Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik
Bizi izləyin

Köşə

Ermənini qucaqlayan Əfəndidən şəhid qəbri qucaqlayan analara hörmətsizlik

Ötən gün Astanada keçirilən beynəlxalq musiqi müsabiqəsinin finalında Azərbaycanı münsiflər heyətində təmsil edən Samirə Əfəndi Ermənistan nümayəndəsi Saro Gevorkyana 12 bal verib və nəticələr elan olunduqda isə onu səhnədə qucaqlayıb. Xanım “əfəndi” bunun səbəbini belə izah edib: “Mən sülhün tərəfdarıyam, sənin haqqına girə bilmərəm”. O bunu deməklə özünə haqq qazandırmağa çalışıb...

Müharibə həmişə mənim üçün qorxulu bir yuxu kimi olub. Bəlkə də ölkədə ən çox sülh istəyən insanlardan biri elə mənəm. Çünki I Qarabağ müharibəsi başlayanda hələ uşaq idim, yenicə dünyanı dərk etməyə çalışırdım. Elə müharibənin nə olduğunu, bizə nələri yaşadacağını anlamadan kəndimizə şəhid xəbəri gəldi.

Kəndimiz kiçik olduğundan hamı bir-birini yaxşı tanıyır, axtarsan hamı bir-birinə qohum çıxar. Qara xəbər kənddə kiçikdən böyüyə hər kəsi sarsıtmışdı. Lakin şəhidin nəşini kəndə gətirmək mümkün deyildi, neytral zonada qalmışdı.

Birinci sinifdə oxuyurdum. Çox vaxt evə gələndə anamı evdə tapmırdım. Kəndin bütün qadınları növbə ilə həmin ailənin yanında olur, onlara dayaq olmağa çalışırdı. Hətta “bəlkə də həmin şəhid sizin övladınız deyil” deyərək ümid vermək istəyənlər də olurdu. 40 gündən sonra şəhidin nəşini böyük çətinliklə gətirmək mümkün oldu. O gün kənddə qopan fəryad səsi hələ də qulaqlarımdadır.

Müharibənin nə qədər dəhşətli olduğunu ilk dəfə o zaman dərk etdim. Ardınca atamın qonaq otağından asdığı böyük xəritə mənim üçün daha qorxunc oldu. Atam hər gün radiodan xəbərlərə qulaq asır, itirilən əraziləri həmin xəritədə qeyd edirdi. İşarələnmiş ərazilər çoxaldıqca məni daha çox qorxu bürüyürdü. Ən böyük qorxum ermənilərin bir gün bizim kəndə də gəlməsi və əsir düşmək idi.

Kəlbəcərdən, Laçından, Xocalıdan qaçqın düşüb kəndimizə gələnləri dinlədikcə ermənilərin insanlara necə işgəncə verdiyini, necə vəhşiliklər etdiyini öyrənirdim. Günahsız insanların öldürülməsi, işgəncəyə məruz qalması, evindən-eşiyindən qovulması... Bundan dəhşətlisi ola bilərmi?

İllər keçdi, “atəşkəs” adlanan dövrdə belə, demək olar ki, hər gün şəhid xəbərləri gəlirdi.

Nəhayət, II Qarabağ müharibəsi baş verdi və qələbə ilə bitdi. Lakin bu qələbəni heç də asan qazanmadıq. Üç min şəhid, on minə yaxın qazi. Şəhid valideynlərinin göz yaşları, fəryadları, qazilərin itirdiyi sağlamlığı…

Bütün bunlar son 30 ilin içində baş verib. Sonuncu savaşın üstündən hələ 5 il belə keçməyib. Şəhid analarının göz yaşları qurumamış bir azərbaycanlı qadının erməniyə bu qədər dəyər verməsi nə qədər sarsıdıcı bir görüntüdür.

Necə yəni “haqqına girə bilmərəm?” Xanım “əfəndi”yə heç kim deməyib ki, 30 il boyunca bizim haqqımıza kim girib? Sülhə imkan verməyən, dinc yaşamağımıza mane olan kim olub? Bəs bizim, minlərlə şəhidin, qazinin, məcburi köçkünlərin haqqı necə olsun, ay “əfəndi”? O qucaqlaşma anında heçmi şəhid anası, atası, bacı və ya körpəsi gözünün önünə gəlmədi? Heçmi düşünmədi müharibədə gözünü, əlini, ayağını itirən gəncləri?

Təəssüf ki, bir erməninin “haqqına girməkdən” çəkinən həmyerlimiz, minlərlə Azərbaycan qadınının, şəhid analarının haqqına girməkdən bir an belə çəkinmədi.

Əlbəttə, içimizdə erməni sevdası ilə yaşayanlar həmişə olub və olacaq. Bu, onların şəxsi seçimi və xislətidir. Heç şübhəsiz ki, bütün bunların fonunda düşmənə yüksək xal verib, onu doğması kimi qucaqlamaq şəhid və qazilərimizə, onların ailələrinə, məcburi köçkünlərə, bir sözlə Azərbaycan xalqına qarşı açıq-aşkar hörmətsizlikdir.

Gedin, harada və kimi istəyirsinizsə, qucaqlayın. Amma bunu xalqın gözü önündə etməyin. Bir erməninin “haqqına girməkdən” çəkinən Azərbaycan qadını (xanım deməyə dilim gəlmir-red.) anlamalıdır ki, minlərlə şəhid anasının haqqına girmək daha böyük günahdır.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm