Köşə
Açın pərdələri, o gəlir - 153-cü bahar...
Camaat, bilirsiniz bu gün nə gündür? 10 mart 1873-cü ildə ildə Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov və digər ziyalılarımız qollarını çırmalayıb dedilər ki, bəsdir fısıldadıq, bir az da mədəniyyət haqda fikirləşək, səhnə yaradaq, səhnəyə çıxaq, yazaraq anlada bilmədiklərimizi birbaşa ünsiyyətlə başa salaq. Elə o vaxtdan da bizi deyib gələnlər, xalqın mədəni cəhətdən geridə qalmasını özünə dərd edənlər sözü bir yerə qoyub sehrli bir aləm, insanları gah güldürən, gah ağladan, fikirləşməyə sövq edən məbədin - Azərbaycan Teatrının əsasını qoydular.
Teatr deyəndə bəzilərinin ağlına ancaq o qırmızı məxmər oturacaqlar, bığlı-saqqallı obrazlar gəlir. Amma elə deyil. Teatr elə özümüzük. Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" və “ Hacı Qara”sını ilk dəfə səhnəyə çıxaranda, bəlkə də heç özləri də bilmirdilər ki, bu "vəzir-vəkil" davası 150 il keçsə də, hələ də gündəmdən düşməyəcək. Sanki bizim taleyimizi o vaxtdan kodlaşdırıblar...
Deyirlər ki, "İnternet gəldi, teatr öldü". Ay qardaş, teatr öləndir bəyəm? Teatr o zaman ölər ki, səhnəyə çıxıb rola girənlər boş oturacaqlara xitab etsinlər. Teatrın səhnəsinə canlılıq gətirən aktyor ruhən o zaman ölər ki, onun bizim üçün hazırladığı tamaşaları özləri alqışlasın. Teatrın alqışa, həm də canlı alqışa ehtiyacı var. Anşlaqa ehtiyacı var... Məni səhv başa düşməyin, kinoda on dəfə "dubl" eləyib ən qəşəngini seçirlər, amma teatr səhnəsində aktyorun alnından axan o tər var ha - bax, o həqiqətdir. Orda ssenari olsa da, canlılıq var, improvizə var, "montaj" yoxdur, “Təzədən gəl!” yoxdur... Ordakı o "canlı" səhv belə, monitorun arxasındakı ən bahalı effektdən daha şirindir.
Çox təəssüf ki, son zamanlar teatra gedəndə sanki hər yeri toz basıb kimi görsənir, çünki sən ordan uzaq düşmüsən, tənha qoymusan o səhnəni, o oturacaqları, o lojaları... O tozun özünə məxsus qoxusu var – tənhalıq qoxusu, unudulmuşluq qoxusu. İndiki gənclər əlində kamera "ekşn" axtarır, amma mən deyərdim ki, gedin bir o aktyorların gözünün içinə baxın. Orda olan o canlılıq, hərəkətlilik nəyin ki, hansısa bir serialda, heç həyatın özündə belə yoxdur.
Bu gün teatrın bayramıdır. Axırıncı xərcliyiniz olsa belə, gedin bir dənə bilet alın, hətta dostunuzu da vadar edin buna. Qoyun əlinizdəki telefonları bir kənara... O telefonu ki sizi eybəcərləşdirilmiş “dünyanın” içinə salır, mədəniyyətdən kənar saxlayır, ətraf aləmdən təcrid edir... Bir saatlıq qoyun kənara onları. Qoyun o pərdə açılsın, o işıqlar sönsün... Bir az da özümüzə, dərdimizə, gülüşümüzə kənardan baxaq. Çünki həyat özü böyük bir tamaşadır, sadəcə bizim ssenarimiz kağızlara deyil, alnımıza yazılıb...
Paytaxtımıza və ölkəmizə əzəmət verən teatr binaları, pərdəniz heç vaxt bağlı qalmasın, işıqlarınız ancaq tamaşa başlayanda sönsün, səssizlik rejissor və aktyorların yaratdığı möhtəşəmlikdə bürüsün səni! Çox hörmətli və əziz teatr fədailəri, yaxşı tamaşalar sizdən, alqış bizdən! Bayramınız mübarək!
Adəm Abbaslı
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım
































