Aqrar Universitetin keçmiş rektoru: "Kolxoz"lar geri qaytarılmalıdır - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Aqrar Universitetin keçmiş rektoru: "Kolxoz"lar geri qaytarılmalıdır - MÜSAHİBƏ

AMEA-nın müxbir üzvü, professor, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Publika.az onunla müsahibəni təqdim edir:

- İbrahim müəllim, Azərbaycan Dövlət Aqrar Universitetində dekan və prorektor, 2013-2022-ci illərdə isə rektor kimi fəaliyyət göstərmisiniz. Hazırda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edirsiniz. İlk sualımız budur: Bütün bunlar necə başladı?..

- Mən 1956-cı ildə Naxçıvanda, Şərur rayonunun Düdəngə kəndində anadan olmuşam. 1974-1976-cı illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmət keçmişəm. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil almışam, təhsilimi K. A. Timiryazyev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında aspirantura səviyyəsində davam etdirmişəm. 1989-cu ildə namizədlik, 2006-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 2010-cu ildə professor elmi dərəcəsinə layiq görülmüşəm. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişəm.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuduğum dövrdə universitetdə 5-6 min tələbə təhsil alırdı və cəmi 2-3 nəfər Lenin təqaüdünə layiq görülürdü. Bu, çox böyük bir uğur sayılırdı. İnstitutu Lenin təqaüdü ilə bitirdim. 1985-ci ildə o dövrün rektoru, mərhum Məmmədtağı Cəfərov məzunlardan soruşdu ki, Lenin təqaüdçüləri kimlərdir? Mən onda Naxçıvana qayıtmaq istədiyirdim. Amma Məmmədtağı Cəfərov təhsilimi Moskva - K. A. Timiryazyev adına Kənd Təsərrüfatı Akademiyasında təhsil almaq təklifini irəli sürdü. Ailəmlə məsləhətləşdikdən sonra bu təklifi qəbul etdim.

Hərbi xidmət keçdiyim və rus dilini yaxşı bildiyim üçün Moskvada təhsil almaqda çətinlik çəkmədim. Bitki xəstəlikləri ixtisası üzrə təhsil aldım, elmi rəhbərim isə bu sahədə dünyanın ən tanınmış alimlərindən biri olan Papkova Klara Vasilyevna idi. Beləliklə, üç il ərzində Moskva Kənd Təsərrüfatı Akademiyasında aspirantura təhsili aldım və elmi fəaliyyətimin möhkəm təməlini orada formalaşdırdım.

Bir gün elmi rəhbərim mənə dedi ki, Moskvaya yalnız elmlər namizədi olmaq üçün gəlməmisən. Buradakı elmi mühitlə yanaşı, şəhərin qaynar mədəni həyatına da qarış, teatrlara, kinoteatrlara get, Moskvanın elmi və mədəni atmosferindən bəhrələn. Bu tövsiyə mənim dünyagörüşümün formalaşmasında mühüm rol oynadı. Üç il ərzində aspirantura təhsilimi başa vuraraq dissertasiyamı uğurla müdafiə etdim. Həmin dövrdə SSRİ Aqrar-Sənaye Komitəsi mövcud idi və Komitənin göstərişi ilə birbaşa Kənd Təsərrüfatı İnstitutuna müəllim təyin olundum.

O illərdə SSRİ-də 130-dan artıq kənd təsərrüfatı təyinatlı ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu institutlar arasında ən aparıcı və nüfuzlu ali məktəb K. A. Timiryazyev adına Moskva Kənd Təsərrüfatı Akademiyası hesab olunurdu. Akademiya kənd təsərrüfatı sahəsində ixtisaslaşmış, dünyanın tanınmış ali təhsil müəssisələrindən biri idi. Onun geniş təcrübə sahələri, zəngin elmi laboratoriyaları vardı və bu gün də aparıcı universitetlər sırasında yer alır.

Belə bir elmi və akademik mühitdə təhsil almaq mənim üçün böyük bir xoşbəxtlik idi. Bu gün də əminliklə deyə bilərəm ki, bir mütəxəssis və alim kimi formalaşmağımda həmin üç ilin əvəzsiz rolu olub.



- Peşəkar yolunuzu məhz kənd təsərrüfatı sahəsində qurmağınıza nə səbəb oldu, bu sahə sizin elmi baxışlarınızın formalaşmasına necə təsir göstərdi?

- Orta məktəbi bitirəndən sonra əvvəlcə Tibb İnstitutuna imtahan verdim, lakin qəbul ola bilmədim. Növbəti il də müsabiqədən keçmədim və bununla yolumun bağlandığını düşünərək hərbi xidmətə getdim. Hərbi xidmətdən sonra Naxçıvanda kolxozda işləməyə başladım.

Bir gün kəndimizlə Sədərək arasında qum daşımaq tapşırıldı. Avqust ayı idi, Naxçıvanın istisi dözülməzdi. Kəndə qayıdanda çayxanada dayandım. Orada bir tanıdığım şəxs məni bu halda görüb dedi ki, məktəbdə oxuyarkən ad-san qazanmış birinin çöllərdə qum daşıması təəccüblüdür. Bu sözlər mənə ciddi təsir etdi.

Elə həmin günlərdə rayon partiya komitəsinin hazırlıq şöbəsinə sənədlər gəldi. Yaxınlaşıb sənədləri götürdüm və ali məktəbə qəbul üçün müraciət etdim. Kimya imtahanında müəllimim Nazim Yusifov savadımı yüksək qiymətləndirdi. Orta məktəbi əla qiymətlərlə bitirmişdim, yalnız bir "4"üm olmuşdu. Sonradan kənd təsərrüfatı sahəsini seçməyimin doğru qərar olduğunu anladım. 1989-cu il yanvarın 18-də müvafiq komitənin göstərişi ilə Kənd Təsərrüfatı İnstitutuna müəllim təyin olundum.

- Kənd Təsərrüfatı İnstitutunu bitirmiş biri kimi, həyat yolunuzun hansısa mərhələsində kolxoz sədri olmaq kimi bir düşüncəniz oldumu? Yoxsa o dövrdən etibarən özünüzü daha çox elmi-pedaqoji fəaliyyət sahəsində görürdünüz?

- Heç vaxt kolxoz sədri olmaq arzusuna düşmədim. Kolxozda işlədiyim dövrdə bu işin nə qədər ağır və məsuliyyətli olduğunu öz gözlərimlə görmüşdüm. O illər çox çətin idi. Məsələn, anamla birlikdə Naxçıvanda pambıq yığmışam. Pambıq sahəsinə getməsəydik, axşam sahəyə mal-qaramızı buraxmayacaq, işığımızı kəsirdilər. Sovet dövrünün yazılmamış, sərt qaydaları vardı. Tütün dərmişəm, zəhmətin nə olduğunu bilən adamam.

İnstitutda müəllim kimi fəaliyyətə başladıqdan dörd il sonra Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin dekanı təyin olundum və on il bu vəzifədə çalışdım. Bu müddətdə Moskva məktəbinin, xüsusilə də Timiryazyev Akademiyasında qazandığım elmi və pedaqoji təcrübənin mənə böyük təsiri oldu. Gənclərə sevgi, təmizlik, obyektiv yanaşma və düzgün qiymətləndirmə prinsiplərini hər zaman əsas tutdum.

Moskvadan qayıdandan sonra tələbəyə olan sevgini və hörməti əsas dəyər kimi qəbul etdim. Hesab edirdim ki, tələbə etimadı qorunmalıdır. On il ərzində əsas mübarizəm müəllimlərlə olub, həmişə bu fikirdə olmuşam ki, dərs düzgün, vicdanla deyilməlidir. Müəllimin titulundan asılı olmayaraq, tələbəyə təzyiq göstərilməsi mənim üçün yolverilməz idi.

Paralel olaraq elmi tədqiqatlarımı da davam etdirirdim. 2005-ci ildə Əkinçilik İnstitutunda dissertasiya müdafiə edib elmlər doktoru adını aldım. Tədqiqat mövzum Azərbaycanda çəyirdəkli meyvə bitkilərinin – ərik, şaftalı, gilas və digər meyvələrin mikobiotası ilə bağlı idi. Bu sahə bu gün bitki mühafizəsi adlanır.

Bitki mühafizəsi artıq milli təhlükəsizlik amili kimi qiymətləndirilir. Bu gün dünyada təxminən bir milyarda yaxın insan aclıq və ərzaq çatışmazlığı problemi ilə üz-üzədir. BMT məlumatlarına görə, hətta inkişaf etmiş ölkələrdə belə məhsulun 30-35 faizi xəstəliklər səbəbindən itirilir, 10-12 faizi isə saxlanma dövründə məhv olur. Yəni 100 kiloqram məhsul istehsal ediriksə, təxminən 40 kiloqramını itiririk.

Bitki mühafizəsi Azərbaycan üçün son dərəcə aktual mövzudur. Bitkilər canlı orqanizmlərdir, onları qorumaq lazımdır və bu iş sevgi ilə görülməlidir. Aqrar sahə ölkə üçün prioritet və strateji əhəmiyyət daşıyır. Ərzaq təhlükəsizliyi dövlətin əsas məsələlərindən biridir. Bir çox məhsullarla ölkəmizi tam təmin edə bilirik, lakin idxaldan asılı olduğumuz məhsullar da var.

Məhz buna görə bitki mühafizəsi və aqrar elmin inkişafı bu gün daha da vacibdir. Cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri ölkə valyutasının xaricə axınının qarşısının alınmasıdır. Bu baxımdan, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin maksimum dərəcədə daxili istehsal imkanları hesabına təmin edilməsi strateji əhəmiyyət daşıyır. Mövcud potensialdan səmərəli istifadə etməklə, daxili tələbatı yerli istehsal hesabına ödəmək həm iqtisadi dayanıqlıq, həm də milli təhlükəsizlik baxımından mühüm məsələdir.

- Hazırda əsas ərzaq məhsullarının daxili istehsal hesabına təminatı nə qədərdir? Hər məhsul üzrə təxminən hansı faiz daxildən təmin olunur və hansı sahələr idxaldan asılı qalır?

- Bu gün Azərbaycanda əsas ərzaq məhsullarının 80%-dən çoxunu daxili istehsal hesabına təmin edə bilirik. Lakin bəzi məhsullar üzrə idxaldan asılılıq hələ də mövcuddur. Məsələn, düyü, çəltik, çay və son zamanlar ət məhsulları üzrə müəyyən problemlər var. Həmçinin, bəzi ərzaqlıq buğda məhsulları keyfiyyət baxımından daxili istehsal məhsullarının gerisində qalır, buna görə Qazaxıstan, Rusiya və Ukraynadan idxal etmək məcburiyyətində qalırıq.

Bu problemlərin qarşısının alınması ölkədə prioritet istiqamətlərdən biridir və birbaşa Prezident İlham Əliyevin diqqətindədir. Qarşıda isə bu sahədə böyük məsələlər var.

- Qeyd etdiyiniz kimi, Azərbaycanda kənd təsərrüfatı sahəsində müəyyən məhsullar idxaldan asılıdır. Ölkəmiz əsas kənd təsərrüfatı məhsullarını daxili imkanlarla təmin edə bilirmi? Torpaq və digər resurslarımız bu sahəni tam təmin etmək üçün kifayət edirmi?

- Azərbaycanda ümumi şəkildə 4,5 milyon hektar torpaq kənd təsərrüfatına yararlıdır. 1995-ci ildən, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan torpaq islahatı nəticəsində 1,4 milyon hektar əkin sahəsi 3,5 milyon insana və ya 892 min ailəyə bölünüb. Problem ondadır ki, orta hesabla hər bir ailəyə cəmi 0,4 hektar torpaq düşür. Bu, çox kiçik sahədir və xüsusilə Lənkəran və Astara bölgələrində torpaq sahələri ölkə ortalamasından da aşağıdır.

Kiçik pay torpaqlarda yüksək məhsuldarlığa nail olmaq çətindir. Məsələn, dünən bir kolxozda pambıq əkilirdi, amma indi həmin 50 hektar 50 adama paylanıb. Hər bir ailə fərdi suvarma sistemləri, kombayn və digər texnika gətirir, nəticədə torpaq səmərəsiz istifadə olunur və müəyyən hissəsi yararsız hala düşür.

Milli Məclis iri təsərrüfatların yaradılması ilə bağlı qanun qəbul edib. Bununla yanaşı, bələdiyyə və dövlət torpaqlarında aqroparklar salınıb. Hazırda 32 rayonda 50-dən çox aqropark fəaliyyət göstərir. Dövlət fermerlərə maliyyə dəstəyi verir, qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda onlar kifayət qədər subsidiyalar təmin olunur. Bu subsidiyalar sistemi maldarlıq sahəsində də tətbiq olunur. Məsələn, bir fermer traktor aldıqda onun dəyərinin 40%-i dövlət tərəfindən ödənilir, 20%-i fermerin öz öhdəsinə düşür, qalan 40%-i isə dövlət ona beş il müddətində ödəmək imkanı verir.

Dövlət öz vəzifələrini layiqincə yerinə yetirir və aqrar sahəni prioritet sahə hesab edir. Mənim bütün peşəkar fəaliyyətim Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlıdır. 2013-cü il iyun ayının 25-də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə universitetin rektoru təyin olunmuşam və 2022-ci il sentyabrın 6-dək bu vəzifədə çalışmışam.

Prezident 2016, 2017 və 2020-ci illərdə Gəncəyə səfərləri zamanı Gəncə Aqrar Universitetində bir sıra müasir infrastruktur layihələrinin açılışında iştirak etdi.

2016-cı ildə 520 nəfərlik yeddi mərtəbəli yataqxana istifadəyə verildi. Yataqxanada iki və üç nəfərlik otaqlar, sanitar qovşaqlar, diş həkimi, terapevt, market, tələbə kafesi, idman zalı və kitabxana kimi kompleks xidmətlər fəaliyyət göstərir. 2017-ci ildə ikinci yataqxana istifadəyə verildi və beləliklə iki yataqxanada 1040 tələbə yerləşdirildi.

Yataqxananın açılışı zamanı cənab Prezident əlavə ehtiyacları soruşdu. Bildirdim ki, Aqrar Universitetin əsas binası 1960-cı illərdə tikilib və tələbələrin sayının artması ilə yeni tədris korpusuna ehtiyac var. Bu məsələ dərhal Kənd Təsərrüfatı Nazirliyinə göndərildi. Təklifin hazırlanmasından sonra 14 milyon 245 min manat vəsait ayrıldı və iki il müddətində 1 500 tələbə üçün yeni tədris korpusu istifadəyə verildi.

Yeni korpus 14 ixtisas üzrə dövlət sifarişi əsasında tələbələri pulsuz təhsil və təqaüd imkanı ilə təmin edir. Bundan əlavə, daha savadlı tələbələri cəlb etmək üçün 400 baldan yuxarı nəticə göstərən tələbələrə 150 manat əlavə təqaüd, 500 baldan yuxarı nəticə göstərənlərə isə 200-250 manat təqaüd verildi. İngilis dilində təhsil alan tələbələrə əlavə 70 manat təqaüd təyin olundu.

Dövlətin dəstəyi yalnız yataqxana və tədris korpusları ilə bitmədi. Baytarlıq klinikası, balıqçılıq kompleksi, bildircin və quşçuluq tədris mərkəzləri açıldı. Yeni tədris-təcrübə təsərrüfatı yaradıldı, burada meyvə-üzüm bağı, buğda və arpa sahələri əkildi, tədqiqat işləri aparıldı. İki böyük heyvandarlıq kompleksi istifadəyə verildi. Beynəlxalq ekspertlər gəlib yüksək qiymətləndirdilər, çünki tələbələr nəzəri biliklərini praktik olaraq gücləndirirdilər.

Ən maraqlı layihələrdən biri Türkiyənin Ege Universiteti ilə həyata keçirilən ikili diplom proqramıdır. Bu layihəyə görə Türkiyədən müəllimlər üç il universitetimizdə dərs deyirdilər, dördüncü il tələbələr Ege Universitetinə gedərək təhsilini tamamlayır və həm Azərbaycan Dövlət Aqrar Universitetinin, həm də Ege Universitetinin diplomunu alırdılar. Bu, tələbələr üçün unikal və çox faydalı bir təcrübədir.

Məsələn, əczaçılıq ixtisası açdıq. Tibb Universitetindən mütəxəssisləri dəvət etdim və böyük diqqət göstərdik. Türkiyədən ildə 100-150 tələbə gəlirdi və onlar 1500- 2000 dollar təhsil haqqı ödəyirdilər. Daha sonra Almaniyanın Vakiştefan Universiteti ilə bir layihə həyata keçirdik. Hər il 30-40 tələbə Almaniyaya gedir, alman dili üzrə imtahan verirdilər. İmtahan nəticələri yoxlanılır və siyahı bizə göndərilirdi ki, bu 30 tələbəni qəbul etməyə hazırıq. Tələbələr Almaniyada 6 ay praktik təcrübə keçirdilər, həm də ailələrdə qalırdılar. Bu proqram sayəsində bu gün Almaniyada çoxlu azərbaycanlı peşəkarlar fəaliyyət göstərir və onların bəziləri diasporanın ən aktiv üzvlərindəndir.

Bütün bu təşəbbüslər aqrar sahəyə göstərilən diqqətin bir hissəsidir. Aqrar sahənin inkişafı üçün gənc kadrların yetişdirilməsi vacibdir. Əvvəllər aqronomlar İtaliya, Ukrayna və Türkiyədən gəlirdi, lakin dövlətin apardığı aqrar siyasət nəticəsində bu axın dayandırılıb.

Azərbaycan Dövlət Aqrar Universiteti hazırda uğurla fəaliyyət göstərir və ölkənin kadr tələbatını ödəməkdə mühüm rol oynayır. Mən isə 2022-ci il 6 oktyabr tarixindən etibarən Gəncə şəhərində yerləşən Bitki Mühafizəsi və Texniki Bitkilərin Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilmişəm.

- Son vaxtlar Monqolustandan, Azərbaycanda ətin idxalına dair narazılıqlarını ifadə edirlər. Sizcə, ölkə olaraq daxili istehsal imkanlarımız olduğu halda, niyə ət idxal etmək məcburiyyətindəyik?

- Dünyada ət alqı-satqısı normal haldır və bir çox ölkələr belə əməliyyatlar aparır. Bizdə də bəzən sürülərdə heyvan sayı ilə bağlı problemlər yaranır. Məsələn, yaxın günlərdə bəzi xəstəliklər nəticəsində heyvanlar tələf oldu. Bu müvəqqəti vəziyyətdir. Dövlət səviyyəsində bu proseslərə ciddi nəzarət olunur. Çox güman ki, yaxın zamanda ölkədə ətin istehsalı stabilləşəcək və idxal da azalacaq.

- Ümumiyyətlə, kənd təsərrüfatı sahəsində hansı islahatların həyata keçirilməsini vacib hesab edirsiniz? Hansı proqramların qəbul olunması bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər?

- Bildiyiniz kimi, ölkədə təxminən 3,4 milyon insan torpaq payı alıb, bu isə 892 min ailəyə düşür. Mən istərdim ki, kiçik torpaqlar birləşdirilərək kooperasiyalar yaransın. Hazırda vəziyyət belədir, məsələn, 50 hektar sahə 50 ailəyə paylanıb. Bu isə məhsuldarlığa və bitki mühafizəsinə mənfi təsir göstərir. Bitki mühafizəsi baxımından ciddi problem yaradır. Tutalım, bir çəyirtkə 3-4 gün ərzində 15-20 km yol qət edə bilir. Əgər biri buğda, digəri isə arpa əkibsə, xəstəlik və zərərvericilər sürətlə yayıla bilir.

Aqrar sahədə öz qanunları var. Əkin növbəsi, rotasiya və digər qaydalar tətbiq olunmalıdır ki, eyni ailəyə məxsus bitkilər eyni xəstəliyə yoluxmasın. Badımcan çiçəklilər fəsiləsinə aid bitkilər var: kartof, badımcan, pomidor, bibər və sair. Fermer bu il kartof, növbəti il badımcan əkirsə, bu bitkilər eyni xəstəliklərə yoluxur. Nəticədə torpaqda infeksiya artır, torpağın bərəkəti azalır, məhsuldarlıq düşür və bitkilər xəstəliklərə qarşı müqavimət göstərə bilmir. Bunun qarşısını almaq üçün iri torpaq sahələrinin formalaşdırılması və elmi əsaslarla əkin dövriyyəsinin aparılması vacibdir.

Dövlət səviyyəsində – parlamentin qərarları və Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti ilə bu istiqamətdə işlər aparılır. Lakin insanların bir hissəsi “kooperativ” və ya “korporativ təsərrüfat” ifadəsini eşidəndə bunu kolxoz və sovxozlarla eyniləşdirir və bu modellərə ehtiyatla yanaşır. Bu isə islahatların qarşısında duran əsas problemlərdən biridir.

Digər vacib məsələ seleksiya sahəsidir. Yerli sortlarımız keyfiyyət baxımından çox yüksəkdir, lakin məhsuldarlığı aşağıdır. Məsələn, yerli soğan sortlarımız hektardan 3-4 ton məhsul verir. Halbuki Hollandiyadan və İsraildən gətirilən hibrid sortlar hektardan 35-40 ton məhsul verir. Bu gün fermer üçün əsas prioritet məhsulun keyfiyyətindən çox, kəmiyyətidir, yəni istehsal edib sata bilmək və gəlir əldə etməkdir. Bu baxımdan seleksiyaçı alimlərin üzərinə böyük məsuliyyət düşür. Yeni, yüksək məhsuldar və eyni zamanda keyfiyyətli yerli sortların yaradılması kənd təsərrüfatına ciddi töhfə verə bilər.

Mən inanıram ki, aqrar sahə gələcəkdə daha yüksək templərlə inkişaf edəcək. Xüsusilə neft və digər sahələrdə gəlirlərin azaldığı bir dövrdə kənd təsərrüfatının inkişafı ölkə üçün ən vacib strateji prioritetlərdən biridir və bu sahədə dövlətin güclü dəstəyi mövcuddur.

- Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edirsiniz. Bu sahədə nə kimi məsələlər həll edilməlidir?

- Rəhbərlik etdiyim qurum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və bitki mühafizəsi, texniki bitkilərin seleksiyası, becərilməsi sahəsində elmi tədqiqatlar aparan aparıcı qurumdur. İnstitutumuzun fəaliyyətinin iki əsas istiqaməti var. Onlardan biri bitkilərin mühafizəsidir. Bu, Azərbaycan üçün prioritet sahələrdən biridir. Götürək fındıq məhsulunu, biz onu xaricə ixrac edirik və dünya bazarında satış həcminə görə ikinci-üçüncü yerlərdə qərarlaşırıq. Bu baxımdan bitki mühafizəsinin əsas vəzifəsi fermerləri görünən və görünməyən təhlükələrdən, xəstəlik və zərərvericilərdən qorumaqdır.

Fermerin yanında olmaq bizim üçün ən vacib məsələlərdən biridir. Vegetasiya dövrü başlayan kimi, apreldən noyabr ayının sonuna qədər, rayonlarda oluruq. Təxminən 17-18 rayonda fermerlərlə görüşürük, Dövlət Aqrar İnkişaf mərkəzlərində maarifləndirici tədbirlər keçiririk. Fermerlərin bilik səviyyəsinin artırılması bu sahədə əsas şərtdir. Fermer bilməlidir ki, nə əkir, niyə əkir və onu necə becərməlidir.

Bu gün Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslaşmış televiziya kanalına da ciddi ehtiyac var. Cəmiyyətin və xüsusilə fermerlərin maarifləndirilməsi olduqca vacibdir. Bitki mühafizəsi yalnız dərman vurmaqdan ibarət deyil, elmi yanaşma, düzgün aqrotexniki tədbirlər və davamlı nəzarət tələb edir.

Dünya hazırda mürəkkəb mərhələdən keçir. Təxminən bir milyarda yaxın insan aclıq və səfalət içində yaşayır. Rusiya–Ukrayna müharibəsi bu rəqəmi daha da artırıb. Çünki Rusiya və Ukrayna birlikdə dünya buğda ixracının təxminən 40 faizini təmin edir. Bu münaqişə qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir.

Digər tərəfdən, bu gün bazar orqanik məhsul tələb edir. İnsanlar deyir ki, dərman vurulmasın, baha da olsa alacağıq. Amma reallıq ondan ibarətdir ki, məsələn, qardaş Türkiyədə ildə 150-160 milyon ton kənd təsərrüfatı məhsulu istehsal olunsa da, orqanik əkinçiliyin payı 1,5 faizdən də aşağıdır. Bu isə göstərir ki, orqanik istehsal asan məsələ deyil.

Bununla belə, Azərbaycan da orqanik əkinçiliyin inkişafına diqqət yetirməlidir. Elmi əsaslarla, mərhələli şəkildə bu sahəni genişləndirmək mümkündür və bu, həm daxili bazar, həm də ixrac üçün böyük imkanlar yarada bilər. Biz ölkə əhalisinin ərzaq təminatında təkcə kəmiyyətin deyil, keyfiyyətin də önə çəkilməsinə dəstək verməliyik.



- GMO (genetik modifikasiya olunmuş orqanizm - red.) məhsulları ilə bağlı dünyada müxtəlif yanaşmalar mövcuddur. Bəzi mütəxəssislər əhali və ərzaq tələbatının artmasını nəzərə alaraq bu prosesin qaçılmaz olduğunu bildirirlər, digərləri isə müəyyən risklərdən ehtiyat edir. Bu məsələyə münasibətiniz necədir və hazırda Azərbaycanda GMO məhsulları ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda qanunvericiliyə əsasən GMO məhsullarının istehsalı və ölkəyə idxalı qadağandır. Lakin dünyada GMO məsələsinə münasibət birmənalı deyil. Mən ABŞ-də alimlərlə aparılan müzakirələrdə də bunun şahidi olmuşam – bu mövzu üzrə elmi ictimaiyyət bir neçə mövqeyə bölünür.

Bir qrup alim hesab edir ki, çıxış yolu yoxdur və GMO texnologiyalarına müraciət etmək qaçılmazdır. Çünki dünya əhalisinin tələbatı sürətlə artır. Məsələn, ABŞ-nin müvafiq aqrar və ərzaq təhlükəsizliyi üzrə ekspertlərinin statistik məlumatlarına görə, əgər aqrar sahədə innovasiyalar indiki səviyyədə qalsa belə, 2050-ci ildə dünya əhalisini ərzaqla təmin etmək mümkün olmayacaq. Həmin vaxta qədər planet əhalisinin sayının təxminən 9 milyarda çatacağı proqnozlaşdırılır. Məhz bu səbəbdən GMO tərəfdarlarının sayı dünyada getdikcə artır.

Bizim mövqeyimiz ondan ibarətdir ki, heç olmasa elmi-tədqiqat məqsədilə bu sahədə araşdırmalara imkan yaradılmalıdır. Dövlət hansı qərarı qəbul edərsə, biz də fəaliyyətimizi həmin qərara uyğun quracağıq. Ümumilikdə isə qeyd etmək lazımdır ki, dünyada GMO məhsullarına münasibət hələ də yekdil deyil və bu mövzu geniş elmi müzakirə predmetidir.



- İşğaldan azad edilmiş rayonlarda əhalinin mərhələli şəkildə məskunlaşması artıq başlayıb və yaxın gələcəkdə bu prosesin bütün rayonları əhatə edəcəyi gözlənilir. Sizcə, bu proses kənd təsərrüfatının inkişafına necə təsir göstərəcək? Xüsusilə əkinçilik və maldarlıq sahələrində hansı imkanlar və dəyişikliklər yaranacaq?

- 2020-ci il Azərbaycan xalqı üçün qürur mənbəyidir. 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdi. On minlərlə hektar ərazi geri qaytarıldı. Düzdür, bu ərazilərin bir hissəsi minalanıb və hazırda mina təmizləmə işləri mərhələli şəkildə davam etdirilir.

Eyni zamanda artıq azad edilmiş ərazilərdə genişmiqyaslı kənd təsərrüfatı işlərinə başlanılıb. Böyük bağlar salınır, dənli taxıl bitkiləri becərilir. İşğaldan azad edilmiş torpaqların kənd təsərrüfatı dövriyyəsinə qaytarılması Azərbaycan əhalisinin ərzaq ehtiyatlarının möhkəmləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da güclənməsinə mühüm töhfə verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm