Aldığım zərbədən üzüm ağrıyırdı...
Bizi izləyin

Köşə

Aldığım zərbədən üzüm ağrıyırdı...

Aynur Camalqızı

1990-cı il, 20 yanvar. Daha dəqiqi, 19-dan 20-ə keçən gecə...

Aradan 31 il keçir. Amma bu qanlı tarix qəlbimizdə, ruhumuzda elə dərin iz buraxıb ki, unudulmur, yaddan çıxmır. Yaş üstünə yaş gəlir, insanlar qocalır, amma bu dərd köhnəlmir...

Yəqin, əsrlər də keçsə, unudulmayacaq...

Çünki bu qanlı tarix həm də şanlı tarixdir, azərbaycanlıların kütləvi qəhrəmanlıq tarixidir. Nə qədər ki Azərbaycan adlı dövlət, azərbaycanlılar adlı toplum var, unudulmayacaq, xatırlandıqca yaramız sızıldayacaq...

Bir neçə il öncə Feysbukda naşir Şahbaz Xuduoğlu bir status paylaşmışdı. “20 Yanvar xatirinizdə necə qalıbsa, yazıya köçürün”, deyirdi. Təklif edirdi ki, qələm adamları 20 Yanvarla bağlı yaşanmışları, xatirələrini yazsın. Maraqlı təklif idi.

Amma o günə qayıtmaq, bir gecənin içinə sığdırılmış bir ömürlük müsibəti anbaan xatırlamaq elə çətindir ki, o vaxt yazmağa cəhd eləmişdim, alınmamışdı. Xatirələrin ağırlığında əzilmişdim. Amma indi düşünürəm ki, nə qədər gec deyil, unudulmayanları həqiqətən yazmaq lazımdır. Kim necə bacarırsa...

31 il öncə Bakıda qətliam baş verəndə - bizim kənddə hamı yuxudaydı. Ucqar əyalət rayonunun ucqar kəndinin sakinləri o qanlı olaylardan xəbərsiz öz rahat yataqlarında uyuyurdular. Biz o Gecədən səhərisi gün xəbər tutduq. Həmin gün ilk dəfə kəndə bir gün əvvəl çap olunmuş boyat qəzetlər gəlmədi. Poçtalyonun poçt idarəsindən əliboş çıxıb evinə getməsini görənlər təəccüblənmişdisə də, heç kəsin ağlına bir şey gəlməmişdi. Günün sonuna doğru böyük əmim həyəcanla bizə gəlib atama dedi ki, dünən gecə Bakıda qırğın olub. Paytaxta daxil olan rus qoşunları aksiya keçirən əliyalın insanların üstünə tankları yeridib. Günahsız insanlar qanına qəltan edilib. Hadisə vaxtı Bakıda olan, bu günsə böyük çətinliklə evə qayıdan bir həmkəndlimiz nəql edib ki, xəstəxanalar yaralı və meyitlərlə doludur...

Qara xəbər hamımızı şoka salmışdı. Bu, necə baş verə bilərdi? Öz ölkəsində adamı necə öldürmək olardı? Evdə köhnə, qara rəngli balaca bir radio vardı. Hamımız onun ətrafına toplaşdıq. “Azadlıq” radiosunda Mirzə Xəzərin səsi gəlirdi. Baş verənlərdən danışırdı. İnsanlara, evlərə, avtomobillərə, hətta təcili yardım maşınlarına, həkimlərə necə atəş açılmasından, Bakı küçələrindəki qan gölməçələrindən danışırdı. Dəhşətli və dözülməz idi...

Anamın cehiz sandığı vardı. O sandıqda ən qiymətli şeylərimizi saxlayardıq. Orda anamın qara rəngli bir kəlağayısı vardı. Nadir hallarda harasa gedəndə çıxarıb çiyninə salardı. Gedib sandığı açdım. Həmin kəlağayını çıxarıb başıma örtdüm...

SSRİ rəhbərliyi, Mixail Qorbaçov, onun erməni sevgisi... Xankəndində yaşayan ermənilərin müstəqillik iddiaları baş qaldırandan bu yana həyatımızda tamamilə yeni bir dönəm başlamışdı: uşaqdan böyüyə hamı siyasətlə maraqlanırdı. İnsanların söhbətlərinin əsas və daimi, dəyişməz mövzusu Qarabağ, ermənilərin DQMV-ni Azərbaycandan qoparmaq xülyası, Bakıda bu iddialara etiraz edən soydaşlarımızın Azadlıq meydanındakı mitinqləri, Xalq Cəbhəsinin yaranması, onun liderlərinin fəaliyyəti... idi. Yaşlı kommunistlər üçün Azərbaycanın müstəqilliyi ilə bağlı söhbətlər, Bakıdakı mitinqlər nə qədər absurd idisə, gənclər, vətənpərvər düşüncəli aydınlar, ziyalılar üçün yavru vətənin müstəqilliyi, “imzalar içində imzamız”ın olması, Vətən, Torpaq anlayışı o qədər cazıbədar, ülvi arzuydu... Bu arzuların gerçəkləşə biləcəyinə olan inam hamını siyasətə yönləndirmişdi.

Neçə gün qeyri-müəyyənlikdə, informasiyasızıqda qaldıq, boğulduq, kohnə radionun başına yığışıb dalğalarda paytaxtda baş verənlərlə bağlı xəbər axtardıq, unutmuşam... Nə eşidirdiksə, inanırdıq. 20 Yanvar şəhidlərinin (“Şəhid” sözü sanki 20 Yanvar qətliamından sonra leksikonumuza daxil oldu) dəfn mərasimində iştirak edən nəhəng insan seli barədə danışırdılar. Ürəyin yanır, paramparça olursan, amma əlindən heç nə gəlmir, baş verənlərə, daha doğrusu, aldığın xəbərlərə, eşitdiklərinə sadəcə, dinləyicisən, seyrçisən – elə bir əhval-ruhiyyədə idik. İllərlə inandığın, Vətən saydığın, bağrına basdığın dəyərlər bir göz qırpımında məhv edilmişdi. Bundan sonra tarix kitablarında nədən bəhs edəcəkdilər, müəllimlərimiz bizi nəyə, nələrə inandıracaqdı, qəhrəmanlarımız kimlər olacaqdı? Cavabsız suallar çox idi. 70 ilin "Qızıl ordu“su bircə gecədə “Qırmızı ordu” olmuşdu...

20 Yanvar hadisəsi həyatımızda, düşüncəmizdə çox dəyişikliklər etdi. Bu, Vətənlə bağlı ilk ağrımız idi. Bundan sonrakı düşüncələrimiz, inanclarımız o ağrıdan doğulmağa başladı. Başqalarını bilmirəm, mən o günlərdə ağır bir avtomobil qəzasından sağ, amma yaralı çıxan sərnişin kimi hiss edirdim özümü. Sanki möhkəm itələnərək divara çırpılmışdım. Aldığım zərbədən üzüm ağrıyırdı, bütün əzalarım ağrıyırdı.

Aradan bir neçə gün keçəndən sonra kəndə qəzetlər gəlməyə başladı. AzTV fəaliyyətini bərpa elədi. İlk dəfə qəzetləri atam evə gətirəndə möhkəm xəstələnmişdim. Yataqdaydım. “Azərbaycan” qəzetini əlimə aldım, acgözlüklə vərəqlədim. Moskvadan Bakıya ezam olunmuş rus jurnalistin reportajını vermişdilər. Məqalə müəllifi Bakıda baş verənləri elə təsvir eləmişdi ki, insanların hüznlü sifətlərini, nələr hiss etdiklərini sanki hərflərin arasından görürdüm. Başqa bir qəzetdə, deyəsən, “Azadlıq”da balaca bir uşağın şəkli verilmişdi çərçivədə. O vaxt Moskvada, Lefertofo həbsxanasında olan Etibar Məmmədovun oğlu Orxanın şəkliydi. Şəklin altındakı qısa və qandonduran mətn bu cümləylə bitirdi: “Qaytarın bu uşağın atasını”...

Bəzi qəzetlərin bəzi səhifələri isə boş idi. Atam dedi ki, senzuradan keçməyən yazıların yeridir. Bakıda fövqəladə vəziyyət elan edilmişdi.

Hə, bir də İlhamla Fərizədən yazmışdılar. 20 Yanvar gecəsi həlak olmuş İlhamın öz canına qıymış Fərizəsindən... Ağlasığmaz sevgi hekayəsi... O qanlı-qadalı günlərdə dastan yazılırmış, sən demə. Nizami Gəncəvi “Xosrov və Şirin”də necə deyirdi, “Bu Şirindən başqa kimsə dünyada, etməmiş canını kimsəyə fəda”. Bu, artıq şair təxəyyülü deyildi. Bir gənc qadın şəhidlik zirvəsinə sevdiyi ilə birlikdə yüksəlmək istəmişdi. Qoşa şəkillərinə uzun-uzadı tamaşa etdim. Necə də yaraşıqlıydılar. Necə də bir-birlərinə yaraşırdılar...

Kimin ağlına gələrdi ki, dünyanın düz vaxtında günahsız insanlar qəfil güllələrə tuş gələcək, öz evlərində, öz küçələrində öldürüləcəklər?! Oxuduqca göz yaşlarım hərflərin üstünə tökülür, qəzetin səhifələrini isladırdı. Birdən hiss elədim ki, burnumdan qan açıldı...

Hadisədən az sonra Bakıda yaşayan bir qohumumuz qonaq gəlmişdi. Atamgil ondan vəziyyəti soruşur, o da gördüklərini, bildiklərini danışırdı. Deyirdi ki, mən qızlarımızın dəyanətinə, millətsevərliyinə heyran qaldım. O qanlı gecədən sonra matəm libası geydilər, qaraya büründülər... Deyirdi ki, Bakı kəndlərində dolanışıq üçün, satmaq üçün yetişdirdikləri qərənfilləri maşın-maşın, qucaq-qucaq Bakı küçələrinə daşıdı camaat. Şəhidlərin qanı tökülən küçələr, səkilər qərənfillərlə bəzədildi.

1990-cı ildə orta məktəb şagirdiydim. Hələ 1-ci sinifdə oxuyanda ibtidai sinif müəllimimiz bizə öyrətmişdi ki, Vladimir İliç Lenin dahidir, bizim xilaskarımızdır, babamızdır, adı çəkiləndə ayağa durmaq lazımdı. Uşaqlıqdan ağlımızda qalmışdı, dərs vaxtı adı gələndə ehtiram əlaməti olaraq mütləq ayağa qalxardıq.

20 Yanvar qətliamından sonra bir daha Leninə görə ayağa qalxmadıq...

Bu, artıq bir ictimai-siyasi quruluşun yalnız həyatımızda yox, ruhumuzda, mənəviyyatımızda, dünyaya baxışımızda dağılması idi...

Qarşımızda yepyeni bir yol vardı. Uzun, incə bir yol...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm