Azərbaycanda evdar xanımların istifadə etdiyi xidmətin haqqı artırıldı - Tarixə qovuşur?
Bizi izləyin

İKT

Azərbaycanda evdar xanımların istifadə etdiyi xidmətin haqqı artırıldı - Tarixə qovuşur?

Noyabrın 1-dən Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata çatdırılıb. İnsanlar, demək olar ki, istifadə etmədikləri bir xidmətə görə ödənişin artırılmasını birmənalı qarşılamırlar.

Bəs hazırda ölkəmizdə ev telefonları ilə bağlı vəziyyət necədir? Stasionar telefon xidməti sıradan çıxa bilərmi? Az qala evdə bəzək əşyasına çevrilən bu telefonlarla bağlı hansı texnoloji yeniliklər tətbiq edilə bilər? Perspektiv var ki, abunə qiyməti qaldırılıb?

Mövzu ilə bağlı Publika.az-a danışan texnologiya üzrə mütəxəssis Fərid Kazımov hesab edir ki, texnologiya sürətlə inkişaf edir və dünyada olduğu kimi, Azərbaycanda da son illər bir xidmət kimi mobil rabitənin çəkisi artıb:

“Qiymətlərin sürətlə aşağı düşməsi nəticəsində insanlar aktiv olaraq mobil rabitədən istifadə edirlər. Bu nöqteyi-nəzərdən, onun alternativi olan stasionar rabitə xidməti öz çəkisini itirməyə başladı. Əlbəttə, ənənəvi olaraq hər evdə simli telefonun olmasını hər kəs istəyər. Amma şəxsən mən özüm ondan sonuncu dəfə nə zaman istifadə etdiyimi xatırlamıram. İnnovasiyalarda istehlakçının işini asanlaşdırmaq üçün müxtəlif məhsullar yaradılır. Hansı məhsullar daha önəmlidirsə, o da həmin məhsuldan istifadə edir. Bu baxımdan, artıq stasionar telefonların önəmi aşağı düşüb. Biz onu heç nə ilə əvəz edə bilməyəcəyik”.

Ekspert qeyd edib ki, mobil rabitədən istifadənin həcmi də son illər azalmağa başlayıb. Onun sözlərinə görə, mobil internet provayderləri hər iki rabitə növünü üstələyib:

“Bazara, artıq internet üzərindən mesencerlər daxil olub, onlar, hətta mobil rabitənin bazarına girərək, istehlakçının diqqətini daha çox cəlb edirlər. Bu gün əksər insanlar bir-birlərinə zəng etmək üçün mesencerlərin rabitə xidmətindən istifadə edir. Bir çox hallarda isə mesaj yazmaqla bir-biriləri ilə əlaqə saxlaya bilirlər. Yəni 20-30 il əvvəl yalnız simli telefondan istifadə edərək əlaqə qururdularsa, daha sonra onları hamı üçün əlçatan olan mobil rabitə əvəz etdi. Onu isə internet provayderləri əvəz etdi və mobil rabitənin maliyyə dövriyyəsinə girdi. Texnologiya inkişaf edir və köhnələr aradan çıxmağa başlayır. Stasionar rabitədən bu gün yəqin ki, daha çox saatlarla danışmağı sevən evdar xanımlar istifadə edir. İş adamları, vaxtına qənaət edən şəxslər, gənclər və bir çoxları isə mobil rabitədən istifadə edirlər.

Düşünürəm ki, yaxın vaxtlarda mobil rabitənin də çəkisi sürətlə azalacaq və trend mesencer olacaq. Artıq yeni tendensiya yaranıb. Mobil rabitə operatorlarının rabitə xidməti mobil internet provayderlərinə çevrilməkdədir. Məsələn, biz gündəlik istifadə üçün internet paketləri alırıq. Yəni bizə, onların mobil rabitəsindən istifadə etmək önəmli deyil. Bu trend var və dünyada da inkişaf edir. Mobil operatorlar elə paketlər təklif edirlər ki, orada yalnız internet trafiki olur. Bu nöqteyi-nəzərdən, danışıqlara da az vaxt ayrılır. Mobil rabitənin ən yaxşı olduğu “qızıl” vaxtları var idi, çox yaxşı gəlir əldə edirdilər. Amma buna tələbat azalır, hər şey internet xidmətləri üzərində qurulur”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm