Magazin1
Bir gün əvvəl ölümünü görən məşhurun oğlu: “Anamı yanına çağırdı və…” - MÜSAHİBƏ
Onun barəsində yazı yazmazdan öncə, sağlığında ustadı Seyid Şuşinski ilə bağlı söylədiyi sözləri xatırladım: "İlk dəfə müəllimimin yanında "Çahargah" muğamını oxuyanda Seyid Şuşinski qayıtdı ki, "urus balası, sənin bu "Çahargah"ın top atacaq" (müəllimi, sarışın olduğu üçün ona "urus balası",- deyə müraciət edərmiş - C.S.) Həqiqətən də, elə oldu. Sabir Mirzəyev oxuduğu "Çahargah" muğamına öz möhürünü necə vurdusa, hər kəs onu "Çahargah Sabir" kimi tanıdı.
Noyabrın 14-ü Sabir Mirzəyevin doğum günüdür.
Onun yoxluğu ilə bizi 3 illik zaman kəsiyi ayırır. Əcəl aman versəydi, 72 yaşını qeyd edəcəkdi. Amma ailəsi və dostları doğulduğu günü o olmadan xatırlayacaqlar.
Elə biz də xanəndəni oğlu Etibarla birgə yad edəcəyik.
Publika.az Etibar Mirzəyevin müsahibəsini təqdim edir.
- Sabir Mirzəyevin vəfatından 3 il ötür. Bu üç ildə onun yoxluğu ilə barışa bilmisinizmi?
- Bəlkə də inanmazsınız, amma hələ də elə bilirəm ki, qastrola, ya da uzaq bir ölkəyə səfərə gedib-qayıdacaq. Atamın yoxluğunu hər gün hiss edirəm. O anamla tək qalırdı. Hər dəfə əhvalım pozulanda gedib atamı görürdüm, söhbətləşirdim. Qapıdan içəri girəndə mənimlə necə zarafatlaşırdısa, o an əhvalım yüksəlirdi. O qədər pozitiv, yumoru sevən insan idi ki, deyib-gülüb ayrılanda ondan aldığım enerji mənə bir həftə bəs edirdi.
- Mənə maraqlıdır, özünün nəyini bəyənmirdi? Tərgitmək istədiyi bir xasiyyəti, vərdişi vardımı?
- Çox əsəbi və çılğın insan idi. Əsəbiləşəndə gözünə görünmək olmazdı. Hətta bəzən insanların xətrinə də dəyirdi. Amma bu əsəbilik, qəzəb cəmi bir neçə saat çəkirdi. Atam xətrinə dəydiyi adamla elə davranırdı, könlünü elə məharətlə alırdı ki, heç elə bil bu söhbət olmayıb. Atam sözü bir dəfə deməyi xoşlayırdı. Köhnə kişilərdən idi, söz dedisə, onu mütləq yerinə yetirirdi.
- Kimlərlə dostluq edirdi?
- Onların öz çevrəsi vardı -Əlibaba Məmmədov, Canəli Əkbərov, Dədə Süleyman-həmişə bir yerdə olurdular.
- Vəzifəli şəxslər arasında dostları vardı?
- Onu çox istəyirdilər. Yadımdadır ki, rayondan hansısa işlərini düzüb-qoşmaq üçün bizə gələrdilər. Atam həmin insanların işini düzəltmək üçün məmurların yanına gedirdi. Amma öz uşaqlarına görə bir dəfə də olsun kiməsə ağız açmazdı. Hərdən deyərdik ki, bizə görə ağız açmırsan, amma rayondan gələn dost-tanışa görə gedib kiminsə qapısını döyürsən. Deyirdi ki, həmin adamın imkanı olsaydı, yanıma gəlməzdi. Canıyanan adam idi.
- Nə əcəb opera səhnəsində Məcnun olmayıb?
- Atamı hamıdan qabaq Məcnun roluna dəvət etmişdilər. Amma o özü istəməmişdi.
- Niyə?
- Yəqin ki, başı toylara qarışmışdı. Atam o vaxtlar ayın 30 gününü toyda olurdu. Rayonlara onu çox aparardılar. Yadımdadır ki, mən də çox vaxt onunla birgə toylara gedirdim. Çünki atam maşın sürəndə tez yorulurdu. Həmişə deyirdi ki, oxumaqdan yorulmuram, amma yol məni yorur.
- Deyilənə görə, Sabir Mirzəyev toyda oxuyanda o qədər şabaş töküblər ki, ayaqqabıları görünməyib…
- Atamın fərqli boğazı və səs tembri vardı. Biraz da İran yolu oxuyurdu. Zəngulələri çox şirin idi. Buna görə də sevənləri çox idi. Ona görə, atamın iştirak etdiyi toylarda həmişə şabaş töküblər. Çox hörmətli kişi idi. Atamın bizə danışdığı bir əhvalat yadıma düşdü. Gəncədə bir məclisdə atamla bir nəfərin mübahisəsi düşüb, atam ona bir şillə vurub. Sən demə, həmin adam Gəncədə çox tanınan avtoritetlərdən olub. Ancaq atama bir kəlmə də deməyib, amma məclis qurtarandan sonra atamı yanına çağırıb. Əsəbi formada deyib ki, sənətkarsan, səsin boğazımda qaldı, yoxsa beynində iki deşik açardım. Atam sonralar onu axtarıb tapıb, hətta uzun illər dost olublar. Adını çəkməyəcəm, çünki çox tanınmış adamdır. Ümumiyyətlə, atama qarşı hər yerdə çox hörmətlə davranıblar. Sənətinə dəyər veriblər, onunla dost olmağa can atıblar. Atamın yaxşı dostları çox olub...
- Hobbisi, əyləncəsi vardımı?
- Futbol, bir də idmanın boks növünü çox sevirdi. Televiziyada göstərilən boks yarışlarının birini də qaçırmazdı.
- Öz ifasında ən çox hansı muğamı, yaxud musiqini sevərdi?
- Mənə də bu maraqlı idi, buna görə, özüm də bu sualı ona verdim. Mənə dedi ki, nəsə oxumuşamsa, sevərək oxumuşam. Sevməsəm, ürəyimə yatmasa, öldür, o mahnını oxumaram. Həqiqətən elə idi, onu nəyəsə məcbur etmək olmazdı.
- Bəs hansı həmkarını daha çox dinləməkdən zövq alırdı?
- Köhnə sənətkarların lent yazılarını saatlarla dinləyirdi. Özü də qəribə xasiyyəti vardı, həmişə o mahnılrı dinləyəndə başını əllərinin içərisinə alır, gözlərini yumurdu. Yaşlı vaxtlarında xatirələrə dalmağı çox sevərdi. Ustadı Seyid Şuşinskidən danışardı, keçmiş əhvalatları xatırlayardı.
- Bəs gənclərdən kimlərin ifasını bəyənirdi?
- Babək Niftəliyevin, Güllü Muradovanın səsini və ifasını bəyənirdi.
- Heç həyata keçməyən arzularından danışırdı?
- Üç aya ona xalq artisti adı veriləcəkdi. Özünə də demişdilər. Amma əcəl aman vermədi. Həmişə deyirdi ki, onsuz da hamı məni xalq artisti kimi tanıyır, mən elə xalqın artistiyəm. Hətta televiziya verilişlərində aparıcılar onu xalq artisti kimi təqdim edirdilər. Atamın sevənləri çox idi. Hətta fanat ordusu da vardı. Bu gün də onun fanatları var ki, bütün disklərini yığıb saxlayıblar. Elə mahnılar var ki, heç o ifalar Qızıl Fondda da yoxdur. Amma toylarda və müxtəlif el şənliklərində ifa etdiyi mahnıların, muğamların lent yazılarını fanatları saxlayır.
- Ölümü qəfil oldu… Bildiyimə görə, İrana gəzməyə gedibmiş, amma cənazəsi qayıdıb.
- Orda atamın tələbəsi vardı, onu İrana dəvət etmişdi. Həm də fikirləşdik ki, getmişkən, müayinə də olunsun. Çünki ürəyində narahatlıqları vardı. Amma kimin ağlına gələrdi ki, onu dərhal xəstəxanaya yerləşdirəcəklər, əməliyyata qərar verəcəklər. Bir gün anam zəng elədi ki, Etibar, dürma gəl, atanı xəstəxanaya yerləşdirmək və əməliyyat etmək istəyirlər. Təcili İrana getdim. Həkimlər onu müayinə edəndə dəhşətə gəlmişdilər ki, bu halda necə gəzirsən? Ürəyində üç damar tıxanmışdı. Atam həmin gün xəstəxanada qaldı, səhəri gün əməliyyata götürəcəkdilər. Gecə danışıb-gülüb ayrıldıq. Səhərə yaxın ona zəng etdim, telefonu cavab vermədi. Ürəyim sıxıldı, tez xəstəxanaya gəldim. Gördüm həkimlər reanimasiya otağının qarşısında var-gəl edir. Məni görən kimi dedilər ki, atan komaya düşüb. Bir neçə saat da keçdi, həkim məni kənara çəkib dedi ki, qorxmayın, amma Sabir Mirzəyevi itirdik. Bu xəbərdən necə sarsıldımsa, gözümdən yaş çıxmadı.
- Qəfil öləcəyi kimin ağlına gələrdi?
- Özünün ağlına gəlmişdi. Hətta bunu arzulamışdı. Ürəyinə damıbmış kimi, xəstəxanaya getməzdən bir gün qabaq qaldığımız evdə oturub söhbət edirdik. Anamı yanına çağırıb dedi ki, bütün arzularıma çatmışam, uşaqlarımı yerbəyer eləmişəm. Allahdan bir istəyim var: məni qəfil aparsın, heç kimə əziyyət verməyim. Heç bir gün çəkmədi, quş kimi uçub getdi.
- Heç yuxunuza girir?
- Çox qəribədir ki, ölümündən sonra bir dəfə də olsun, yuxuma girməyib. Bunun səbəbini bir çox din xadimlərindən də soruşmuşam. Deyiblər ki, ölən şəxs o adamın yuxusuna girir ki, ondan nigarandır. Yəqin səndən arxayındır, ona görə yuxuna girmir.
- Bəs ananızın necə, yuxusuna girir?
- Nə vaxt anamgilə gedirəm, deyir ki, atanı yuxumda görmüşəm. Anamdan nigarandır yəqin. Çünki atamdan sonra anam onun yoxluğunu heç cürə qəbul edə bilmir. Elə hey ağlayır. Atamdan ötrü burnumun ucu göynəyir. Onun ruhuna "Yasin" oxumaqdan ötrü "Quran"ı da öyrənmişəm.
Cəvahir Səlimqızı
-
ABŞ04:14UNO videosunda keruv mələyi göründü - FOTO
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO





















.png)














