Köşə
Dünyanın ən halal süd əmmiş kişisi
Leyla Sarabi
(Bu hekayədə təsvir olunan obrazlar uydurma deyil)
Biri vardı, biri yoxdu, uzaq firəng diyarında halal süd əmmiş bir kişi vardı. Bəlkə də bu hüsnü-mübarəkdən yüzlərlə, minlərlə idi. Amma mən yalnız birini tanıdım, özü də anasının bətnindən.
Bir səhər qəribə təlaşla oyandıq. Strazburq kimi təqaüdçü şəhər üçün bu səs-küy, sevilməyən övlad kimi yad idi. Pəncərədən aşağı baxdım. Küçədə böyük yük maşınları dayanmışdı. Elə bu an dərin yuxudan sonra məni tərk edən yaddaş sistemim yavaş-yavaş öz yerinə oturuşdu. Üzbəüz qonşularımız binadan köçürdülər. 75-80 yaşlı bu cütlük yeni ev alıb, yüksək məbləğ ödədikləri kirayə mənzildən ayrlıldıqları üçün təp-təzə ailə kimi xoşbəxtlikdən uçurdular. Hər ay kirayəsinə 1100 avro saydıqları 4 otaqlı, geniş verandalı bu eşq yuvası onlara dar gəlmişdi. Elə bizim məhəllədə ikimərtəbəli mənzil alıb, üçüncü, dördüncü, bəlkə də beşinci baharlarını yaşamağa gedirdilər. Binamızın gözü, qulağı olan polşalı rəfiqəm də anons vermişdi ki, onların yerinə gənc ailə köçəcək. Hələ məni cavabsız suallarda da boğmuşdu: ”Görəsən necə adamlardı yeni qonşular?” “Bizim kimi mehribandılar, yoxsa bu qocalar kimi səssiz-səmirsiz yaşayacaqlar?” “Yəqin uşaqları da var”. Bir neçə gün sonra qonşumun bütün suallarına cavab böyük bir yük maşını ilə birgə gəldi. “Günəşlənirəm” bəhanəsi ilə evyvanında oturub, yeni qonşularımızı salamlayan rəfiqəm, axşam bütün məlumatları bişirdiyi piroqla birgə önümə qoydu. Düzü məni bu yeniliklər heç maraqlandırmırdı, amma Silviyanın yenicə aldığı kofe maşınında hazırladığı kappuçinonun əziz xatirinə sevə-sevə dinləyirdim. “Almandırlar, hər ikisi yaxşı şirkətdə işləyirlər, təsəvvür elə, iki maşından əlavə, ərinin motosikleti də var. Uşaqları yoxdur, yəqin hələ hazır deyillər, poçt qutularındakı soyadlarına da baxdım, rəsmi nikah yoxdur”.
Piroqu çeynəyə-çeynəyə yeni qonşularım haqda düşünməyə başladım. Motosiklet mövzusu bütün fikrimi özünə cəmləmişdi. Mənim uşaqlıqda ən böyük arzum nə vaxtsa motosiklet sürmək idi, üstündən illər keçib, heç velosiped minməyirəm.
Növbəti səhər ailə ilə özüm də tanış oldum. Hər ikisi sübhdən işə tələsirdilər. Orta yaşlı, bəstəboy, zərif qadın və eyni yaşlarda nəhəng, kürən kişi…Hər ikisi nəzakətlə salamlaşıb, qaraja düşdülər. Qadın maşına, kişi də motoya oturub, gözdən itdilər. Qonşularım iş adamı idilər, həftəsonları da ya dostları onlara gəlir, ya da bir neçə günlük özləri tətilə gedirdilər.
Bir neçə aydan sonra Mariya hamilə qaldı. Kənardan hiss olunacaq qədər çox sevincli idilər. Səhərlər birgə yürüşə çıxar, gün üzünü göstərən kimi də parka qaçıb, vitaminlənərdilər. Hətta hər ikisi siqareti tərgitmişdilər ki, körpə tam sağlam doğulsun.
Mariya hamiləliyinin son ayını evdə keçirdi. Bir gün öyrəndik ki, oğulları doğulub. Əri Helmut da uşağa Lüi adını verdi. Əslində Mariyanın azı 6 ay işdən rəsmi icazə alıb, uşağını böyüdəcəyini gözləyirdim. Hətta dayə tuta bilərdilər, amma tam əksi baş verdi. Uşaq dünyaya gələndən bir neçə həftə sonra Mariya əvvəlki həyatına geri döndü. Helmut isə bütün məsuliyyətini, atalığını, hətta analığını toplayıb, özünü oğlunu böyütməyə həsr etdi.
Səhərlər oğlumu bağçaya aparanda ailənin hər 3 üzvü də qapını üzümüzə açırdılar. Mariya ciddi iş geyimində oğlunu, ərini bütün incə hissləri ilə öpüb, maşına otururdu. Helmut isə körpəsini motosikletini dəyişdiyi uşaq arabasına yatırdıb, sürə-sürə parka gedirdi. Bu mənzərə hər gün təkrarlanırdı. Və mən qisa müddətdə qəlbindən zərif, nəvazişli qadın doğan bu brutal kişinin cəsarətinə heyran qalırdım.
Lüi günbəgün böyüdükcə cümlələrimizin sayı da ardırdı.
- Salam, Leyla, necəsən?
- Salam, əzizim. Deyəsən, bu gecə də Lüi səni yatmağa qoymayıb.
- Qaz problemindən qurtarıb, dişə keçmişik. Tez-tez sakitləşdirici dərman da vururam, amma çox ağlayır. Görəsən bu durum nə qədər davam edəcək?
- Çətini ilk dişlər çıxanadəkdir. Sonra işin bir az yüngülləşəcək.
- Mənim üçün çətin deyil, amma Lüini belə çarəsiz görəndə üzülürəm.
- Lüi şanslıdır ki, sənin kimi atası var.
- Mən onun gəlişini o qədər gözləmişəm ki, istəyirəm hər anında yanında olum. Dayəyə də etibar edə bilmərəm Lüini. Ona görə işdən də bir illik uzaqlaşmışam. Amma Mariya işsiz qala bilmir. Bu da onun seçimidir, haqq da verirəm.
Lüi atasının boynundan asdığı kenqurunun içində o qədər təlhükənin lap uzağında, güvənin tam mərkəzində idi ki, insan doymadan tamaşa etmək istəyirdi. Mariyanın hamiləliyi gözümün önündə keçməsəydi, onu atasının doğduğuna belə inana bilərdim.
Bir gün qonşumdan əvvəlki həyatı, qayğısız günləri, ən əsas da çox sevdiyi motosu üçün darıxıb-darıxmadığını soruşdum.
Oğlumla keçirdiyim hər anım o günlərimdən daha dəyərlidir - dedi. Bir kişi bu fikrə gəlibsə, həyatın hər günahının dadına baxıb, qəlbindəki körpəni yenidən oyatmaq istəyir demək. Əslində Helmut Lüini yox, Lüi Helmutu böydürdü. Bəlkə də birgə böyüyürdülər, bilmirəm.
Anam mənə bir əhvalat danışmışdı. Bir qarının qızı doğum üstündə ölür. Canının tək yadigarını böyüdən qarının ahıl yaşda döşünə süd gəlir. Hər səhər Helmutla rastlaşanda içimə qəribə bir hiss dolurdu. Gözləyirdim deyəcək ki, Leyla, inanırsan, döşümə süd gəlib? Və bəlkə də onun südü dünyanın ən halal südü olardı. Lüi də böyüyəndə dünyanın ən halal südəmmiş kişisi kimi tarix yazardı.
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi