Tarix
“Türk topçuları Bakını elə dəqiqliklə atəşə tuturdular ki...” - Professor
“1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edildi, Cümhuriyyət quruldu. Azərbaycan dövlətinin yaradılması üçün ilkin şərtlər – ərazi və əhali mövcud olsa da, ölkənin əsas şəhəri olan Bakı düşmən əlində olduğundan müvəqqəti paytaxt Gəncə elan edildi. Bakını azad etmək üçün Cümhuriyyət hökumətinin kifayət qədər qüvvəsi olmadığından xarici yardıma ehtiyac duyulurdu. Qardaş Osmanlı dövləti köməyə yetişdi. Hələ may ayının ortalarında türk zabitləri Gəncəyə gəlmişdilər”.
Bu fikirləri Publika.az-a Milli Məclisin deputatı, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Osmanlı dövləti Azərbaycana yardım etməyi üzərinə götürüb: “Osmanlının Hərb naziri Ənvər paşa qardaşı Nuru Paşanı bu məqsədlə təşkil olunan ordunun komandanı təyin edib və Azərbaycan, Osmanlı hissələrindən ibarət ordu qurulub. Bakı azad edildikdən sonra problem yaranmaması və ordu sıralarına yerli əhalinin cəlb olunması üçün o, Qafqaz İslam Ordusu adlandırıldı. Qafqaz İslam Ordusunun fəaliyyətinin hüquqi-siyasi təməlini Batum müqaviləsi təşkil edirdi. Azərbaycan hökuməti yardım üçün müraciət etmişdi. Bu hərəkatın mənəvi əsasları var idi. Osmanlı dövləti dünya türklüyünün və İslamın mərkəzi idi. Bütün türklər və müsəlmanlar Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Türk xalqı ilə dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisinə qarşı erməni-daşnak və bolşevik qüvvələri soyqırımı törədirdilər. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının türk və müsəlman dünyası qarşısında borcu idi. Hələ buna qədər azərbaycanlı gənclər çarizm orqanlarından gizlicə gedib Çanaqqala savaşında türklərlə çiyin-çiyinə vuruşmuşdular”.
M.Qasımlı Qafqaz İslam Ordusu hərəkatının hərbi-strateji, iqtisadi səbəblərindən danışıb.
O bildirib ki, Azərbaycan Cənubi Qafqazın açar ölkəsi olub və Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə də nəzarəti qazanırdı: “Xəzər üzərində nəzarət isə Şimali Qafqaza yiyələnmək, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan “qızıl körpü” idi. Dünyanın ürəyi Avrasiyaya gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə Mosul, Qafqazda isə Bakı nefti uğrunda mübarizə gedirdi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onun olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyonluq əhalinin 3 milyonu türk və müsəlman idi”.
Deputat vurğulayıb ki, Qafqaz İslam Ordusunun hücumları qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya gedib: “Onun yerində ingilislərin yardımları ilə qurulan Sentrokaspi diktaturası general L.Denstervil başda olmaqla müttəfiq qüvvələrini Bakıya dəvət etdi. Qafqaz İslam Ordusunun hücumunu dayandırmaq üçün bolşevik Rusiyası da müəyyən addımlar atdı. Hərəkatın qarşısını almaq üçün bolşevik Rusiyası Osmanlının müttəfiqi olan Almaniya ilə avqustun 27-də müqavilə imzaladı. Almaniya tərəfi Bakı neftindən bəlli payın müqabilində Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya və Osmanlı müttəfiq deyildi. Almaniyanın təzyiqləri Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandırıldığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağılmırdı. İngilislər və Sentrokaspi diktaturası hücumun qarşısında tab gətirməyib qaçdı. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü. Bakının azad edilməsi əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisədir”.
Akqabay Mıradov
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla