Ələkbər Tağıyevin oğlu: “Öləndə hamını çölə çıxarıb, qardaşıma dedi ki...” – MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Layihə

Ələkbər Tağıyevin oğlu: “Öləndə hamını çölə çıxarıb, qardaşıma dedi ki...” – MÜSAHİBƏ/VİDEO

Deyirdin baharda görüşərik biz,

Bahar gəldi keçdi, sən gəlməz oldun.
Daşlaramı dəydi, sındı əhdimiz?
Aylar-illər gəldi keçdi, sən gəlməz oldun…

Mədinə Gülgünün misralarına bəstələnmiş bu məşhur mahnını zümzümə edə-edə onu xatırlayıram. Azərbaycan musiqisinə “Şirin arzular”, “Sən gəlməz oldun”, “Dinə bilmədim”, “Bakı gecələri”, “Azərbaycanım mənim”, “Qonşu qız”, “Azərbaycan oğluyam”, “Qəşəngdir” kimi saysız-hesabsız mahnılar bəxş edən bəstəkarı – Ələkbər Tağıyevi. Sirr deyil ki, 60-70-ci illərin bu məşhur hitləri neçə-neçə müğənnini də məşhur edib, sənət yolunda yaşıl işıq yandırıb. Xalq artisti Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə, Kəmalə Rəhimli bu məşhur bəstəkarın əlindən su içərək adını musiqi tariximizə yazdırıb. Mahnılarının tez bir zamanda populyarlıq qazanması və ürəklərə rahatlıqla yol tapmasının səbəbi vardı. Çünki bu melodiyalar ürəklə bəstələnirdi, qəlbdən oxunurdu və saf bulaq suyu kimi axıb könüllərə süzülürdü. Buna görə də nə qədər ki, bu musiqilər dillər əzbəridir, o qədər də Ələkbər Tağıyev yaşayacaq. Bu gün onun doğum günüdür.

Ömrünü melodiyaları ilə davam etdirən sənətkarı oğlu Xaliq Tağıyevlə birgə yad edəcəyik.

X.Tağıyevin Publika.az-a müsahibəsini təqdim edirik.

- Ələkbər Tağıyevin cismani yoxluğundan 35 il ötür. Atanızın yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?

- Atam o qədər şirin, duyğulu insan idi ki, onun yoxluğunu hələ də qəbul edə bilmirəm. Atamın məsləhətlərinə, söhbətlərinə möhtacam. Hərdən fikirləşirəm ki, kaş nəfəsi gedib-gələydi, yataqdan dura bilməyəydi, amma yanımızda olaydı.

- Xaraktercə necə insan idi, bəlkə onu bizə daha yaxından tanıdasınız.

- Atam dostla dost idi, amma haqsızlıqla mübarizə aparmağı da bacarırdı. Heç vaxt qapı döyməyib, onun qapısını döyüblər. Özünü reklam etməyi sevməzdi. Sağlığında o qədər çəkilişdən qaçırdı ki, bu gün filmə daxil etməyə bir kadr da tapa bilmirik. Şəkil də çəkdirməklə arası yox idi, çox az sayda şəkilləri qalıb. Ağıllı, savadlı və mərdanə kişi idi.

- Ayağınız düşərli olub, bildiyimizə görə siz doğulandan sonra mahnılar bəstələməyə başlayıb…

- Atam çox erkən evlənib və gənc ikən Akif adlı oğlunu itirib. Bu itkiyə dözə bilmirmiş. Anama deyirmiş ki, istəyirəm oğlum olsun və Akifin adını ona verim. Amma dalbadal qızı dünyaya gəlir. Bir gün nənəm deyir ki, gedək İmamzada məscidinə kitab açdıraq. Onu da deyim ki, nənəmgil seyid nəslindən idi və Allaha çox yaxın insanlar olublar. Məsciddə atama deyiblər ki, sənin bir oğlun olacaq, adını Xaliq qoymalısan. Onu da deyiblər ki, oğlun olandan sonra sənə vergi veriləcək və çox məşhur, imkanlı şəxsə çevriləcəksən. Həqiqətən də doğulandan 40 gün sonra atama vəhy gəlir. Gəncədə Göygölü seyr edərkən qəfildən “Qonşu qızı” mahnısını bəstələyir.

- Hər bir yaradıcı insanın ilham pərisi olur, Ələkbər Tağıyevin muzası vardımı?

- Atam təbiət, gül-çiçək aşiqi idi. Nardaranda bağımız vardı, orda 2 mindən çox gül əkmişdi. Baxmayaraq ki, bağbanımız vardı, amma gülləri özü sulayırdı, ətrini ciyərlərinə çəkirdi. Sübh vaxtı yuxudan durub, o gülləri qoxulayandan sonra melodiyalar bəstələyirdi. Zümzümə edirdi və dərhal da maqnitafona köçürürdü. Çünki həmin an bunu eləməsəydi, yadından çıxardı. Bir də atamın bir xasiyyəti vardı, həmişə yeni mahnı bəstələyəndə ailə üzvləri ilə məsləhətləşirdi. Onların rəyini soruşurdu.

- Kaprizli bəstəkar idi?

- Kaprizli yox, amma tələbkar bəstəkar idi. Müğənnilərin geyimindən tutmuş əl hərəkətlərinə qədər nəzarət edirdi. Hətta güzgü qarşısında dayanıb, onlara necə səhnədə dayanmağı, oxumağı, əl hərəkətlərini göstərirdi. Nizam-intizamı sevən adam idi. Mən evin sonbeşiyi idim, şuluqluğum vardı. Baxmayaraq ki, altı yaşım vardı, kiçik idim, amma atam evə gələndə artıq özümü yığışdırırdım.

- “Sən gəlməz oldun” mahnısını yaxın qohumunuzun ölümündən təsirlənərək bəstələməyi doğrudur?

- Bəli, o mahnını əmim oğlunun həyat yoldaşı Sevdaya həsr etmişdi. Sevda çox gənc ikən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun yas mərasimindən qayıdan kmi atam bu mahnını bəstələdi.

- Ən çox hansı mahnısını dinləməyi sevirdi?

- Mahnılarına fərq qoymurdu.

- Bəs müğənnilərə?

- Atam on ildən artıq Zeynəb Xanlarova ilə çalışıb. Sonradan Nisə Qasımova ilə işbirliyinə başladı. Nisə xanım bu gün də atamın adı çəkiləndə ağlayır. Heç vaxt atamın çörəyini itirmir.

- Yəni itirənlər oldu?

- Əlbəttə oldu.

- Kim?

- Onu siz də bilirsiz, mən də. Bu barədə danışmaq istəmirəm.

- Atanız Zeynəb Xanlarova ilə işbirliyinə son qoyandan sonra kiminlə işlədi?

- Nisə xanımla. Onda Nisə xanım “Lalə” qızlar ansamblında oxuyurdu. “Sədaqətim var” mahnısını oxuyanda atam dinləmişdi və səsini çox bəyənmişdi. Bir gün Zeynəb xanım da bizdə olanda Nisə Qasımova televizorda o mahnını oxuyurmuş. Atam deyəndə ki, bu qızın səsindən xoşum gəlir, Zeynəb xanım anasamblın rəhbəri Ceyran Haşımovaya zəng edir. Deyir ki, bəs Ələkbər Tağıyev Nisə Qasımovanı yanına çağırır. Nisə xanımı bizə Zeynəb Xanlarovanın özü gətirib.

- Ələkbər Tağıyev arada inciklik olduğuna görə Zeynəb xanımla işbirliyinə son qoymuşdu?

- Zeynəb xanımla işbirliyi bitəndən sonra atam Nisə xanımla işlədi. Bunu deyə bilərəm.

- Bu gün Zeynəb xanımla münasibətləriniz necədir?

- Ünsiyyət saxlayırıq. Amma Nisə xanım ailəmizə çox yaxındı, mənə bacı kimidi.

- O vaxtlar Ələkbər Tağıyevlə bağlı şayiələr də yayılmışdı. Ananızın o şayiələrə reaksiyası necə olub? Hər halda, Almaz xanım böyük ürəyə sahib qadın olub.

- Bunu gözəl dediniz, anam həqiqətən də çox anlayışlı, ağıllı bir qadın olub. Atamı həddən çox sevib, ona dəyər verib. O atama inanırdı və buna görə də şayiələrə fikir verməyib. Digər tərəfdən atam çox yaraşıqlı kişi olub və sevgiyə dəyər verib. O sevməsəydi və sevilməsəydi, belə gözəl melodiyalar bəstələməzdi.

- O sevgilərin konkret ünvanı olubmu?

- Gəlin bu yerdə üç nöqtə qoyaq. Buna görə incimirsiniz ki, məndən?

- Qətiyyən. Bundan səmimi cavab gözləmirdim. Gəlin atanızın geyim zövqündən danışaq. Geyim onun həyatında nə dərəcədə rol oynayırdı?

- Səliqəli və gözəl geyinməyi sevirdi. O vaxt ilk dəbdə olan geyimləri onun əynində görmək olardı.

- Hansı stilə üstünlük verirdi?

- Klassik geyimlərə. Qalstukları, kostyumları brend olurdu. Ümumiyyətlə, atamın o vaxt şəxsi hesabı vardı və çox məşhur olan brend mağazalardan alış-veriş edərdi. Elə işlədiyi müğənnilərə də geyimləri özü alıb gətirərdi. Çox şəstlə yeriməyi vardı və həqiqətən də yaraşıqlı kişi idi. Xanımlar ona valeh olurdular.

- Sənət adamlarından kimlərlə dostluq edirdi?

- Tofiq Quliyevlə, Nəriman Həsənzadəylə, Hafiz Baxışla.

- Zarafatla arası necə idi?

- Xoşlamırdı, çünki ciddi insan idi. Gəncəlilərdə “qadan alım” kəlməsi var, arada yaxınlarına “qadan alım” deyib zarafatlaşırdı. Şit zarafatı sevmirdi. Onun mənə yazdığı bir məktub var, indi də saxlayıram. O vaxt mənə yazmışdı ki, hətta balaca qızınla da zarafat eləmə. Deyirdi ki, zarafatın sonu davayla bitir. Ümumiyyətlə, atamın altı sözdən ibarət həyat kredosu vardı: “Utanma, inanma, aldanma, təəssüflənmə, heyfslənmə, təəccüblənmə”.

- Həyatda zərbələr almışdı?

- Həddən artıq.

- Bildiyimiz qədər həvəskar bəstəkar damğası vurub onu Bəstəkarlar İttifaqına üzv qəbul etmirdilər, buna görə pis olurdu?

- Əlbəttə, haqsızlıqlara dözmürdü.

- O vaxt İttifaqın sədri Qara Qarayev idi. Onunla münasibətləri necə idi?

- Üzdə yaxşı idi, amma atama qarşı çox haqsızlıqlar elədi.

- Atanızın bu zərbələrə reaksiyası necə olurdu?

- Zərbəni özünə vurdu – infarkt keçirdi. Deyirdi Allah bilər.

- Ölümü qəfil oldu?

- Ürəyi xəstə idi, amma xəstə yatmadı. Nardaranda bağda gül əkəcəkdi, anam dedi ki, halın yaxşı deyil, getmə. Dedi yox, getməliyəm. Nisə xanım da bizdə idi. Qəfildən halı pisləşdi, həkim çağırdıq. Hər kəsi otaqdan çıxardı, həkimlərə də dedi ki, mənə iynə vurmayın, onsuz da beş dəqiqəyə bu dünyadan köçəcəm. Yalnız qardaşımı yanına buraxdı. Beş dəqiqədən sonra kəlmeyi-şəhadətini oxuyub, gülə-gülə gözlərini yumdu.

- Qardaşınıza son sözü nə oldu?

- Deyib ki, məndən sonra evin böyüyü sənsən, onara böyüklük elə. Bir də Nisə Qasımovanı ona tapşırıb, deyib ki, o qızdan muğayat ol. Nisəni qızı kimi çox istəyirdi. Sonra deyib ki, otaqdan çıx, iki dəqiqəyə gələrsiniz. İki dəqiqədən sonra Nisə qapını açıb otağa girəndə nalə çəkdi. Atam divanda uzanıb, gülə-gülə dünyadan köçmüşdü. Allah adamı idi, ölümünü də hiss eləmişdi. O dünyasını dəyişən kimi yeni aldığı güllər də solmuşdu. Dərhal da yağış yağmağa başladı. Sağ olun ki, atamı bu gün yad elədiniz.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm