Azərbaycan millisi Lüksemburqa uduzdu
Bizi izləyin

İdman

Azərbaycan millisi Lüksemburqa uduzdu

Futbol üzrə Azərbaycan millisi 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Publika.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda (BOS) oynanılan və 2 kollektiv arasında sayca 6-cı olan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyuna yaxşı başlayan Azərbaycan millisi görüşün əvvəlindəcə hesabı açmağa yaxın olub. Amma Mahir Emrelinin soil cinahdan iti bucaq altında zərbəsi qapıdan aralı keçib. 19-cu dəqiqədə bu dəfə qonaqlar fərqlənmək üçün yaxşı fürsət əldə etsələr də, Danel Sinaninin cərimə zərbəsindən vurduğu topu qapıçı Şahruddin Məhəmmədəliyev çətinliklə də olsa, qaytara bilib. Az sonra yığmanın heyətində Tellur Mütəlimov meydandan qovulub. 26 yaşlı sol cinah müdafiəçisi qonaqların yarımmüdafiəçisi Olivye Tillin bədəninə açıq ayaqla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə görüb. Say üstünlüyündən istifadə edən qonaqlar tədricən təşəbbüsü ələ alıblar. 28-ci dəqiqədə Məhəmmədəliyev növbəti dəfə hesabın açılmasına imkan verməyib. Hissənin sonlarında nisbətən fəallığı artıran millinin heyətində Emreli diqqət mərkəzinə düşüb. Polşa “Legiya”sının 24 yaşlı hücumçusu növbəti dəfə qapını nişan alsa da, çərçivəyə düşə bilməyib. 44-cü dəqiqədə BOS-a toplaşan azarkeşlər azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndiriblər. İlk hissədə hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

İkinci yarının əvvəlləri bir qədər sönük keçib. 58-ci dəqiqədə Lüksemburq yığmasının heyətində Kristofer Martinsin cərimə meydançasının xaricindən qüvvətli zərbəsində azca dəqiqlik çatmayıb. Bir qədər sonra Till uzaq məsafədən vurduğu topla təhlükə yaratsa da, Məhəmmədəliyev yenə də inamlı təsir bağışlayıb. 66-cı dəqiqədə Azər Salahlının sol cinahdan yerlə ötürməsini Emin Mahmudov saxlamadan qapıya istiqamətləndirsə də, zərbəsi qeyri-dəqiq alınıb. 67-ci dəqiqədə isə qonaqlar Jerson Rodrigeşin baxımlı qolu ilə hesabı açıblar. Buraxılan qoldan sonra dəyişikliyə əl atan De Byazi Ramil Şeydayevi Renat Dadaşovla, Filip Ozobiçi isə Rüstəm Əhmədzadə ilə əvəzləyib. Meydana yenicə daxil olan Əhmədzadə 70-ci dəqiqədə rəqib qapıçı Ralf Şonla üzbəüz qalsa da, fürsəti boşa verib. 78-ci dəqiqədə lüksemburqlular hesab arasındakı fərqi artırıblar. Sebastyan Till yaxşı təşkil olunmuş hücumu məntiqi sonluqla bitirib. 82-ci dəqiqədə Azər Salahlı buraxılan toplardan birinin əvəzini çıxıb. Qolun qaydalar çərçivəsində vurulub-vurulmadığını müəyyənləşdirmək üçün VAR sisteminə müraciət olunub. Yekunda qol qeydə alınıb. Azərbaycan millisi matçın sonlarında hesabı bərabərləşdirmək üçün irəli atılsa da, bunu etmək mümkün olmayıb. Əvəzində Rodrigeş əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə özünün 2-ci, komandasının isə 3-cü qoluna imza atıb.

Bu qələbədən sonra xalların 9-a çatdıran Lüksemburq seçməsi qrup 3-cülüyünü təmin edib. Azərbaycan isə seçmə mərhələni 1 xalla sonuncu sırada başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm