Kitab oxumayan dodaqlarınızdan öpürəm
Bizi izləyin

Köşə

Kitab oxumayan dodaqlarınızdan öpürəm

Bu yaxınlarda altıncı kitabım çıxdı. "Möhtəşəmliyin çöküşü"nün təqdimatı və ilk imza günü "Teleqraf" Media Qrupun akt zalında gerçəkləşdi. Altıncı dəfə ata olmaq hissini yaşamaq doğrusu çox gözəl idi. Sonrakı günlərdə də imza günləri baş tutdu və ümumilikdə son bir həftə ərzində 120-yə yaxın kitabım oxucusu ilə görüşüb tanış oldu.

Doğrusu, altı kitabı çıxan bir müəllif üçün bir həftəyə 120 kitabın satılması elə də uğurlu göstərici olmamalıdır. Çünki mənim elə ilk kitabımın ilk imza gününüdə 319 ədəd kitab satılmışdı. Getdikcə bu rəqəmlər daha da aşağı düşdü. Bu hal tək məndə yox, bütün müəlliflərdə yaşandı. Çünki ildən-ilə insanlar kitablardan uzaqlaşdı və oxucular ya kitabdan üz döndərib "pdf" variantlara üz tutdular, ya da ümumiyyətlə, oxumağın başını buraxdılar. İndi bütün yazıçı və şairlər oxucu böhranı yaşayırlar.

Əvvəlki illərdə çap olunan kitablarımı alanların çoxu ya jurnalist, ya da elə ədəbi cameənin üzvləri idi. Altıncı kitabda alıcı sayı azalsa da, məni sevindirən bir məqam da oldu. Budəfəki oxucular ayrı-ayrı sahələri təmsil edirlər. Bu da məni sevindirir.

Deməli, "Möhtəşəmliyin çöküşü" kitabımın bu günə qədərki oxucularının qısaca statistikasını apardıq. Məlum oldu ki, kitabı əldə edənlərin 18 faizi şairlər və yazıçılar, 23 faizi jurnalistlər, 9 faizi rəssamlar, heykəltəraşlar, 14 faizi dövlət və hökumət nümayəndələri, 2 faizi tələbələr, yerdə qalanları isə müxtəlif peşələrdə çalışan müəllimlər, həkimlər, politoloqlar və digər peşə sahibləridir.

Doğrusu, müxtəlifliyi sevirəm və fərqli peşə sahiblərinin diqqətdə saxladığı imza olmaq gözəldir. Amma tələbələrin – kitab alan tələbələrin – 2 faiz olması məni düşündürməyə bilməz. Olduqca bərbad göstəricidir. Yaxın zamanlarda kitabı çap olunan bəzi şair və yazıçı dostlarımdan da soruşdum. Elə onlarda da statistik vəziyyət bu cürdür. Yəni faiz göstəricisi cüt rəqəmlərə çatmır. Deməli, ölkənin ən aktiv oxucu təbəqəsini itirmişik. Tutaq ki, bəziləri kağızın, kitab çapının və nəticədə kitabın qiymətinin baha olmasını əsas gətirərək yeni çap olunan əsərləri alıb oxuya bilmədiklərini iddia edirlər. Bəs tələbələrə, universitetlərdə, ali məktəblərdə təhsil alanlarımıza nə gəlib? Axı onlar "pley-steyşnlar"da, bahalı restoranlarda, "mollar"da əylənmək üçün yaxşı pullar tökürlər. Deməli, istəsələr oxuyarlar...

Qayıdım "Möhtəşəmliyin çöküşü"nə... Bilənlər üçün deyim ki, bu kitab mənim sonuncu şeirlər kitabımdır. Bundan sonra da ancaq özüm üçün yaza bilərəm, yazdıqlarımı ictimailəşdirmək haqqında fikirləşmirəm. Çünki bu ölkədə sözün, şeirin alıcısı yoxdur. Hekayə kitablarımı da çox güman ki, xaricdə çap etdirəcəyəm. Kitab oxuyan ölkələrin statistikasına baxaraq... İnciməyin, sizin üçün – hamıya şamil olunmur – yazmağa dəymir. Siz gedib itinizi boğuşdurun, meyxananıza qulaq asın, biz də gedək əlahəzrət avropalı, asiyalı qardaş-bacılarımızın könlünü oxuyaq, onların könül qapısını döyək... Bir sözlə, bu ölkədə ən gözəl hiss – kitab oxumaq bir möhtəşəmlik idi, onu da əlahəzrət oxucular və ya oxucusuzluq çökdürdü... Siz sözün qız yükünü çəkə bilmirsinizsə, biz müəlliflər də duz yükünü çəkməyə borclu deyilik.

Onu da deyim ki, bu xalqa ədəbiyyatı sevdirməyin yolu həm də televiziyalardan keçir. Təəssüflə, çox təəssüflə bildirirəm ki, bu gün ölkəmizdə güneyli, quzeyli, batılı, doğulu Azərbaycan ədəbiyyatını kompleks şəkildə əhatə edən sanballı bir veriliş yoxdur. Üstəlik, olanlar da qərəzsiz, vicdanlı və tam mənada dürüst ədəbi proqramlar deyil.

Nə dövlət televiziyasında, nə də özəl kanallarda səviyyəli, sanballı, çəkili ədəbi veriliş görmək müşkülə çevrilib. Üstəlik, televiziyalar reytinq gətirmədiyi üçün bu cür verilişlərə yer ayırmaq istəmirlər.

Bir çox televiziyalara altıncı kitabımın təqdimatını, imza gününü işıqlandırmaları üçün müraciət ünvanladım. Gəlmədilər. Əminəm ki, digər yazarların da təqdimatlarını, imza günlərini işıqlandırmayıblar. Amma kefləri duranda oxucu-kitab-yazıçı münasibətlərindən bəhs edən yarım-yamalaq veriliş çəkib "problem" qoyur, yarım saatlıq proqramda həmin "problemləri" də həll edirlər.

Görünür, bu da indiki televiziyalarımızın "ev tapşırığı"dır... Daha doğrusu, evi də tapşırıqla alanların baxışı...

Sözün qız yükünü duz yükündən ayıra bilməyənlərə kitabın "köz yükünü" həvalə edənlər utansın...

Hələlik, kitab oxumayan dodaqlarınızdan öpdüm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm