İslamiada: 4 cüdoçumuz finalda - YENİLƏNDİ
Bizi izləyin

İslamiada

İslamiada: 4 cüdoçumuz finalda - YENİLƏNDİ

İslamiada: 4 cüdoçumuz finalda  - YENİLƏNDİ

Mayın 14-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci gününə start verilib.

Yarışların ikinci günündə fərdi mübarizədə kişilər arasında 81, 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlarda isə 70, 78 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında döşək üzərinə çıxacaqlar.

“Bakı-2017”də yarışa dörddəbir final mərhələsindən başlayacaq milli komandamızın üzvlərindən Məmmədəli Mehdiyev (90 kq) Abdalkarim Albişi (Səudiyyə Ərəbistanı) - Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri), “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov (100 kq) isə Ali Erdoğan (Türkiyə) – Mahmudulla Haq Mohammadi (Əfqanıstan) qarşılaşmasının qalibi ilə üz-üzə gələcəklər.

Mübarizəyə dörddəbir finaldan qoşulacaq yığmamızın digər cüdoçusu, builki Avropa çempionu Elxan Məmmədov (100 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania ilə görüşəcək.

Qadınların mübarizəsinə yarımfinaldan qoşulacaq İrina Kindzerska (78 kq) finala adlamaq uğrunda ilk rəqibi Toqo idmançısı Noeline Essohanam Koroya, sonrakı döyüşdə isə Əlcəzair təmsilçisi Sonia Asselahana qarşı çıxış edəcək.

Bu gün, həmçinin paracüdoçu kişilərin yarışında 66, 73, 90 kiloqram, eləcə də 100 kiloqramdan yuxarı çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar. Paracüdo yarışlarında ölkəmiz 7 idmançı ilə təmsil olunacaq.

Bayram Mustafayev (66 kq) finalda yarışmaq üçün əlcəzairli Mohammed Kamel Bellabasla, eyni çəkidə Elçin Talıbov ilk mərhələdə özbəkistanlı Utkirjon Niqmatov, sonrakı döyüşdə isə türkiyəli Recep Ciftçi ilə gücünü sınayacaq.

Turnirə yarımfinaldan qoşulacaq Ramil Qasımov bu mərhələdə (73 kq) iranlı Mahdi Borçlou - türkiyəli Serdar Aydın cütünün qalibi ilə, həmin çəkidə Natiq Talıbov isə dörddəbir finalda əlcazairli Youcef Radjaini məğlub edəcəyi təqdirdə yarımfinalda özbəkistanlı Feruz Sayidovla qarşılaşacaq.

Rövşən Səfərov (90 kq) özbəkistanlı Şukrat Boboev, Tofiq Məmmədov isə İran cüdoçusu Mohammad Ali Şanani ilə münasibətlərə aydınlıq gətirəcək.

Paralimpiya çempionumuz İlham Zəkiyev 100 kiloqramdan yuxarı çəki dərəcəsində Özbəkistan təmsilçisinə, Kənan Abdullaxanlı isə türkiyəli rəqibinə qarşı finala çıxmaq üçün yarışacaq.

IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarının birinci günündə yığmamızın üzvləri 6 qızıl, 7 gümüş olmaqla, cəmi 13 medala sahib olublar.

***

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq-a qədər) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci dəfə tatami üzərinə çıxıb.

Bu dəfə onun rəqibi Türkiyə təmsilçisi Batuhan Efemgil olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala vəsiqə qazanıb.

***

Azərbaycan cüdoçusu Elxan Məmmədov (100 kq-a qədər) IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ikinci qələbəsini qazanıb.

Publika.az Trend-ə istinadən məlumatına görə, cüdoçumuz ikinci görüşündə Özbəkistan təmsilçisi Viktor Demyanenko ilə qarşılaşıb. Cüdoçumuz rəqibini məğlub edərək finala vəsiqə qazanıb.

***

78 kq çəki dərəcəsində Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska ikinci görüşünü qələbə ilə başa vurub.

İkinci görüşdə cüdoçumuzun rəqibi Əlcəzair təmsilçisi Asselah Sonia olub. Cüdoçumuz rəqibini ipponla məğlub edərək finala vəsiqə qazanıb.

***

Elmar Qasımov İslamiadada ilk qələbəsini qazanıb

Azərbaycan cüdoçuları "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ikinci gününə uğurla start veriblər.

Mübarizəyə yarımfinal mərhələsindən qoşulan qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) Toqo idmançısı Noeline Essohanam Koronu ipponla məğlub edib.

Sonuncu Avropa çempionu Elxan Məmmədovun (100 kq) rəqibi, Səudiyyə Ərəbistanı təmsilçisi Sultan Mania tatamiyə çıxmadığı üçün cüdoçumuza texniki qələbə verilib. Beləliklə, Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb.

Digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) də Oyunlara qələbə ilə başlayıb. Onun rəqibi Mihail Marçitan (Birləşmiş Ərəb Əmirlikləri) olub. Rəqibini 2:0 hesabı ilə məğlubiyyətə uğradan atletimiz yarımfinala yüksəlib.

“Rio-2016” Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb. 100 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Elmar Qasımov türkiyəli rəqibi Ali Erdoğanı ipponla məğlub edərək adını yarımfinala yazdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm