"Neftçi" Samir Abasovla yollarını ayırdı
Bizi izləyin

İdman

"Neftçi" Samir Abasovla yollarını ayırdı

"Neftçi" baş məşqçisi Samir Abasovla yollarını ayırıb.

Klubdan "Report"a verilən məlumata görə, qərar rəhbərlik və mütəxəssis arasında bu gün baş tutan görüşdən sonra alınıb.

Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.

Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib.

Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.

Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.

Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, "İmişli" ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.

Samir Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.

Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.

Qeyd olunanları nəzərə alaraq, "Neftçi" PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.

Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm