Azərbaycan hotellərində Yeni il üçün ŞOK QİYMƏTLƏR: Qubada 7 min, xaricdə isə...
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan hotellərində Yeni il üçün ŞOK QİYMƏTLƏR: Qubada 7 min, xaricdə isə...

Video əlavə olunub.

xxx

Yeni il ərəfəsində vətəndaşlarımız istirahət planı qurur. Bəziləri bayramı regionlarda, bəziləri isə ölkə xaricində keçirməyi üstün tutur. 2020-ci ildə pandemiya səbəbilə əksər ölkələrin qoyduğu səyahət məhdudiyyəti insanların xarici ölkələrə səfər istəyini təxirə saldı. Bu il isə vəziyyət bir qədər dəyişib. Əksər dövlətlər quru sərhədlərini bərpa etməsələr də, hava yolu ilə ölkəyə turist qəbul edirlər.

Nəzərə alsaq ki, insanlar bayram tətili planlarını bir neçə ay əvvəlcədən qurur və buna uyğun da addım atırlar. Məsələn, 2-3 ay öncədən bilet alanlar da var, hotellərdə yer bron edənlər də. Ancaq hazırda yeni yayılan “omikron” variantı ilə əlaqədar əksər Avropa dövlətlərində qapanmalar tətbiq olunur, ölkəyə giriş-çıxışda məhdudiyyətlər və ya bir sıra tələblər qoyulur.

Bu kimi amillərin isə Yeni il öncəsi turizm sektoruna necə təsir göstərəcəyi sual doğurur. Xüsusilə də bu durumda insanların daha çox daxili imkanları dəyərləndirməsi müzakirə olunan məsələlər arasındadır.

Publika.az-a turizm sahəsindəki mövcud durumdan danışan ekspert Yalçın Köçərli bildirib ki, hazırda Azərbaycan vətəndaşları 2018-2019-cu illərdəki qədər səyahətə getmirlər. Buna isə bir sıra faktorlar təsir göstərir: “Azərbaycana ən yaxın, qiymət baxımından da daha əlçatımlı olan qonşu Gürcüstandır. Gürcüstana quru yolu bağlı olduğu üçün bu ölkəyə səfərlər yalnız aviaşirkətlər vasitəsilə reallaşdırılır ki, bunun da sayı orta olaraq qalır. Aviaşirkətlərin xidmətindən istifadə sırf orta təbəqədən olan vətəndaşlar üçün o qədər də əlverişli deyil. Çünki qiymətlər kifayət qədər yüksəkdir. Bu istiqamətdə daha sərfəli olan avtomobil və avtobuslar idisə, qurudan ölkəyə giriş-çıxışın məhdudlaşdırılması ilə bu xidmət də dayanıb”.

Ekspert qeyd edib ki, hazırda Türkiyəyə səfərlər də əvvəlki qədər çox deyil: “Rəsmi qurumlar bu barədə statistikanı tam açıqlamırlar. Amma statistika o qədər də ürəkaçan deyil. Əksər turizm şirkətləri, Azərbaycanda fəaliyyət göstərən hotellər bu fürsətdən kifayət qədər yararlanır. Bizdə qiymətlərin yüksək olmasına baxmayaraq, 31 dekabr-4 yanvar aralığında hotellərdə yerlərin 80-90 faizi dolub. Bu da onu deməyə əsas verir ki, yerli turizm şirkətləri bu fürsətləri qaçırmır. Qonşu Türkiyəyə istiqamətlər olsa da, insanlar bu gün yerli turizmə daha çox üstünlük verir. Çünki pandemiya burada mühüm rol oynayır. İnsanlar başqa ölkəyə səyahət edərkən həmin dövlətlərin qanunlarına uyğun olaraq karantin tədbirləri tətbiq olunur, bəzi yerlərdə 2 həftəlik karantində saxlanılır”.

Yalçın Köçərlinin sözlərinə görə, pandemiya yerli turizm bazarının istehlak imkanlarını daha da artırıb. Bu fürsətləri isə turizm şirkətləri əldən verməmək üçün qiymətləri olduğu kimi saxlamağa çalışırlar: “Bəzən marketinq istiqamətində addımlar atırlar, qiymətləri salmağa çalışırlar. Ancaq ümumilikdə 4 və 5 ulduzlu hotellərdə qiymətlər aşağı enməyib, əksinə, müəyyən xidməti tərkibdən çıxarıb endirimlər tətbiq edirlər. Vətəndaş çıxarılan xidməti paketə əlavə etdikdə həmin qiymətə çatmış olur. Turizm sahəsində gedən bu proseslərin tənzimlənməsi üçün yeni qanun qəbul edildi. Bu, imkan verəcək ki, gələcəkdə turizm şirkətləri düzgün marketinq siyasəti həyata keçirsinlər. Çünki bizim üçün əsas vasitə yerli turizmdir. İnsanlar yerli turizmdən nə qədər çox yararlansalar, vəsait Azərbaycanda qalacaq. Aktiv turizmdə xaricdən Azərbaycana gəlirlər, həmçinin öz vətəndaşlarımız da vəsaitlərini ölkə daxilində xərcləyir. Passiv turizmdə isə ölkədən xaricə pul çıxarılır. Pandemiyadan əvvəlki, yəni 2019-cu ilin statistikasına əsasən, ölkədən gedənlərin və pul xərcləyənlərin sayı ölkəyə gələnlərin sayını üstələyib. Kimsə vətəndaşa deyə bilməz ki, sən ölkədə qal, xaricə getmə. Amma gəlir imkanları baxımından ölkənin valyutası xaricə daşınır ki, bunun da mənfi tərəfi var”.

Ekspert xatırladıb ki, pandemiya dövründə dünyada çökən əsas 3 sektordan biri də turizm sahəsi olub. Bu sfera 2020-ci ildə tamamilə, 2021-ci ildə qismən çöküb: “Yeni-yeni turist vərdişləri formalaşdırılmışdı ki, bu sahə dayandı. Bu gün isə yenidən qapanmalara gedilir. Hətta Yeni il bayramının keçirilməsi ilə bağlı olaraq bir çox ölkələr tədbirləri ləğv edir. Dünyada ən çox turist qəbul edən ölkələrdən biri olan Fransada 31 dekabr tarixinə təyin olunan bir çox tədbirlər ləğv olunub. Gəlir imkanları o demək deyil ki, ölkənin səhiyyə sistemi çökdürülsün və pandemiya tüğyan etsin. Norveçdə də belədir, artıq qapanmalar var, orta məktəblərdə tədris demək olar ki, dayandırılıb. Bu o deməkdir ki, turizm gəlirlərini Yeni ildə həyata keçirən Avropanın özü bu prosesdə kifayət qədər çəkinir və turistləri qəbul etməyə can atmır. Mənim tanıdığım insanlar var ki, onlara 14 günlük karantin tətbiq olunub. Turist istirahət etmək üçün gedir, 14 gün də heç yerə çıxmadan evdə qalacaqsa, nə üçün səfər edir ki?! Qonşu Rusiyada da vəziyyət belədir”.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi xarici turizmdə gedən proseslərin daxili turizmə təsiri ilə bağlı monitorinq keçirdiklərini və yerli hotellərdəki qiymətlərin araşdırıldığını bildirib: “Nəticə olaraq, ötən illərlə müqayisədə qiymətlərdə təqribən 10-15% artım var. Bu da ərzaq məhsullarının qiymətinin artması ilə əlaqədardır. Yeni il şənliyi ilə bağlı hotellər bu gün paketlər təklif edirlər. Orada yerləşmə xidmətləri ilə yanaşı, qida xidmətləri, yəni banketlər də təklif olunur. Məncə, bunun da burada təsiri var və qiymətlər fərqlənib. Eyni zamanda bu gün Azərbaycan vətəndaşı xaricə üz tutmaqdan bir qədər çəkinir. Bayramlar və istirahət günləri zamanı bu səfərlər olur, ancaq qısamüddətli xarakterlidir”.

S.Dübəndinin sözlərinə görə, ötən illərə nisbətən uçuşlar azalıb: “Gediş-gəliş ümumiyyətlə qəlizləşib, karantin rejimi qaydaları və PCR testinin verilməsi təbii ki, bu işi bir qədər ləngidir. İsrail “omikron” variantına görə ABŞ və Türkiyəyə səyahət qadağası qoyub. Ancaq sevindirici məqamlar da var ki, Azərbaycanla bağlı belə bir hal yoxdur. Ümid edirik ki, sərhədləri bizimlə bağlamayan ölkələrdən yaxın günlərdə turist qəbul edəcəyik, eyni zamanda həmin ölkələrə səyahət etmək istəyən vətəndaşlarımız da rahat şəkildə bunu yerinə yetirə biləcəklər. Amma hər halda, ötən illərlə müqayisədə daxili turizmə maraq daha çox artıb və regionlara üz tutan turistlərimizin sayı artır. Bir neçə gün öncə monitorinq apardığımız zaman gördük ki, hotellərdə Yeni il tətili olan günlər üçün 80-85% yer bron edilib.

Ümid edirik ki, “omikron” ştamının qarşısı tezliklə alınacaq. Turizm sektoru pandemiya müddətində çox sınaqlardan keçib. Bu müddət ərzində həm səhiyyə sektoru, dövlətlər və insanlar xəstəliklə mübarizə aparmaq üçün müəyyən təcrübə toplayıblar. Bu qaydalara riayət edərək son 2 ildə müşahidə etdiyimiz sərt tədbirlər, sərhədlərin qapanması kimi hallar baş verməyəcək”.

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin sözlərinə görə, bu gün Azərbaycan vətəndaşları Yeni ili qeyd etmək üçün ənənəvi olaraq Türkiyəni, Birləşmiş Ərəb Əmirlərini (BƏƏ) və MDB ölkələrini seçirlər: “Müalicə, istirahət, xüsusi günləri qeyd etmək, həmçinin Yeni il tətilini keçirmək hər zaman insanların maraq dairəsində olub. Baxmayaraq ki, artıq 2 ilə yaxındır dünyanı bürüyən və milli iqtisadiyyatlara zərbə vuran pandemiya viza prosedurlarının sərtləşdirilməsinə və dövlətlərarası əlaqələrə böyük təsir göstərib. Ancaq ilin ortasında pozitiv kökləndik, Azərbaycandan müxtəlif ölkələrə səfərlər təşkil olundu. Oktyabr və noyabr aylarında Şengen ölkələrində viza sadələşdirilməsi prosesi həyata keçirilirdisə, “omikron” variantı ilə əlaqədar olaraq bu gün bir sıra Avropa dövlətlərində qapanmalar tətbiq olunur. PCR testinin ikili tətbiqi, xüsusi reyslər turizm paketlərinin maliyyə yükünü ağırlaşdırır. 2021-ci ildə turizm sektoruna vurulan zərər nəzərə alınaraq hazırda turizm təşkilatları tədbirli davranır. Ancaq düşünürəm ki, baş verən böhran yeni fürsətdir və daxili turizmin inkişaf etdirilməsi baxımından xüsusi şans olaraq dəyərləndirilməlidir”.

R.Quliyev vurğulayıb ki, monitorinqlərə əsasən, bu gün Azərbaycanın bölgələrinə getmək istəyənlərin sayında erkən rezervasiyada iştirak edənlər baxımından artım müşahidə olunur: “Qiymətlərin baha olması da tədricən yüksək kateqoriyalı hotellərin və yerləşmə obyektlərinin qalmasıdır. Bu da müəyyən formada narazılığa səbəb olur. Türk lirəsinin dəyərdən düşməsi isə qardaş ölkədə həm xidmət sektorunda, həm də ticarət şəbəkələrində bəlli fürsətlər yaradır. İnsanlar həmin bölgələrə daha çox səyahət etmək istəyir. Düşünürəm ki, 2022-ci ilin ortalarından etibarən bərpa prosesi özünü doğruldacaq. 2021-ci ili ümid və vaksinasiya ili hesab edirdik. Üçüncü dozanın da qəbul olunması turizm sektorunun növbəti ildən mərhələli bərpasına şərait yaradacaq”.

Hazırda Azərbaycanın regionlarındakı hotellərdə Yeni il paketləri bölgəyə və hotellərin ulduzlarının sayına müvafiq olaraq dəyişir. Daha aşağı şəraitli məkanda bayram qeyd etmək istəyənlər 110-150 manata, 2022-ci ili lüks şəraitdə qarşılamaq istəyənlər isə 800 manata yaxın pul ödəməlidir. Məsələn, Qubada hotellərdən birində 3 gün qalmaq və Yeni ili qeyd etmək 6950 manata başa gəlir. Qiymətlər isə dağ, göl mənzərəsi və digər xüsusiyyətlərə görə dəyişir. Ümumilikdə isə bölgələrdə orta qiymət 450-600 manatdır. Ancaq xaricə getmək planları bəzi səbəblərdən ertələnənlərin də bölgələrə üz tutması hotellərdə mövcud yerlərin dolmasına səbəb olub.

Ölkə xaricinə gəlincə, demək olar ki, bütün ölkələrdə qiymətlər cib yandırır. Hətta ucuz və sərfəli dediyimiz qonşu Gürcüstan və qardaş ölkə Türkiyədə də. Gürcüstanda həm Yeni ili qarşılamaq, həm də 5 gün hoteldə qalmaq üçün ortalama 1500 dollar və daha çox pul xərcləməli olacaqsınız. Türkiyədə isə hotellərdəki şou-proqramlar, ifa edən müğənnilər və digər təkliflərə uyğun olaraq qiymətlər dəyişir. Məsələn, Yeni ili qarlı dağın zirvəsində - Uludağda qeyd etmək istəyənlər üçün Azərbaycandakı turizm şirkətləri 3200 dollara yaxın dəyəri olan 5 günlük paket təklif edirlər. Türkiyədə bayramı qeyd etmək istəyənlər üçün 1500-2000 dollarlıq tur-paketlər də mövcuddur.

Şarm-əl-Şeyxdə meqastar Tarkanla Yeni il gecəsini qeyd edib 5 gün hoteldə dincəlmək istəyənlər 5750 dollar pul xərcləməli olacaqlar. Moto-Safari turu isə 2510 dollara təklif edilir. Budapeştdə “gecə kruizi”ndə ay işığında 2022-ci ili qarşılamaq isə sizə 1680 dollara başa gələcək. Dubayda qiymətlər müxtəlifdir. Belə ki, 2500-3500 dollar arası dəyişir. Bu şəhərə ekonom paketlər də təklif olunur ki, bunun da qiyməti 1100 dollardan başlayır. Dubay səmasında 60 dəqiqəlik nahar edib 5 gün tətil keçirmək istəyənlər üçün 1620 dollar dəyəri olan paketlər də mövcuddur. Maldiv adalarına getmək istəyənlər üçün isə 3500 manata tur-paketlər satışa çıxarılıb. Şri-Lanka ekzotikasında Yeni ilə salam vermək 2600 dollarınızı alacaq.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm