Əcnəbilər Azərbaycana gəlib inkişaf edirlər - Bəs azərbaycanlılara nə mane olur?
Bizi izləyin

İdman

Əcnəbilər Azərbaycana gəlib inkişaf edirlər - Bəs azərbaycanlılara nə mane olur?

Azərbaycan futbolundan son zamanlar fərqli hadisələr yaşanır. “Qarabağ”ın Çempionlar Liqasında uğurlu çıxışı, Azərbaycan Premyer Liqasında rəqabətin artması, legioner limitinin ləğvi müəyyən dəyişikliklərə səbəb olub.

Ağdam klubunun son illərdəki uğurlu transfer siyasətinə digər klublar da qoşulub və nəticədə maraqlı mənzərə yaranıb. Azərbaycan futbolu yerli oyunçulardan yarımasa da, klublarımızda çıxış edən legionerlərin transfer bazarında diqqət cəlb etməsi vəziyyəti dəyişib.

“Qarabağ”ın əcnəbilərinə nəinki Avropadan, Asiya və okeanın o tayından da maraq var. Nümunə olaraq Juninyo Olavionun satışı, Kamilo Duranın böyük klubların maraq dairəsinə düşməsi və hətta Kolumbiya millisinə dəvət alma ehtimalının yaranmasıdır. “Sabah”, “Qəbələ”, “Turan Tovuz”, “Şamaxı” və digər klublarda oxşar vəziyyətdir. Aşağı liqalardan kiçik məbləğ qarşılığından Azərbaycana gələn legionerlər qısa zamanda özlərini göstərib daha yaxşı klublara, daha yaxşı çempionatlara keçmək imkanı qazanırlar. Bu məqamda yaxşı maliyyə imkanı da əldə edirlər.

Bu sözlər azərbaycanlı futbolçulara aid deyil. Yalnız bir neçə istisna var. Təəssüf ki, Nəriman Axundzadə, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə və bir neçə nümunə ilə kifayətlənirik. Belə olan halda sual yaranır: Bunun səbəbi nədir? Zəif hesab edilən Azərbaycan çempionatında legionerlər uğurlu ola bilir, daha yaxşı klublara transfer olmağı bacarır və inkişaf edirlər, amma yerlilər yox. Günahı harada, kimdə axtaraq? Bizim futbolçular həmin legionerlərdən niyə geri qalır?

Sualımızı ilk olaraq futbol mütəxəssisi Şahin Diniyevə ünvanladıq. Futbolçu və məşqçi kimi ölkə xaricində çıxış etmiş mütəxəssis azərbaycanlı futbolçuların legionerlərdən geri qalması fikri ilə razılaşmadı. Əksinə onların əcnəbilərdən üstün olduğunu da iddia etdi:

“Bu, tək bir şeyə bağlı olan bir məsələ deyil, yəni nüanslar, niyələr çoxdur. Bir çox amil var. Hər şey futbolçunun özündən asılıdır. İkinci ən böyük amil agent və skautlardır. Bunlar böyük bir güc sahəsidir. Onların münasibətləri, əlaqələri, klublarda nümayəndələri, məşqçilər ilə münasibətləri bəzən böyük rol oynayır. Burada yaxşı futbolçu ola bilər, biz də görə bilərik. Ancaq onu böyük klublara təqdim etmək üçün menecerlər irəli çıxmalıdır və ya futbolçuların öz agentləri iş görməlidir. Ancaq bizim futbolçuların əksərinin agentləri yoxdur.

Limitin ləğvindən sonra azərbaycanlı futbolçuların sayının çoxalması və oynaması üçün çox da fürsət yoxdur. Bəzi komandalarda futbolçular xeyli vaxtdır çıxış edir. Yerli oyunçu transferləri də azalıb. Belə götürdükdə, Nəriman Axunzadənin ABŞ-a getməsi azdırmı? Mahir Emrelinin Avropada çıxış etməsi azdırmı? Və bu günlərdə həm Elçin Cəfərquliyevə, həm Bəhlul Mustafazadəyə nə qədər təkliflər gəlir.

Belə deyək, hazırda dünyada kolumbiyalı, braziliyalı, portuqaliyalı futbolçulara tələbat çoxdur, nəinki azərbaycanlı oyunçulara. Etiraf edək ki, bizim futbolumuz yüksək səviyyədə deyil. Avropada sayılan-seçilən futbol ölkələrindən deyilik. Bu səbəbdən bunlar yaranır. Üstəgəl, bizim çempionatdan səviyyəli liqalara gedirlər, amma oradan bura gəlmirlər.

Buradan gedənlərin çoxu avrokuboklarda, Çempionlar Liqasında oynayan futbolçulardır. Ona görə formadadırlar. Buradan gedən çox futbolçu da sonra özünə komanda tapa bilmir, aşağı bir liqaya gediblər. Məsələn, Almaniyanın dördüncü, beşinci, altıncı liqasına gediblər. Düşünmürəm ki, biz geri qalırıq. Əksinə, biz onlardan daha yaxşı görünürük. Üstəgəl, burada oynayanların milli komandaya düşməsi göstərici deyil. Özünü göstərən hər bir futbolçu milliyə düşə bilər. Bizim çempionat çox güclü deyi. Özümüzü aldatmayaq. Sadəcə fərd olaraq bizim futbolçular və legionerlər oxşar vəziyyətdə deyillər. Buna görə sırf qiymət vermək olmaz ki, onlar yaxşıdır, biz pisik. Əksinə faizlə götürsək, bizimkilər daha çox qırağa çıxırlar və təklif alırlar, nəinki onlar”.

Tanınmış futbol agenti Vaqif Heydərli isə məsələyə fərqli prizmadan yanaşır. Onun sözlərinə görə, əsas problem azərbaycanlı futbolçuların düzgün yetişdirilməməsidir ki, bu da akademiyaların olmaması ilə bağlıdır:

“Bu, çox geniş mövzudur. Bir neçə dəqiqə ərzində cavab veriləsi məsələ deyil. Futbolçularımız nədə geri qalırlar? İlk olaraq peşəkarlıqda. Peşəkarlıq deyəndə hər şey akademiyadan başlayır. Bu məsələ yenə gedib bağlanır akademiyaların olmamağına, futbolçuların, istənilən peşəkarlıqla yetişməməyinə. Futbolçu birdən-birə olmur. Futbolçu illərlə yetişir, akademiyalardan çıxır. Potensial bütün futbolçularda olur. Sadəcə baxır futbolçular hansı akademiyada yetişiblər. İndi çempionatımıza gənc legionerlər gəlib. “Sabah”da Aron Maluda, “Qəbələ”də Prins Ovusu var. Baxırsan ki, çox gənc futbolçulardır, amma şans verəndə istifadə eləyirlər və potensiallarını göstərirlər. Bu o deməkdir ki, onlar yaxşı akademiyada yetişiblər, mental olaraq hazırdırlar, yanaşmaları daha peşəkardır.

Təbii ki, bizim yerli futbolçular arasında peşəkar olanları çoxdur. Sadəcə bizdə o akademiyalar yoxdur ki, onlar istənilən səviyyədə formalaşsınlar. Futbolçu həyatında peşəkarlığa qədər olan akademiya dövrünü həmişə orta məktəbə bənzədirəm. Hər sinfin fənlər üzrə özünün tapşırıqları olur. Aşağı siniflərdə yaxşı oxumayan şagird yuxarı sinifdə mütləq əziyyət çəkəcək, axsayacaq və istədiyi balı toplayıb universitetə qəbul ola bilməyəcək. Futbolçunun həyatı təxminən buna bənzəyir. Futbolçu 18 yaşına qədərki olan mərhələlərdə biliklərə yiyələnməlidir, təcrübələrdən keçməlidir. Bu, hər il davamlı olmalıdır. Kobud şəkildə desək, bir-iki il buraxdısa, onu təzədən bərpa eləmək olmur.

Bizim futbolçular da tam peşəkar şəkildə yetişməlidir. 18 yaşına çatana qədər artıq bütün mərhələlərdən uğurla keçib, hazır olmalıdır ki, potensialını üzə çıxartsın. O olmayandan sonra çox çətin olur. Mən ümumi danışıram. Futbolçular arasında peşəkarları da var, mental hazırlığı, yaxşı bacarığı olan da var. Təbii ki, bu amil heç də hamıya aid deyil. Amma əksəriyyət belədir və biz bunun acısını illərdir çəkirik”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm