Tarix
Türk Cümhuriyyətinə nədən Azərbaycan adı verildi? - Professor açıqladı
Nəhayət ki, öz məşğulluğum səbəbindən ikinci nəşri yubanan “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabımı bu Əziz Gündə sizlərə təqdim edirəm.
2018-ci ildə Cümhuriyyətin 100 illiyi münasibətilə bu kitabın ilkin variantı kiçik tirajla nəşr olunmuşdu, dərhal yayıldığından özümdə cəmi 2 nüsxəsi qalmışdı. Çox soruşurdular. İkinci nəşri şərtləndirən digər səbəblər də var idi ki, onlar, eləcə də kitabın özü haqda aşağıdakı “Müəllifdən” adlı yazıda oxuya bilərsiniz. Ən mühüm səbəb isə mümkün qədər geniş oxucu dairəsini, xüsusilə gənclərimizi bir daha Cümhuriyyət tarixinin parlaq bir səhifəsi ilə tanış etmək və bu tarixi yaratmış Böyük Qurucuların hələ də layiqincə qiymətini almamış müstəsna xidmətinə diqqət çəkməkdir.
Publika.az xəbər verir ki, bu sözləri tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi deyib.
Tariximizi öyrənməyə və onunla fəxr etməyə səsləyən alim sözlərinə belə davam edib:
“Azərbaycan adlanan məmləkətdə doğulan və Azərbaycan adlanan dövlətin qədrini bilən, harada yaşadığından asılı olmayaraq özünü azərbaycanlı sayan və Azərbaycanın həqiqi dostu olan hər kəsi və hamını, bütün xalqımızı bu müqəddəs gün münasibətilə təbrik edib.
Əziz oxucum, təqdim olunan bu kitabla bəlkə də artıq tanışsan. Azərbaycan Cümhuriyyətinin 100-illiyinə və Cümhuriyyət qurucularının parlaq xatirəsinə həsr edilmiş “Cümhuriyyətin “Azərbaycan adlandırılması və onun tarixi əhəmiyyəti” adlı monoqrafiya ilk dəfə 2018-ci il 28 may İstiqlal bayramı ərəfəsində nəşr olunmuşdu və bu əsərdə Cümhuriyyət tarixinin ən önəmli səhifələrindən biri–yeni yaranmış dövlətə “Azərbaycan” adı verilməsi ətrafında yaşanan hadisələr işıqlandırılmışdı. “Azərbaycan” kəlməsinin Araz çayının şimal sahillərindəki torpaqlara tətbiqinin özlüyündə maraqlı tarixçəsi vardır. Hələ XIX əsrin sonları – XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın milli düşüncəli ziyalılarının təşəbbüsü və inadlı səyləri ilə Cənubi Qafqazın türk və qismən rus dilli mətbuatında gündəmə gətirilən “Azərbaycan” sözü davamlı şəkildə əvvəlcə “dil”, sonra “millət”, daha sonra “ərazi” anlayışlarına şamil edilməklə, nəhayət siyasi məzmun kəsb etmiş və son nəticədə müstəqil milli dövlətin adında həkk olunmuşdur.
İlk baxışda tarixin bir anı sayılacaq qədər qısa, cəmi 30 ilə yaxın bir zaman kəsiyində baş vermiş bu proses – Cənubi Qafqazın cənubi-şərqi ərazilərində Azərbaycan xalqının ilk dəfə öz milli dövlətçiliyini yaratması – Azərbaycan ziyalılarının və Cümhuriyyət qurucularının müstəsna qələbəsi idi və Cümhuriyyət tarixşünaslığı bu qələbənin hər səhifəsinin nəyin bahasına başa gəldiyini tam dolğunluğu ilə əks etdirir. Bu baxımdan M.Ə.Rəsulzadənin “Ah, Azərbaycan! Biz sənin həqqini tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər moarezlərə rast gəldik, nə töhmətlərə məruz qaldıq!....” sözləri yeni qurulan dövlətin “Azərbaycan” adlandırılmasının hansı maneələr (moarez), etirazlarla müşayiət olunduğunu ürəkdən gələn ağrı ilə ifadə etməklə bu tarixin daha bir səhifəsinə işıq salır. Bu sözlər eyni zamanda Cümhuriyyətin “Azərbaycan” adı ətrafında qalxan və getdikcə beynəlxalq xarakter alan gərginlik, münaqişə və böhranın aradan qaldırılmasında və uğurlu sonluqla başa çatmasında misilsiz xidmətləri olan bir Şəxsiyyətin tarixi şəhadəti sayıla bilər. Belə ki, 1917-ci ilin ortalarından başlayaraq məhz Məhəmməd Əmin Rəsulzadənin mətbuat səhifələrinə gətirdiyi “Azərbaycan muxtariyyəti” ifadəsi dərhal Cənubi Qafqazdakı hadisələri diqqətlə izləyən bir çox siyasi-ictimai qüvvələr və xarici dövlətlər arasında, xüsusilə qonşu İranda böyük narahatlıq doğurmuşdu. Bölgədəki rus-erməni, xüsusilə bolşevik-daşnak qüvvələri bu ifadədəki “muxtariyyət” sözünə diqqət yetirmiş, azərbaycanlıların da digər xalqlar kimi öz ərazilərində milli hüquqlarını bərpa etmək cəhdlərinin qarşısını almaq üçün sonluğu 1918-ci ilin mart faciələri ilə bitəcək bütün vasitələrə əl atmışlar.
Lakin bilavasitə “Azərbaycan” kəlməsi özü bu qüvvələrdə hər hansı narahatlıq yaratmamış, əksinə birmənalı şəkildə qəbul edilərək onların mətbuat orqanlarında geniş istifadə olunmuşdur. Bu mövzu monoqrafiyanın ikinci nəşrində ilk dəfə ayrıca bir fəsildə tədqiq edilmişdir.
İran mətbuatı ilkin olaraq bu ifadədəki hər iki kəlməyə münasibət bildirmiş, “Azərbaycan muxtariyyəti” deyərkən əvvəlcə İran Azərbaycanının nəzərdə tutulduğunu ehtimal etmiş, Rəsulzadənin yubanmadan verilən izahından sonra isə bütün diqqətini artıq “Azərbaycan” sözü ətrafında cəmləyərək hədəf kimi Məhəmməd Əmin Rəsulzadəni və onun lideri olduğu “Müsavat” partiyasını seçmişdir. Rəsulzadənin “Müsavat” partiyasının və Qafqaz türklərinin məqsədlərini açıqlamaqla bu əsassız hücumların qarşısını dərhal almaq cəhdləri baş tutmadıqda onun özü bu “mübahisələrə” cəlb edilmişdir. Məhəmməd Əmin bəyin İran mətbuatının kəskin tənqidi, bəzən təhqiramiz çıxışlarına özünün təsisçisi və redaktoru olduğu “Açıq söz” qəzetinin, daha sonra “Azərbaycan” qəzetinin səhifələrində verdiyi cavablar qonşu dövlətin ictimai-siyasi həyatında böyük əks-səda doğurmuş, nüfuzlu İran qəzetləri bu məqalə-cavabları fars dilinə çevirərək öz səhifələrində dərc etmiş, onlara “ön söz”lər, “sözardı”lar, ayrıca məqalələr yazmışlar. Son nəticədə İran mətbuatının bu çıxışları Qafqaz Azərbaycanına və onun əhalisinə qarşı iri miqyaslı və kəskin xarakterli polemika xarakteri almış, Cümhuriyyətin elanından sonra isə artıq siyasi məna kəsb edərək diplomatik və beynəlxalq səviyyədə Azərbaycan dövlətçiliyi üçün ciddi problemlər yaratmışdır. Beləliklə, İran mətbuatı və Rəsulzadə arasında 1917-1919-cu illərdə “Azərbaycan” adı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, Azərbaycan xalqı və milləti və digər bu kimi mövzularda davam edən polemika həmin dövr Azərbaycan-İran münasibətlərinin tərkib hissəsi olmuşdur.
“Mübahisəli” saydıqları bu mövzunun – Şimali Azərbaycanın bu ada haqqı olub-olmadığını – heç də tarixə çevrilməyərək hələ də öz aktuallığını saxladığı qənaətində olan İran tədqiqatçıları bu gün də dönə-dönə bu məsələyə qayıdır, məqalələr, kitablar yazır və onu mümkün qədər gündəmdə saxlamağa çalışırlar. Belə nəşrlərin arasında 2011-ci ildə Tehranda çıxmış “Azərbaycan - tarixin dalğalarında. İran milliyətçiləri ilə Bakı qəzetlərinin “Aran” adının “Azərbaycana” dəyişdirilməsinə dair mübahisələrinə bir nəzər.1917-1919-cu illər” adlı məqalələr toplusu xüsusi yer tutur. Göstərilən illərdə İran mətbuatında bu polemikanın əsasını təşkil etmiş məqalə və yazılardan, eləcə də həmin polemikada “Bakı qəzetləri”nin təmsilçisi Məhəmməd Əmin Rəsulzadənin cavab məqalələrindən ibarət olan bu toplu həmin dövr “Azərbaycan” adı ətrafında İranda coşan ehtirasların dərəcəsini nümayiş etdirməklə yanaşı bir çox digər məsələləri də özündə ehtiva edir. Belə ki, bu yazılarda iranlı müəlliflər qədim dövrlərdən başlayaraq İran, Osmanlı və Azərbaycan tarixinin ən müxtəlif dönəmlərinə və səhifələrinə nəzər salır, Azərbaycan adının əhatə etdiyi ərazilər, vilayət və şəhərlər, azərbaycanlı adlanan əhalinin etnik-milli kimliyi, iranlı və türk, İran və Qafqaz türkləri və d. bu kimi mövzuları geniş müzakirə edirlər. İstər 2018-ci ildə nəşr olunmuş monoqrafiyada, istərsə də onun təkmilləşdirilmiş indiki nəşrində “Azərbaycan” adı ətrafında gedən polemika ətraflı nəzərdən keçirildiyi üçün burada yalnız onunla kifayətlənək ki, İran mətbuatının həmin mövzudan xeyli kənara çıxaraq bir çox tarixi məsələlərə müraciət etməsi bu kitabın ikinci nəşrini şərtləndirən səbəblərdən biri olmuşdur. Belə ki, Azərbaycan oxucusunu, xüsusilə gənc tarixçiləri yuxarıda göstərilən mövzulara dair İran tarixşünaslığında artıq çoxdan oturuşmuş konseptual yanaşma ilə tanış etmək, onları bu sıradan ciddi elmi-tarixi diskussiyalara hazırlamaq məqsədilə adı çəkilən kitabdakı bütün məqalələr fars dilindən tərcümə edilərək monoqrafiyanın “Əlavələr” hissəsində dərc olunmuşdur.
Təbii ki, fars dilini bilən professional şərqşünaslar, iranşünaslar bu məsələlərdə iranlı alimlərin mövqeləri ilə yaxından tanışdırlar. Burada qeyd edilməlidir ki, sözü gedən Məqalələr toplusu İran tədqiqatçısı Kavə Bayat tərəfindən tərtib edilmişdir. Azərbaycan iranşünasları Cənubi Qafqaz tarixi üzrə mütəxəssis olan bu müəllifin əsərlərinə bələddirlər, onun bir çox məsələlər üzrə fikirlərini mübahisəli, bəzən qəbuledilməz saysalar da, öz yanaşmalarında müəyyən mənada obyektivliyi saxlamaq kimi cəhdlərini də qiymətləndirirlər. Kavə Bayatın tədqiqatları bizim tarixçilər üçün həm də çox geniş sənədlər bazası əsasında yazılması baxımından əhəmiyyət kəsb edir. Belə ki, bizlər üçün İranda qapalı olan bir çox arxiv sənədləri ilə məhz bu müəllifin tədqiqatları sayəsində tanış olmuşuq və yararlanmışıq. Odur ki, Azərbaycan tarixçiləri və oxucuları üçün də çox faydalı olan bu Məqalələr toplusunun hazırlanmasında çəkdiyi zəhmətə görə tarixçi həmkarımıza minnətdarlığımı bildirməklə yanaşı onu da qeyd etməliyəm ki, Kavə Bayat özü bu topluya həm də ətraflı bir “Müqəddimə” yazmışdır. Şəxsən tanıdığım və kifayət qədər ciddi tədqiqatçı kimi qəbul etdiyim, əslən İranın türk əsilli Qaşqay elindən, məşhur Bayat nəslindən olan bu alimin bütün toxunulan məsələlərdə mövqeyi təbii ki, digər iranlı müəlliflərin mövqeləri ilə üst-üstə düşür. Əslində kitabın ikinci sərlövhəsi–“İran milliyətçiləri ilə Bakı qəzetlərinin “Aran” adının “Azərbaycana” dəyişdirilməsinə dair mübahisələrinə bir nəzər” – özlüyündə Kave Bayatın 26 səhifəlik “Müqəddimə”sinin əsas qayəsini ifadə edir. Lakin monoqrafiya konkret tarixi dövrə aid olduğu, eləcə də qarşıya müasir İran tarixçilərinin bu məsələlərə münasibətini araşdırmaq məqsədi qoyulmadığı üçün bu irihəcmli məqalə - “Müqəddimə”nin tərcüməsini “Əlavələr” hissəsinə daxil etmək məqbul sayılmadı.
Fars dilli tədqiqatçılarımız arzu edərlərsə istər Kavə Bayatın, istərsə də digər iranlı müəlliflərin son onilliklərdə bu mövzularda yazılmış əsərləri ilə özləri tanış ola bilərlər. Lakin bu gün geniş oxucu kütləsinin, xüsusilə fars dilini bilməyən gənclərin Azərbaycan tarixinə olan marağı, bu mövzularda yazmaq, diskussiyalar aparmaq həvəsini nəzərə alaraq onların istifadəsinə verilən bu kitabdan layiqincə faydalanacaqlarına çox ümid edirəm. Bir daha vurğulamaq istəyirəm ki, qoyulan məsələlərə dair İran tarixşünaslığında hələ öz zamanında artıq formalaşmış mükəmməl konsepsiya ilə tanışlıq tariximizə fərqli, mübahisəli, bəzən hətta qərəzli baxışları və müddəaları sadəcə “inkar” etmək yolu ilə deyil, ciddi tarixi mənbələrə, faktlara, sənədlərə söykənərək elmi baxımdan əsaslandırılmış şəkildə tənqid və təkzib etmək imkanı yaradır.
Bu baxımdan azərbaycanlı tədqiqatçıların qarşısında möhtəşəm bir nümunə var. Vaxtilə Məhəmməd Əmin Rəsulzadə demək olar ki, təklikdə bütün bu “etirazçılar” ordusunun qarşısına çıxmış və onların bütün əsas müddəalarını bir-bir cavablandırmışdı. İran mətbuatının əsas tənqid hədəfi – “Müsavat” partiyasının lideri M.Ə.Rəsulzadənin bu cavabları qonşu ölkə qəzetçilərinin və müəlliflərinin birtərəfli hücumlarına və təhdidlərinə elmi polemika xarakteri vermiş, son nəticədə hər iki tərəf öz mövqeyində qalsa da, “Qafqaz türkü” Rəsulzadənin əsaslı arqumentləri, güclü məntiqi, fərqli fikirləri və yanaşması həmin dövr İran azərbaycanlıları arasında bu mövzuya böyük maraq oyatmışdır. Rəsulzadənin mövqeyini müdafiə edən yerli müəlliflərin – İran türklərinin bu polemikaya qoşulması ilə “İran milliyətçiləri” və “Bakı” qəzetlərinin “Aran” adının “Azərbaycana” dəyişdirilməsinə dair mübahisələri” artıq özünün ən yüksək həddinə çatmışdır ki, İran mətbuatının Azərbaycan adı ətrafındakı ehtiraslarının “soyumasında” bir sıra digər şərtlərlə yanaşı bu amil də güclü rol oynamışdır.
Artıq qeyd edildiyi kimi, İran qəzetləri M.Ə.Rəsulzadənin bütün bu cavab-məqalələrini hələ öz vaxtında fars dilinə çevirərək dərc etmiş, Kavə Bayat da M.Ə.Rəsulzadənin həmin məqalələrini adı çəkilən topluya salmışdır. Burada İran tədqiqatçısının bu zəhmətinin daha bir faydalı nəticəsini qeyd etmək istərdim. Monoqrafiyanın “Əlavələr” hissəsini hazırlayarkən, təbii ki, mən Məhəmməd Əmin bəyin sözü gedən məqalələrinin Azərbaycan dilindəki orijinallarını – doğrudur, artıq latın qrafikasına çevrilmiş variantda - kitaba daxil etməyə qərar vermişdim. Lakin vaxtilə Rəsulzadənin 1920-ci ilə qədərki əsərlərinin transliterasiyası kimi böyük zəhməti öz çiyinlərinə götürmüş Ustadımız Şirməmməd Hüseynovun hazırladığı 5 cildliyə müraciət edərkən məlum olmuşdu ki, Məhəmməd Əmin bəyin Tehran nəşrindəki Məqalələr toplusunda yer almış “Azərbaycan muxtariyyəti” məqaləsi bu 5 cildliyə düşməyib. Məsələni araşdırarkən “Açıq söz” qəzetinin 22 dekabr 1917-ci il tarixli 635- ci sayında Rəsulzadənin iki məqaləsinin dərc olunduğu, Şirməmməd müəllimin köməkçisinin 1-ci səhifədəki məqalənin üzünü çıxarıb, 2-ci səhifədəki “Azərbaycan muxtariyyəti” məqaləsini nəzərdən qaçırdığı aydınlaşdı. Beləliklə, Tehran nəşrinə səbəb Rəsulzadənin diqqətdən yayınmış bir məqaləsi aşkar edildi və müəllif tərəfindən “Açıq söz” qəzetindəki orijinaldan latın qrafikasına keçirilərək geniş sözlüyü ilə birlikdə ilk dəfə oxuculara təqdim olunur.
“Azərbaycan muxtariyyəti” əslində Rəsulzadənin İran mətbuatı ilə polemikası sırasında ilk cavab-məqalə sayılır. Belə ki, Tehranda çıxan “İrşad” qəzetinin Rəsulzadənin “Açıq söz”ün 1917-ci il 8 dekabr tarixli sayında dərc edilmiş “Millətlərin hüququ və hərəkətləri” adlı məqalədə işlədilən “Azərbaycan muxtariyyəti” ifadəsinə qarşı kəskin reaksiyasına azərbaycanlı redaktor bu ifadəni başlığa çıxararaq dərhal cavab vermiş və bununla da hər cəhətdən maraqlı bir diskussiyanın əsası qoyulmuşdur. Monoqrafiyada bütün bu məsələlər geniş tədqiq olunduğundan burada onunla kifayətlənək ki, İran mətbuatı hətta Cümhuriyyətin süqutundan sonra da bu məsələni gündəmdə saxlamış və Rəsulzadənin artıq siyasi mühacirətdə, 1923-cü ildə İstanbulda nəşr etdirdiyi “Azərbaycan Cümhuriyyəti” kitabına kəskin reaksiya vermişdir. Rəsulzadənin “Azərbaycan” məsələsi ilə bağlı İrandan gələn hücumlara etinasız qalmadığının daha bir nümunəsi kimi onun 1923-cü ildə “Yeni Qafqasiya” jurnalında dərc olunmuş “Zəruri bir izah” yazısı da “Əlavələr” hissəsinə daxil edilmişdir.
Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan” adı, Azərbaycan tarixi, xalqı, onun keçmişi və hazırkı durumu, eləcə də siyasi taleyinə dair əsərləri onun çoxşaxəli yaradıcılığının mühüm bir istiqamətini, bu adla bağlı İran mətbuatı, cəmiyyəti və dövləti tərəfindən gələn etiraz və təhdidlərə verdiyi cavab-məqalələri isə siyasi publisistikasının ayrıca bir qolunu təşkil edir. Hələ iri həcmli əsərləri bir kənara qoyularaq, onun “Əlavələr” hissəsinə daxil edilmiş 6 məqaləsi kifayətdir ki, Rəsulzadə zəkasının yeni bir müstəvidə tam qüdrəti ilə üzə çıxdığını görəsən. Qədim dövrlərdən başlayaraq müasiri olduğu zaman çərçivəsində istər Şərq, istərsə də Qərb ölkələri tarixinə dair mühakimələr yürütmək səviyyəsində bilgili olması, orta əsrlərə dair müxtəlif mənbələr və xarici elmi ədəbiyyatla yaxından tanışlığı, beynəlxalq hüququn bir çox sahələri, xüsusilə dövlətçilik və xalqların hüquqlarına dair geniş məlumatlılığı, Şərq fəlsəfəsi, folkloru və poeziyasına bütün incəliklərinə qədər varidliyi və digər bu kimi keyfiyyətlərdən tutmuş yüksək polemika mədəniyyəti, məntiqə söykənən düşüncə tərzi, zəngin söz ehtiyatı, özünəməxsus dil və yazı üslubu Rəsulzadənin bütün məlum reqaliyaları ilə yanaşı onun həm də Böyük İntellektual olduğunun təsdiqidir.
Məhəmməd Əmin bəyin əsərlərindən danışarkən bir məqam etiraf edilməlidir ki, Rəsulzadənin Şərq dilləri və ədəbiyyatının güclü təsiri altında formalaşmış yazı dili və üslubu müasir oxucu üçün bir qədər ağır və çətin anlaşılandır və bunun da yəqin ki, öz səbəbləri vardır. Burada Məhəmməd Əmin bəyin yetişdiyi və yaşadığı dövrün ədəbiyyatının və mətbuatının dil və üslub xüsusiyyətləri, onun hələ yeniyetmə yaşlarından fars, ərəb, türk dillərini yaxşı bilməsi, müxtəlif Şərq dillərində geniş mütaliəsi, ayrı-ayrı mədəniyyətlərin və dillərin daşıyıcıları olan insanlarla sıx ünsiyyəti, eləcə də klassik Şərq üslubuna uyğun obrazlı ifadə tərzi, dil qanunları gözlənilməklə mürəkkəb cümlələr qurmaq məharəti və sözsüz ki, müstəsna publisist istedadı nəzərə alınmalıdır. Odur ki, bu 6 məqaləni təqdim edərkən onları qismən də olsa bu günki dilimizə uyğunlaşdırmaq yoluna deyil, müasir oxucuya sözlüklər və izahlar vasitəsilə Rəsulzadə dilini və üslubunu bütün rəngarəngliyi, zənginliyi və gözəlliyi ilə qavramaq və duymaq imkanı yaratmağa üstünlük verildi.
Əziz oxucum, təqdim edilən kitabı oxuduqca bu gün hər kəsin və bütün dünyanın “Azərbaycan” adı ilə tanıdığı ölkənin məhz bu adla tanınması üçün gedilən bir yola nəzər salacaqsan. Və bu yolda meydana çıxan bütün maneələrə, çətinliklərə, töhmətlərə davam gətirərək məqsədlərindən dönməyən, məhz bu ada söykənərək böyük uzaqgörənliklə “vahid ərazi, vahid millət” konsepsiyasının əsasını qoyan görkəmli ziyalılarımızın, Cümhuriyyət xadimlərimizin və o cümlədən, Məhəmməd Əmin Rəsulzadənin xidmətlərini layiqincə dəyərləndirəcəyinə əmin olmaq istərdim”.
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO