MUSSOLİNİ: İtaliyanın qəhrəmanı, yoxsa lənəti? - - FOTOLAR
Bizi izləyin

Tarix

MUSSOLİNİ: İtaliyanın qəhrəmanı, yoxsa lənəti? - - FOTOLAR

Nə baş verdi, niyə Mussolini öz həyatının üstündən xətt çəkərək fikrini dəyişib “qatillər dəstəsi”nin ardınca getdi?

“Hər kəsin rəğbətini qazanmaq üçün gündə on dəfə fikrini dəyişməyə hazırdır”...

Utancaq diktator

Böyük Britaniyanın Xarici İşlər Naziri Ostin Çemberlen 1925-ci ildə Benito Mussolini haqda deyirdi: “Mussolini öz xalqını düşünən, onun üçün çalışan gözəl bir insandır”. İyirmi il sonra dünya bu “gözəl insan”ın xalqı tərəfindən asıldığı xəbəri sevinclə qarşılayır...

Mussolini Hitlerlə ilk dəfə 1934-cü ilin 14 iyununda görüşür. Hələ söhbət bitməmiş italiyalı baş nazir Hitlerin nə insan olduğunu özü üçün dəqiq müəyyənləşdirir. Qısa fasilə zamanı Mussolini masadan qalxır, aynaya yaxınlaşaraq Hitler haqda gəldiyi qənaəti dilə gətirir: “O, dəlidir!”...

Mətbuat nümayəndələri ilə görüşdə Mussolini Hitleri “iyrənc seksual eybəcər və təhlükəli səfeh” adlandırır. – “Alman milli sosializmi əsl vəhşilikdir. Bu qatillər dəstəsini dayandırmasaq, Avropa sivilizasiyası təhlükə altında qalacaq” – deyə fikrini tamamlayır. Amma 1937-ci ilin sentyabrında Mussolininin Almaniyaya səfəri zamanı hadisələr başqa yön alır. Bu dəfə italiyalının nitqi əvvəlkindən fərqlənir: “Faşizm özünə dost tutursa, onunla sona qədər gedir”. Yarım ildən sonra dostlar yenidən görüşür. Mussolini hamının qarşısında füreri qucaqlayır. - “Bundan sonra daha heç bir qüvvə bizi ayırmaq iqtidarında deyil”...

Nə baş verdi, niyə Mussolini öz həyatının üstündən xətt çəkərək fikrini dəyişib “qatillər dəstəsi”nin ardınca getdi?

“Şanlı” bioqrafiya

1911-ci ildə Forli həbsxanasında cəza çəkən Benito Mussolini şanlı bioqrafiyasını yazır: “Mən 1883-cü ilin 29 iyulunda köhnə Varnanodey-Kosta kəndində doğulmuşam...” Mussolini bioqrafiyasında özünü bütün eybəcərlikləri ilə təqdim edir. Sinif yoldaşlarını bıçaqla hədələməyindən, müəlliminin üzünü mürəkkənqabı ilə eybəcər hala salmağından yazır. Məktəbi bitirdikdən sonra gənc Benito “ilahi həyat tərzi” sürür, daha dəqiq desək, sərxoşluq edir, qadın üstündə davalara girir, hətta Virciniya adlı bir qızı zorlamağa da imkan tapır: - “Onunla yuxarıya qalxdıq, qızı döşəməyə atdım və o, mənim oldu. Qız onun namusunu ləkələdiyimi söylədi, ola bilsin, düz deyirdi. Amma o namus nə namusu idi ki?”

Bir sözlə, tipik faşist...

Əslində, həmin ərəfədə Benito Mussolini kiçik siniflərdə dərs Bütün ömrü boyu Benito bu tip şayiələri yaymaqda həvəsli olub. Bu italiyalının özü üçün yaratdığı imicin bir hissəsi idi – təhlükəli lider, diktator və qadınların sevimlisi...

Həqiqət belə idi: Mussolininin Rakel Qvidi adlı həyat yoldaşı və dünyalar qədər sevdiyi beş uşağı vardı. (Əlbəttə, diktator tək Rakellə kifayətlənmirdi. Gənc xanımlarla duçe harada gəldi eşqlə məşğul olurdu. Onlarla görüşmək üçün Benito bəzən iclasdan yarımçıq da çıxırdı. Duçenin qadınlarının sayı dəqiq məlum deyil... Amma 1934-cü ildə 51 yaşlı Mussolini Klaretta Petaççi adlı qadınla tanış olur və ona aşiq olur. Duçe sevgilisinin qayğısına yaxşı qalırdı, ona mənzillər və villalar hədiyyə edirdi...)

1902-ci ildə Benito Mussolini işsizlik səbəbi ilə İsveçrəyə yollanır. Qazmaçıdan tutmuş ət dükanında, şərab mağazasında, şokolad fabrikində müxtəlif işlərdə çalışır. Axşamlar Benito rus tələbələri ilə siyasi mövzuda müzakirələr aparırdı. Tələbələrdən biri illər sonra Mussolinini belə təsvir edir: “Kənardan güclü görünsə də, Benito çox utancaq idi. Vəzifəcə özündən üstün olan insanların yanında sıxılırdı”. Rusiyalı tələbə italiyalının beynində inqilabi nəzəriyyələrin dolaşdığını da hiss etmişdi.

Mussolini İtaliyaya özünəəmin inqilabçı kimi qayıdır. “Lotta di klasse” qəzetinə işə düzəlir və istedadlı publisist kimi özünə diqqəti cəlb etməyi bacarır. Onun məqalələri obrazlı və həyati idi. 1912-ci ilin noyabrında Benito Mussolini İtaliyanın “Avanti!” sosial partiyasının redaksiyasına başçılıq edir.

Birinci Dünya Müharibəsi başlayarkən o, gözlənilmədən İtaliyanın da müharibəyə qoşulmasının lehinə çıxış edir. Burada Mussolinin daha bir özəlliyi ortaya çıxır. Silahdaşlarından biri yazırdı: “Mussolininin bədbəxtliyi ondadır ki, o, hər kəsin rəğbətini qazanmaq üçün gündə on dəfə fikrini dəyişməyə hazırdır”...

Benitonu partiyadan xaric edirlər. Mussolini müharibəyə yollanır və burada bersalyer (İtalyan ordusunda atıcıları belə adlandırırdılar – red.) kimi fəaliyyət göstərir. Tezliklə kapral rütbəsinə layiq görülür. Əmrdə deyilirdi: “Nümunəvi xidmətinə, əsl bersalyer cəsarətinə görə” ...

İtalyan faşizmi nə deməkdir?

1919-cu ilin 23 martında Mussolinin təşəbbüsü ilə “Mübarizə birliyi” yaranır. (“Faşio de kombattimento”, “faşizm” sözü də məhz buradan əmələ gəlib – red.)

“İtaliyanın xeyiri naminə bir neçə deputatı güllələmək və keçmiş nazirlərdən heç olmasa, bir neçəsini sürgün etmək lazımdır. İtaliya parlamenti millətin qanını zəhərləməklə məşğuldur”.

“Mübarizə birliyi”nin ideoloqu şair və dramaturq Qabriele D’Annuntsio idi. Amma inanılmaz ehtirasa, gücə və inada sahib olan duçe təşkilatın canına çevrilir. Qısa müddət ərzində, təşkilat ciddi, hətta təcavüzkar siyasi güc əldə etdi. 1922-ci ildə ölkədə siyasi və iqtisadi böhranın yaşandığını görən kral Viktor-Emmanuil Mussolinini hökümətin başına gətirmək məcburiyyətində qalır.

“İtaliya sülh, əmin-amanlıq və iş arzusundadır. Buna, mümkün olsa, sevgi ilə, məcburiyyət qarşısında isə zor gücünə nail olacam” . Duçe sözünə əməl etdi...

İtaliyada diktatura dövrünü publisistlər belə təsvir edir: “Mussolininin hakimiyyəti dövründə qatarlar cədvəllə hərəkət etməyə başladı, piyadalar ancaq yolun sol tərəfi ilə yeriməli idi. “Ölməz” mafiya isə cınqırını da çıxara bilmirdi. Londonun “Tayms”ı da deyilənləri sübut edir: “İtaliya hələ heç vaxt belə güclü və bir olmamışdı. Duçe vergiləri azaldıb, işsizliyin sayı minimaldır...”

“İtalyan xalqı məndən dəmir yolları, hər şəraiti olan mənzillər, körpü, su, işıq, avtomobil yolları istəyir” – Mussolini jurnalistlərlə görüşdə söyləyirdi.

Mussolini fenomenal populyarlığa malik idi. İnsanlar onun şəkillərini qəzetlərdən kəsib, evlərinin divarlarına yapışdırırdılar. Onunla fəxr edirdilər və nəinki İtaliyada. Kardinal O’Konnel: “Mussolini dahidir. O, İtaliyaya Allah tərəfindən göndərilmiş bəndədir”.

Son...

1936-cı ilin 9 mayı... – “Zabitlər, əsgərlər, italiyalılar, eşidin: Möhtəşəm hadisə baş verib. Faşist erasının on dördüncü il dönümündə Abissiniyanın taleyi həll olundu. İtaliya artıq bir imperiyadır!”

Benito Mussolinin bu hadisəni həyatının ulduz məqamı hesab edirdi, əslində, bu, İtaliya və duçenin iflası demək idi...

Bu iflası gurultulu təriflər də təmin edirdi. İtalyan filosofu Ottavio Dinale “dahi duçe”ni belə təsvir etmişdi: “Sokrat və Platon, Vergili və Lukresiya, Kant və Nitşe, Marks və Sorel, Makiavelli və Napoleon, Haribaldi və naməlum əsgər – bütün bunlar bir insanda cəmlənib – Mussolinidə...”

Çox güman ki, bütün bu təriflər bir qüvvə - Almaniya tərəfindən idarə olunurdu. Hər halda, Mussolinini nasist Almaniyasına rəğbət bəsləyən insanlar əhatə edirdi.

Nasizmə nifrət edənlər Mussolinini tərk edirdi. Məsələn, Hitleri əclaf və kloun saç düzümlü adlandıran D’Annutsio hansısa naməlum şəraitdə zəhərlənir. D’Annutsioya qulluq edən tibb bacısı onun ölümündən sonra nədənsə Berlində peyda olur və Nasist Almaniyasının Xarici İşlər Nazirliyində işlə təmin olunur.

Yeni əhatəsinin təsiri altında Mussolini “İrqi manifest”i də təsdiq edir.

Abissiniyanın (Efiopiyanın) fəthi Roma imperiyasını yaratmaqda atılmış ilk addım idi, iflasla nəticələnən addım...

1945-ci ilin 27 aprelində partizanlar Mussolinini saxlayır və polkovnik Valerio heç bir məhkəmə qərarı olmadan, duçeni güllələyir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm