Siyasi pasiyentlərin “Qəribə bir şayiə”si...
Bizi izləyin

Köşə

Siyasi pasiyentlərin “Qəribə bir şayiə”si...

Asif Nərimanlı

“...Bu yaxınlarda xəstəxana korpusuna qəribə bir şayiə yayıldı. Şayiə buraxdılar ki, guya 6 №-li palatanı həkim ziyarət etməyə başlamışdır. Qəribə bir şayiə!”.

Çexovun “Qəribə bir şayiə” dediyi əslində olmayacağını bilə-bilə gözləmək, özünü inandırmaq, təskinlik vermək hissinin dəhşətli təsviridir.

“Hakimiyyət daxilində ciddi ziddiyyətlər yaranıb və sonu yaxınlaşır” iddialarının son günlər müxalifət düşərgəsində, daha doğrusu, siyasi meydanda tab gətirməyib virtual meydanlara transfer edənlər, eləcə də özlərini müstəqil kimi təqdim edən, əslində isə hər an mövqe dəyişdirməyə amadə olanlar arasında yayılması “6 nömrəli palatada” yayılan o “qəribə şayiə”ni xatırladır. Hərçənd, müqayisədə Çexovun “pasiyentləri” olduqca müdrik görünür, bizdə isə əsl “dəli yığıncağıdır!”.

“6 nömrəli palatada” yayılan qəribə şayiənin səbəbi pasiyentlərin “hər gün Nikitanı görməyə məhkum olmaları” idi.

Bizim “pasiyentlərin” məhkumluğu isə 26 ildir dəyişməyən iyerarxiya altında gözlərinin hakimiyyətə gedən yollara dikilib qalmasıdır və ən dəhşətlisi nəinki yolun sonunu, başlanğıcını belə görməyəcəklərini dərk etmələridir. Məhz buna görə hər “qəribə şayiə” onlar üçün ümiddən daha çox, təskinlikdir.

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzovun keçmiş nazirlər haqqında açıqlaması, ardınca YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimovun məlum sözləri bizim “pasiyentlər” üçün növbəti təskinlik oldu.

- Hakimiyyət daxilində ziddiyyətlər var; ciddi dəyişikliklər gözlənilir; iqtidarın sonu yaxınlaşır;

Bu iddiaların havaya buraxılan şayiədən başqa bir şey olmadığını anlamaq o qədər də çətin deyil. Çünki:

1. Həm Siyavuş Novruzov, həm də Eldar İbrahimov qanunverici orqanda təmsil olunurlar, elə qanunvericiliyə görə rəsmi şəxs deyillər və onların dedikləri hakimiyyətin rəsmi mövqeyi sayıla bilməz;

2. Milli Məclisdə təmsil olunanlar fikir və mülahizələrində sərbəstdirlər;

3. YAP fraksiyasının təmsilçilərinin bu açıqlamaları hakim partiya daxilində fikir plüralizminin nümunəsidir.

4. Məsələ ondadır ki, nə hakimiyyət rəsmiləri, nə də YAP funksionerləri bu iqtidara alternativ olduqlarını iddia edənlər qədər məsuliyyət hissini itirməyiblər və adətən fikirlərini sərbəst şəkildə ifadə edirlər. Bu cəmiyyət də fikrini qəbul etməyən hansısa deputata qarşı həmişə ictimai qınağı azad qaydada nümayiş etdirib. Lakin elə bu cəmiyyət bir ovuc “siyasi pasiyentin” buraxdıqları “Qəribə bir şayiə”yə inanmayacaq qədər müdrikdir.


Və bu cəmiyyət müxalifətin kitabındakı məsuliyyətsiz, avantürist, bəzən də dövlət üçün təhlükəli fikirləri də unutmur. Bir neçə nümunə ümumi mənzərəni təsvir etməyə imkan verir:

- Əli Kərimli Nikol Paşinyanı “demokratik işğalçı” adlandırır. Bir adam həm işğalçı, həm də demokratik ola bilərmi?!

- O, “Hakimiyyət dəyişməsə, Qarabağ münaqişəsi həll edilməyəcək” açıqlaması ilə Ermənistanın rəsmi şəxslərinin “Azərbaycan hakimiyyəti sülhə əsas maneədir” tezisini dolayısı yolla təkrarlayır. Görünür, ya dediklərinin fərqinə varmayacaq qədər məsuliyyətsizdir, ya da anti-Azərbaycan qüvvələrin dövlətimizə qarşı qurduğu planlarda “hakimiyyət eşqi” naminə təmsil olunacaq qədər təhlükəli;

- Həm dünyəvi dövlət quruluşunu dəstəkləyib, liberalizmi təbliğ etmək, həm də Azərbaycanda “şəriət rejimi” qurmaq istəyənlərin müdafiəsini təşkil etmək qədər ziddiyyətli olurlar, bəzən də “İnstaqram hesabımı bərpa etdim, hakimiyyətin daha bir hücumunun qarşısı alındı” kimi fikirlərlə əyləncə və siyasət arasındakı reallıq hissini itirəcək qədər gülməli;

Siyasi cameədə məşhur olan “Moskva və Bakı arasında bir saat fərq var” məsələsi isə onların təfəkkürünün ölçüsünü mizan tərəzisinə çıxarır.

... 2000-ci illərin ortalarında Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin görüşü keçirilir. İkitərəfli münasibətlər fonunda kifayət qədər ciddi nəticələrin əldə olunduğu görüşdə Rusiya prezidenti Vladimir Putin “Sverit çası” ifadəsini işlədir. Bu ifadə beynəlxalq münasibətlərdə ölkələr arasında bu və ya digər məsələyə münasibətdə oxşar mövqe nümayiş etdirmək mənasındadır. Əli Kərimlinin həm rəhbərlik, həm də mirzəlik etdiyi “Azadlıq” qəzeti isə Putinin beynəlxalq münasibətlərə söykənən həmin ifadəsini belə yazmışdı: Xatırladaq ki, Moskva və Bakı arasında bir saat vaxt fərqi var.

Xeyr, bu gülməli deyil, belə təfəkkürə sahib olanların Azərbaycanın idarəçiliyinə iddia etməsi baxımından ölkə adına olduqca kədərlidir.

İndi onların hər-hansı deputatın fikri üzərindən havaya şayiə buraxması Çexovun “kimsə arxanızdan danışırsa, onlardan qabaqdasınız demək” sözlərini yada salır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm