Bu amillər daxili bazarı qoruyur - Aydın Hüseynov
Bizi izləyin

Ekopublika.az

Bu amillər daxili bazarı qoruyur - Aydın Hüseynov

“Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Ona görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması yürüdülən siyasətin başlıca prioritetlərindən biridir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat hazırda qlobal səviyyədə ərzaq təminatı problemlərinin yaşandığını bildirib:

“Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə dünya bazarlarında əsas ərzaq məhsullarının qiyməti artıb. Eyni zamanda, bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Ancaq Azərbaycan hər il yerli istehsalı artırmaqla dayanıqlı ərzaq tədarükünü təmin etməkdədir. Kənd təsərrüfatı məhsullarının artması yerli təminetmə səviyyəsinin daha da yaxşılaşmasına səbəb olmaqdadır. 2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı 5,9% artıb. Bu onu bir daha təsdiq edir ki, ölkəmizdə əsas qida məhsullarının yerli istehsal hesabına təmin edilməsi siyasəti öz faydasını verməkdədir”.

A.Hüseynov qeyd edib ki, etibarlı ərzaq məhsulları ilə təmin olunmada kənd təsərrüfatının inkişafına dövlətin dəstəyi də mühüm əhəmiyyət kəsb edir:

“Son illərdə ərzaq təhlükəsizliyi strategiyasının daha da gücləndirilməsi məqsədilə icra edilən proqramlar kənd təsərrüfatı məhsullarının istehsalında mühüm rol oynayıb. Ərzaq təhlükəsizliyi strategiyasının uğurla həyata keçirilməsində və aqrar sahənin inkişafında Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir. İndiyədək verilən güzəştli kreditlərin 63 faizi aqrar sahənin inkişafına, o cümlədən 80 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 20 faizi aqrar sahənin inkişafını stimullaşdıran infrastruktur sahələrinin (soyuducu və taxıl anbarı kompleksləri) yaradılmasına yönəldilib. Vergi güzəştləri də ərzaq təhlükəsizliyi sisteminin güclənməsində mühüm rol oynayıb. 2021-ci ildə un və çörək müəssisələri ƏDV-dən azad edildi. Hazırda kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilib. Bütün bunlar daxili bazarda qiymətlərin sabitliyini təmin edir, o cümlədən taxıl məhsullarının bahalaşmasının qarşısını alır. Ötən il Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi möhkəmlənib, bu amil də iqtisadi və sosial sabitliyin təmin edilməsi, inkişafın sürətlənməsi üçün əhəmiyyət kəsb edir. 2021-ci ildə Ümumi Daxili Məhsul 5,6% artıb, onun həcmi 92,8 mlrd. manat təşkil edib. Qeyri-neft sektoru üzrə artım 7,2% olub, sənaye istehsalı 5,2%, qeyri-neft sənayesi isə 18,9% artıb. Ölkəmizin strateji valyuta ehtiyatları 2,5 mlrd. dollara yaxın artaraq 53,2 mlrd. dolları ötüb və xarici dövlət borcunu 6 dəfədən çox üstələyib. Qeyri-neft ixracı 47 faizdən çox artaraq 2,7 mlrd. dollar təşkil edib, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsulları üzrə ixrac təxminən 1,1 mlrd. dollar və ya 40% olub”.

Deputat əlavə edib ki, tədiyə balansının profisitli olması və qəbul edilmiş makroiqtisadi çərçivə məzənnə dayanıqlığını dəstəkləyib, məzənnə sabitliyi inflyasiya idxalına və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərib:

“Bütün bu amillər daxili bazarın qorunması, o cümlədən də ərzaq təhlükəsizliyi ilə bağlı hədəflərin reallaşması üçün ciddi əsaslar yaradır. Bununla yanaşı, qlobal ərzaq bazarlarında əsas məhsullar üzrə qiymətlərdə müşahidə edilən bahalaşma nəzərə alınaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilməlidir. Yüksək keyfiyyətli taxıl istehsalını stimullaşdırmaq üçün nəticə yönümlü subsidiyaların verilməsi istiqamətində tədbirlər görülməsi əsas prioritetlərdəndir”.

Millət vəkili bildirib ki, Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkə olduğundan qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən təbii olaraq bu, ölkəmizdə də öz əksini tapır: “2021-ci ildə ən sürətlə inflyasiyaya gedən sektorlar qida sahəsi oldu, ona görə də son aylarda ərzaq məhsulları üzrə qiymət indeksi yüksəlib. Hökuməti ilk növbədə əhalinin sosial rifahı düşündürdüyündən qiymət artımına qarşı ciddi mübarizə tədbirlərini səfərbər edib. İnflyasiya proseslərinin əhalinin gəlirinə təsirinin azaldılması ilə yanaşı, süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülməkdədir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğunu nəzərə alaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi daim diqqət mərkəzində saxlanılır”.

A.Hüseynov deyib ki, dövlət başçısının tapşırığına əsasən, hökumət qurumları çevik və koordinasia olunmuş şəkildə süni qiymət artımına qarşı səfərbər olunub:

“Ölkənin bütün rayon və şəhərlərində müvafiq orqanların nümayəndələri bazara nəzarət imkanlarını artırıb. Haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında inzibati rıçaqlardan istifadə olunmaqla möhtəkirlik hallarının qarşısı qətiyyətlə alınacaq, istehlak bazarına antiinhisar nəzarət gücləndiriləcək. Baş nazir Əli Əsədovun tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı hazırlanması tapşırılıb. Yaxın vaxtlarda bu dövlət sənədi hazırlandıqdan sonra icrasına başlanılacaq və nəticədə qiymət bazarının sabitliyi üçün bütün zəruri addımlar davamlı olaraq həyata keçiriləcək. Eyni zamanda, bu siyasətə uyğun olaraq məhsulların qiymətlərinin formalaşmasında şəffaflığın təmin edilməsi üçün səylər artırılacaq, qiymətlərin davamlı monitorinqi həyata keçiriləcək. Nəticədə qiymətlərin sabitliyi qorunub saxlanılmaqla əhalinin sosial vəziyyətinə mənfi təsirləri minimallaşdırılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm