İki türk ölkəsi: Taxıl idxalı 4 dəfə artırıldı
Bizi izləyin

İqtisadi gündəm

İki türk ölkəsi: Taxıl idxalı 4 dəfə artırıldı

“2021-ci ildən etibarən Azərbaycan-Qazaxıstan arasındakı ticarət dövriyyəsində ciddi artımlar müşahidə olunmaqdadır. Əgər 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 136 milyon ABŞ dolları təşkil edirdisə, cari ilin 6 ayı ərzində bu rəqəm 326 milyon ABŞ dollarına çatdırıldı”.

Bu sözləri Publika.az-a açıqlayan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, bu da son 1 il ərzində iki ölkə arasında inkişaf edən iqtisadi-ticari əlaqələrin təkcə enerji və qeyri-neft sektorlarında deyil, digər sahələrdə də yüksək səviyyəyə çatdığını göstərir:

“Bu dövr ərzində taxılın idxalı sahəsindəki əməkdaşlıqda da müsbət dinamika müşahidə olundu ki, bu da Azərbaycanın taxıla olan ehtiyacının ödənilməsi və taxıl ehtiyatlarının toplanılması baxımından böyük əhəmiyyətə malikdir. Çünki, ölkəmiz bu ilin yanvar ayında Qazaxıstandan idxal olunan taxıl məhsulları hesabına taxıl ehtiyatlarını 4 dəfə artırdı”.

Onun sözlərinə görə, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana səfərindən sonra ölkələr arasındakı iqtisadi və ticari əlaqələr daha da inkişaf edəcək:

“Səfər çərçivəsində həm enerji, həm də qeyri-neft sektorları üzrə əməkdaşlıqla bağlı anlaşmalar imzalandı. Burdan da aydın olur ki, həyata keçirilən birgə iqtisadi layihələrin və iqtisadiyyata cəlb edilən birgə investisiyaların sayı daha da artacaq və . Bunlar beynəlxalq yükdaşımaların həyata keçirilməsinə də müsbət təsir edir. Yaxın vaxtlarda reallaşması gözlənilən Zəngəzur dəhlizi də Orta dəhlizə inteqrasiya olunacaq və Orta Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın bu dəhliz vasitəsilə ixrac imkanları daha da genişlənəcək. Yeni düzənin yaradılması, xüsusilə də Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra türk dünyasını quru nəqliyyat xidmətlərinin birləşməsi fonunda tərəflər arasında əlaqələr daha da inkişaf edəcək”.

Ekspert vurğuladı ki, cari ildə Azərbaycanın da qoşulduğu Böyük İpək Yolu ilə daşınan beynəlxalq yükdaşımaların ümumi həcmi 30 faiz artıb və ilin sonuna qədər bu rəqəm daha ciddi faizlərlə ifadə olunacaq:

“Çünki, həm regionun nəqliyyat infrastrukturu inkifaş edib, həm də Gürcüstan-Azərbaycan-Qazaxıstan birgə nəqliyyat tariflərinin tətbiqi ilə bağlı ümumi razılıq əldə edilib. Mövcud infrastrukturlardan və elektron xidmətlərdən daha çox istifadə olunması, eləcə də Rusiyaya və İrana qarşı tərbiq olunan sanksiyaların hələ də qüvvədə qalması Cənubi Qafqaz və Orta Asiya regionlarına beynəlxalq yükdaşımalar baxımından marağı daha da artırıb. Bu da xüsusilə Şərq-Qərb dəhlizinin daha da genişlənməsinə, o cümlədən Azərbaycan və Qazaxıstan üzərindən daşınan beynəlxalq yüklərin həcmini daha da artacağına və adıçəkilən ölkələrin bu əməkdaşlıqdan daha çox valyuta əldə edəcəyinə səbəb olacaq”.

Deputat bildirdi ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Türk dünyasında münasibətlərin genişlənməsi və inteqrasiyanın dərinləşməsi müşahidə olunur:

"Artıq türkdilli dövlətlər arasındakı münasibətlərdə yeni dövr başlayır. Qazaxıstanla bütün sahələrdə əməkdaşlıq türk dünyasının qarşılıqlı inteqrasiyası baxımından çox vacibdir. Bu ölkənin 65 şirkəti artıq işğaldan azad olunmuş ərazilərimizə investisiya yatrımaqda maraqlı olduqlarını ifadə ediblər ki, bu da kifayət qədər ciddi rəqəmdir. Şuşa və Türküstan şəhərlərinin qardaşlaşması da tarixi hadisədir. Bu baxımdan Tokayevin səfəri həm iki ölkə arasındakı siyasi-iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına, həm də türkdilli dövlətləri arasında əməkdaşlığın daha da inkişaf etməsinə xidmət edəcək”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm