Bankları necə xilas etmək olar – Ekspert rəyi
Bizi izləyin

Ekopublika.az

Bankları necə xilas etmək olar – Ekspert rəyi

“21 fevral 2015-ci ildə baş vermiş birinci devalvasiyadan sonra əmanətlərin həcmi 35% azalaraq 7,6 milyard dollardan 5 milyard dollara düşdü. Bu müddətdə əmanətlərin dollarlaşması səviyyəsi 62%-dən 81%-ə yüksəldi. Halbuki 2014-cü ilin sonları dollar əmanətlərin payı daha az - 36-37% civarında olub”.

Publika.az-a bunu bank sektorunun hazırkı vəziyyətini şərh edən iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, dollar kreditlərinin payı 2014-cü ilin sonlarındakı 27%-dən 50%-ə qədər yüksəlib: “Devalvasiya nəticəsində dollar krediti götürən əhalinin və sahibkarların aylıq ödənişi 2 dəfəyədək artıb. Bu, onların ödənişinə mənfi təsir edib. Nəticədə vaxtı keçmiş kreditləri stimullaşdırıb. Bankların da qara günləri elə bundan sonra başlayıb. Hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8,3%-dir ki, bu da son 12 ildə ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə - 1,5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir”.

Mütəxəssis deyir ki, aktivləri pisləşmiş banklar öhdəliklərini icra etməkdə çətinliklə üzləşiblər. Həm xarici borcların, həm də əmanətlərin qaytarılması problemləri yaranıb: “Banklar kütləvi şəkildə xarici boclarından qurtulmağa çalışırlar, xaricdən yeni vəsait cəlb etmək imkanları isə getdikcə çətinləşir. Uğursuz konsolidasiya təşəbbüslərindən sonra Mərkəzi Bank ilin əvvəlində 6 bankın lisenziyasını geri alıb. Həmin bankların əmanətçilərinin sığortalanmış tələbi ödənildi. Ancaq bir sıra banklarda əmanətlərin qaytarılmasında çətinliklər yaranıb. Digər iri bank – ikinci ən böyük depozit portfelinə malik Bank Standartın aktivlərinin sağlamlaşdırılması üzərində iş gedir. Bəzi banklara Mərkəzi Bank yardımlar etməklə onlara dəstək verməyə çalışır. Ancaq problemin dərinliyi hələ də qalmaqdadır. Dollarla götürülən kreditlərin qaytarılmasında ləngimələr bankların onsuz da ağır olan vəziyyətini daha da çətinləşdirir. Bir tərəfdən kredit qoyuluşunun azalması, əmanətlərin geri çəkilməsi, digər tərəfdən də verilmiş kreditlərin geri qaytarılmaması bankların gəlirlərini azaltmaqla yanaşı, onları faktiki olaraq müflisləşmə həddinə gətirib”.

İqtisadçı bildirir ki, bankların xilası üçün beynəlxalq təcrübədə bir sıra tədbirlərdən istifadə olunur: “Birincisi, maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınmasıdır. Bu, Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program - TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib. İkincisi, rekapitalizasiyadır. (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi). Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir. Rekapitalizasiya Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib. Yaponiyada maliyyə təşkilatlarının yenidən kapitallaşması proqramına 222 milyard dollar, Çində 29 milyard dollar, Böyük Britaniyada 50 milyard funt sterlinq, ABŞ-da 700 milyard dollara qədər vəsait xərclənib. Üçüncüsü, əmanətlərin sığortalanmasıdır. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb. Dördüncüsü, digər öhdəliklərə zəmanət verilməsidir (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası). Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararsı ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib.

Mexanizmlər bunlarla məhdudlaşmır. Geniş olmasa da rekapitalizasiyanın digər forması - dövlətin dəstəyi ilə bankın xarici investor tərəfindən alınması mexanizmi də mövcuddur. Bundan başqa prudensial tənzimləmənin məhdudlaşdırıcı normalarını, aşağı likvidli istiqrazların daha liberal qiymətləndirmə formasını tətbiq etmək olar. Belə tədbirlər bir tərəfdən bankın kapitallaşmasını gəlirlər vasitəsilə artırmağa imkan versə də, digər tərəfdən bu, zəruri aktivlərin silinməsinin ləngiməsinə və əməliyyatların şəffaflığının azalmasına gətirib çıxara bilər. Qeyd etmək yerinə düşər ki, İrlandiya, İsveç, Böyük Britaniya və ABŞ kimi ölkələrdə maliyyə intervensiyasının ümumi həcmi ÜDM-in 50%-i səviyyəsində olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələrinin yarısında belə intervensiyaların həcmi ÜDM-in 10%-i həddində olub.

Azərbaycanda hələki beynəlxalq təcrübədə geniş yayılmış təcrübələrin 2-sindən yararlanıb. Onlardan biri əmanətlərə dövlət zəmanətinin verilməsi, digəri isə Beynəlxalq Bank nümunəsində zərərli aktivlərin dövlət tərəfindən sağlamlaşdırılmasıdır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm