• USD 1,7000 0,00% EUR 1,9423 +0,41%
    • GBP 2,1665 +0,16% RUB 0,0253 -0,40%

Ölkəni tərk edən xalq şairi: “Məcbur olub xəyanət etdim...” - MÜSAHİBƏ

  • Magazin1
  • 25 Avqust 2016 12:00
  • 13 414 Baxış
Ölkəni tərk edən xalq şairi: “Məcbur olub xəyanət etdim...” - MÜSAHİBƏ

"Mən ünvansız yaşayıram -

günəş kimi, səma kimi..."

Bu gözəl misraların müəllifi, xalq şairi Fikrət Qocanın doğum günüdür. 81-in kürəyini yerə vurur. Şair ölkədə olmadığından onunla söhbətləşmək fürsətindən məhrum olduq. Nəvəsini hərbi xidmətə yola salmaq üçün ABŞ-a yollanan şairin ötənilki müsahibəsini yenidən təqdim etməli olduq.

Ürəyini hər zaman ağ kağıza boşaldan, elə bəlkə də bu səbəbdən danışmağı sevməyən, susaraq seyr etməyi xoşlayan şairimiz məhz bizə danışdı. Amma, deyəsən, suallarımla limiti aşdım, axırdan-axıra....

Yubiley günündə xalq şairinin Publika.az-a müsahibəsini təqdim edirik.

- Fikrət müəllim, doğum gününüzdür, hansı havadasınız?

- Hava istər soyuq olsun, istər isti, mənim öz havam var, o hava ilə də yaşayıram. Əhval-ruhiyyəmi fəsillər müəyyən eləmir, öz havam müəyyən edir. Bu havanın məndən başqa heç kimə aidiyyatı yoxdur. Ad günümə gəlincə, adi günlərdən birini yaşayıram. Ümumiyyətlə, mən günlərə fərq qoymuram. Bu həyat mənimdir, ağrı-acısı, şirinliyi ilə. Heç vaxt ağlayıb-sızlamağı, zarımağı xoşlamamışam, dərdimi əlimdə bayraq edib qışqırmamışam. İçimdə qışqırıram, içimdə ağlayıram. Çünki istəmirəm başqalarını da öz dərdimlə yükləyim.

- Nə çox dərddən-acıdan danışırsınız, çoxmu dərd çəkmisiniz?

- Yox, o qədər də çox olmayıb. Dərdim olsaydı, çox yaşamazdım.

- Ay Fikrət müəllim nə illah eləyirəmsə, bu 80 yaşı sizə heç yaraşdıra bilmirəm. Maşallah, yaşınızdan çox cavan görünürsünüz e…

-Yəqin sizin gözünüzə elə görünürəm. Amma mən də nə illah eləyirəm 80-dən qaçıb gizlənə bilmirəm. Mümkün deyil, çünki dayanıb qarşımda, gizlənməyə imkan vermir. Amma onunla hesablaşmağa məcburam. Dostlarım olub ki, 35-40 yaşda dünyadan köçüblər, amma mən şanslıyam ki, 80-i də yaşadım.

- Onda 80-ə bir təşəkkür düşür ki… Ümumiyyətlə, sizin üçün yaş məsələsində rəqəmlərin önəmi varmı-30 olsun, 50 olsun, ya 80?

- Qətiyyən. Mənim dünyaya gəlişimin özü elə bir şansdır. Demək ki, naxışım gətirib, bu dünyaya gəlmişəm. Dünyaya gəlmək Tanrının lütfüdür.

- Onda deyin görək hansı yaşınızı daha çox sevmisiniz?

- Heç birinə fərq qoymamışam.

- İnsanlar var ki, qocalığa nifrət edir, yaşlanmaqdan çox qorxur. Bəs siz?

- Çox böyük səhvə yol verirlər. Hər yaşın öz dadı, ləzzəti var. Mənim öz dünyam var, orda ömrümü davam etdirirəm. Bax, indi sizinlə danışıram, amma öz dünyamın içindəyəm, sizinlə danışa-danışa öz düşüncələrimlə baş-başayam.

- "Dəstəyə əl atıb çağırdım:

- Alo! Təcili yardım, kömək eləyin.

- Alo! Buyurun, deyin, xəstənin neçə yaşı var?

- Milyard, daha çox olar… Sizin misralarınızdır. Yəqin ruhların əbədi olacağına işarə etmisiniz. Amma çox vaxt yaşlı insanlardan yaşını soruşanda, ruhlarının çox gənc olduqlarını deyirlər.

- Bir lətifə yadıma düşdü, qoyun sizə də danışım. Dost olan iki 85 yaşlı qoca kişi bir-biri ilə qarşılaşır. Biri o birindən hal-əhval tutur, soruşur ki, necəsən? Dost da cavab verir ki, bəs, həkimə getmişdim, məni müayinə edib dedi top kimisən, get istədiyini elə, kefini çək. O biri dost da həkimə gedir ki, bəs mənim yaşıdıma demisiniz ki, top kimisən, görün, mən necəyəm? Həkim də ona qayıdır ki, mən ona bunu demişəm, amma o demək deyil ki, həmin adam top kimidir. Gedin siz də necə istəyirsinizsə, elə də deyin. Yəni sözümün canı budur ki, insanın nə deməsi yox, əslində, necə olması şərtdir. Mən də yalandan deyə bilərəm ki, hər şey əladır, 80 yaşımda top kimiyəm. Amma belə deyil axı. 80 yaxamdan elə tutub ki, çətin onun əlindən çıxa bilim. Qaldı ki, ruhumun neçə yaşında olmasına, əslində, ruhun yaşı olmur, əbədidir. Mən də cismani ömrümü başa vurandan sonra ruh halında həyatım davam edəcək. Ruh həmişəcavan olacaq. Biz hamımız bilirik ki, bu həyatda cismən varıq və bir gün ölüm bizi bu həyatdan ayıracaq.

- Fikrət müəllim, ölümdən danışmaq tez deyil?

- Heç vaxt məndə ölüm qorxusu olmayıb. Dünyaya gələndən bilirik ki, ölümə doğru gedirik. Onun bizi qarşılayacağını bilə-bilə niyə qorxaq ki?

- Deyirsiniz yəni bu həqiqəti qəbul etməliyik?

- Qəbul etməyib neyləyəcəyik ki? Başqa çarəmiz də yoxdur. Buna görə də ölüm qorxusu yaşaya-yaşaya həyatı cəhənnəmə döndərməkdənsə, elə o həqiqəti bilib, rahat yaşamaq lazımdır. Qorxusuz-hürküsüz…

- Məni lap qorxutdunuz e…

- Qorxub neyləyəcəksiniz, ölümdən canınızı qurtarmaq üçün intihar edəcəksiniz? O da ölümün kəsə yoludur. Bu həyatı doya-doya yaşamaq lazımdır, niyə özümüzə qəsd edək ki?

- Heç ömrünüzdə bir dəfə də olsun intihar barədə düşünmüsünüz?

- Ola bilsin ki, bir dəfə intihar etmək istəmişəm, amma bu hal keçicidir. Hər kəsdə belə hal olur, amma bir-iki saat sonra fikrindən daşınır.

- Həyatı istədiyiniz kimi yaşaya bilirsinizmi?

- Çalışmışam istədiyim kimi yaşayım. Amma bu o qədər də asan olmayıb, maneələrdən də yan keçməmişəm. Körpə də anadan olan kimi başlayır əl-qol atmağa, istədiyi kimi yaşamağa çalışır. Amma onu bələyib əl-ayağını bir yerə yığırlar ki, çapalamasın.

- Çoxmu çapalamısınız həyatda?

- Çapalamışam ki, bu günə qədər gəlib çıxmışam. Çapalamasaydım, yaşamazdım yəqin.

- Mənə çox maraqlıdır, heç dost xəyanətinə tuş gəlmisiniz?

- Çox olub.

- Bəs, reaksiyanız necə olub?

- Hətta ürəyimdə həmin dosta çox sağ ol demişəm ki, xain olduğunu vaxtında bildirib. Bildirməsəydi, ömrümün sonuna qədər həmin dostun qulluğunda duracaqdım. Çünki çox dostcanlı adamam və demək olar ki, dostun quluyam.

- Bəs özünüz-özünüzə necə, xəyanət etmisniz?

- Nə gizlədim, olub, amma nadir hallarda. Məcburiyyət qarşısında özümə xəyanət etmişəm. Elə məqamlar olub ki, istəmədiyim halda, güzəştə getmişəm. Ümumiyyətlə, susmağı, kənardan baxmağı və öyrənməyi sevirəm.

- Hansı illəri həyatınızdan silib atardınız?

- Heç birini, hətta saniyəsini də atmaram. Ömrümün hər anına belə cavabdehəm. O ömrü pisiylə, yaxşısıyla, acısıyla, şiriniylə yaşamışamsa, ondan niyə imtina edim ki?

- Heç öz ömrünüzə, yaşınıza, ümumiyyətlə, özünüzə şeir yazmısınız?

- Heç vaxt. O gic adamların işidir.

- Axırıncı dəfə nə vaxt şeir yazmısınız?

- Bir-iki gün bundan qabaq anamın qəbrini ziyarət etdim. Orda düşüncələr məni alıb apardı, elə öz-özümə misralar axıb gəldi.

- Ananız yuxunuza tez-tez girir?

- Bəzən mən unuduram, amma o özünü unutdurmağa qoymur, yuxuma gəlir. Elə yuxuda gördüyüm üçün qəbri üstə getdim.

- Yuxuda nə deyir?

- Çox istərdim ki, yadımda qalsın, amma ayılan kimi yadımdan çıxır. Amma anam məni mən onu yad etdiyimdən çox xatırlayır.

- İnsanlarda hansı xüsusiyyət həmişə sizdə qıcıq doğurur?

- Uzunçuluq. Çox danışan adamlardan xoşum gəlmir. Elə özüm də çox danışan adam deyiləm. Suallarınız hələ qurtarmadı?...

Cəvahir Səlimqızı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>