Nadir şahın sultana sülh və dostluq məktubu - TAM MƏTN
Bizi izləyin

Tarix

Nadir şahın sultana sülh və dostluq məktubu - TAM MƏTN

Nadir Şahın Sultan Mahmud xana yazdığı dostluq məktubu.

“Kinlərini sinələrindən silmişik. Qarşı-qarşıya oturub bir-birinə qardaşdırlar” (Hicr. 47) Göy kimi uca, günəş kimi parlaq, Müştəri kim xoşbəxt, dünyanın ədalətli hökmdarı, Süleyman kimi həşəmətli hakim, cahan şahlarının ən əzəmətlisi, dövran xaqanlarının ən böyüyü, Allahın yaratdığı ölkələrin himayədarı, Allaha ibadət edənlərin qoruyucusu, Allahın yerdə olan kölgəsi, kafirlər ilə müşriklərin qənimi, islam ilə müsəlmanların yardımçısı, su ilə qurunun xaqanı, ikinci İsgəndər Zülqərneyn, Hərəmeyni-şərifeynin xadimi, islampənah xəlifə, qazilərin sultanı və qəhrəman mücahidlərin qaanı Sultan Mahmud xanın (onun xilafətinin və dövlətinin kölgəsi aləmlərin üzərindən əskilməsin və onun qaldırdığı bayrağın şövkəti ilə şiddəti din düşmənlərinin üstündən azalmasın!) dostluq xəzinəsindən və hamının beyət etdiyi sarayından şərafətli məclisin hədiyyəsi olaraq ən xoş salamların nəfəsləri və saf təslimatların istəkli ətirləri bizə yetişmişdir. Əyanların və şöhrətlilərin iftixarı Mustafa Lətif Əfəndi və Fəthəli bəy Türkmanın vasitəsilə son layihələrdə və yüksək səviyyəli danışıqlarda cəlalət xilafətinin mövqeyi bizim nəzərimizə çatdırılmış və bizi şərəfləndirərək ürəklərimizi məhəbbətlə doldurmuşdur. Lətif Əfəndinin müşayiətilə göndərilmiş şərafətli məktubda müzəffər atlılar dəstəsinin dava-dalaşa məşğul olduğu anlarda o əbədi dövlətin məmurlarından heç bir hərəkətin zühura gəlmədiyi yazılmışdı. Çay saflaşandan sonra təmizlik ilə səmimilik qoşunun oradan keçib daxil olmağı nəticəsində palçığa bulaşdı. Nurla dolu şəriətin icazəsinə arxalanan və sərhədlərin hasarlarından ortaya çıxmış zərəri aradan qaldırmaq niyyətilə hərəkət edən o İlahi dərgaha ehtiyacı olana millətin xoş halının əsasları və müqəddəs şəhriyarın məqsədinin səmimiliyi məlum və o həzrətin cahanı isindirən məhəbbəti ilə mehribanlığı aləmə işıq saçan günəş kimi aydındır. Əlbəttə, o islampənah hökmdara da bəllidir ki, bizim bu əbədi dostluğa sədaqət göstərib həmin müddətdə verdiyimiz təkliflərdən niyyətimiz iğtişaş salaraq qan tökmək ola bilməzdi və içkinin saflaşmasından, məzhəbin paklaşmasından, iki dövlətin möhkəmləndirilməsindən və iki tərəfin müsəlmanlarının dostlaşmasından başqa bir məqsədimiz olmayıb. Biz qətiyyən məsələ ətrafında namülayim hallar qəsdində deyilik, lakin İlahinin yazısı ilə iki tərəfin tələb edilən surətləri nəticə güzgüsündə əks olunmamışdı, bəlkə onların tərsi düşmüşdü. Bu işin təfərrüatlarını nəzərlərindən keçirən safürəklilər düz yolu tutub “Həqiqətən, işlər niyyətlərə görədir” müamiləsinə müvafiq hərəkət edəcəklər və mülklərin sənədləşməsində qələmləri dostluq yolunu tutacaqdır. Bu dostluğun ixtiyar cilovu sultanın rəyinə və istəyinə buraxıldığından biz dövlətlərin ittifaqı yolunda onu qəbul, ya rədd etməkdə o həzrətin sərbəst olmaq haqqını tanıyırıq.

Bahar cənnətinin xaqanı Dördüncü Sultan Murad xanın zamanında bağlanmış barışa əsaslanaraq bu işə həmin yolla əncam verilməsinə və onun yerinə yetirilməsinə ümüd bəsləyir və Nadirə dövlətini ayrı bilməyib işlərin elə qayda ilə getməsini istəyirik ki, İnşaallah-təala, iki dövlət və iki həzrətin sələfləri ilə xələfləri arasındakı dostluq ilə birlik bu dünyada öz möhkəmliyini saxlasın. Ya islampənah, o alimiqdar hökmdar həddindən artıq mehriban olduğundan bu niyazməndə özünün bu cür şəksiz sevgisini vəd və həmişəlik dostluğunu izhar etmişlər, yəni könül ölkəsinin fatehi və bir ovuc məskunlaşmış torpağın fərmanverəni o sultana olan xalis məhəbbətimiz bizə xaqanlıq əlamatlərinin neməti yoluna xilaf olmağa və sultanlıq əmrinin hüdudlarından kənara çıxmağa icazə verməmişdi. Buna görə o həzrətin istədiklərini imzalayıb xilafət sarayının guşənişinlərinin nəzərimizə çatdırdıqları sülhnaməni ən gözəl surətdə qəbul etdik və Lətif Əfəndini razı halda mürəxxəs buyurduq. Sədaqətin “Sad”ı, ülfətin “Lam”ı və məhəbbətin “Ha”sı (Ərəb əlifbasının hərfləri olan “Sad”ın, “Lam”ın və “Ha”nın birləşməsindən “sülh” sözü əmələ gəlir – R.Ş.) bəni-Adəmin qəlblərindəki lövhələrə təqdir qələmi ilə nəqş olunduğu kimi, İnşaallah-təala, bu sülh də bütün aləmə yayılsın, qələm və lövhə naxışları ilə tarixə həmişəlik salınsın!

Təqdim etdi: Rəşad Sahil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm