Vidadi Babanlı: “Qisasımı aldı, yatdığı yerdə… ” - MÜSAHIBƏ/FOTOLAR
Bizi izləyin

Magazin1

Vidadi Babanlı: “Qisasımı aldı, yatdığı yerdə… ” - MÜSAHIBƏ/FOTOLAR

Vidadi Babanlı: “Qisasımı aldı, yatdığı yerdə… ” - MÜSAHIBƏ/FOTOLAR

Son vaxtlar başı ağrı-acıdan heç açılmır. Yay fəslində ayağı sınan və aylardır ki, yataq şəraitində müalicə olunan yazıçı Vidadi Babanlı bu yaxınlarda ömür-gün yoldaşını da itirdi. Özü isə əvvəlcə ayağını sındırdı, sonra da xəstəxanaya düşdü. Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutuna yerləşdirilən tanınmış yazıçının ziyarətinə Publika.az da getdi.

Yazıçının sürprizi

Diqqətli yazıçımız gələcəyimi bildiyi üçün mənə sürpriz də hazırlamışdı. Yeni çapdan çıxan "Zəmanə adamı" kitabını hədiyyə alanda çox sevindim. Bu kitab onun da mənə diqqəti idi. Bu, mənimçün ayırdığı kitaba yazdığı ifadələrindən də görünürdü: "Qayğıkeş jurnalist, mənim dəyərli oxucuma xoş arzularla".

O mənim qayğımı hiss etmişdi, axı ona tez-tez zəng edib halını soruşuram…

Evim boşalıb…

- Ay Vidadi müəllim, xəstəxanaya düşməklə bizi yaman qorxutdunuz. Amma, maşallah, yaxşısınız?

- Düzəlirəm yavaş-yavaş. Yayda ayağım sındı, gəzə bilmədim. Axırda məcbur olub, xəstəxanaya yerləşdirdilər. İndi yavaş-yavaş yeriyirəm. Bilirsiniz ki, bu yaxınlarda həyat yoldaşımı da itirdim. Bu itki məni lap ağrıtdı.

- Hə, Hafizə xanımla qiyabi tanış idik. Həmişə sizə zəng edəndə telefona o cavab verirdi. Təsəvvür eləyirəm, onsuz necə çətindir…

- Elə bilirəm ev boşdur. O yalnız həyat yoldaşı deyildi, həm də mənə kömək edən dost idi. Əsərlərimin üzünü köçürürdü. Cavan vaxtlar ayrı, amma qocalanda arvad itirmək çətin şeydir. Oğul-qız arvadın yerini verə bilmir.

- Gözünüzü yolda qoyan biri varmı? Ürəyinizdən keçirdiyiniz, "kaş qapı açılaydı, o, içəri girəydi", - dediyiniz biri?

- Arzuladığım qohumların hamısı gəlib baş çəkir. Hətta rayondan da gələnlər var.

İllər kimləri apardı, geriyə kim qaldı?

- Bəs dostlar?

- Dostlar daha yoxdur, hamısı dünyasını dəyişib.

- Qələm dostlarınız Anar, Fikrət Qoca sizə baş çəkib?

- Fikrət özü də xəstədir. Ürək əməliyyatı keçirdi, ayağım sındığı üçün gedib yoluxa bilmədim. Anar da həyat yoldaşım dünyasını dəyişəndə mənə maddi kömək elədi. Yəqin, əməliyyatdan xəbərləri yoxdur, olsa, gələrdilər.

- Xəstəlik insanı həm də kaprizli edir…

- Kaprizlərim var, amma baxır harda. Xəstəxanada kiməsə kapriz eləmək olmur. Özüm yeriyəndən sonra hər şey qaydasına düşəcək.

Qocalıq elədir ki, ayağını bir balaca əyri qoyan kimi bir hadisə törəyir, gərək özünü qoruyasan. Biz deyirik qocalıq müdriklikdi, hörmət-izzət artırandı. Əlbəttə, uzunömürlü olmaq Allahın bəndəsinə bir hədiyyəsidir, hər adama nəsib olmur. Amma qocalıq insanı kiməsə möhtac edir. Bəxtəvər o insandır ki, qəfil dünyasını dəyişir, elə adamlara qibtə edirəm. Nə özü əziyyət çəkir, nə də başqasına əziyyət verir. Möhtac olmaq insanı ağrıdır.

- Vidadi müəllim, əksinə, biz oxucular sizin kimi yazıçıya möhtacıq, bu da bir xoşbəxtlikdir, Allah bunu hər yazıçıya nəsib etmir axı.

- Yaxşı dedin, yazıçı var, 50 yaşında ilham bulağı quruyub, yaza bilmir. Allaha şükür ki, bu yaşıma qədər yazıram. "Zəmanə adamı" adlı kitabım yenicə çapdan çıxıb, sənə də hədiyyə edəcəm. Yarımçıq romanım da var, xəstəxanadan çıxan kimi tamamlayacam. Allahdan möhlət istəyirəm, o romanı yazıb qurtarım, sonra ölüm.

Zəmanə adamı ola bilmədim

- Kitabınız çap olunub, belə bir gözəl gündə ölümdən danışmayaq. Hələ bir deyin görək, özünüz necə, zəmanə adamısınızmı, zəmanənin nəbzini tuta bilmisinizmi?

- Yox, zəmanə adamı ola bilmədim. Zəmanə adamı həyatın nəbzini tutmağı bacarır. Lazım gələndə yalan danışır, fırıldaqla məşğul olur, dələduzluq edir, işinin xatirinə ona-buna yarınır… Yeni əsərimin qəhrəmanı Əfsun da belələrindəndir.

- "Kaş mən də zəmanə adamı olmağı bacaraydım"-, deyə peşmançılıq hissi keçirirsinizmi?

- Mən əyilməz adamam, yaltaqlığı sevmirəm. Heç kimin saqqalının altından keçməmişəm, ikiüzlülük etməmişəm, kiminsə ayağından çəkməmişəm. Belə insanlara nifrət eləmişəm. Elə əsərlərimdə də bunları əks etdirmişəm. Bir şeirimdə də yazmışam:

Bağladı dilimi zamanın zəhmi,

Yüzdə bir sözümü deyə bilmədim.

Əyil keç, dedilər, saqqal altından,

Vüqarlı qəddimi əyə bilmədim.

Yeganə Azərbaycan yazıçısıyam ki …

- Belə olan halda yaşamaq sizə çətin olmayıb?

- Çox əziyyətlər çəkmişəm. Hətta elə günlər olub ki, ailəmi dolandırmağa çörəkpulum olmayıb. "Vicdan susanda" əsərim çap olunanda başıma elə oyunlar gətirdilər ki… Məni partiyadan çıxardılar. O dövrdə partiyadan çıxarılmaq nə demək olduğunu bilirsiniz. Bu, kitabın bağlandı, demək idi. İşsizliyin çətinliklərini çox görmüşəm. Sənaye müəssisələrinə gedib oçerklər yazırdım ki, aldığım qonorarla ailəmi saxlayım. Dörd il borc içində yaşamışam. Yeganə Azərbaycan yazıçısıyam ki, romanım Moskvada iki dəfə yüz min tirajla çap olunub.

Həyatının gizlinləri "Gizlinlər" romanında

- Həyatınız elə bir roman olub ki…

- "Gizlinlər" romanım elə öz həyatımı əks etdirir. Səhvlərimi də, nöqsanlarımı da o romanda obyektiv şəkildə qələmə almışam.

- Yəni səhvləriniz çox olub?

- Olub. Bəzən elə məqamda höcət eləmişəm, hansı ki, bunu eləməməliydim. İnsanıq, səhvlərimiz olur. İllər sonra özüm-özümə etiraf eləmişəm ki, gərək bu səhvi eləməyəydim.

Onu heç kimə deməmişəm

- Elə gizlinləriniz olubmu ki, onu oxucularla bölüşməyə ürək eləməmisiniz və içinizdə qalıb?

- Şəxsi həyatımda elə məqamlar var ki, onu heç kimə deməmişəm.

- Gənclərdən kimin yazılarını bəyənirsiniz?

- Gözüm zəif olduğu üçün onların yaradıcılığını izləyə bilməmişəm.

- Heç adlarını da eşitməmisiniz?

- Eşitmişəm e, nə olsun. Özüm onların yazdığını oxumamış bir söz deyə bilmərəm. Mənim xasiyyətim belə olub ki, başqalarının fikri ilə oturub-durmamışam. Cavanlardan çoxu zəng edib, məni tədbirlərinə dəvət edirlər, amma xəstə olduğuma görə gedə bilmirəm. Gözüm çox zəifləyib, öz yazılarımı belə yaza bilmirəm. Burdan-bura sənin simanı çətinliklə sezirəm.

- Əsas odur ki, bəsirət gözünüz açıqdır. Sizcə niyə, bu gün oxumağa romanlarınız qədər maraqlı əsərlər tapa bilmirik?

- Sovet vaxtı ədəbiyyat çox təbliğ olunurdu. Bu gün televiziyalarda yazıçılardan çox müğənnilər təbliğ olunur. Yaxşı əsərin təbliğatı olmalıdır. Bəzən deyirlər ki, yaxşı əsər yazılmır. Niyə yazılmır, yazılır. Mənim gözüm zəifdir deyə heç nə oxuya bilmirəm. Amma cavanların da arasında yaxşı yazanlar var. Məsələ burasındadır ki, bütün dövrlərdə yaxşı yazan az olub. Məsələn, Səməd Vurğunun dövründə o qədər yazan olub ki, amma ortaya çıxanlar çox azdır.

- Uğurlu yazıçı olmağın resepti varmı?

- İlahi istedad mütləqdir. Buna fitri istedad deyirlər. Bu olmasa, uğur qazanmaq mümkün deyil. Bizim dövrümüzdə ədəbiyyata yüzlərlə cavan gəldi, amma cəmi-cümlətanı beş-altısı yadda qaldı. Çoxu həvəslə gəlir. Həvəs tükənəndə isə qalırlar belə. Yazıçı üçün vacib olan həyatı dərindən bilməkdir. Müşahidə qabiliyyəti güclü olmalıdır, başqasının görmədiyini göydə tutmalıdır.

- Mənə çox maraqlıdır, tanınmış yazıçılar bir-birinə tərif deyir?

- Mən paxıl olmamışam, lazım gələndə demişəm.

Yazıçılar arasında beləsi çətin tapılar

- Bəs sizə necə, deyiblər?

- Yazıçılar arasında beləsi çətin tapılar. Amma ziyalılardan həmişə xoş sözlər eşitmişəm. Bir dəfə alim Rafiq Əliyev mənə danışdı ki, sovet dövründə Moskva hava limanında imiş. Yaxınlıqdakı kitab köşkündə uzun bir növbəni görüb və yaxınlaşıb ki, o da kitab alsın. Baxıb görüb ki, "Vicdan susanda" romanımdı. Qədrimi bilən, belə xoş sözlər söyləyən ziyalılarımız çoxdur.

- Biz sizin romanlarınızla böyümüşük, bəs Vidadi Babanlının sevimli yazıçısı kim olub?

- Balzak, Hüqo, Çexov, Tolstoy, Dostoyevski, Şekspir, Bayron… ən çox rus və fransız yazarlarını oxumuşam.

- Bəs Azərbaycanda?

- Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Qurban Səid.

- Oxucu tələbətı olub ki, "Vicdan susanda" romanınız Rusiyada yüz min tirajla çap olunub. Vidadi Babanlının bir yazıçı olaraq çox oxunmasının sirri nədədir?

- Məni oxuyanlar deyirlər ki, çox şirin yazıram və əsərlərimdə hadisələr bir-birini izləyir. Əsəri oxudan yazıçının dilidir.

Biz onunla oxşarıq

- Hansı qəhrəmanınızla aranızda daha çox oxşarlıq görürsünüz?

- Yazıçının bütün əsərlərində ondan nəsə bir xüsusiyyət var. Amma bütövlükdə "Vicdan susanda" romanımın qəhrəmanı Vüqarla çox oxşarıq.

- Bəs qəhrəmanlarınız arasında nifrət etdikləriniz varmı?

- Niyə yoxdur, Lələyevə, Bəşir kimi qəhrəmanlarıma nifrət edirəm.

- Öldürmək istəmədiyiniz, amma əsərin sonunda ölümə məhkum olan qəhrəmanlarınız varmı?

- Elə sonuncu romanımda Bəhlul Ağazadə var, gözəl insandır, amma axırda ölür. Hadisələrin gedişi onun ölümünə gətirib çıxardı. Əslində, onu mənfi obraz kimi təqdim etmək istəyirdim. Amma hadisələr dərinləşdikcə, o, müsbət qəhrəmana çevrildi. Hansı ki, bunu mən istəmirdim.

Planımı dəyişdi

- Demək ki, qəhrəmanınız sizdən güclü çıxdı?

- Bəli. Ancaq o qəhrəman da yazıçının düşüncəsinin məhsuludur. Mən onu mənfi qəhrəman eləmək istəyirdim, o mənim əksimə gedərək müsbət qəhrəmana çevrildi. Yəni o obraz mənim planımı dəyişdi.

- Elə planınızı dəyişdiyinə görə də axırda onu öldürdünüz... Mənə çox maraqlıdır, kinli adamsınız?

- Yox, qətiyyən. Bəziləri ona pislik edənlərə qarşı qərəzli olur. Heç vaxt heç kimə qarşı qərəzli olmamışam.

Qisas hissi ilə yaşamamışam, amma qisasım da yerdə qalmayıb

- Həyatınız boyu sizə acı verən insandan qisas almaq imkanınız olsaydı, hansı üsulu seçərdiniz?

- Xasiyyətcə elə insanam ki, heç vaxt qisas hissi ilə yaşamamışam. Azərbaycan jurnalının baş redaktoru vardı-Cəlal Məmmədov, o mənim "Vicdan susanda" romanımı çap etmək istəmirdi. Sonralar Mirzə İbrahimovla aramı vurdu. Mənə çox pisliklər elədi. Amma mən ona qarşı kin saxlamadım. Allah qisasımı aldı, yatdığı yerdə öldü. Pisliklər cavabsız qalmır, nə vaxtsa qabağına çıxır.

- Deməli, Allahın öhdəsinə buraxırsınız...

- Bəli. O özü qisas alır.

Həyatda da qalibəm

- Sizə pislik edən insanlarla mübarizədən qalib çıxmısınız. Maraqlıdır, həyatla mübarizədə necə, özünüzü qalib sayırsınız?

- Oxucuların, cəmiyyətin hörmətini qazanmışamsa, deməli, həyatda da qalibəm. İlahi bu xoşbəxtliyi mənə nəsib edib. Həm də bu yaşıma qədər Allah məni yaşadıb, qələmimi əlimdən yerə salmayıb. Allahımdan çox razıyam.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm