Dünya futbolunun itirdiyi "Cənab" - O, Pirloları, Haciləri necə yetişdirmişdi?
Bizi izləyin

İdman

Dünya futbolunun itirdiyi "Cənab" - O, Pirloları, Haciləri necə yetişdirmişdi?

Dünya futbolunun itirdiyi "Cənab" - O, Pirloları, Haciləri necə yetişdirmişdi?

O, 80 yaşında, hətta dünyadakı son günlərindək belə iş başında idi. Nə qədər qəribə görünsə də, çoxumuz onun son matçının izləyicisi olduq. Bəlkə də ağlımıza gəlməzdi ki, martın 26-da Türkiyəyə azarkeşlik etmək üçün izlədiyimiz görüş 12 gün sonra xatirəmizdə başqa bir əbədi iz buraxacaq.

O, Rumıniya yığmasını DÇ-2026-nın pley-off matçına çıxarmışdı. Lakin Türkiyəyə uduzdu və qısa müddət sonra infarkt keçirdi. Bu dəfə sağala bilmədi. Çünki oyuna qədər onun yolu tez-tez xəstəxanaya düşürdü. Ürəyi sözünə baxmırdı.

Son dakika | Mircea Lucescu hayatını kaybetti! - Futbol Haberleri

Biz aprelin 7-i gecədən etibarən Mirça Luçesku haqqında artıq keçmiş zamanda danışacağıq. O, 80 yaşında həyatla əbədi vidalaşdı, amma arxasında möhtəşəm bir karyera və çox sayda kubok qoyub getdi. “Cənab” ləqəbli Mirça dünya futbolunun tarixinə ən çox titul qazanmış məşqçilərdən biri kimi düşdü. Ümumilikdə onun 35 titulu var idi. Bu göstəricidə yalnız Aleks Ferqyuson, Pep Qvardiola və Karlo Ançelottidən geri qalırdı.

Həyatına qısaca nəzər salsaq, Mirça beşuşaqlı kasıb ailədə böyüyüb. Atası müharibədən yaralı qayıdıb, anası xəstə idi. Evin böyük övladları pul qazanmaq üçün məktəbi tez tərk etməli olmuşdular. Amma onlardan biri məktəb kitabxanasında vaxt keçirir, radioda matçlara qulaq asır və sözün əsl mənasında özü üçün məşq etmək və inkişaf etmək yollarını tapırdı. Həmin uşaq gələcəyin əfsanəsi - Mirça idi.

O, futbolu çox sevirdi. Həyətdə uşaqlarla əski parçalarından düzəldilmiş topla oynayırdı. Sonra isə Buxarestin idman məktəbinə yazıldı. Bu, onun həyatında dönüş nöqtəsi oldu. Matçların birində həyatı dəyişdi. Xatirələrinə görə, o, iki qol vurmuş və gəncləri tapıb irəli çəkmək bacarığı ilə tanınan Buxarest “Dinamo”sunun məşqçisi Trayan İoneskunun diqqətini cəlb etmişdi. İonesku Mirçanı bir neçə dəfə şəxsən izlədi, klub funksioneri ilə birlikdə onun valideynlərinin evinə yollandı. Səbəb ailənin razılığını almaq idi.

Düzdür, gənc futbolçu əsas heyətə dərhal düşmədi. Formal olaraq o, birinci komandaya hələ 1963-cü ildə keçmişdi, Rumıniya çempionatında debütü isə 1964-cü ilin iyununda “Rapid”ə qarşı oldu. Elitada ilk iki mövsümündə o, cəmi 3 oyun keçirdi. Luçesku özü bunu onun cinahında hazır ulduzların olması ilə izah edirdi. Üstəlik, o, qəfildən boy atdı və kürəyində ciddi problemlər yarandı. Paralel olaraq təhsili və imtahanlar da var idi.

“Dinamo” ilə Luçesku 7 dəfə Rumıniya çempionluğunu və 1 dəfə ölkə Kubokunu qazandı. Lakin onun bu kuboklara verdiyi töhfələr eyni deyil. İlk iki çempionluq (1963/64 və 1964/65) o, hələ çox gənc olanda reallaşmışdı. Eləcə də 1989/90-cı il titulu daha çox simvolik idi. Çüni Luçesku o zaman artıq məşqçi idi və təxminən 45 yaşında yalnız bir matçda meydana çıxmışdı.

Çempion “Dinamo”nun əsl hərəkətverici qüvvəsi kimi Luçesku 70-ci illərdə parlayırdı. O vaxtlar o, əsas heyətin oyunçusu və hücumda əsas fiqurlardan biri idi. Xüsusilə güclü dövrü - 1972/73 mövsümü idi. Mirçanın çempionatda 28 oyunu, 12 qolu var idi. O, sağ vinger idi. Hücumu genişləndirir, temp verir, topu irəli aparır və özü hücumları keyfiyyətlə tamamlayırdı. İntellekti, texnikası və liderlik keyfiyyətləri ilə seçilirdi.

Uğurlar təkcə “Dinamo"da deyildi. Luçesku Rumıniya yığmasının kapitanı kimi Meksikada keçirilən 1970-ci il dünya çempionatına yollanmışdı. Orada onun komandası Pelenin Braziliyası və İngiltərə ilə eyni qrupda çıxış edirdi.

32 yaşında, artıq karyerasının qürub çağına yaxın, o, təvazökar əyalət klubu “Korvinul”a keçdi. Məhz orada Luçeskunun güclü veterandan iddialı məşqçiliyə keçidi başladı.

1979-cu ilin yanvarında Mirça oynayan məşqçi oldu. Bu, hazırlıqsız atılmış təsadüfi bir addım deyildi. Hələ ondan əvvəl o, məşqçi Viorel Mateyanunun metodlarını diqqətlə öyrənirdi. Onun məşqlərinə baxmağa gedir, futbolu və taktikanı müzakirə edirdi.

Başlanğıc elə də uğurlu olmadı. Onun rəhbərliyi altında ilk matçda komanda Rumıniya kuboku ilə vidalaşdı. 1978/79 mövsümündə isə “Korvinul” ümumiyyətlə yüksək liqadan düşdü. Lakin Luçesku getmədi və cəmi bir il sonra komandanı çempion kimi yenidən elitaya qaytardı. Bu, məşqçilik karyerasında ilk kuboku idi.

Sonrası daha önəmlidir. Luçesku tarixi bir komanda qurdu. 1981/82 mövsümündə “Korvinul” Rumıniya çempionatını üçüncü yerdə başa vurdu. Bu, klubun tarixindəki ən yaxşı nailiyyətlərdən biridir. “Korvinul” UEFA Kubokuna vəsiqə qazandı, Luçesku isə həqiqətən də gənc oyunçuları irəli çəkməyi və tanıtmağı öyrəndi.

Luçeskunun rəhbərliyi altında Rumıniya millisi ilk dəfə Avropa çempionatına vəsiqə qazandı. Avro-1984-ün seçmə mərhələsində hazırkı dünya çempionları - İtaliya, həmçinin İsveç və Çexoslovakiyanın olduğu qrupun qalibi oldular. Avropa çempionatının özündə isə yığma qrupdan çıxa bilmədi, lakin İspaniya ilə heç-heçə etdi. Yeri gəlmişkən, məhz Luçesku 18 yaşında ikən Georgi Hacinin yığmada debüt etməsinə şərait yaratmış, sonra isə 20 yaşında onu kapitan etmişdi.

Luçesku Buxarest “Dinamo”suna hələ Rumıniya yığmasında olarkən gəlmişdi. Bir il hər iki işi bir yerdə icra etdi. İlk mövsümdə o, Rumıniya kubokunu qazandı. Finalda “Styaua” üzərində qələbə çox səs-küylü oldu, çünki rəqib Avropa Çempionlar Kubokunu yenicə qazanmışdı.

Mirça klubun gənclər komandasından oyunçuları fəal şəkildə irəli çəkir, onları artıq hazır və ya dəvət olunmuş istedadlarla qarışdırırdı. Məhz bu cür o, sonralar “şah əsər” və o dövrün “Dinamo”sunun ən baxımlı versiyası adlandırdığı yeni komanda qurdu.

Nəticələrin zirvəsi onun son iki ili oldu. 1988/89 mövsümündə “Dinamo” Kuboklar kubokunun 1/4 finalına kimi irəlilədi, növbəti mövsümdə isə ölkə daxilində qızıl dubl etdi və Kuboklar kubokunda yarımfinala qədər yüksəldi.

Luçeskunu A Seriyasında fərq etdilər. İtaliyada işlər o qədər də uğurlu alınmadı. Lakin bu, formalaşmanın vacib bir mərhələsi idi. Hər şey 1990-cı ildə “Piza” ilə başladı. İnqilabdan sonra onun Rumıniyadan kənarda ilk təcrübəsi. Normal başlanğıcdan sonra klub prezidenti ilə münaqişələr başladı, artıq 1991-ci ilin martında Luçesku işdən çıxarıldı, “Piza” isə liqanı tərk etdi. Əvəzində məhz orada Mirça gənc Dieqo Simeone ilə çalışdı və analitika, eləcə də məlumatların toplanması ilə təcrübələrini davam etdirdi.

“Breşiya”da işlər daha yaxşı getdi. Dərhal komandanı A Seriyasına çıxardı. Düzdür, sabitlik yox idi, beş il ərzində komanda iki dəfə aşağı liqaya düşdü və yenidən geri qayıtdı. Luçesku “Breşiya”ya rumıniyalı oyunçuları da gətirdi. Haci, Florin Reduçoyu, İoan Sabeu, Dorin Mateuts və Denuts Lupu.

Bundan əlavə, Andrea Pirlonun debüt etməsinə şərait yaratdı. İtalyalı oyunçu avtobioqrafiyasında Mirçanın ona olan inamının nə qədər vacib olduğunu xatırlayır:

“Mənim 15 yaşım var idi, o, məni gənclər komandasından götürdü, əsas komanda ilə, böyüklərlə məşqə çağırdı. 30 yaşlı kişilərin ayağına qəfildən hansısa oğlan dolaşırdı, bəzən onlar çox əsəbiləşirdilər. Luçesku mənə pıçıldadı ki, “həmişəki kimi oyna". Mən də elə edirdim, lakin bu heç də hamının xoşuna gəlmirdi. Bir dəfə mən veteranlardan birini ardıcıl üç dəfə aldatdım, dördüncüdə o məni dəhşətli bir sürüşmə fəndi ilə yerə sərdi. Bu Luçeskunun xoşuna gəldi. Mənə onu bir daha aldatmağımı söylədi”.

Mirça 16 yaşlı Pirlonu meydana bu cür buraxırdı. Dövrün ən əsas italyan ulduzlarından birinin nəhəng karyerasına belə start verirdi.

Formal olaraq Mirçanın rəhbərliyi altında “Breşiya” hətta beynəlxalq kubok da qazanmışdı. “Uembli”də keçirilən İngiltərə-İtaliya kubokunun finalında “Notts Kaunti”ni məğlub etdilər. Maraqlıdır ki, o vaxtlar hələ tamamilə gənc olan Roberto De Dzerbi “Breşiya”nın azarkeşi idi və Luçeskunun işini canlı izləyirdi.

1996-cı ildə “Redcana” və “İnter”ə səs-küylü təyinatları çox qısa və sonuncu İtaliya parıltıları oldu. Milanlılarla o, Çempionlar Liqasının 1/4 finalını sınaqdan keçirdi. Sonralar isə qeyd edirdi ki, bu iş ona böyük mətbuat və azarkeş təzyiqi altında top-komandanı idarə etmək üçün əvəzolunmaz təcrübə vermişdi.

Yenidən dirçəlmək evdə, Rumıniyada mümkün oldu. “Rapid”ə 23 il ərzində ilk dəfə Rumıniya Kubokunu qazandırdı. Əlbəttə ki, o, komandanı gənclərin hesabına yenidən qurdu və kluba yerli nəhəng statusunu qaytardı.

Ardınca Türkiyədə top-məşqçi imicini möhkəmləndirdi. 2000-ci ilin yayında “Qalatasaray”da Fatih Terimi əvəz etdi, dərhal UEFA Superkubokunu aldı. Həlledici görüşdə “Real”ı məğlub etdilər. Sonra komandanı Çempionlar Liqasının 1/4 finalına qədər çıxardı. Bu, klub üçün ən yaxşı nəticə idi. 2001/02 mövsümündə isə Türkiyə çempionluğunu qazandı.

“Beşiktaş”da elə ilk mövsümdəcə çempionluq yaşadı, özü də klubun yüzillik yubileyi mövsümündə. Paralel olaraq komandanı UEFA kubokunun dörddəbir finalına qədər irəlilətdi.

Bir il sonra Luçeskunun məşqçilik karyerasının əsas dövrü başladı - “Şaxtyor”. O, 2004-cü ilin mayında komandaya gəldi və 12 unudulmaz il orada qaldı. Klubda həm müddətinə, həm də uğurlarına görə rekorda imza atdı - 573 oyun və 22 kubok. O, “Şaxtyor”u sadəcə güclü Şərqi Avropa klubundan Çempionlar Liqasının sabit iştirakçısına və hətta Avropa miqyasında belə qorxulu bir qüvvəyə çevirmişdi.

Luçeskunun dövründə “Şaxtyor” 8 Ukrayna çempionluğu, 6 kubok, 7 Ukrayna superkuboku və ən əsası - 2009-cu ildə UEFA Kubokunu qazandı. Avropada digər böyük irəliləyişlər də oldu. 2010/11 mövsmüündə Çempionlar Liqasının dörddəbir finalı və 2015/16-da Avropa Liqasının yarımfinalı. Hətta UEFA-nın saytı da bunu birbaşa qeyd etmişdi: “Şaxtyor”u Avropa futbolunun xəritəsinə məhz Luçesku gətirmişdi.

Amma onun Donetskdə qoyduğu iz təkcə kuboklar deyil. Luçesku “Şaxtyor”un yeni modelini qurdu. Gənc texnikalı braziliyalılara üstünlük verdi, onları daha sərt və intizamlı Avropa futboluna inteqrasiya etdi. Hətta əsas qəhrəmanlar dəyişsə belə, çox yaxşı tanınan bir komanda əldə etdi. Onun dövründə klubun Braziliya xətti tamhüquqlu bir sistemə, strategiyaya çevrildi. Brandao, Fernandinyo, Uillian, Luis Adriano, Duqlas Kosta və başqaları parlayırdı. Klub onun sayəsində milyonlar qazanırdı.

Bundan sonra bir müddət işləri yaxşı getmədi. “Zenit” üçün ilk oyununda Rusiya superkubokunu qazandı, amma bu ölkəyə uyğunlaşa bilmədi. Türkiyə yığmasında da işi alınmadı. Onun rəhbərliyi ilə “ay-ulduzlular” DÇ-2018-ə vəsiqə qazana bilmədilər. Elə ilk Millətlər Liqasında isə C Liqasına düşdülər.

2020-ci ilin iyulundan Kiyev “Dinamo”suna - “Şaxtyor”un prinsipial rəqibinə gəlişi ilə əlaqədar yaranan təzyiq və səs-küyə baxmayaraq uğur qazandı. Elə ilk mövsümdə Mirça ən sevdiyi işi gördü. Kuboklar topladı, başqa sözlə trebl etdi.

Son cəhdini Rumıniya millisi ilə etdi. Məşqçilik karyerasına mundialla yekun vurmaq istəyirdi. Lakin Türkiyə millisi onun planlarını pozdu. Ən qəribəsi odur ki, bir vaxtlar “ay-ulduzlular”a qazandırdığı Hakan Çalhanoğlu komandanın kapitanı idi. Oyundan öncə isə onlar son dəfə isti şəkildə qucaqlaşdılar. Hətta bu müddət 1 dəqiqədən çox oldu. Sanki…

Son günlərində Mirçaya yerli federasiyada vəzifə hazırlayırdılar. Rumınlar belə təcrübəli bir mütəxəssisi itirmək istəmirdilər. İndi isə Mirça Luçesku artıq həyatda yoxdur. O, Rumıniya futbolunun əfsanəsi olaraq xatirələrdə əbədi yaşayacaq.

Müəllif: Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm