Köşə
Azərbaycanın qələbəsi, müxalifətin tragikomediyası və “soyunma otağına” göndərilənlər
Asif Nərimanlı
Böyük idman bayramı – Avroliqanın finalı başa çatdı və Bakı Olimpiya Stadionunda keçirilən oyunu idarə edən italiyalı referi Canluko Rokkinin final fitindən sonra “Çelsi” “Arsenal”ı 4:1 hesabı ilə məğlub etsə də, bu böyük finalın qalibi Azərbaycandır.
Azərbaycan təşkilatçılıq bacarığı ilə finaldan öncə irəli sürülən bütün iddiaları alt-üst etdi və sübut olundu ki, bura idmanın, sülhün və təhlükəsizliyin olduğu ölkədir.
Finalçılar bəlli olandan sonra Bakıya qarşı əsassız hücumlar başlamışdı: məsafənin uzaqlığı, azarkeşlərin gələ bilməməsi, otellərin baha olması, stadionun yüksək standartlara uyğun olmaması, təhlükəsizlik problemi, “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryana təhlükəsizlik zəmanətinin verilməməsi və s.
Mövcud reallıq bu iddiaları alt-üst etdi:
1. Klubların hər birinə 6 minə qədər bilet verilmişdi, lakin onlar bu biletləri sata bilmədilər. Bu, ingilis azarkeşlərin öz komandalarına qarşı münasibətinin göstəricisi idi.
2. Məsafənin uzaqlığı sadəcə bəhanə idi. Çünki müasir futbolda oynamaq üçün dünyanın müxtəlif güşələrinə uçurlar və məsafə məsələsi həmişə azarkeşlər üçün çətinlik yaradıb.
3. AZAL qonaqların qəbulunu və uçuşları yüksək səviyyədə həyata keçirdi.
3. Otellərin bahalığı iddiası final fonunda Azərbaycanla bağlı mənfi rəy yaratmaq istəyənlərin cəhdləri idi. Çünki Bakıda 20-30 dollardan başlayan normal xidmətin olduğu otellərin sayı daha çoxdur. Bunu finala gələn əcnəbi azarkeşlər özləri də etiraf etdilər.
4. Mxitaryana ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verildi, UEFA da bu məsələni dəstəklədi. Hərçənd, erməni futbolçu oynamaqla deyil, Azərbaycana qarşı kampaniyada erməni lobbisinin alətinə çevirməklə razılaşdı. Təsadüfi deyil ki, Ermənistanın baş naziri Nikol Paşinyan Mxitaryana zəng edərək, Azərbaycana getmədiyinə görə təşəkkür edib. Bu, siyasi oyun idi, Mxitaryan da siyasi oyunda iştirak etdiyi üçün idman mütəxəssisləri tərəfindən tənqidlərə məruz qaldı və bu oyunbazlığı onun karyerasından silinməyəcək.
İngiltərənin “Mançester Yunayted” və “Everton” klublarının keçmiş yarımmüdafiəçisi Andrey Kançelskisin dediyi sözlər isə erməni futbolçunun karyerasına “kloun” damğasının vurulması idi.
“Bu nə klounluqdur! Futbolun futbol, siyasətin siyasət yeri var. Get və oyna, göstər ki, heç kimdən qorxmursan. Ümumiyyətlə, orada sənə nə edəcəklər ki? Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən asılı olmayaraq, sən getməli və oynamalısan. Sənə burada heç kim barmağı ilə belə toxunmayacaq! Fitə basa və qışqıra bilərlər… İngiltərə millisinin qapısına əllə qol vurduğu üçün Maradonanı da fitə basırdılar. Maradona ki sağdır! Əgər Mxitaryan belə qorxubsa, qoy onda özünə “Pampers” alsın”.
Özünə futbolçu deyən biri üçün bu, soyunma otağına gedib, bir daha yaşıl meydanlara qayıtmamaq deməkdir.
Azərbaycan Avroliqanın finalında göstərdiyi təşkilatçılıq performansı ilə bu oyunu Bakıya hücum üçün bəhanə görən bütün qüvvələri bir daha geri qayıtmamaq şərti ilə soyunma otağına göndərdi.
Azarkeşlər yüksək səviyyədə qarşılandı, hava limanında heç bir problem yaşanmadı, bütün uçuş reysləri təhlükəsiz şəraitdə qarşılandı və yola salındı, qonaqların qarşılanması, yerləşdirilməsi ən yüksək səviyyədə həyta keçirildi. Bakı heç bir insidentin qeydə alınmaması ilə futbol tarixinə ən təhlükəsiz şəhər olaraq düşdü. Çünki ingilis azarkeşlərinin sərt və çılğın xarakteri hansısa insidentin olacağına dair gözləntiləri artırırdı, lakin hər şeyin mükəmməl formada təşkili belə halların qarşısını aldı.
Fan-zonalarda azarkeşlər üçün mükəmməl şərait yaradıldı; oyun günü azarkeşlərin rahat şəkildə stadiona gəlməsi, matçı seyr edəndən sonra isə geri qayıtması üçün xüsusi avtobuslar fəaliyyət göstərdi, heç bir sıxlıq, yaxud narahatlıq yaşanmadı; Asayiş keşişçilərinin peşəkar davranışı, qonaqlara mehriban münasibəti, hətta içkili ingilis azarkeşlərin süni qarşıdurma yaratmaq cəhdlərinin sivil qaydada həll olunması xüsusi diqqət çəkdi; könüllülərin peşəkar fəaliyyəti, ümumi işin təşkilinə verdikləri töhfə də diqqətdən yayınmadı, bu, həm də gənclərin dövlətin yanında olduğunu bir daha nümayiş etdirdi; İddiaların əksinə olaraq, stadiona 60 minə yaxın azarkeş gəldi; Hətta finalı gözdən salmağa çalışan bəzi KİV-lər heç bir bəhanə tapmadıqları üçün oyunun sakit keçdiyini irəli sürdülər; bu fakt bütün gerçəkləri ortaya çıxarır.
Və sonda, iki ingilis klubundan hansının qalib, hansının məğlub olmasından asılı olmayaraq, qazanan tərəf Azərbaycan oldu.
Sübut olundu ki, Azərbaycan isənilən beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək bacarığına və təcrübəsinə malikdir.
Sübut olundu ki, Azərbaycanda belə nəhəng tədbirlərin keçirilməsi üçün müasir infrastuktur – idman komplekslərindən tutmuş xidmət sektoruna qədər hər şey mövcuddur.
Avroliqanın finalının təşkilatçılığı və böyük idman bayramı ərəfəsində Novxanıda baş verənlər həm də Azərbaycanda iqtidarın və müxalifətin xalqa nə verdiyini, bu xalq üçün nə etdiyini bir daha sübut etdi.
İqtidar: “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, Formula 1, onlarla beynəlxalq idman yarışlarının təşkili və nəhayət, böyük futbolun – Avroliqanın finalının Bakıda keçirilməsi. Bütün bunlar mövcud iqtidarın son bir neçə ildə Azərbaycanın dünyada təbliği üçün idman istiqamətində atdığı addımlardır. Bu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin mühüm tərəfləri var:
a) Dünyada Azərbaycanın təbliği güclənir: müxtəlif ölkələr öz təbliğatını aparmaq üçün milyonlarla, hətta daha çox pul xərləyir, reklam şirkətləri ilə anlaşır, Azərbaycan isə düşünülmüş yol seçib: beynəlxalq tədbirlərin təşkili.
Bu iki aspektdən sərfəlidir: birincisi, beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi üçün infrastruktur inşa olunur, yəni bu ölkənin sərvəti bu ölkəyə xərclənir, hansısa reklam firmalarına, yaxud lobbi qruplarına sərf edilmir; ikincisi, inşa olunan infrastrukturlarda beynəlxalq tədbirlərin keçirilməsi təşkil olunmaqla daha az pulla daha çox təbliğat işi qurulur. “Eurovison” yarışmasında bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi, I Avropa Oyunlarnda Azərbaycan dünyaya müasir, mədəni, sülh ölkəsi olduğunu nümayiş etdirdi, Formula 1 yarışlarında 500 milyon izləyici Bakı küçələrinə tamaşa edirdi, Avroliqanın finalında 1 milyarddan çox tamaşaçının ürəyi Azərbaycanla döyünürdü.
b) İqtisadi dividend: beynəlxalq tədbirlər zamanı ölkəyə minlərlə turist gəlir. Bu, taksi sürücüsündən tutmuş, iaşə obyekti işlədənə, otel sahibindən tutmuş mağaza sahibinə qədər hər kəsin, bütün vətəndaşların qazanması deməkdir. Vətəndaş qazanırsa, dövlət qazanır. İqtidarın əsas devizi budur.
c) Siyasi dividend: Azərbaycanın təbliğinin güclənməsi, daha çox tanınması siyasi platformalarda ölkəmizin əlinin güclənməsi, milli və dövlət maraqlarımızın təmin olunması deməkdir. Unutmamalıyıq ki, müasir siyasətdə təsiredici güc “Yumşaq güc”dür və bunun əsasını məhz bir ölkənin cəlbediciliyi təşkil edir. Cəlbedici ölkə olmaq üçün mədəni, idman, humanitar aksiyalarda aparıcı rol oynamaq lazımdır ki, Azərbaycanın apardığı siyasət məhz buna hesablanıb.
Müxalifət: Azərbaycanda siyasi müxalifət adına iddia edənlərin bu ölkəyə, bu xalqa başağrısı verməsi, vaxtını məşğul etməsindən başqa nəsə etdiyini demək çətindir. Təsəvvür edin, Azərbaycan böyük finala hazırlaşır, Milli Şura isə Novxanıda aksiya keçirməyə cəhd göstərir: Əli Kərimli bir neçə yüz nəfəri bir yerə toplayıb, dövlətin qarasınca “asıb-kəsir”, ağız deyəni qulaq eşitmir, özlərinin deyib özlərinin eşitdiyi ittihamlar, iddialar, vədlər havada uçuşur, tam bir tragikomediya.
Daha sonra Kərimli sosial şəbəkədə Mxitaryan məsələsi üzərindən erməni lobbisinin Bakıya qarşı təşkil etdiyi hücumun əsas tezislərini təkrarlayır: “Bu ölkədə təhlükəsizlik yoxdur, polis zorakılığı var, insan haqları tapdanır” iddiaları. Və bu tragikomediyanın təşkili heç də təsadüfi deyil və bütün bunlar bir mərkəzdən idarə olunur. Mxitaryan Azərbaycana qarşı hücumda futbol karyerasını siyasətə qurban verdiyi kimi, Kərimli də eyni prosesin digər tərəfi kimi milli maraqları siyasi ambisiyalarının ayaqları altına atır.
Və Azərbaycan xalqı düşünür: bu iqtidar, bu da müxalifət, hansını seçməli? Seçim bəllidir. Bu millət məhz onu düşünənlərin, onun uğrunda döyüşənlərin, onun üçün çalışanların arxasınca gedir və məhz buna görədir ki, illərdir müxalifətin çevrəsi öz kiçik qruplarından uzağa gedə bilmir. Novxanıdakı tragikomediyaya dəstək verməyən xalq müxalifəti bir daha “soyunma otağına” göndərdi, finalda mxitaryanların göndərildiyi kimi…
Azərbaycan 2020-ci ildə Avropa çempionatının 4 oyununu qarşılamağa hazırlaşır və gələn il minlərlə azarkeş mükəmməl təşkilatçılıqdan zövq almaq üçün yenidən paytaxtımıza axışacaq. Əsas olan budur, əsas olan qalibin Azərbaycan olmasıdır!
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO