Faşist hərbçilərin geyim və silahları, təyyarələr... - Dünyadakı məşhur hərbi muzeylər - FOTO
Bizi izləyin

Maraq dünyası

Faşist hərbçilərin geyim və silahları, təyyarələr... - Dünyadakı məşhur hərbi muzeylər - FOTO

Bakıda Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurub. 30 il ərazilərimizi işğalda saxlayan və yüzlərlə kənd və şəhəri yer üzündən silmiş, dinc əhaliyə qarşı soyqırımı və deportasiya həyata keçirmiş işğalçı ölkənin əsgərlərinin olduğu kimi, yəni miskin nümayiş olunması “məğlubedilməz erməni ordusu” mifini illərdir xalqın beyninə yeridən erməni rəsmilərinin hiddətinə səbəb olub. Lakin onların həzm edə bilmədikləri bu park nümunələrindən dünyanın əksər aparıcı ölkələrində var.

Publika.az zəfər qazanmış bir çox ölkədə olan hərbi qənimətlər parkının və hərb tarixi muzeyinin bir neçəsi ilə sizi tanış edir.

1. Bundesver Hərbi Tarix Muzeyi. (almanca: Militärhistorisches Museum der Bundeswehr). Bu muzey Drezdenin bir hissəsi olan Albertştadtdakı keçmiş hərbi arsenalda yerləşir. 2011-ci ildə muzey yenidən qurulub, daxili və xarici konsepsiyası dəyişdirilib. Burada alman hərb texnologiyasının inkişaf mərhələsi nümayiş etdirilir. Muzeyin Hərbi Texnologiyalar bölməsində üç əsas qrupa ayrılmış əşyalar nümayiş olunur. Bunlar böyük avadanlıqlar və döyüş sursatları, hərbi cihaz və avadanlıqlar, ölçü əsaslı nüsxələr və modellərdir. Muzeydə 800-dən çox quru, hava və hərbi dəniz texnikası, mindən artıq silah, raket və digər sursat növləri sərgilənir. Əlavə olaraq, bu bölmədə böyük hərbi kosmik texnologiya kolleksiyası saxlanılır. Bu kolleksiyaya orduya aid 45 mindən çox əşya daxildir. Burada eyni zamanda müharibə iştirakçılarına və şahidlərə aid hesab bölmələri də var ki, ziyarətçilər xüsusi vasitələrlə müharibə dövründə mülki şəxslərə verilən əzab və əziyyətlərin təsvirlərini izləyə bilirlər.

2. Ditsonq Milli Hərbi Tarix Muzeyi (Cənubi Afrika). Bu muzey rəsmi olaraq 29 avqust 1947-ci ildə yaradılıb. Açılış mərasimində ölkənin baş naziri nitq söyləyib və bildirib ki, bu muzey ölkənin inkişafına və dirçəlişinə yönəlmiş ən böyük mücadilə rəmzidir və mübarizədən bir xatirədir. Onun sözlərinə görə, sivilizasiyanı xilas etmək üçün apardıqları böyük mübarizədə oynadıqları rolla yanaşı, müharibə dəhşətlərini, insan itkisini və dağıntıları da bu muzey hər zaman xatırladacaq, hər kəsə bir xəbərdarlıq olacaq. Muzeydə həmçinin Cənubi Afrikanın İkinci Dünya müharibəsindəki iştirakından da bəhs edən eksponatlar yer alır. 1975-ci ildə muzeyin adı Cənubi Afrika Milli Hərbi Tarix Muzeyi olaraq dəyişdirilib və cənubi afrikalıların iştirak etdiyi bütün hərbi əməliyyatların tarixini əhatə edib.1999-cu ildə milli muzeylərin yenidən qurulması prosesindən sonra bura Milli Mədəniyyət Tarixi Muzeyi ilə birlikdə Şimali Flaqman İnstitutuna birləşdirilib və 2009-cu ildə Cənubi Afrika Muzeyləri adlandırılıb. Hazırda isə Ditsonq Milli Hərbi Tarix Muzeyi adlanır. Muzey Cənubi Afrikadakı bütün əsgər və qazilər üçün mənəvi və simvolik bir məkan kimi qəbul edilir. Nəticədə bir sıra qazi təşkilatları muzeyi qərargah kimi istifadə edirlər. Buranın əsas missiyası hərbi əməliyyatlar nəticəsində həlak olan bütün cənubi afrikalılar üçün bir xatirə olmaqla yanaşı, ölkə əhalisinin hərb tarixini gələcək nəsillərə çatdırmaqdır.

3. Belçika Silahlı Qüvvələr və Hərb Tarixi Kral Muzeyi. Muzeyin əsası 19-cu əsrdə qoyulub. Buranın tikintisi ilə bağlı işlər 1875-ci ildə belçikalı memar Gedeon Bordiau tərəfindən reallaşdırılıb. 1888-ci ildə Yubiley Parkı adlanıb. Nümayiş salonlarının inşası 1890-cı ildə başlayıb. Lakin maliyyə problemləri səbəbindən bu, gecikir və 1897-ci ildə adi tikinti forması ilə tamamlanır. Muzeyin memarı Bordiaunun 1904-cü ildə ölümü tikinti işlərini bir qədər də gecikdirir. Daha sonra II Leopold fransız memar Çarlz Giraulta bu işi həvalə edir. Muzey 1905-ci il sentyabrın 27-də Belçikanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə açılır. Daha sonra 1910-cu il dünya sərgisi üçün düzəlişlər edilir və hərbi park hazırkı xüsusiyyətinə gətirilir. Dünya sərgisi üçün gənc zabit Luis Lekonte Belçikanın hərbi keçmişini əks etdirən təxminən yüz silah-sursatı bir araya gətirir və nümayiş etdirir. Birinci Dünya müharibəsindən sonra xarici dövlətlərin hədiyyələri və ianələri sayəsində hərbi parkın imkanları daha da artır. L.Lekonte almanların geridə qoyduğu hərbi avadanlıqdan da istifadə edir. İkinci Dünya müharibəsi dövründə almanlar muzeyi ələ keçirirlər və bura qarşıdurmalardan sonra yenidən açılır. Daha sonra muzeydə yeni şöbələr yaradılır: hərbi tarix, arxivlər və kitabxana, çap otağı və xəritə otağı. Hazırda muzeydə faşist hərbçilərin geyimləri, silahları qorunub saxlanılır. Bu gün Kral Hərbi Muzeyində 40 min kvadratmetri əhatə edən ən az beş böyük sərgi qalereyası yerləşir. Ölkəyə gələn turistlər buranı böyük həvəslə ziyarət edir, yeni nəsil keçmişdə faşistlərin az qala bütün dünyaya qarşı hansı texnikalarla döyüşdüyünün şahidi olur.

4. Florida Kissimmea Hərbi Tarix Muzeyi. Bu hərbi park ABŞ-ın Florida ştatında yerləşir. Muzeyin yaradılmasında əsas məqsəd insanlara azadlığın dəyərini aşılamaq və ölkənin hərbi keçmişini təqdim etməkdir. Bura Floridadakı veteranlara məxsus yeganə hərbi muzey sayılır. II Dünya müharibəsindən bugünkü hərbi qarşıdurmalara qədər olan bütün müharibələri əhatə edən bir çox eksponatlar və əsərlər bu muzeydə sərgilənir. Burada həmçinin müharibədə qəhrəmanlıq göstərən 1952 floridalının adı qeyd edilən Florida Vyetnam Divarı da nümayiş olunur. Muzeydə sərgilənən hərbi texnika və silah-sursatlar buranı ziyarət edən bütün xalqların nümayəndələri tərəfindən maraqla qarşılanır.

5. Vyana Hərb Tarixi Muzeyi (Heeresgeschichtliches Museum). Bura Avstriya Silahlı Qüvvələrinin aparıcı muzeyidir. Hərbi parkın binasının tikintisi1856-cı ildə tamamlansa da, içərisindəki işlər 1872-ci ilə qədər davam edib. Avstriyanın hərb tarixini özündə əks etdirir. Muzeydə silahlar, tanklar, hərbi təyyarələr, hərbi geyimlər, döyüş bayraqları, rəsmlər, medallar və fəxri nişanlar, fotoşəkillər, döyüş gəmisi modelləri və sənədlərdən ibarət olan geniş eksponatlar sərgilənir. Muzey Federal Hökumətə məxsus olsa da, Federal muzeylərə bağlı deyil, birbaşa olaraq Avstriya Müdafiə və İdman Nazirliyinə tabedir. Bura ən qədim hərbi muzeylər sırasında dayanır. Hərbi parkda eyni zamanda bir çox ölkələrin qədim silah-sursatları, o cümlədən, faşizm üzərində qələbə çaldıqdan sonra onlardan geri qalan qənimətlər də saxlanılır.

Təqdim etdiyimiz nümunələr hərbi muzeylərin bir neçəsidir. Yüzlərlə bu cür hərbi qənimət parkını və muzey nümunələrini qeyd etmək olar.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm