İnanc
Qurbanlıq barədə ən çox verilən suallara CAVABLAR
Aşağıda qurbanlıqla bağlı oxucular tərəfindən tez-tez verilən suallara cavab olaraq qurban kəsib-kəsdirəcək hər bir şəxsin bilməli olduğu məlumatlar siz əziz oxuculara təqdim olunur.
Bu barədə Publika.az oxucularına məlumat verir.
Hansı heyvan növündən qurban kəsmək olar?
İslam şəriətinə görə, dəvə, inək, qoyun və keçi cinsindən qurban kəsmək olar. Bunun sübutu Qurani-Kərimin “Həcc” surəsinin 28-ci və 34-cü ayələridir. Həmin ayələrdə qurbanlığın “ənam” adlı ev heyvanlarından olması şərt sayılıb. Quranın “Ənam” surəsinin 143-144-cü ayələrində isə “ənam” qisminə aid heyvanların yuxarıda adıçəkilən dörd cinsdən olduğu vurğulanıb. Buna görə də, bir çoxlarının yanlış təsəvvür etdiyi kimi, “Qurban bayramı günü mütləq qan axıtmaq lazımdır” düşüncəsi ilə adıçəkilən heyvanları kəsməyə imkanı olmayan şəxsin toyuq, xoruz və s. kəsməsi qurban sayılmaz.
Qurban kəsilən heyvan üçün şəriətdə tələb edilən şərtlər hansılardır?
Qurbanlıq heyvan hər şeydən əvvəl sağlam və nöqsansız olmalıdır; kor, axtalanmış, şikəst və hər hansı bədən üzvündə eyib olan heyvanı Allah yolunda qurban kəsməyə icazə verilmir. Heyvan xəstə və zəif olmamalı, qocalıb əldən düşmüş sayılmamalıdır. Dəvənin ən azı 5 yaşı bitib 6-cı ilə keçməsi, inək və keçinin 2 yaşı bitib 3-cü ilə, qoyunun isə bir ilinin tamam olub ikinci ilə keçməsi şərtdir.
Qurbanlıq heyvan mütləq erkəkmi olmalıdır? Dişi heyvanı qurban kəsmək olarmı?
Qurbanlıq heyvanın erkək olması vacib şərt deyil. Erkək olması barədə təsəvvür yəqin ki, ilk növbədə həzrət İsmailin (ə) əvəzinə endirilmiş heyvanın erkək cinsindən (qoç) olması ilə bağlıdır.
Şərikli halda qurban kəsmək olarmı?
Həcc zamanı hər kəsin müstəqil surətdə qurban kəsib-kəsdirməsi vacib şərtdir, yalnız son dərəcə zəruri hallarda bir neçə adamın şərikli olaraq qurban kəsməsinə icazə verilir ki, onlar da ehtiyata görə, qurban kəsməyən adam kimi kəffarə orucu tutmalıdırlar.
Qeyd etməliyik ki, göstərilən bu şərtlər həcc mərasimi zamanı qurban kəsənlərə aiddir. Öz vətənində olan və həcdə olmayanlar üçün qurban vacib deyil, müstəhəbdir. Buna görə də, Qurban bayramı günü şərikli qurban kəsmək qadağan deyil. Təklikdə qurban kəsməyə imkanı olmayanlar birləşib qurban kəsə bilərlər. Amma imkan varsa, təklikdə kəsmələri daha yaxşıdır.
Qurban yalnız Qurban bayramı günü kəsilməlidirmi?
Əlbəttə, qurbanlıq heyvanı Qurban bayramı günü (eydül-əzha) kəsmək daha yaxşıdır. Amma Qurban bayramından sonrakı iki gün ərzində də kəsməyin eybi yoxdur.
Qurbanı necə kəsmək lazımdır?
Qurbanlıq heyvan üzü qibləyə yerə uzadılır. Boğazındakı 4 iri damar (qida borusu, nəfəs borusu və daha iki damar) iti kəsici dəmir (polad) bıçaqla birdəfəyə kəsilir. Damarların bəzisini kəsib gözləmək, sonra o biriləri kəsmək olmaz (dəvənin kəsilməsi fərqlidir). Qurbanlıq heyvanı müsəlman şəxs kəsməlidir. Heyvan üzü və ayaqları qibləyə sarı olmaqla (sol böyrü üstə) yatırılır. Qurbanı kəsən zaman Allahın adı çəkilməlidir. Yəni qurban kəsən adam heyvanın boğaz damarlarını üzəndə “bismillah” və ya Allah adı olan zikrlərdən birini deməlidir. Qəsdən Allahın adı çəkilmədən kəsilmiş heyvan murdar sayılır və əti yeyilməz. Heyvanın boğazından kifayət qədər qan gəlməlidir. Bəzi müctəhidlər boğazı üzüldükdən sonra heyvanın hərəkət etməsini (gözünü qırpması, ayağını və ya quyruğunu tərpətməsi və s.) lazım bilmişlər. Müasir müctəhidlər bunu yalnız heyvanın boğazı kəsilməzdən əvvəl diri olub-olmaması məsələsi şübhəli olduğu hallarda şərt bilirlər (yəni heyvanın kəsilməzdən əvvəl ölməsi şübhəsi yaranarsa).
Qurban kəsərkən bəzi şərtlərə riayət etmək müstəhəbdir. Məsələn, qoyunun qabaq ayaqları və arxa ayaqlarından birini bağlamaq, bir ayağını açıq saxlamaq (boğazı kəsiləndən sonra qanın axması üçün hərəkət etməsinə şərait yaratmaq məqsədi ilə). İnəyin bütün ayaqlarını bağlayıb quyruğunu açıq saxlamaq, dəvənin qabaq ayaqlarını aşağıdan dizinə və ya sinəsinə kimi bağlayıb arxa ayaqlarını açıq saxlamaq müstəhəbdir. Qurban kəsən adamın özünün də üzü qibləyə durması, heyvanı kəsməzdən əvvəl qabağına su qoyaraq içməsinə imkan verməsi də müstəhəb şərtdir. Həmçinin heyvana əziyyət olmasın deyə, bıçağı itiləmək və boğazını tez üzmək məsləhətdir. Buna görə də, heyvan kəsə bilməyən və təcrübəsi olmayan adamın bu işi təcrübəli bir şəxsə həvalə etməsi daha yaxşıdır.
Əksinə, heyvanı başqa heyvanların gözü qarşısında kəsmək, boyundan başlayaraq boğaza doğru kəsmək, canı bədənindən çıxmayınca başını üzmək məkruhdur. Həmçinin zəruri ehtiyac olmadan cümə gününə keçən gecə və cümə günü günortaya kimi heyvan kəsmək də məkruhdur. (Əlbəttə, əgər Qurban bayramı cümə gününə təsadüf edilərsə, bu məkruhluq aradan qalxır).
Qurban kəsərkən hansı duaları oxumaq tələb edilir?
Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, “bismillah” demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. Qurban kəsərkən oxunan və geniş yayılmış müstəhəb dua belədir:
“Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərz, hənifən müslimən və ma ənə minəl-müşrikin. İnnə səlati və nusuki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləh, və bizalikə umirtu və ənə minəl-müslimin. Əllahümmə, minkə və lək. Bismillahi vəllahu-əkbər”.
Tərcüməsi: “Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır.”
Qurbanı kəsəndən sonra deyilir: “Əllahummə təqəbbəl minni – Allahım, (bu qurbanı) məndən qəbul et!”
Qurbanlıq əti necə bölüşdürmək lazımdır?
Qurbanlıq əti üç hissəyə bölüb, onun sahibi birini özü və ailəsi üçün götürə bilər və yerdə qalan iki hissədən birini öz qonşularına, digər hissəsini isə ehtiyacı olanlara paylamalıdır. Hədislərdən məlum olur ki, imam Zeynəlabidin (ə) və imam Baqir (ə) qurbanlıq əti məhz bu şəkildə bölüşdürürmüşlər. (“Biharul-ənvar”, Əllamə Məclisi, 99-cu cild, səh.296, 16-cı hədis).
Lakin qurban sahibi istəsə, ətdən özünə pay götürmədən, hamısını ehtiyaclılara, yaxud yaxın adamlarına paylaya bilər. Peyğəmbəri-Əkrəm (s) “Vida həcci” zamanı kəsdiyi dəvələrin ətini bütünlüklə paylamış, hətta dərisini və yəhər-ovsarını da sədəqə vermişdi. Özü isə həmin ətdən bişirilmiş xörəkdən bir az dadmaqla kifayətlənmişdi.
Qurbanlıq heyvanın hansı bədən üzvlərini yemək olmaz?
Qurban niyyətilə, yaxud başqa niyyətlə kəsilməsindən asılı olmayaraq, heyvanın bədəninin bəzi üzvlərini yemək İslam şəriətində haram sayılır. Bu bədən üzvlərinin sayı əksər alimlərin fikrincə 14-dür: qan, peyin, erkək heyvanın cinsiyyət üzvü, dişi heyvanın cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, göz hədəqəsi.
Qurbanlıq heyvanın da yuxarıda adıçəkilən bədən üzvlərini yemək haramdır.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...