Müsahibə
Mərhum bəstəkarın bacısı: “Deyirdi ki, istəyirəm oğlum məndən qabaq ölsün”- MÜSAHİBƏ/VİDEO
Yaradıcı insanlar ölümündən sonra da bir ömür yaşayır. Yaratdığı, yadigar qoyub getdiyi əsərlərlə. Şəfiqə xanım da ölümündən sonrakı ikinci ömrünün yolçuluğuna çıxanlardandır. İndi onu musiqiləri yaşadır. Bu musiqiləri dinləyib, ruhumuzu təzələyə, könlümüzü bəzəyə biliriksə, demək ki, yaşayır.
Xalq artisti, Şərqdə ilk opera yazan qadın bəstəkar, yüzlərlə mahnılara can verən Şəfiqə Axundovanı deyirəm. Yaşasaydı, 92 yaşını qeyd edəcəkdi…
Onu bacısı Rəfiqə Axundova ilə birgə "Xatırla məni" layihəsində yad edirik.
Publika.az-a müsahibə verən Rəfiqə xanım sevilən bəstəkarımızla bağlı sirləri də açıb-tökdü.
- Rəfiqə xanım, bilirik ki, ömrünün son illərini Şəfiqə Axundova sizin yanınızda qalıb, ona hayan olub, ən çətin günlərində onun qayğısına qalmısınız. Bir bacı kimi onun yoxluğunu daha çox hansı məqamlarda hiss edirsiniz?
- Şəfiqənin yoxluğu məni yandırıb-yaxır. Onu bir dəqiqə də unuda bilmirəm. Evdə hər şey onu xatırladır. Oturduğu divan, şəkillər… Hər dəfə onun musiqilərini eşidəndə ürəyim param-parça olur.
- Çox həyatsevər idi, müsahibələrində həmişə deyirdi ki, ölmək istəmirəm…
- Həyata və insanlara vurğun idi. Ölümündən iki ay əvvəl dedi ki, məni Şəkiyə apar. Doğulduğu ata-baba yurduna apardım. Şəkinin bütün gəzməli-görməli yerlərinə baş çəkdi, heç yorulmadı. İstədiyi yerləri gəzəndən sonra qəfildən ayaqları tutuldu, Şəkidə onu həkimə apardıq. Həkim dedi ki, təcili Bakıya xəstəxanaya çatdırmalısınız. Ordan birbaşa xəstəxanaya gəldik. Vəziyyəti pis idi, nə qədər dava-dərman olunsa da, çarə olmadı. Elə orda dünyasını dəyişdi.
- Son sözü nə oldu?
- Məsum baxılşarla üzümə baxıb dururdu. Nə qədər soruşdum ki, Şəfiqə, mənə sözün varmı? Heç nə demədi.
- Ürəyində bir niskili, dərdi vardımı? Hansı ki, onu özüylə məzara daşıdı?
- Vardı. Şəfiqənin dərdi oğul dərdi idi. Gözünün ağı-qarası bircə oğlu vardı, o da xəstə. Həmişə deyirdi ki, istəyirəm oğlum məndən qabaq ölsün, çünki mən ölsəm, ona baxan olmayacaq. Amma mənim yanımda qalandan sonra deyirdi ki, yox, Talehin ölümünə dözə bilmərəm.
- Mənə demişdiniz ki, Talehin ölümünü Şəfiqə xanımdan gizlətmişdiniz. Ömrünün sonuna qədər bundan xəbərsiz oldu, yoxsa açıb dediniz?
- Düz iki il oğlunun ölümünü ondan gizlətdim.
- Bunu necə elədiz?
- Taleh xəstəxanada öldü, evə gətirdik. Göz yaşımızı içimizə axıtdıq. Bir otaqda Şəfiqə ağır vəziyyətdə yorğan-döşəkdə yatırdı, o biri otağa Talehin cənazəsini qoymuşduq. Qapını örtüb mollaya tapşırmışdıq ki, “Yasin”i astadan oxusun. Şəfiqə duyuq düşmüşdü. Qohumlardan soruşurdu ki, nə olub? Mən ona dedim ki, nəvəm ali məktəbə daxil olduğu üçün qonaqlıq edirik. Biz onun yasını da başqa yerdə verməyə məcbur olduq.
- Bəs necə oldu, oğlunun ölümündən xəbər tutdu?
- Bir gün divanda ikimiz oturub söhbətləşirdik. Qəfildən dedi ki, Rəfiqə, Talehin yanına niyə getmirsən? Həftədə üç dəfə Talehə yemək aparırdım axı. Demə, hiss edib ki, onun yanına getmirəm. Sualdan yayındım, amma mənə israrla and verdi ki, həqiqəti söyləyim. Açdım dedim ki, bəs artıq Taleh bizim aramızda yoxdur.
- Reaksiyası necə oldu?
- Heç nə. Bir kəlmə də danışmadı. Heykəl kimi donub qaldı. Sanki şok keçirdi.
- Heç dedimi ki, məni onun qəbri üstə apar?
- Yox. Xəbər onu elə sarsıtmışdı ki, bu mövzuya toxunmurdu. Elə bil qorxurdu. Sözün düzü, heç mən də onu qəbir üstə aparmazdım. Bəlkə həmin dəqiqə Şəfiqənin ürəyi partlayıb ölərdi.
- Oğlu da bədbəxt idi, eləmi?
- Taleh uşaqlıqdan xəstə idi, amma əvvəl-əvvəl xəstəlik özünü büruzə vermədi. Sonradan şiddətləndi, ruhi xəstəxanada müalicə olundu.
- Evlənmişdi?
- Evliliyi qısa müddət çəkdi. Rayondan qız almışdıq, o da çıxıb getdi. Uşaqları da olmadı. Bu barədə danışmaq mənə ağırdı. Taleh çox istedadlı musiqiçi idi. Tofiq Quliyev onu "canlı orkestr" adlandırırdı.
- Şəfiqə xanım özü də xoşbəxt qadın deyildi, eləmi?
- Sənətində xoşbəxt idi, amma qadın və ana kimi bədbəxt idi.
- Həyat yoldaşından xəyanətə görə ayrılmışdı?
- Yox. Şəfiqə iki dəfə ərdə olmuşdu. İkinci həyat yoldaşı, Talehin atası aqronom idi. Şəfiqə onu işə də düzəltmişdi. Amma bir müddətdən sonra o bacımı atıb getdi.
- Şəfiqə xanım gözəl qadın idi, nə əcəb yenidən ailə qurmadı?
- Özü istəmədi. Kişilərə inamı qalmamışdı.
- Mənə müsahibələrinin birində demişdi ki, Səməd Vurğun “Aygün” poemasını onun həyatına həsr edib?
- Mənə də demişdi. O filmdə Şəfiqənin “Xatirələr” adlı romansı da səslənib.
- Səməd Vurğunla münasibətləri vardı?
- Hə, Səməd Vurğunun bir neçə şeirinə mahnı da bəstələmişdi.
- Şəfiqə xanım ən çox hansı mahnısını sevirdi?
- Flora Kərimovanın oxuduğu “Həyat, sən nə şirinsən” mahnısını dinləməkdən doymurdu. Özü də demişdi ki, cənazəsi öləndə o mahnının sədaları altında götürülsün.
- Arzusuna əməl etdiniz?
- Hə, həmin musiqi sədaları altında son mənzilə köçdü.
- Hansı müğənnilərin ifasında mahnılarını eşitməyi xoşlayardı?
- Heç birinə fərq qoymurdu.
- Sağlığında bir vəsiyyət etmişdi?
- Həmişə deyirdi ki, öləndə onu Talehin yanında basdıraq. Amma onu ikinci Fəxri Xiyabanda dəfn etdilər.
- Heç yuxunuza girir?
- Çox az-az. İstəyirəm, yuxuma gəlsin, mənimlə danışsın, amma gəlmir. Məni çox istəyirdi. Həmişə deiyrdi ki, Rəfiqə sənin üzərimdə haqqın çoxdur, buna görə xəcalət çəkirəm. Mən ölənə qədər onnu qulluğunda durdum, qoymadım çətinlik çəksin. Mənə əzəiyyət verdiyinə görə utanırdı.
- Ürəyində arzuları qaldı?
- İstəyirdi Şəkidə evi olsun. Amma kasıb olduğu üçün bu arzusunu reallaşdıra bilmədi.
- Doğrudurmu ki, mahnılarını satmırmış?
- Şəfiqə mahnılarını satmayıb, elə buna görə də həmişə kasıb yaşayıb. Xəstə olanda onun evini satıb dava-dərmanına xərclədik. Kaş xəstə olsa da, yanımızda olaydı. Quru nəfəsi də mənə bəs idi. (ağlayır)
- Əslində Şəfiqə xanım bu gün də bizimlədir, onun musiqiləri onu yaşadır.
- Mənim də arzularım var. Çox istərdim ki, Şəfiqə xanımın adına bir küçə, yaxud, mədəniyyət obyekti olsun. Şəkidə dədə-baba evimiz vardı, onu başqa bir adama satmışıq. O evi indi 10 min manata satırlar. Arzum budur həmin evi alıb, bacımın ev muzeyini təşkil eləsinlər. Şəfiqə Axundova şərqdə ilk opera yazan qadın bəstəkardır, onun adını əbədiləşdirmək hər birimizin borcudur.
- İnşallah, o da olar. Bir gün gələr onun Şəkidəki ev muzeyində oturub söhbətləşərik.
- Allah ağzından eşitsin.
- Yəqin ki, əlaqədar qurumlar eşidəcək.
Cəvahir Səlimqızı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
















.jpg)




















