Azər Həsənsoy: “Onları məhkəməyə verəcəyəm” – FOTOLAR
Bizi izləyin

İdman

Azər Həsənsoy: “Onları məhkəməyə verəcəyəm” – FOTOLAR

Azər Həsənsoy Kamal oğlu 1960-cı ildə anadan olub. 1979-cu ildə “Dinamo” idman cəmiyyətinin karate bölməsində məşğul olmağa başlayıb. SSRİ idman ustasıdır. 1988-ci ildən Çin döyüş növü olan uşu ilə bağlı seminarlarda iştirak edib və uşu ustası adına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2010-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Azər Həsənsoy bizimlə söhbətində keçdiyi idman yolundan danışdı

İlk federasiyanın qurucusu

“1978-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə daxil olmuşam, 1983-cü ildə oranı bitirmişəm.

Elə o vaxtlarda SSRİ-də karate bölmələri yaranmışdı. Mən də həmin bölmələrdən birinə üzv oldum. 1984-cü ilə qədər ölkədə karate qadağan olunanadək davam etdim. Amma həmin dövrə SSRİ idman ustası adın layiq görüldüm.

1983-1991-ci illərdə SSRİ dağılanadək indiki Sənaye Nazirliyində işləmişəm. Mühəndislikdən büro müdirliyinə qədər müxtəlif vəzifələrdə işləmişəm.

Bundan sonra 1987-ci ildən uşu ilə tanışlığım başladı. Bundan sonra seminarlarda o cümlədən beynəlxalq seminarlarda iştirak etdim, uşu ustası adına layiq görüldüm.

1989-cu ildə SSRİ-də ilk və yeganə “Savalan” idman və mədəniyyət mərkəzini açdım. O mərkəzdə bütün döyüş növləri var idi. Bütün SSRİ-dən bizə təcrübə keçməyə gəlirdilər.

Azərbaycanda ilk federasiyanı – 1991-ci ildə ilk dəfə Şərq Döyüş Sənətləri Federasiyası təsis etdim. O vaxt bütün döyüş növləri bu federasiyada birləşirdi. 1992-ci ildə kikboksinq idman növünü Azərbaycanda təsis etdim, bölmələrini yaratdım. 1995-ci ildə isə Kikboksinq Federasiyasını yaratdım. 1996-cı ildə isə bu federasiyanın adı dəyişdirilib Azərbaycan Kikboksinq və Muay-Tay Federasiyası oldu. Federasiyanın rəhbəri məndim.

Bundan əlavə, 1995-ci ildə Uşu Federasiyası yaradıldı. Bu federasiyanın həm prezidenti, həm də baş məşqçisi idim.

1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbər seçildikdən sonra bizim yarışlarda iştirakımız həqiqətən də intensivləşdi. Yəni yarışlarda daha çox iştirak etməyə başladıq.

2000-ci ildən bu günədək iki dəfə dünya çempionu, 3 dəfə beynəlxalq çempionatların qalibi olmuşam. Məhz buna görə mən uşu üzrə 6-cı duan adına sahibəm.

Bundan əlavə, iki dəfə kikboksinq sahəsində veteranlar üzrə dünya çempionu olmuşam (2005-2006).

Uşu üzrə ustalar arasında çempionatın da qalibiyəm.

2006-2008 və 2010-cu illərin dünya çempionatının iştirakçısıyam, həmin çempionatlarda da 2 qızıl, 2 gümüş medal qazanmışam”.

SSRİ-nin qadağası işlərini yarımçıq qoydu

- Dediniz ki, tətbiqi-riyaziyyat fakültəsini bitirmişiniz, bu sahədə də işləmisiniz. Amma bu, indiki sənətinizlə tamam ziddir. Birdən-birə necə oldu ki, idmana gəlməyə qərar verdiniz?

- Etiraf edim ki, uşaq vaxtı sinifdə fiziki cəhətdən ən zəif olmuşam. Amma əla oxuyurdum. Riyaziyyat üzrə sinfin ən yaxşısı, hətta birincisi idim. Ona görə də SSRİ-də karate bölmələri yaranan zaman özüm ora yazıldım.

Hətta 1983-1984-cü illərdə indiki Tver şəhərində 6 aylıq kurs keçdim. Orada da vilayət çempionatında iştirak etdim və SSRİ idman ustası normasını ödədim. Amma elə mən orada olarkən – 1984-cü ildə SSRİ-də karate qadağan olundu. Həmin səbəbdən bu sahədə işlərim yarımçıq qaldı.

Bundan sonra muay-tay üzrə “Gümüş Monkol” mükafatına sahibəm. Öncə də dediyim kimi, bu döyüş növünü də Azərbaycana ilk dəfə mən gətirmişəm. Bu gün yığma komandanın həm baş məşqçisi, həm də prezidentiyəm.

Tailanda 6 dəfə imtahan vemişəm, 10-cu xanla başlamışam, bu gün 14-cü xan dərəcəsinə yüksəlmişəm.

Bundan sonra bir pillə qalıb - “Qızıl Monkol”. Bu adların hamısını idmana olan böyük həvəsim sayəsində qazanmışam. Bunlar mənim üçün reklam yox, özünütəsdiq idi. Ümumiyyətlə isə, əsas marağım ölkəmizdə güclü idmançıların yetişdirilməsi və federasiyamızın fəaliyyətinin inkişaf etdirilməsidir.

- Bir az da Uşu Federasiyasının fəaliyyətindən danışaq. Sizcə, federasiya istədiyi yerədək yüksəlibmi? Uşunun ölkəmizdəki səviyyəsi sizi qane edirmi, yoxsa kikboksinqlə bağlı vəziyyət daha qaneedicidir?

- Düzdür, kikboksinq sahəsində çalışdığım vaxtlarda yüksək nəticələrimiz vardı, bu gün də yüksək uğurlarımız var. Adil müəllimin dövründən də federasiya yaxşı nəticələr göstərib.

Amma uşu ilə bağlı durum 2000-ci illərdə daha yaxşı idi. Amma bu ötən 23-24 il ərzində biz iştirak etdiyimiz hər bir çempionatdan medalla qayıtmışıq. Bildirim ki, bu idman növü üzrə dünya çempionatı 2 ildən bir olur. Avropa çempionatları da 2 ildən bir olurdu, keçən ildən hər il keçirilir. Elə bu il bizim federasiya Avropa çempionatından 1 qızıl, 2 gümüş medal qazandı. Həmçinin gənclərin dünya çempionatından biz ölkəyə 3 medal gətirmişik. Uşu olimpiyaya real namizəd olduğu üçün bütün ölkələr bu idman növünə böyük diqqət ayırır. Etiraf edim ki, təşkilatı baxımdan biz bu ölkələrin bir çoxuna çata bilmirik. Ona görə ki, maliyyə və digər problemlərimiz var. Yəni, uşunu olimpiya oyunları səviyyəsinə gətirib çıxara bilmirik.

Dəstək yoxdur

- Dəstəyiniz varmı?

- Dəstəyimiz yalnız Gənclər və İdman Nazirliyindən gəlir. Ənənəvi olaraq onlar bizə kömək edirlər. Etiraf edim ki, təşkilatı məsələlərimiz ürəkaçan deyil.

- Azər müəllim, maraqlıdır, uşu özündə hansı idman növlərini birləşdirir?

- Uşunun çin dilindən hərfi tərcüməsi “döyüş sənəti” deməkdir. Bu, ümumiyyətlə Çin döyüşlərinin hamısının adıdır. Məsələn, qərbdə bu idmana “kunq-fu” deyirlər. Bunun 300-dən çox növü var. Yeri gəlmişkən, bir fikrimi çatdırım - ölkəmizdə olan bir neçə televiziya rəhbərliyinə rəsmi məlumat ünvanlamalı olmuşam. Bəzi idmançılar çıxıb uşudan neçə qat dünya çempionu olduğunu deyirlər, digər mətbuat orqanlarında da bu məlumatlar gedir. Bu, böyük problemdir. Hansı KİV-də, televiziyada belə məlumat getsə, onları məhkəməyə verəcəyəm. Bu, xalqı aldatmaqdır.

Bu günədək uşu sanda üzrə bir dünya çempionumuz var. Dünya 2-cisi və 3-cüsü çoxdur. Avropa çempionlarımız lap çoxdur.

Bir faktı sizə deyim: 3 federasiyaya birdən rəhbərlik edəndə “çətin deyilmi?” deyə soruşanlar olurdu. Digər idman növlərindən də daha çox medal gətirirdik. 1996-1997-ci illərdə Azərbaycana dünya, Avropa çempionatlarından uşu və kikboksinq üzrə 50-yə yaxın medal gətirirdik. Əlbəttə, bu, böyük uğurdur. Hələ 1993-1994-1995-ci illərdə milli idman komandalarımız beynəlxalq turnirlərə çox getmirdi. Amma Almaniya, ABŞ, Avstriya kimi ölkələrdə böyük komanda ilə təmsil olunurduq. Yəni o vaxt imkanlarım var idi, ölkəmiz və bayrağımız üçün həqiqi mənada nə isə edirdik.

- 2011-ci ildə sizin federasiya ilə bağlı üzücü bir xəbər yayıldı: “ölkənin ilk idman federasiyası ofissiz qalıb”.

- Biz bu gün də ofissizik. Sağ olsun, bir idman klubu var, bizə şərait yaradıb, biz də orada fəaliyyət göstəririk. Halbuki, Azərbaycanda ilk məşq zalları olan federasiya bizim federasiya olub. İlk böyük ofis də bizim olub. Bu gün nə ofisimiz, nə də məşq zalımız var.

- Necə oldu ki, Kikboksinq Federasiyası Adil Əliyevə verildi?

- 2000-ci ildə Adil Əliyevi Azərbaycan Kikboks və Muay-Tay Federasiyasına rəhbər seçdilər. Mən də həmin federasiyanın idarə heyətinin sədri kimi fəaliyyətə başladım. Sonra Adil müəllimlə məsləhətləşib qərara gəldik ki, hər federasiya ayrılsa yaxşıdır. Bu dünya federasiyasının da tələbi idi - kikboks və Muay-Tay bir yerdə qala bilməz. Buna görə federasiyanı ayırdıq. Yəni Azərbaycan Kikboks Federasiyasının prezidenti olaraq Adil müəllim qaldı, Azərbaycan Muay-Tay Federasiyasına rəhbər kimi mən seçildim. Hazirda iki federasiyanın rəhbəriyəm – həm Uşu Federasiyasının, həm də Muay-Tay Federasiyasının...

- Bu zaman aranızda narazılıq oldumu?

- Xeyr, niyə narazılıq olmalıdır? Biz ikimiz də idmanımızın inkişafı üçün çalışırıq. Bundan başqa, uzun illərin dostuyuq. Kikboksinq federasiyasında olan idmançılar da mənim köhnə idmançılarımdır. Təbii ki, normal şəkildə görüşürük. Adil müəllimlə Kikboksinq və Muay-Tay çempionatını birgə keçirmişik. Bizim birləşməyimizdə də qəbahət yoxdur, ayrı-ayrı fəaliyyətimizdə də... Bir sözlə, biz bir komandayıq.

- O zamanlar Qazax rayonunda adaşınız – Azər müəllim adında idman müəllimi var idi.

- Ola bilər, indi xatırlamıram.

“Saxtakarlarla problemim olub”

- Deyilənə görə, onunla nəsə probleminiz olmuşdu. Səhv etmirəmsə, birlikdə nə isə təşkil etmək istəyibsiz. Söhbət 1996-cı illərdən gedir...

- Vallah, o idmançını yadıma sala bilmirəm. Amma bu günə kimi heç kimlə birlikdə nəsə etmək fikrim heç vaxt olmayıb. Çünki hər şeyi özüm etməyi xoşlamışam.

Amma rəhbərlik etdiyim federasiyaların qapıları işləmək, yarışda iştirak etmək istəyən hər kəsə açıqdır. Ümumiyyətlə, mənim idman sayəsində heç bir problemim olmayıb, yalnız saxtakarlar problemim olub.

- Belələrini çağırıb danışmağı sınamısınız?

- Çağırıb danışıram, deyirəm olmaz. Bildirirəm ki, mətbuata dünya çempionu kimi çıxıb bizi təhqir etmə. Anlayanları da olur, üzr də istəyirlər. Adlarını çəkmək istəmirəm. Desəm, biabır olarlar. Belələri bizim federasiyaya gəlmirlər, çünki bizdə onlar vuruşa bilmirlər, gücləri çatmır. Mən yaxşı idmançıları axtarıram. Elə vuruşandırlarsa, gəlsinlər, onları çempionatlara aparım, yer tutsunlar, mən də tərifləyim. Gəlməzlər, o bacarıqları yoxdur axı... Hətta biabırçılıq ondadır ki, adi idman klublarından birində çəkilmiş şəklini internetdə yerləşdirir və yazır: “dünya çempionatından”...

Bu, bütün idman növləri üçün biabırçılıqdır. Çünki belələri üzündən digər olimpiya növlərinə də pis baxırlar. Bizim zəhmətimiz də hədər gedir.

- Bəs siz federasiyanıza idmançıları necə cəlb edirsiniz?

- İçində döyüşmək həvəsi olan, sərbəst döyüşməyi bacaran uşaqların özləri gəlir. Etiraf edim ki, imkanlı ailələrin uşaqları döyüş sənətlərini seçmirlər. Bizə də gələn uşaqların 99 faizi aztəminatlı ailələrin övladlarıdır. Onlar döyüşlə özlərini sübut etmək istəyirlər. Bu, tək bizdə yox, dünyada belədir. Təminatlı ailələrin uşaqları az zədəli bir idman növünü seçirlər. Məsələn, uşunun “taolu” deyilən bir növü var. Gimnastikanı xatırladır. Bu, öz bədən quruluşunu gözəlləşdirməyə imkan verən çox gözəl idmandır. Döyüşdən də çətindir. Qızlar üçün daha gözəldir. Bizim bu növdə idmançımız da var – Tomris Həsənova Tay-ci üzrə 2 qat dünya çempionudur.

- Övlalarınızdan tay-boksla, ya uşu ilə məşğul olan varmı?

- İki qızım, bir oğlum var. Böyük qızım uşunun tay-ci növü üzrə 2 qat dünya çempionudur, Prezident mükafatçısıdır. Elə bir az əvvəl adını çəkdim – Tomris Həsənova mənim qızımdır. O, həmçinin idman ustasıdır. 23 yaşı var. Amma oğlum hələ yeni-yeni məşğul olur. 14 yaşı var, həvəs yeni oyanıb onda (gülür). Ancaq heç birini məcbur etmirəm, özlərinin həvəsi var.

- Bəs oğlunuzda özünüzdə olan həvəsi görürsünüzmü? Axı siz idmanda az iş görməyibsiz...

- Yox, görmürəm. Onda məndə olan həvəsin heç yarısı da yoxdur, olsa idi, çox şey edərdi. (gülür)

- Bu yaxınlarda “K1” döyüşü keçirildi. – “K1- World Max”ın yarımfinalı... Dedilər, ölkəmizdə ilk dəfədir belə bir yarış keçirilir. Ammailk deyilmiş. Çünki siz bir neçə dəfə belə yarış təşkil etmisiniz...

- Bəli, eşitmişəm. Bu yarışı hələ o vaxtlar Azərbaycana 3 dəfə təşkil etmişəm. 2007-2005-ci illərdə “K1”in Azəbaycan üzrə rəsmi nümayəndəsi olmuşam. Və 2007-ci ildə keçirdiyim yarış “K1” üzrə Avropa çempionatının rəsmi seçim turniri idi. Onların əlində rəsmi sənədin olub-olmadığını bilmirəm, amma mən “K1”in rəsmi şəkildə çempionatını keçirmişəm. Daha bir neçə yarış keçirmişəm. Nəticələrimiz də olub. Amma bundan sonra bu işə davam etmədim. “K1” yarışının perspektivini görmədim. Etiraf edim ki, peşəkar yarış sırf biznes xarakterlidir. Maddi gəlir gətirmirsə, bunu keçirməyin mənası yoxdur. Kimsə pul qoyub yarışı keçirə bilər. Amma peşəkar yarışın gəlir mənbəyi yoxdursa, sən idmançılara da pul verə bilməzsən. Azərbaycan ilk peşəkar yarışı da mən keçirmişəm – 1991-ci ildə və 1994-cü illərdə. 1991-ci ildə sirkdə təşkil etmişdim yarışı. Camaat sirkin qapılarını sındırıb içəri girirdi, yarışa baxmaq üçün... O vaxt çox maraq var idi. Yəni peşəkar yarışlar səviyyəsində Azərbaycanda ilk cığırı açan da mənəm.

Aygün İlqarqızı

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm