"Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNDİ

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, "köhlən atlar" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. 20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji vəziyyət Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-cü dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Lakin onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur

xxx

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 3-cü qol vurulub.

Publika.az xəbər verir ki, Ramil Şeydayev 86-cı dəqiqədə baxımlı zərbə ilə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib.

xxx

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 2-ci qol vurulub.

Publika.az xəbər verir ki, "köhlən atlar"dan Marko Veşoviç 82-ci dəqiqədə komandasının üstünlüyünü daha da artırıb.

xxx

00:27

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.

xxx

23:08

"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.

Publika.az xəbər verir ki, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirin topu qapıdan keçirərkən ofsaydda olduğu məlum olub.

Nəticədə referi qolu hesaba almayıb.

xxx

23:05

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, 5-ci dəqiqədə Abdullah Zubir "köhlən atlar"ı önə keçirib.

xxx

23:00

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

Publika.az xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm