Layihə
Stalini yıxıb, Leninin boğazına kəndir keçirən lənkəranlılar: “Yalvarırdı ki…” - VİDEO
Publika.az-ın “HARALISAN” layihəsində yolumuz bu dəfə Lənkəranadır, danışanlarsa bu elin məşhurlarıdır.
Lənkəran hər zaman məşhurlar ilə öyünüb.
Həzi Aslanov - Sovet İttifaqı Qəhrəmanı.
Səməd bəy Mehmandarov - general.
Münəvvər Kələntərli - əməkdar artist, aktrisa.
Həqiqət Rzayeva - xalq artisti, opera sənətçisi.
Gülağa Məmmədov - xalq artisti, müğənni.
Ağarza Quliyev - rejissor.
Nazim Abbas - rejissor, ssenarist, aktyor.
“Vəsiyyət eləmişəm ki, mən öləndən sonra…”
Canəli Əkbərov, xalq artisti:
- Cənub regionunun ən gözəl bölgələrindən biri olan Lənkərana Xan Lənkəran deyiblər. 22 il Lənkəranda - doğulduğum Tükəvilə kəndində yaşamışam. Uşaqlığım, gəncliyim o gözəl diyarda keçib. Lənkəran deyəndə atamla bağlı xatirələrim gəlib durur gözüm önündə. Atam Xanəli kişi bölgənin sayılıb-seçilən kişisi və ustad xanəndə idi. Ağırtəbiətli insan olub, bir baxışıyla yerimizdə oturardıq. İndi zəmanə dəyişib, amma bizim dövrümüzdə evin böyüyünün yanında söz deməyə çəkinərdik. Ağsaqqal, ağbirçək yanında danışmazdıq. Lənkəran camaatı zəhmətkeşliyi ilə seçilib. İndi də tez-tez o bölgəyə gedirəm. Qohum-əqrəba məni nəslin ağsaqqalı sayır. Kəndimizdə üçmərtəbəli villa da tikdirmişəm. Yay aylarında arvad-uşağı, nəvə-nəticəni yığıb gedirik dincəlməyə. Uşaqlara da vəsiyyət eləmişəm ki, mən öləndən sonra o evi boş qoymasınlar. Dədə-baba yurdlarını unutmasınlar. Doğmalarımın məzarı Lənkərandadır, həmişə gedib onları ziyarət edirəm. Lənkərandan doymaq olmur, gəzdikcə gəzmək istəyirsən.
“Gedəcəyim yer isə doğmalarımın dəfn olunduğu məzarlıqdı…”
Şair, publisist Elçin Mirzəbəyli:
- Azərbaycanımızın ən gözəl, səfalı guşələrindən biri olan Lənkəranda doğulmuşam. Şəhərin mərkəzi hissəsində yerləşən, yerli camaatın “Qala” adlandırdığı ərazi ilə “Böyük bazar”ın kəsişdiyi “sərhəddə” yerləşirdi evimiz. O zamanlar küçəmiz Nəriman Nərimanovun adını daşıyırdı. Sonradan dəyişdirib Mirzə Məhəmmədhüseyn Axund qoydular... Əslində bu ad dəyişikliyi mənim doğulduğum Lənkəranla bugünkü Lənkəranın müqayisəsi baxımından unikal nümunədir.
...Nə zamansa Lənkəran Azərbaycanın elm, mədəniyyət ocaqlarından biri sayılırdı. Həmin dövrdə burada müxtəlif vəzifələrdə çalışan, məhdudiyyətlərə, qadağalara baxmayaraq, xalqının gələcəyini düşünən maarifçi insanların səyi nəticəsində SSRİ miqyasında hadisəyə çevrilən kitablar paytaxt Bakı ilə eyni zamanda Lənkərana da göndərilirdi. Hər yeni kitab gələndə kitab mağazalarının qarşısında növbə olurdu desəm, bəlkə də çoxları inanmayacaq... Amma həqiqət belədir. Çünki o zaman fərqlənməyin yeganə yolu mütaliəli, elmli, savadlı olmaqdan keçirdi. Biz kitabxanalardan götürdüyümüz, yaxud böyüklərimizin verdiyi kitabları daha tez oxumağa və yenisini əldə etməyə çalışırdıq. Hər şeyə vaxt tapırdıq – oxumağa, idmanla məşğul olmağa, ev işlərində böyüklərə yardım etməyə, əylənməyə, qohumlarla görüşməyə, dostlarla ünsiyyətdə olmağa... Hər şeyə...
İndi isə... Son zamanlar az-az getdiyim üçün bir o qədər də məlumatlı deyiləm. Daha doğrusu, hər kəsə bəlli olan həqiqətləri təkrarlamaq, ən yaxşı halda köks qəfəsindən aşağı səviyyədə olacağını gözlədiyim müzakirələrə yol açmaq istəmirəm. İndi orada məni qarşılayacaq və yola salacaq... arzuladığım bir kimsə yoxdur... Gedəcəyim yer isə doğmalarımın dəfn olunduğu məzarlıqdı...
Mənim üçün doğmalığın əsas göstəricisi dağ, daş, torpaq deyil, insanlardı...
Mən ocağa bağlı adamam. Amma o ocaqdan daha doğmalarımın qoxusunu ala bilmirəm. Hər dəfə yolum düşəndə, atamın, anamın, qardaşımın... ölüm səhnələri canlanır gözümün önündə. Tələbə inşaat düşərgəsinə getdiyim üçün ruhən bəlkə də hər kəsdən daha çox bağlı olduğum, hər kəsdən daha çox hiss etdiyim dayımın ölümü ilə bağlı xəbərin mənə necə deyildiyi, nənəmin, anamın sözünü ağızlarında qoyub üsyan qoparmağımı, pilləkənlərlə ildırım sürətiylə çarpayıya sarılıb hönkür-hönkür ağladığımı xatırlayıram. Mən o şəhər üçün darıxıram. O şəhər isə indi mənim uşaqlıq xatirələrimin içərisindən nisgilli-nisgilli boylanmaqdan savayı heç nəyə yaramır...
“Mən əsil Don Juan idim”
Aydın Xan Əbilov, yazıçı-kulturoloq:
- Uşaqlıq və yeniyetməlik illərim Lənkəranda keçib. Uşaqlıq və yeniyetməliyimdə harada formalaşmısan soruşsalar, bircə cavabım olacaq: kitablarda, intellektdə... Uşaqlıqda əlimə nə keçirdi oxuyurdum: hətta “Qurani-Kərim”i ərəbcə öyrənmişdim. İndi də məni yaxından tanıyan o zamankı insanların çoxu söyləyirdi ki, əgər arxasınca getsəydin, savadlı molla kimi ad çıxarardın. Atam hər zaman mənə məsləhət görürdü ki, mollalığı öyrənim. O zamanlar bizi romantik şeylər daha çox maraqlandırırdı: ilk sevgi şərbəti dodaqlarımıza dəyən kimi məhəbbət əsirinə çevrildik. İlk məhəbbətim haqqında dəqiqliklə danışmayacağam: o, əsil sirli bir möcüzə olaraq qəlbimdə ölənəcən yaşayacaq. Deyim ki, ilk məhəbbətdən savayı başqa “sevgi” macəralarım da çox olub, hətta indiki gənclərin arşınıyla ölçsək, yeniyetməliyimdə mən əsil Don Juan idim. Sadəcə, o zamanlar sevgi daha təmiz hisslər üzərində qurulurdu, amma indi çox şey kimi bayağılaşıb sanki. Romantik sevgini natural-manyakvari seviş əvəzləyir get-gedə...
Kəndimiz Xəzər dənizi sahilində yerləşirdi, ötən əsrin səksəninci illərində bizə çoxlu rus turistləri gəlirdi. Kəndimizin qarayanız qızları yanında o bəyaz mələklər biz yeniyetmələrin ruhunu əsir edirdi: gizlicə çimərlikdə onlara baxardıq. Orta məktəbdə oxuyan vaxtlar məni xoşlayan, bəyənən qızların əksəriyyətinə eyni həvəslə diqqət ayıra bilmədiyimə görə, o mələksimalı şeytanlar yalandan məni cın atına mindirər, dava-dalaş salar və müəllim atama şikayət edərdilər. Odur tez-tez evdən qaçırdım və üz tutardum Bakıya. Bu evdənqaçmaların yalnız az qismi uğurla nəticələnər, amma sonluğu evə qayıtmaqla bitərdi.
Dənizi çox sevirəm, o zaman da, indinin özündə də. Uşaqlıqda erkən - 12 yaşımda sovxozda fəhləliyə başladığıma görə dənizə həsəd qalardım. Biz tərəflərdə dənizin 3 aylıq mövsümü olardı. Ailəmiz müəllim atam və sovxozda 2 yerdə işləyən anamın məvacibi hesabına ortabab yaşayırdı, odur mənim heç vaxt velosipedim olmayıb, it və göyərçin saxlamışam, amma hər zaman bunları arzulamışam.
Lənkəran söz yox, ilk növbədə, öz baməzə adamları, açıqfikirli şəxsiyyətləri, zümrüd meşələri, generalları, həkimləri, ziyalıları, zəhmətkeş qadınları, dini və milli-mental dəyərlərimizi yaşadanları, eləcə də xalq-folklor musiqisi, el havaları, ən əsası da tarixi eralarla ölçülən mətbəx möcüzələri ilə tanınır. Bizim uşaqlıq vaxtımızda çəltik, taxıl, tərəvəz, limon, alça, alma, üzüm, armud, gilas və üzümün yüzlərlə növü kəndlərimizdə yetişdirilirdi, indi isə sanki onların çoxu heç olmayıb…
Qızlar zarafatcıl idi: deyib-gülməyi, düzüb-qoşmağı, mahnı oxumağı, rəqs etməyi xoşlayardılar. Yadımdadır, qız-gəlinlər tarlaya işə gedəndə də, evə qayıdanda da şən mahnılar oxuyar, xorla yallı gedər, rəqs edərdilər. Oğlanlar isə güləş, boks və futbol divanələriydilər...
Bizdə dini və milli bayramlara xüsusi önəm verilir. Toylar isə əsl konsert, yarışma, əyləncə, moda nümayişi, kreativ bacarıqların sərgiləndiyi, mətbəx təamlarının hazırlandığı mini-bayramlara çevrilərdi. Qız bəyənmələr də, gənclərin özünü necə aparmasını yoxlanılması da, dava-dalaşlar da bu toyların dəyişməz atributları idi…
Fal, cadu, piti, dua, imama ərizə və bu kimi mövhumati amillərin də güclü olduğu cənubda savada, ali təhsilə xüsusi önəm verilərdi. Bakıda institutlara daxil olmayanlar uzaqbaşı Rusiyanın müxtəlif şəhərlərinə gedər, ən azı ali hərbi təhsil ocaqlarında oxuyardılar.
Lənkəranda Novruz şirniyyatları, müxtəlif şirə və kompotlar, un və düyü halvası, ləvəngi, yüzlərlə növü olan plovlar, təndir çörəyi, mövsümi yeməklər, balıq xörəkləri, tərəvəzdən hazırlanan təamlar, duza-sirkəyə qoyulmuş meyvə və tərəvəzlər hazırlamaqda dünyanın ən ustad aşpazlarına master-klasslar keçməyə qadirdilir.
Yerlilərim vasvası və səbirsizdilər, həddən-ziyadə təmizlik sevən olsalar da, evim cənnət, çölüm cəhənnəm prinsipi orada da işləkdir. İfrat dərəcədə qonaqpərvərlik eldaşlarımın həyatında problemlər yaşadıb: tutalım, uşaqlıqda bizə qonaq gələndə uşaqların yarısı ac yatmalı olurdu. Evin ən yaxşı yerinə qonaq otağı adı verib məxsusi olaraq gələnlər üçün saxlayırdılar. Amma əksinə, bəzən qızışıb qohum-qonşuyla qandüşmənçiliyi edərlər. Qız qaçırma, namus, uşaqlara görə ən qəti addımlar ata bilərlər...
Bütün bu sadaladığım cəhətləri ilə yanaşı cənuba bircə dəfə qonaq gələn buranı öz doğma yurdu sayırlar və təkrar-təkrar oralara can atırlar.
“Qonağı həyətlərinə aparan kimi…”
Müşfiq Şahverdiyev, aktyor:
- Lənkəran camaatının bir gözəl xüsusiyyəti var, qonağı həyətlərinə aparan kimi toyuq kəsirlər, yedirib-içirəndən sonra da iki-üç toyuq ləvəngisi bişirib şəhərə pay yollayırlar. Qonaq görəndə yaxşı mənada özlərini itirirlər. Mən özüm dəfələrlə şəhərdən dostlarımla Lənkərana getmişəm. Uşaqların üstündə dava salıblar, o deyib mən qonaq aparacam, bu deyib mənim evimdə qalacaq. Dostlarımı bölüşdürə bilməyiblər. Özüm
Lənkəranda “Kiçik bazar” deyilən yerdə qalmışam, arxa tərəfdə də dəniz var. O məhəllə üçün burnumun ucu göynəyib həmişə. Bizim camaatda bir xasiyyət də var, heç vaxt kənardan qız alıb, kənara qız verməzlər. Elə xalauşağı, əmiuşağı bir-birləri ilə evlənirlər. Kənardan qız alanda narahat olurlar. Deyirlər bu gəlin nə vaxta bizim adətləri öyrənəcək, mətbəx bacarıqlarını götürəcəklər. Elə məni də bu saat sıxma-boğmaya salıblar ki, qohum qızlardan birini al. Amma mən məhəl qoymuram. Lənkəranlıların bir pis xüsusiyyəti də budur ki, beyinləri çöndüsə, xeyri yoxdur, dediyini edəcək. Tərs olurlar.
“Gördüm Lenin əlini uzadıb yalvarır ki…”
Etibar Cəbrayıloğlu, jurnalist:
- Lənkəranın gözəlliyi, bu torpaqda doğulan insanların səmimiliyi, mehribanlığı, qonaqpərvərliyi, mətbəx mədəniyyəti, çeşidli yeməkləri barədə çox yazılıb, çox deyilib. Nə desəm təkrar alınar.
Amma bizim camaatın bir xüsusiyyəti də var ki, bu məsələ diqqətdən balaca kənarda qalıb. Lənkəranlılar baməzəlikdə, hazırcavablıqda, ayama qoşmaqda şəkililərdən heç də geri qalmırlar. Lənkəranda da ayaması olmayan az adam var. Bizim Balaəmi lətifələrinə görə şəkili Hacı dayıdan heç də az populyar deyil.
Yadımdadır, məktəbdə oxuyanda atam əslən lənkəranlı, Bakıda yaşayan Axundov soyadlı bir alimin kitabını alıb gətirmişdi. Həmin kitabda ayaması ilə tanınan lənkəranlıların uzun bir siyahısı da verilmişdi. Qardaşlarımla oxuyub tanıdığımız adamların adlarını işarələmişdik.
Lənkəranlılar sakit təbiətli olsalar da, əksəriyyətinin daxilində yaxşı mənada bir inqilabçı gizlənib. Sovet dövründə 7 noyabr böyük təntənə ilə qeyd olunardı, SSRİ-nin hər yerində parad keçirilərdi. Belə paradı ilk ləğv edən Lənkəran camaatı olub. 1988-ci ilin 7 noyabrında camaat parada çıxmaqdan imtina etdi. Azərbaycan Mərkəzi Komitəsinin ikinci katibi Polyaniçko əvvəl meydana toplaşan camaatı qorxutdu, sonra gördü alınmır, yalvardı, lakin yenə bir şey əldə edə bilmədi. İnsanlar parad keçirməkdən imtina elədi. Bu, SSRİ-də birinci belə hal idi. 1990-cı ildə ilk dəfə məhz lənkəranlılar rayondakı bütün dövlət orqanlarının fəaliyyətini təxminən 10 gün dayandırdılar.
Leninin heykəli də deyilən görə, birinci Lənkəranda sökülüb, özü də bilirsiniz nə vaxt? Xruşşov vaxtında. Siyasi hakimiyyətə gələn kimi Nikita Xruşşov Stalinin heykəllərini yığışdırmaq barədə göstəriş verib. Təbii ki, bu əmr Lənkərana da gəlib çatıb. Bizimlə qonşu binada Baba adında bir kişi yaşayırdı, ömrünün çox ilini həbsxanalarda keçirmişdi. Yaşlılar danışırdı ki, birinci dəfə həbsxanaya Leninin heykəlinə görə düşüb.
Cavanlıqda Baba kişi avtokran sürürmüş. Direktor onu çağırıb Stalinin Lənkərandakı abidəsini sökməyi tapşırır. Stalinlə Leninin heykəli yanaşı qoyulubmuş. Baba kişi bir neçə saatdan sonra qayıdıb direktora hesabat verir və deyir ki, Stalinin heykəlini sökdüm, amma sonra gördüm Lenin əlini uzadıb yalvarır ki, məni də burdan düşür, ürəyim dözmədi, bir kəndir də onun heykəlinin boğazına keçirdim. Bir-iki dəqiqədən sonra Lenin də getdi Stalinin dalınca...
Lənkəranda yaşayan, Masallıdakı rayon qəzetinin redaktoru, istedadlı şair Vaqif Hüseynov sovet dövründə dissident şeirləri, həcvləri, kəskin felyetonları ilə məşhur idi.
Vaqif müəllimin o zaman camaatın dilində əzbər olan şeirində belə bir bənd vardı:
Vətənimi çalıb-çapır bir göy gözlü, sarı İblis,
Azad gəzə bilərəmmi əsir olan torpağımda?
Qafil, yatma, bu yerlərdə, bu çöllərdə pələng vardır,
Su qarşımda, özüm təşnə, fəqət orda nəhəng vardır...
Vaqif Hüseynov çox erkən dünyasını dəyişdi. Yeri gəlmişkən, rəhmətlik Vaqif müəllim şair, jurnalist, politoloq kimi tanınan Elçin Mirzəbəylinin doğma dayısıdır. Bizimlə qonşu idi, sonra isə qohum oldu.
Yazının əvvəlində lənkəranlıların hazırcavablığından, baməzəliyindən ötəri bəhs etdim. Dostumuz Ələkbərin zarafatlarını toplayan olsa, bir neçə kitab müəllifi kimi tanına bilər.
Ələkbər bir vaxtlar Lənkərandakı çimərlikdə xilasedici işləyib. Hə, yadıma düşmüşkən, lənkəranlılar sovet dövründə bu işlə məşğul olan idarəyə də ayama vermişdilər: “Suda-quruda boğulanlar cəmiyyəti”. Ələkbər bu idarədə çalışanda komissiya gəlir. Komissiyanın qorxusundan ilk dəfə qülləyə çıxmağa məcbur olan Ələkbər meqafonla çimərlikdəki insanlara müraciət edir: “Camaat, bizə arxayın olub dərində üzməyin. Xilasedicilərdə o qeyrət yoxdur, gəlib sizi xilas eləsin...”
Ələkbər indi də hazırcavablığından qalmır. Lənkərandan Bakıya hər gələndə avtobus sürücüsünə 5 manat əvəzinə 6 manat verir. Deyir ki, Bakıya qədər salonda yaxşı musiqi səsləndirsən, bu 1 manat halal xoşun. Yox, əgər mahnılar xoşuma gəlməsə, 1 manatı sənə halal etməyəcəm.
… Kefim yox idi, eynim açıldı, Allah səni güldürsün. Etibar, qardaş heç sənin də yumor hissin Ələkbərdən az deyil. Uzun illər tanımağıma baxmayaraq hələ də sənin zarafatınla ciddi sözünü ayırd edə bilmirəm. Bir-iki dəfə “infotur”larda olmuşuq, yumorlu söhbətlərinlə bizi gülməkdən öldürmüsən. Lənkərana gəlincə, bir dəfə yolum düşüb, amma gəzmək imkanım olmayıb. Havası, təbiəti çox gözəldir, ləvəngisindən (balıqla aram yoxdur, toyuq ləvəngisi olsun - C.S.) yeyib, lumulu çayından içib, havasından udmağa dəyər. İnsanlarına gəlincə, tanıdıqlarım az deyil, xüsusən də mətbuat aləmindən. Elə biri Xaqani Səfəroğlu. Lənkəran haqqında danışacağına söz verdi, amma yalançı çıxdı. Elə istedadlı yazar Zahir Əzəmət də nədənsə yaxasını kənara çəkdi. Özləri bilər. Deyim ki, lənkəranlılar çox səmimi, istiqanlı, mehriban olur, davakar deyillər - “dəymə mənə, dəyməyim sənə”… Qadınları zəhmətkeş, zirək olurlar. Göz dəyməsin, talış qızları od parçasıdır.
-
İdman20:55
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub etdi - YENİLƏNDİ
-
Səhiyyə20:36
Ağcaqayın şərbətinin olduqca faydalı xüsusiyyətləri ÜZƏ ÇIXDI
-
Magazin120:12
Efirdə Günayla Zaur arasında GƏRGİNLİK: "Get, qayıtma..." - VİDEO
-
Sosial19:48
Gözəlliklər diyarına çevrilən Laçından YENİ FOTOLAR
-
Avropa18:36
Məşhur filmin ulduzu vəfat etdi - FOTO
-
Magazin118:24
“İllərlə ananın əziyyətini çəkəsən, amma dəfn edə bilməyəsən” - VİDEO
-
İdman18:00
Ronaldo azarkeşə milyon dollar qazandırdı - VİDEO
-
Cənubi Qafqaz17:15
Qonşu ölkədə LGBT ilə bağlı qanun qüvvəyə mindi