Hadisə
Azərbaycanda məşhur həkim vəfat etdi - FOTO
Azərbaycan Respublikasının əməkdar həkimi, ATU-nun Ailə təbabəti kafedrasının müdiri Mustafa Salih oğlu Salihov 2022-ci ilin mart ayında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Publika.az xəbər verir ki, Mustafa Salihov 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. İnstitutu bitirəndən sonra respublikamızın səhiyyə ocaqlarında həkim kimi çalışmış, sonra aspiranturaya qəbul olunmuşdur. Aspiranturanı 1971-ci ildə bitirən M. Salihov Azərbaycan Tibb İnstitutunun hospital terapiya kafedrasına assistent, sonra isə dosent vəzifələrinə seçilmişdir.
Gənc alimin biliklərini, praktiki təcrübəsini və fransız dilini mükəmməl bilməsini nəzərə alan SSRİ Səhiyyə Nazirliyinin rəhbərliyi onu Əlcəzair Xalq Demokratik Respublikasında işləmək üçün ezamiyyətə göndərir. Mustafa müəllim 1981-1984-cü illərdə Əlcəzairdə müvəffəqiyyətlə çalışır, Azərbaycanı bu ölkədə ləyaqətlə təmsil edir. M. S. Salihovun xəstələrə təmənnasız münasibəti, yerli əhali və işlədiyi hospitalın rəhbərliyi arasında ona böyük nüfuz qazandırmışdı. Vəzifəsinə vicdanlı münasibəti və ictimai həyatda fəal iştirakına görə o, SSRİ-nin bu ölkədəki səfirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdi. Eyni zamanda, Mustafa müəllimə Əlcəzair Xalq Demokratik Respublikası Səhiyyə Nazirliyinin təşəkkürü elan olunmuşdu.
M. S. Salihovun fəaliyyəti Səhiyyə Nazirliyi rəhbərliyinin diqqətini cəlb edir və o, Azərbayucan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti vəzifəsinə təyin edilir. M. Salihov bu vəzifədə 1987-1994-cü illərdə çalışmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, keçən əsrin yetmişinci illərində bu vəzifədə Mustafa müəllimin atası professor Salih Salihov çalışmışdır. Mustafa Salihov baş terapevt vəzifəsində çalışdığı dövrdə respublikamızın terapiya xidmətində bir sıra əlamətdar hadisələr baş vermişdi. Belə ki, onun təşəbbüsü ilə 1990-cı ildə Sovet İttifaqının aparıcı alimlərinin iştirakı ilə Azərbaycan terapevtlərinin I qurultayı keçirilmişdi. “Ümumi praktika həkimi səhiyyədə mərkəzi simadır” şüarı qurultayın ana xəttini təşkil etmişdi. Həmin il M. S. Salihov Fəxri Fərman və Terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin S. P. Botkin adına medalı ilə təltif edilmişdi. M. S. Salihov 1988-1993-cü illərdə terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü, Azərbaycan Tibb Jurnalının redaksiya şurasının, Səhiyyə Nazirliyinin Attestasiya və respublika çağırış komissiyalarının üzvü olmuşdur.
Mustafa müəllimin fəaliyyətinin mahiyyəti ilkin tibbi-sanitar yardımın səhiyyənin əsasını təşkil etdiyini aşılamaq olmuşdur desək, yanılmarıq. Mustafa Salihovun baş terapevt kimi xidmətlərindən biri də 1990-cı ildə Azərbaycan Tibb İnstitutunda poliklinik terapiya kafedrasının yaradılması olmuşdur. 2002-ci ildə ATU-nun Böyük Elmi Şurasının qərarı ilə poliklinik terapiya kafedrasının bazasında Azərbaycanda ilk dəfə “Ailə təbabəti kafedrası” təşkil olundu. Səhiyyəmizin gələcək inkişafının əsas istiqamətlərindən birini müəyyən edən bu kafedraya 1990-cı ildən M. S. Salihov rəhbərlik etmişdir.
Mustafa müəllimin Ümumdünya Səhiyyə Təşkilatının tədbirlərində, Rusiyada, Almaniyada, Fransada, Belorusiyada, Ukraynada, Türkiyədə keçirilən qurultaylar və simpoziumlarda ölkəmizi təmsil etmişdir. Bununla yanaşı, Mustafa müəllim ATU-nun TEC-nin işində fəal iştirak etmişdir, gənc alimlərin yetişdirilməsinə öz töhfəsini vermişdir.
2008-ci ildə Kanadada ilkin səhiyyə xidməti ilə bağlı elan olunmuş tenderdə M. S. Salihovun namizədliyi təqdim olunmuş və layihənin Azərbaycanda həyata keçirilməsi qərarı qəbul edilmişdir. Bundan sonra Mustafa müəllim Kanadadan gələn mütəxəssislərlə birlikdə respublikada ilkin səhiyyə xidmətinin problemləri və perspektivləri proqramında məsləhətçi kimi iştirak etmişdir.
2010-cu ildə tibbi kadrların hazırlanması və Azərbaycanda tibb elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə M. S. Salihova “Azərbaycanın əməkdar həkimi” fəxri adı verilmişdir.
M. S. Salihov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin terapiya üzrə sertifikasiya komissiyasının və “Ailə həkimi” jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Terapevtlər Cəmiyyətinin sədr müavini, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi ekspertiza komitəsinin üzvü olmuşdur. Elmi tədqiqatları – ilkin tibbi yardıma, Azərbaycanda ailə təbabətinin inkişafı problemlərinə, tez-tez rast gəlinən xəstəliklərin profilaktikası və diaqnostikasına həsr olunmuşdur. Mustafa müəllim respublikamızda və xaricdə çap olunmuş 200-dən artıq elmi əsərin müəllifidir. 2011-ci ildə M. S. Salihovun “Ailə təbabəti” adlı dərslik-monoqrafiyası işıq üzü görmüşdür.
Allah rəhmət eləsin!
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO