Əlinin çiynindəki mələk
Bizi izləyin

Köşə

Əlinin çiynindəki mələk

Qürbət cənnət də olsa, yükü ağırdır. Bəzən bu ağırlığın altında ruhun çökür. Yad ölkədə təkbaşına yaşamaqdan savayı yeni can doğmağınsa dağ gücündə ağrısı var. Bəlkə də yanlış addımdır...

Doğru olan odur ki, heç kim kənardan sənə müdaxilə etmir, “biz uşağı keçi südü ilə böyütmüşük, bax, top kimidir”, “həkim nə bilir, bizim vaxtımızda dərman var idi?”, “mürəbbəli çay ver, düzələcək”, “uşaq yaman ağlayır, nə təhər anasan? Su ver, sussun daa” deyib səni dünyadan küsdürənlər də yoxdur.

Di gəl, bütün məsuliyyət öz çiynindədir. Zaman-zaman anlayırsan ki, bu sənin xeyrinədir. Axı hər körpə ilə birgə bir ana doğulur. Bizim ölkədə isə bu müşküldür. Övladını böyüdərkən səhv etmək, büdrəmək və bu yanlışlardan dərs almaq şansın yoxdur. Səy göstərsən də qohum-əqraba səni səy gözündə görəcək.

Fransa cəmiyyəti isə analığını sənə lap ilk andan daddırır. Hətta körpə doğulan kimi anası ilə bir otaqda qalmağa başlayır. Uşağı ilk dəfə çimizdirəndə ananı çağırırlar ki, baxıb öyrənsin. Çünki buralarda ayin halında gerçəkləşdirilən 7, 40, düyütökmə kimi mərasimlər orada yoxdur.

2 il uşağını böyüdəndən sonra da bağça dövrü qapında növbə tutur. Fransızlar düşünür ki, bu yaşda uşaq ana ilə evdə qalsa, çox darıxar. Heç ananın da evdə oturub təkbaşına övladını böyütməyə vaxtı və həvəsi yoxdur. Uşaq bu yaşda mütləq bağçaya gedib sosiallaşmalıdır.

Fransada boş bağça tapmaq isə dünyanın 8-ci möcüzəsidir. Çox vaxt fransızlar elə hamiləliyin ilk aylarında şəhər meriyasına müraciət edib qeydiyyatdan keçirlər. Ancaq bu məsələdə mənim bəxtim gətirdi. Əlini pediatr müayinəsinə aparmışdım. Kişiyə şikayət elədim ki, bu nə sistemdir, niyə uşaqlara bağça çatmır? Lap yer olsa da, mənim uşağımı seçməyəcək ki, meriyanız...Aniesin, Emanuellanın iynəsi-sapı özündən olan tifilini götürəcək. Uşağımın ayağına arı kimi uf demədən peyvənd batıran, mənə görə qansız həkim, xalqının rasistliyindən təsirləndi deyəsən. Harasa zəng edib RV (görüş) aldı, bərk-bərk də tapşırdı ki, mütləq bu saatda orda ol. Unutmadan deyim ki, fransızlar qədər kağıza aşiq ikinci millət tanımıram. Uşağı bağçaya götürmək üçün az qalsın Bakıdakı qonşularımızın nikah şəhadətnaməsinə qədər istədilər. Qalaq-qalaq sənədi də yığıb meriyaya getdik. Su üzündə gəzən yetim ümidləri 3 bağçaya caladıq ki, hansında yer olarsa, uşağı ora yazdıraq. Bir aydan sonra cavab məktub şəklində poçt qutumuza gəldi.

Fransaya xüsusi kolorit qatan bir cəhət də onun poçt sistemidir. Bu ölkədə kvadrat dəmir qablara hələ də hər gün məktub atılır, insanlar səhərlər poçt qutularını yoxlamadan evdən çıxmırlar. Fərqi yoxdur, məktubu göndərən bankdır, yoxsa xəstəxana, reklamdır, ya jurnal... bəlkə də Fransada yaşadığınız üçün hər il ödəmək məcburiyyətində olduğunuz "yaşayış vergisi" sənədidir, əsas yad edilməkdir....

“Təbrik edirik, oğlunuz “filan” bağçaya qəbul edilib, gəlin, qeydiyyatdan keçin". Yenə əlimizdə bir ton kağız sevincimizdən uçduq meriyaya. Bu dəfə sənədləşməni tamamladıq. Dərindən nəfəs alıb düşündüm ki, ən həyəcanlı günlər geridə qaldı. Əli uzağı 2 günə bağçaya da uşaqlara da alışacaq.
Xub...

Elm sübut edib ki, qadın sevgisi kişiyə nisbətən daha güclü olur. Qızların analıq instinkti lap kiçik yaşdan pöhrələnməyə başlayır. Onlar anadan olanda artıq ana olurlar. Milləti, irqi, dini yoxdur bu hissin. Analıq özü ən qüsursuz dindir.

Əli bağçaya ayaq basdığı ilk gündən məzlum-məzlum ağlamağa başladı. İlk gün cəmi yarım saat qaldı. Hər səhər oyananda bir kasa ümid dolurdu içimə, amma Əli ətəyindəki daşı töküb, bağçaya getmək istəmirdi. Hər gün yarım saat, 30 dəqiqə, məndən soruşsanız illik əsəb limiti... Oğlumu qladiator düşərgəsinə verirmiş kimi göz yaşı tökürdüm, o da arxamca elə ağlayırdı ki, çətirin yırtılırdı.

Fransada bağça sistemi olduqca demokratik və xalqın mentaliteti üzərində qurulur. Bağçanın aylıq ödənişi ailənin maddi durumuna, qazancına görə hesablanır. Bu güzəşt ən çox tələbə valideynlərin övladlarına edilir. Pul haqq-hesabı şəhərin meriyasında aparılır. Nə müəllimələr, nə də tərbiyəçilər bağçaya gəlib-gedən uşaqların hansının varlı, hansının qismən kasıb yaşadığından hale olur ki, hamısına eyni səviyyədə qayğı göstərsinlər.
Gəl, gör ki, mental dəyərlər günəş ölkəsinin istiqanlı insanlarına tam ziddir. Fransızlar vaxtından tez böyüyürlər. Hətta demək olar ki, uşaq olmurlar.

Strazburq Fransanın Elzas vilayətində yerləşir. Həmçinin vilayətin paytaxtıdır. Əsrlər boyu Fransa və Almaniyanın aralarında bölə bilmədikləri bu şəhərin əhalisi əsasən fransızca danışsa da, elzaslıların almancaya bənzəyən dilləri də var. “Əsilli-köklü” elzaslılar da öz dillərində danışırlar. Bir neçə il onların məhəlləsində yaşadığım üçün azdan-çoxdan tanıyıram elzaslıları. Dillərinə, şəhərlərinə, mədəniyyətlərinə, hətta dinlərinə qarşı çox mühafizəkardırlar.

Əlinin qrupunda 20 uşaq vardı, onlara 2 müəllim, 2 tərbiyəçi baxırdı. Müəlimlərdən biri də “korennoy” elzaslı idi. Qadının almanlara xas sərt xarakteri və elzas şivəsi vardı. Bağçaya ilk gəldiyim gün özüm də ehtiyat etdim ondan. 40-45 yaşlarında hündürboylu, sarışın, zərif və fransız qadınlarına xas olmayan baxımlı idi. “Nasist xala” ləqəb verdiyim bu qadının adı Natali idi.

Məşəqqət dolu 1 həftə bitdi… Əli yorğun, mən bitkin, hava bomboz və yağışlı…

Növbəti həftə yenə savaşa başladıq. Elə ilk gün Əlini gətirib bağçaya qoydum. Yarım saatdan sonra dalınca qayıdanda gördüm ki, uşaq kənarda oturub, ağlayır, müəllimələr, tərbiyəçilər də əmrlərinə tabe olan qrup uşaqları ilə oyun oynayır, mahnı öyrədirdilər. Çox qəzəbləndim. Buz kimi soyuq bu millətə olan bütün hiddətimi qusmalı idim. Vəhşi instinktimi geyinib cumdum direktorun kabinetinə. Fransada bağça direktorları kifayət qədər sadə və hər bir valideyni dinləyəcək qədər təmkinli olur. Katibəsindən izin almadan qapını döyüb, içəri girdim. “Baxın, madam, biz sizin kimi soyuqqanlı millət deyilik. İsti ölkədən gəlmişik, temperamentimiz də tam başqadır. Mənim oğlum sevgi, qayğı içərisində böyüyüb. Nə vaxta qədər ki, sizin tərbiyəçiləriniz ona ana nəvazişi göstərməyib diqqətdən kənar qoyacaqlar, o qədər də ağlayıb, sızlayacaq. Ümid edirəm, siz də bunu istəməzsiniz.” Direktor məni sakitləşdirib yola saldı.

Ertəsi gün ağ bayraqla içəri girdik. Hətta “nasist xala” belə Əlini çox isti qarşıladı. Yarım saat tamam olanda uşağı aparmağa gəldim. Gördüyüm mənzərəyə inanmadım. Əli bir az kədərli, amma taleyi ilə barışmış şəkildə Lüsi adlı gənc tərbiyəçinin qucağında oturmuşdu. Lüsi də onu öpür, tumarlayırdı. Sevincimdən gəlib Lüsinin yanağına bir öpücük də mən qondurdum.

Elə bilməyin ki, fransızların bu soyuqqanlılığı digər millətlərə olan laqeydliklərindən qaynaqlanır. Əsla… Fransada doğulub böyüyən 50 yaşlı türk rəfiqəm onları tərif edərkən deyirdi ki, az yaşlı övladlarının qarşısında belə qayda-qanun qoyacaq qədər buzdurlar. Fransız ana parkda oynayan uşağı yıxılarsa, ona yaxın durmur. Proses baş verir, uşaq ağlayır, sonra da qalxıb üstünü-başını təmizləyir. Bəlkə də, onları güclü millət, qüdrətli dövlət edən bu cəhətləridir.

Bağçaya yavaş-yavaş alışırdıq. Artıq Əlinin vaxtı 1 saatadək uzanmışdı. Amma yenə də mızıldanırdı. Burda bir Mələk vardı. Hər anlamda gözəl bir mələk. 3-4 yaşlarında dolu, sarışın, yamyaşıl gözlü bir Mələk… Qəribəsi odur ki, Mələk türk deyildi, ərəb heç deyildi. Valideynləri fransız idilər. Bu adı çox sevdikləri üçün qızlarına vermişdilər. Mələk hər səhər Əlini qarşılayır, zorla da olsa əlindən tutub, parıldayan gözlərilə üzümə baxıb sanki “əmanətini aldım, rahat gedə bilərsən” deyirdi.

Beləcə Əli bağçanı, Mələk onu, mən də Mələyi sevməyə başlayırdıq. Natali ilə də münasibətimiz düzəlmişdi. Əli də bütün gününü sevimli məkanında keçirdirdi. Tolerant fransız xalqı müsəlman olduğumuzu öyrənəndə Əliyə “halal” menyu hazırlamışdılar. Amma yenə də çox tələbkar idilər. Bir dəfə Anna adlı müəllimə mənə dedi ki:” Əlinin artıq 3 yaşı var, özü qabdan yeyə bilmir. Madam, sizin oğlunuz körpə deyil, ona sərbəst nahar etməyi öyrədin.” Mən də şərq qadınına xas narahatlıqla hər axşam soruşurdum: “Əli bugün nə yeyib?” Müəllimə yenə etiraz edirdi: “Niyə heç soruşmursunuz ki, Əli bugün yeni nələr öyrənib?”- “Biz şərqlilərin qarnı doymasa, zehni aydın işləmir” deyirdim.

Günlər, ayılar bir-birini əvəz edir, Əli fransız mühitinə alışırdı. Hətta fransızlar sayaq bir az pintiləşirdi. Hər ayın bir günü bağçada valideynlərin toplantısı keçirilirdi. Hər kəs şirniyyat bişirib, bağçaya gəlir, birgə çay, qəhvə içib, tanış olurdular. Mənsə bacardıqca tez-tez piroq bişirib, bağçaya aparırdım. Ona görə xüsusi hörmət sahibi idim. Hər kəs məni Əlinin anası deyib barmaqla göstərirdi. Təsəəvvür edirsinizmi, adi piroqa görə bu boyda sayğı qazanmışdım…

Bir dəfə axşam Əlinin dalınca gəlmişdim. Gördüm, 13-14 yaşlı bir ərəb oğlan əlində tapança həyətdə oynayan bağça uşaqlarına atəş açır. Mən xəyalımda uşağımı basdıranda, məlum oldu ki, silah oyuncaqdır. Uşağı həyətdən qovdular. Ərəb ki, ərəb… Ömrümün düz 10 ilini yedi axmaq uşaq.

Fransada bağçalar adətən iyun ayının sonları bağlanır. Anamın səhhəti ilə əlaqədar mayın ortası Bakıya gəlməli oldum. Ona görə bağça kollektivini xəbərdar etdim ki, sabah son günümüzdür. Həm də növbəti ildən Əli “ana məktəbi”nə başlayacaqdı. Bağçada Əliyə “əlvida məclisi” quruldu. Direktor da daxil olmaqla bütün müəllimlər, uşaqlar, Mələk akt zalına toplaşdılar. Soyuqqanlı fransız deyib haqsızlıq etdiyim bu insanlar ən xırda detala qədər düşünmüşdülər hər şeyi. Öncə bir musiqi səsləndi. Məlum oldu ki, Əli bağçaya yeni gələndə yalnız bu musiqini dinləyib sakitləşirmiş. Bu musiqi səslənəndə Natali kövrəlib, məni qucaqladı. “Əzizim Natali ağlamayın, biz ara-sıra gəlib sizi ziyarət edəcəyik” dedim. Sonra isə Əliyə hazırladıqları diplom, açıqça, ürək sözlərindən ibarət kartlar təqdim edildi. Uşaqlı, böyüklü hamısını əsl şərq hərarətilə qucaqlayıb öpdük. Mələyi də orda qoyub Bakıya döndük.

İndi hərdən Mələk gəlir ağlıma. Həyatımızın pasını parıldadan neçə mələk tanıdıq...Amma heç biri onun kimi Əlinin çiyinlərini cənnət boyda məhəbbətlə bəzəmədi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm