Baş zərbəsi alan 18 yaşlı futbolçu həyatını itirdi
Bizi izləyin

İdman

Baş zərbəsi alan 18 yaşlı futbolçu həyatını itirdi

Baş zərbəsi alan 18 yaşlı futbolçu həyatını itirdi

Argentinada futbol matçı zamanı başından ağır zədə alan 18 yaşlı Abel Nunes vəfat edib. “Ezeiza” klubunun gənc futbolçusu topu başı ilə uzaqlaşdırmağa çalışarkən aldığı zərbədən sonra huşunu itirərək meydançaya yıxılıb.

Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşri “TyC Sports”a istinadən məlumat yayıb.

Hadisə ötən cümə axşamı Argentina Futbol Assosiasiyasının təşkil etdiyi Gənclər C turniri çərçivəsində keçirilən beşinci kateqoriya komandalarının oyununda baş verib. “10 nömrə” ilə çıxış edən Nunes topu uzaqlaşdırarkən başından güclü zərbə alıb və dərhal yerə yıxılıb.

Futbolçuya əvvəlcə meydançada tibbi yardım göstərilib, daha sonra o, xəstəxanaya aparılıb. Hadisədən sonra qarşılaşma, eləcə də həmin gün keçirilməsi nəzərdə tutulan altıncı kateqoriya komandalarının oyunu dayandırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, vəziyyəti ağır olan gənc futbolçu təcili əməliyyata alınıb. Lakin aldığı kəllə-beyin travmasının fəsadları səbəbindən onun həyatını xilas etmək mümkün olmayıb.

“Ezeiza” klubu futbolçunun vəfatı ilə bağlı sosial şəbəkə hesablarında başsağlığı mesajı yayıb.

Açıqlamada bu itkinin klub üçün ən ağır xəbərlərdən biri olduğu bildirilib:

“Böyük kədər və ağrı ilə parlaq gələcəyi olan, arxasında sözlə ifadə olunmaz boşluq qoyan gəncimizi yola salırıq. Komandamızın formasını böyük qürurla geyinən futbolçumuzun matç zamanı aldığı ağır zərbə nəticəsində həyatını itirməsi bizi dərindən sarsıdıb. Bu gün futbol ikinci plandadır. Ailəmizin bir parçası olan, arzuları və hədəfləri ilə yaşayan gənc dostumuzun itkisinə yas tuturuq”.

Klub rəhbərliyi Nunesin ailəsinə, dostlarına, komanda yoldaşlarına və yaxınlarına başsağlığı verib.

Gənc futbolçunun 2024-cü ildən çıxış etdiyi “Nueva Estrella” futzal klubu da faciə ilə bağlı başsağlığı yayıb. Komanda onun xatirəsinə planlaşdırılan bütün idman tədbirlərini ləğv edib. Həmçinin “Argentinos Juniors”la keçirilməsi nəzərdə tutulan qarşılaşma da təxirə salınıb.

Klubun açıqlamasında bildirilib ki, belə bir gündə oyunların və nəticələrin heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ bu ağır itki ilə üzləşən ailənin və yaxınların yanında olmaqdır.

“Nueva Estrella” Abel Nunesin hər zaman klub ailəsinin bir üzvü olaraq qalacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm