Hadisə
“8 milyon dolları mən yox, Ziyad Səmədzadə alıb” - Generaldan ŞOK AÇIQLAMALAR
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə ilk olaraq Mövlam Şıxəliyevə söz verilib.
Təqsirləndirilən çıxışa hazır olmadığını bildirsə də, hakim onunla razışmayıb. Hakim Mövlam Şıxəliyevdən məhkəmədə son sözünü deməsini, ittihamlara münasibətini açıqlamasını istəyib. Hakimin təkidindən sonra Mövlam Şıxəliyev çıxışa başlayıb.
Mövlam Şıxəliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını bir neçə dəfə vurğulayıb. O, ittihamların saxta olduğunu, işdəki sübutların saxtalaşdırıldığını deyib. Bildirib ki, cinayət işi üzrə zərərçəkənlərlə bağlı vaxtilə rəhbərlik etdiyi idarənin qərarı əsasında verilimiş məhkəmə tibb ekspertizası rəyləri qüvvədədir.
Bundan başqa MTN İstintaq Baş İdarəsində istintaq olunan cinayət işləri üzrə hazırda zərərçəkən statusunda olan şəxslər barəsində ittihamedici hökmlər də mübahisələndirilməyib, qüvvədədir.
Mövlam Şıxəliyev deyib ki, belə olduğu halda ona həmin cinayət işləri üzrə məhkum olunmuş şəxslərlə bağlı ittihamların verilməsi qanunsuzdur. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham verilib.
Halbuki həmin maddələr üzrə cəlbetmə müddəti bitib və buna görə də həmin maddələr üzrə ittiham xitam olunmalıdır.
Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddə üzrə özünü təqsirli bilməyən Mövlam Şıxəliyev deyib ki, o, zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməyib. Onun xahişlərini zərərçəkənlər hədə-qorxu kimi anlayıblar. Bu baxımdan ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham doğru verilməyib.
Mövlam Şıxəliyev deyib ki, İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində baş prokurora məruzə olunub. Onun sözlərinə görə, cinayət işinin başlanması, vətəndaş barəsində cəlbetmə, qəti-imkan tədbirinin seçilməsi, ittiham aktının təsdiqlənməsi baş prokurorun səlahiyyətində olub.
MTN İstintaq Baş İdarəsinin rəisi olaraq onun vəzifəsi inzibatçılıqdan ibarət olub. Prosessual şəxs olmadığını, verilən tapşırıqları müstəntiqlərə çatdırdığını, tapşırıqların icrasına nəzarət etdiyini deyib.
Mövlam Şıxəliyev baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun MTN İstintaq İdarəsində istintaq olunan cinayət işlərinə birbaşa nəzarət etmək səlahiyyətində olduqlarını hakimin diqqətinə çatdırıb.
Mövlam Şıxəliyev bildirib ki, istintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib, lakin həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib. O vurğulayıb ki, məhkəmə istintaqı zamanı 8 milyon dollar pulu o və Yasin Məmmədov deyil, deputat Ziyad Səmədzadənin aldığı üzə çıxıb.
Qeyd edib ki, buna baxmayaraq Ziyad Səmədzadə bu günə qədər dindirilməyib, bu məsələ ilə bağlı hər hansı bir istintaq hərəkəti həyata keçirilməyib: “Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu alıb və ya almayıb. Alıbsa, niyə alıb, kimə verib?”.
Hüseyn Səfərov isə Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib. Onu düz danışmağa dəvət edib: “Kişiliyin, namusun olsun, düz danış. Biz bu gün də çöldə, kirayələrdə qalmışıq. Məni MTN-də 76 gün girov saxladız, ailəmdən 3 milyon dollar tələb etdiniz. Oğlum, qızım öz evlərini, mənim evimi, maşınlarımızı, qızıl-zinət əşyalarını satdılar, borc alıb 2 miyon dolları gətirib Vüsala verdilər. Vüsal da səninlə əlaqə saxladı, ona dedin ki, pulu gətir. Mən Vüsalın kabinetində idim. Məni səhərdən axşama qədər kabinetdə saxlayırdınız ki, ölüb eləməyim, pul əlinizdən çıxmasın. Şərəfsiz olma, düz danış. Məni düz 3 dəfə kabinetində qəbul eləmisən, pulu tələb etmisən. Adam kişi olar, şərəfsiz olmaz”.
Hakim Elbəy Allahverdiyev Hüseyn Səfərovu təhqir etməməyə çağırıb, nəzarətçilərə onu məhkəmə zalından çıxarmalarını tapşırıb. Nəzarətçilər Hüseyn Səfərovu məhkəmə zalından çıxarıblar.
Daha sonra Mövlam Şıxəliyev deyib ki, baş prokuror Zakir Qaralovla Rüstəm Usubov istintaqa nəzarət edən vəzifəli şəxslər olublar. Onun sözlərindən belə anlaşılıb ki, əgər ortada qanunsuzluq, cinayət olubsa, hər ikisi istintaqa nəzarət edən vəzifəli şəxslər kimi bunu görməli, bilməli və aradan qaldırmalı idilər. Mövlam Şıxəliyev vurğulayıb ki, Zakir Qaralovla Rüstəm Usubov ibtidai istintaq dövründə dindirilməyiblər deyə bu məsələ də araşdırılmamış qalıb. Üzünü hakimə tutan təqsirləndirilən hər iki vəzifəli şəxsin məhkəmədə dindirilməsinə şərait yaratmadığını da xüsusi olaraq vurğulayıb.
Mövlam Şıxəliyev çıxışının sonunda bildirib ki, onun əməllərində cinayət tərkibi yoxdur. Hakimdən xahiş edib ki, barəsindəki cinayət işinə xitam verilsin və barəsində bəraət hökmü çıxarılsın.
Bundan sonra təqsirləndirilən Yasin Məmmədova son söz deyib. Çıxışına uzun illər Rusiyada işləməsi, Azərbaycana gələndən sonra MTN-də vəzifə pillələrində yüksəlməsindən söz salmaqla başlayan Yasin Məmmədov dövlət qarşısında xidmətlərini xüsusi vurğulayıb. O, 2020-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxdığını deyib.
Təqsirləndirilən ittiham üzrə epizodları sadalamaqla günahının sübut olunmadığı bildirib. O, ittiham olunduğu cinayətlərlə bağlı sübut bazasının olmadığını, müşahidə kameralarından çıxarışların yoxluğunu, hər hansı bir cinayətinin olmadığını və sübuta yetirilmədiyini məhkəmənin diqqətinə çatdırıb.
Yasin Məmmədov zərərçəkən İbrahim Zeynalovdan 8 milyon dollar alınması ilə bağlı ittihamdan danışıb. O deyib ki, MTN-nin dörd bir tərəfi və binanın daxilində hər bir qarış yer kamera nəzarəti altındadır: “Belə bir halda İbrahim Zeynalovun 8 milyon dolları gizli şəkildə MTN binasına gətirərək mənə verməsi mümkün deyil”.
Yasin Məmmədov 8 milyon dollar pulun deputat Ziyad Səmədzadəyə çatdığını söyləyib. Deyib ki, Ziyad Səmədzadə İbrahim Zeynalova 3 milyon dollar kredit almaqda köməklik edib. Sonradan kreditlə bağlı aralarında mübahisə yaranıb. Yasin Məmmədov həmin məsələnin MTN-ə aidiyyatının olmadığını, pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatlı olduğunu açıqlayıb.
Yasin Məmmədov zərərçəkənlərin, şahidlərin qərəzli ifadələri əsasında ona ittiham verildiyini iddia edib.
Yasin Məmmədov deyib ki, MTN-in İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində baş prokurora, onun 1-ci müavininə məruzə olunub. Onun sözlərinə görə, cinayət işinin başlanması, vətəndaş barəsində cəlbetmə, qəti-imkan tədbiri, ittiham aktının təsdiqlənməsi baş prokrurorun və onun 1-ci müavinin səlahiyyətində olub.
Yasin Məmmədov daha sonra qeyd edib: “Mən MTN-in İstintaq Baş İdarəsində heç kim idim. Baş prokuror, onun birinci müavini, İstintaq Baş İdarəsinin rəisi, cənab nazir olan yerdə mən kim idim ki, qərar verəm? Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Mən sıradan bir icraçı idim. Mənə deyirdilər ki, bunu belə et, edirdim, belə et, eləyirdim. Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbsə alınması üçün vəsatət qaldırım? Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, təsdiq qərarı olurdu, razılıq verilirdi, biz də işimizi görürdük. Mən zərərçəkənlərin heç birini zərərçəkən kimi tanımıram. Bu adamların maddi ehtiyacı var, maddi durumlarında çətinlikləri var. Gəlin köməkləşək, Əfsəl Həsənəliyevin banka borcunu bağlayaq”.
Yasin Məmmədov hakimdən xahiş edib ki, onun övladlarını atasız qoymasın, barəsində bəraət hökmü çıxarılsın: “Mən bu dövlətə canımı fəda etmişəm, canımdan keçmişəm. Mənim balalarımı yetim, atasız, evsiz-eşiksiz qoymayın. Mən əyri, şikəst barmağımı göstərib kimsədən 1 milyon istəyə bilməzdim. Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsi süni şəkildə ittiham aktı tərtib edib. Bizə qarşı qərəzli mövqedə dayanıblar, saxta ittihamlar irəli sürüblər. Əməlimdə nəinki cinayət tərkibi yoxdur, ittihamda yazılan cinayət hadisəsi ümumiyyətlə olmayıb. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız”.
Digər təqsirləndirilən Sahib Ələkbərov ittihamları qəbul etmədiyini, zərərçəkənlərin hər birinin barəsində vaxtilə MTN İstintaq Baş İdarəsində istintaq olunan cinayət işləri üzrə məhkəmələrin qanuni qüvvədə olan hökmləri olduğunu deyib. Bildirib ki, əgər onlar istintaq zamanı qanunsuzluğa yol vermişdilərsə, həmin cinayət işləri üzrə çıxarılan hökmlər ləğv olunmalı idi: “Hazırda iş üzrə zərərçəkən statusunda olan şəxslər barəsində məhkəmələrin çıxardığı hökmlər qüvvəsindədir. Belə olan halda onların şikayət etmək haqları yoxdur. Buna baxmayaraq prokurorluq onların şikayətini qəbul edib. Bu, açıq-aşkar prokurorluğun bizə qarşı qərəzli mövqe tutduğunu göstərir”.
Sahib Ələkbərov ona qarşı irəli sürülən ittihamda yer alan hər bir epizodu sadalamaqla günahsız olduğunu iddia edib. O, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib: “Mən İstintaq Baş İdarəsində icraçılardan biri olmuşam. Əgər mən məhkum olunaramsa, mənimlə birgə istintaqını apardığım işlər üzrə prokurorlar, hakimlər, məhkəmə tibb ekspertləri də məhkum edilməlidirlər. Belə olan halda məni məhkum etmək qanunsuzdur. İş üzrə zərərçəkən Qulam Bağırov barəsində məhkəmə hökmü qüvvəsindədir. Mənə bu işlə bağlı necə ittiham verib rüşvət almaqda ittiham edirsiz? Hüquq elmində belə şey yoxdur ki, hökm ləğv edilməmiş həmin hökmün əsaslandığı cinayət işinin istintaqını aparmış müstəntiqə ittiham verilsin. Dünyanın heç bir yerində belə ittiham verilmir. Baş Prokurorluğun İstintaq Baş İdarəsi mənə qarşı qərəzli mövqe tutub və süni qaydada ittiham yaratmaqla məhkəməyə yollayıb. Vicdanım, namusum haqqı mənim cinayətim yoxdur. Mənə rəhbər şəxslərin verdikləri tapşırıqları icra etmişəm. Kim pul alıbsa, araşdırsınlar, onu da cəzalandırsınlar. Mənim ittihamlar üzrə günahım yoxdur. Ona görə də xahiş edirəm ki, mənə bəraət verilsin”.
Təqsirləndirilən Vüsal Ələkbərov bildirib ki, ona 2 epizod üzrə ittiham verilib: “Həmin ittihamları vaxtında araşdırsaydılar, bu gün həmin ittihamlarla yenidən məhkəmə qarşısında olmazdım. Mənə həmin ittihamlar üzrə 12 il iş kəsdilər. 4 il həbsdə oldum, vəziyyətim çox ağır oldu. Amma bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır, əzizdir. Mənim başıma açılan bu oyunların bir səbəbi var, o da, hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir”.
Vüsal Ələkbərov ittihamlar üzrə özünü günahkar bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Növbəti proses sentyabrın 20-də davam edəcək.
Qeyd edək ki, iyulun 26-da keçirilən prosesdə çıxış edən prokuror Mövlam Şixəliyevə 14 il, Yasin Məmmədova 12 il, Vüsal Ələkbərova 11 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib.
Sentyabrın 13-də keçirilən prosesdə prokuror çıxışına əlavələr edib. O, Vüsal Ələkbərova əvvəl tələb etdiyi cəzadan imtina etdiyini, 12 il cəza tələbini 15 illik cəza tələbi ilə əvəzlənməsini məhkəmədən xahiş edib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər. (Teleqraf.com)
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək