir otaqlı mənzillər 48-55 min, iki otaqlılar 65-75 min, üç otaqlılar isə 78-100 min manat arasında dəyişir. Nərimanov rayonu ərazisində artıq üç otaqlı mənzili 100 min manata tapmaq mümkün deyil. Həmin ərazidə qiymətlər 105-115 min manatdır. Təkrar mənzil bazarında Nərimanov rayonu ərazisində bir kvadratmetr üzrə qiymətlər artıq 2 min manatı keçib. Vəziyyət elədir ki, köhnə mənzil bazarındakı qiymətlər yeni tikililərlə müqayisədə daha yüksəkdir. Ona görə ki, köhnə tikililər çox az saydadır. Getdikcə məhdudlaşır. Həm də Nərimanov ərazisində söküntü-tikinti prosesi digərləri ilə müqayisədə daha intensivdir.
- Kirayə, ilkin və təkrar mənzil bazarı ilə bağlı proqnoz necədir?
- Qiymətlərdə enmənin müşahidə edilməsi iqtisadiyyatda baş verə biləcək hadisələrdən daha çox asılıdır. İnfrastruktur layihələr isə mənzil bazarına birbaşa təsir edə bilər.
Məhərrəm Əliyev
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI