Nəhəng alətin zərif professoru - Ömrümün qalan hissəsini də ona bağışlayacağam
Bizi izləyin

Müsahibə

Nəhəng alətin zərif professoru - Ömrümün qalan hissəsini də ona bağışlayacağam

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova Publika.az-a müsahibəsində “alətlərin şahı” hesab edilən orqan haqqında dolğun məlumat verib.

- Öncə musiqinin sizin həyatınızdakı rolundan başlayaq, orqan sizin üçün nədir?

- Demək olar ki, bütün həyatımı bu sənətə, bu möhtəşəm musiqi alətinə xərcləmişəm. Orqan mənim həyatımdır. Bu alətlə bağlı 30-dan çox elmi məqalə, metodiki işlər, monoqrafiyalar, proqramlar, orqan üzrə “Alətlər şahı”, “Orqan terminologiyası lüğəti” Qara Qarayevin seçilmiş əsərlərinin orqan üçün köçürmələrini və başqa əsərləri yazmışam. Bir sözlə, bütün həyatımı bu musiqi alətinə həsr etmişəm.

- Ömrünüzü həsr etdiyiniz musiqi alətinin tarixi hansı illərə dayanır?

- Bu alət o qədər qədim və maraqlıdır ki, bizə onun haqqında danışmağa bəlkə də günlər lazımdır. Bu əvəzsiz alətin “əcdadlarından” biri bizim eradan əvvəl yaranmış “Vavilon Volinkası”dır. O alətdə də dəri boru hava ilə dolurdu və əks tərəfdə tütəklər yerləşirdi ki, indi gördüyünüz kimi, həmin tütəklərin üzərində də dilçəklər və deşiklər var idi. Əslində onun “əcdadı”nın müxtəlif alətlər olduğunu deyirlər. Çünki o qədər mürəkkəbdir ki, onu digər alətlərə çox bənzədirlər. İlk aləti isə Misir Aleksandriyasında e.ə. 296-228 illərdə Ktesibiy yaratmışdı. Ona oxşayan şəkli biz Neron zamanının dəmir pulunun üzərində görə bilərik. İlk alət indikilərə nisbətən daha kiçik idi, lakin sonra daha böyük həcmli orqanlar yaradıldı. Daha da təkmilləşmə isə VII-VIII əsrlərdə oldu və Roma papası Vitalian orqanı katolik kilsəyə daxil etdi.

- Sizcə, orqan çox nəhəng alət deyil?

- Elə onun səsini gözəlləşdirən də nəhəngliyidir. Orta əsrlərdə orqanlarda manual klaviaturasının böyük dilləri vardı, eni 5-7, arasındakı məsafə isə 1.5 sm olurdu. Orqan ifaçıları buna görə onu barmaqları ilə yox, yumruqları ilə ifa edirdilər. XV əsrdə isə dillərin ölçüsünü kiçildib, boruların sayını artırmışdılar. Borular nə qədər çox olsa, yəni orqanın həcmi nə qədər böyük olsa, o, bir o qədər də daha möhtəşəm ifaya malik olar. Orqan zirvəyə XIX əsrdə fransız orqan ustası Aristid Kavaye Kollunun dövründə çatmışdı. O, orqanın səslənməsini elə nəhəng və dolğun etmək istəyirdi ki, simfonik orkestrin səslənməsiylə yarışa bilsin. Beləliklə, əvvəllər tarixdə görünməyən, həm həcmi, həm də səslənməsi ilə nəhəng olan orqan həyata gəldi. İndi gördüyünüz bu orqanın hissəsi onun, sadəcə fasadıdır. Ancaq alətin içərisi bir sinif otağını təşkil edir. İçərisində 30 minə yaxın turba yerləşdirilir. Təbii ki, bu, orqanın həcminə görə dəyişir. Gördüyünüz orqanda 20 min turba var. Bu cür orqanları hərdən “Simfik Organ” və “Orkestr alət” adlandırırlar.

- Manuallar nələrdir?

- Manuallar əllər üçün nəzərdə tutulmuş yuxarı hissədə gördüyünüz dillərdir. Onu da deyim ki, bu gördüyünüz bütün manualların öz adları var və onların hamısının adı alman dilindədir. Məsələn, əsas manualın adı “Hauptverk”dir ki, bu, mütləq olmalıdır. Bu manualların adları fransız və ingilis dillərində fərqli adlanır. Reqistrların da adları ölkələrə görə dəyişir. Bir orqan ifaçısı, mütləqdir ki, reqistrların adlarını digər dillərdə də bilsin. Manualların zənginliyi orqanın zənginliyindən xəbər verir.

- Orqana daha çox kilsələrdə rast gəlirik. Kilsə üçün nəzərdə tutulan bir musiqi alətidir?

- Bu alətin başı o qədər çox çəkib ki... (köks ötürür) Mənim fikrimcə, simfonik alətlər kilsədə doğulub. Elə orqan da. Hətta orqan əvvəllər kilsə aləti kimi düşünülürdü. Lakin müharibə illərindən sonra insanlar onu evlərində də quraşdırmağa, yaymağa başladılar. Və tədricən kilsədən çıxarda bildilər. Orqan XIX əsrdən müstəqil fəaliyyət göstərə bildi. Onu artıq səhnələrdə ifa edirdilər. Ərəb traktatında da onun hissələri haqda qeyd edilib.

- Ölkəmizə nə zaman gətirilib bu əzəmətli alət?

- Ölkəmizə ilk gəlişi, əslində qədimlərə dayanır. Məsələn, biz ona Nizaminin “Xəmsə”sindəki bütün poemalarda rast gəlirik. Orda ona “ərqanun” və ya “ərqanon” deyirdilər. Mən bunu öz kitabımda da (“Alətlərin şahı”) qeyd etmişəm. Lakin bizə yaxın illəri nəzərdə tutsaq, ilk orqan 1939-cu il də Üzeyir Hacıbəyov tərəfindən alman kilsəsindən gətirilib və onu konservatoriyada quraşdırıb. Əvvəllər burada konsertlər təşkil edilirdi. Yeri gəlmişkən, onu da xatırladım ki, ilk orqan ifaçısı mənim müəlliməm Zəhra xanım Cəlilova olub. Ancaq müharibə başlayanda bu zal hospitala çevrilmişdi. Və o zaman əsgərlərdən heç kəs bilmirdi ki, bu nədir. Ona görə də onun turbalarını digər işlərdə istifadə etmək üçün söküblər. Bu orqanı tamamilə korlamışdılar. Müharibə illərində Kirxa kilsəsindəki orqan yuxarı hissədə qurlaşdırılmışdı. 2001-ci il də cənab prezident İlham Əliyevin təşəbbüsü ilə təmir edilərək yenidən aşağı düşürülüb. Gördüyünüz bu orqan isə 1960-cı ildə quraşdırılıb, zalda yerləşən ikinci orqan isə 1964-cü ildə qurulub və o gündən bu günədək bizimlədir.

- Dediniz ki, alət elə quraşdırılıb ki, səsi orkestri əvəz edə bilsin. Belə çıxır ki, onu ifa etmək üçün orkestrdəki bütün alətlərdə ifa etməyi bacarmalısan?

- Dediyim kimi, çox dərin bir alətdir və eyni zamanda da çox fəlsəfi bir alətdir. Həmçinin insan dərin biliklərə də yiyələnməlidir, çünki yiyələndiyin bütün biliklər hamısı təfəkkürü inkişaf etdirir və orqanı daha da yaxşı anlayar, dərinliyinə vara bilirsən. Bunun üçün musiqinin bütün sahələrini bilmək lazımdır. İfaçılıq tarixini, musiqinin tarixini, nəzəriyyəsini, ədəbiyyatı, dinləri bilmək, öyrənmək lazımdır. İnsan gərək biliyini artırsın ki, orqanın dərinliyini görə və əsərləri duya bilsin. Klassika, barokko, romantizm dövrlərini dərindən bilməyi nəzərdə tuturam. Bütün bu xüsusiyyətlərinə görə də orqan “alətlərin şahı” adını almışdır. “Orkestr alət” adlanması isə simfonik orkestr səsinə bərabər olması ilə bağlıdır.

- Manualların quruluşu necədir?

- Manuallar həm mexaniki olur, həm də müasir dövrdə onun mini elektron versiyalarını da yaradıblar. Lakin onu yalnız tədrisdə istifadə etmək mümkündür. Təbii ki, mexaniki orqanı əvəz edə bilməsə də, akademiyamızda bir elektron orqan da var.

- Manuallar əllər üçün nəzərdə tutulubsa, aşağıda yerləşən o qədər pedal nə üçündür?

- Digər musiqi alətlərinə nisbətən burda diqqət daha çox tələb edir. Çünki burada həm əllər, həm də ayaqlar işləyir. Məsələn, pianoda da pedal var, lakin burda tək pedallardan istifadə olunmur. Ayaqlar üçün nəzərdə tutulmuş manuallar qədər aşağıda da pedallar yerləşir. Yəni siz ifa edərkən həm pedallardan, həm də manuallardan istifadə etməlisiniz.

- Bu nəhəngin tez-tez təmirə ehtiyacı olur, yəni köklənməsinə?

- Elə də çox yox, 10 ildən bir mütləqdir ki, köklənsin. Bu sualınızla mənə bir şeyi xatırlatdınız. Deməli, illər öncə hər iki orqanı kökləmək lazım idi. Hətta elə bir məqama gəlib çıxmışdı ki, atıq ifa etmək mümkün deyildi. Ona görə xaricdən ustalar dəvət olunmalı idi. Həm də böyük maliyyə tələb olunurdu. Lakin əlimizdə bu qədər maliyyə olmadığından, dəvət edə bilmirdik. Səfirliklərdən kömək göstərmələrini istədim. Uşaqlar da alətsiz qalmasın deyə, iki elektron orqan aldım ki, tədris edə bilim. Az qala hər gün səfirlikləri gəzirdim ki, köməklik edilsin. İki il sonra Amerika səfirliyindən cavab gəldi ki, biz maliyyələşdirərik. Maraqlı bir faktı da deyim ki, dünyada hər bir orqan təkdir və ehtiyat hissələrini yalnız onu düzəldən şirkətdə tapmaq mümkündür. Elə həmin şirkət 30 min dollar tələb edirdi ki, gəlib təmir etsinlər. Səfirlik pulu şirkətin bank hesabına köçürdü və Almaniyadan iki usta gəldi. Onlar ay yarım ərzində aləti təmir etdilər. Hər gün saat 7-də başlayıb 10-a qədər işləyirdilər. Digər orqan üçün də Polşadan usta çağırdıq. Onun da xeyli şərtləri oldu. Həyat yoldaşı ilə gəldi, qalmaq, yemək xərclərini qarşıladıq. Bu haqda Mədəniyyət Nazirliyinə məktublar yazmışdıq. Cavab gəldi ki, o qədər maliyyə ayıra bilmirlər. Təəssüf ki, artıq mən yaşlaşmışam və bütün səfirlikləri gəzib bu haqda məlumat verə bilmirəm.

- Bu orqanda neçə musiqi alətinin səsini eşidə bilərik?

- Simfonik orkestrə daxil olan bütün alətlərin səsini eşidə bilərsiniz.

- Yeri gəlmişkən, Azərbaycanda neçə orqan var?

- Türkiyədə 29 orqan aləti var. Bizdə isə ikisi mexanik, biri elektron olmaqla 3-ü akademiyamızda yerləşir. Biri Kirxa kilsəsində, digəri isə Şəmkirdəki Alban məbədindədir. Digər kilsələrin də orqanla təmin edilməsini çox istəyirəm. Qismət olsa, bunun üçün çalışacağam.

- Konsertlər harada təşkil edilir?

- Bu alətlə zallarda konsert vermək mümkün deyil, çünki bu alət quraşdırıldığı yerdə də qalır. Buna görə də konsertlər zallarda deyil, kilsələrdə verilir.

- Tələbələrinizdən necə, razısınızmı?

- Öncəki tələbələrim indi xaricdə bizi təmsil edirlər. Dəfələrlə birincilik əldə ediblər. İtaliya, Finlandiya, Türkiyədə birinci yeri tutublar. Onlardan biri – Natəvan xanım elə ölkəmizdə də tezliklə konsert proqramı ilə çıxış edəcək. Lakin indikilərə baxıb öz tələbəlik illərimi nəzərdən keçirəndə, görürəm ki, çox tənbəldirlər. Bizə günün hansı saatı deyilsəydi, gəlib ifa edirdik. İndikilər isə elə deyillər. Düşünürəm ki, bu alətə daha çox diqqət edilməli və tanıdılması üçün hərəkətə keçmək lazımdır. O zaman həm özümüzdə, həm də xarici ölkələrdə sənətkarlarımızı tanıyarlar. Ömrümün əksər hissəsini bu əvəzedilməz alətə sərf etmişəm, qalan hissəsini də ona bağışlayacağam.

Samira Sərkər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm