Müsahibə
Onun əlini morqda "danışdırdıq" - Canının ağrıdığını hiss etdik
“Danışan əllər” layihəsi cəmiyyətdə böyük əks-səda doğurdu. Layihəsinin təsisçilərindən olan heykəltəraş Namiq Hüseynov Publika.az-a müsahibəsində ideyanın necə yaranması, gerçəkləşməsi prosesindən danışıb.
- “Danışan əllər” layihəsi necə yarandı?
- Layihənin ideyası müharibə vaxtı yaranıb. İdeya Kənan Əliyevlə mənə məxsusdur. Layihənin yaranmasının əsas səbəblərindən biri Prezidentin çıxışları olub. Dəmir yumruğun gücü və ətrafına yığışan xalqımız bizi ilhamlandırdı. Torpaqlarımızı müharibə iştirakçıları, şəhidlər və qazilərimizin əli ilə işğaldan azad etmişik. Biz də belə bir fərqli kompozisiya yaratmaq istədik. Müharibədən sonra onun qəhrəmanları ilə danışıqlar aparmağa başladıq. Bəziləri imkan tapdıqca emalatxanamıza gəlirdilər.

-Öncə kimlərin əllərini danışdırdınız?
- İlk danışdırdığım əllər əsasən, qazi və müharibə iştirakçılarının idi. Daha sonra Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələri, tanınmış teatr və kino xadimləri, idmançılar, ədəbiyyatımızın tanınmış nümayəndələri, həkimlər, siyasətçilər, dünyada və ölkəmizdə uğur qazanmış şəxslər, Vətən müharibəsi iştirakçıları, hətta bəzi nazirlərin də əlini danışdırdıq. Bu fərqli sənət sahələrini təmsil edən insanların əllərinin əks olunduğu nümunələr bizə onların yaradıcılıq dünyasının cizgilərini görmək, hiss etmək imkanı yaratdı. Emalatxanadakı bütün əllərə diqqət yetirdikdə, onların hər birinə öz sahibinin məsləyinin ab-havasını ötürdüyünü hiss etmək olur. Bu nümunələrdə əl sahiblərinin enerjisini də duymaq mümkündür.

- Bəs məşhurlardan ilk kimin əlini danışdırmısınız?
- Yadımdadır fevralın 23-ü, pandemiya dövrü idi. 90 yaşını yenicə qeyd etmiş Nəriman Həsənzadənin evinə getmişdik. Nəriman müəllim bizi ağzında maska, əlində əlcəklə qarşılamışdı. (gülür) İstər-istəməz virusdan ehtiyat edirdi. Əvvəl heç istəmidiyini bildirən Nəriman müəllim, sonra qızı Xatirə xanımın təkidi ilə razı oldu. Nəriman müəllimin əlini qələmi ilə danışdırdıq. Düzü, birinci dəfə alınmadı. Hələ də niyə alınmadığı maraqlıdır. Ya dərman köhnə idi, ya da əlində əlcək olduğu üçün. Onu birinci əl kimi hələ də muzeyin ilk eksponatı kimi saxlamışıq. Hətta deyirdi ki, bu nə materialdır, əllərim donur. 3-4 aydan sonra icazə alıb, yenidən hazırladıq. Elə ilk xeyir-duamızı da o verdi. Bildirdi ki, bu gözəl, tarixi layihədir, qalacaq və daha çox inkişaf edəcək.

- İşə necə başladınız, hazırda necə davam edir?
- Təəssüflər olsun ki, layihənin başlaması pandemiya vaxtına düşdü. Çox insanlarla görüşmək şansımız yox idi. Çünki o zamanlar çox çətin idi. Ölkədə gəzmək imkanımız belə yox idi. Xəstəliyə görə yaşlı insanlarla görüşə bilmirdik. Neçə məşhur əli danışdırmaq istədik, amma alınmadı. Albert Mustafayevin əllərini düzəltmək istəyirdim. Çoxu dedi ki, ona nə olsa, məsuliyyəti sən daşıyırsan. Razı olsam da, çox həyəcanlı idim. Amma şükürlər olsun ki, heç nə olmadı. Rahatlıqla hazırladıq. Hazırda gözlədiyimizdən də daha yaxşı inkişaf edirik. Getdikcə daha çox əl danışdırmağa başladıq. Belə-belə, layihəni böyütdük. Qərara aldıq ki, tək Azərbaycanla kifayətlənməyək. Danışdırdığımız əllər içində məşhur yazıçı Oljas Süleymanovun, Ənvər Paşanın nəvəsi Arzu xanımın, sonuncu Osmanlı Sultanı II Əbdülməcidin nəvəsinin, sabiq səfir Hulusi Kılıçın əlləri var. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Azərbaycan Respublikası Müdafiə Sənayesi Naziri Mədət Quliyevin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Azərbaycanın sabiq Təhsil naziri Misir Mərdanovun, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin və digər məşhurların əlləri ilə də söhbətləşmişik.

- Ümumillikdə neçə əllə söhbət edibsiniz?
- Təxminən 180 əl danışdırmışıq. Onlardan 100-ü Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ilk dəfə “Danışan əllər” layihəsi çərçivəsində “Nine Senses” yaradıcılıq və özünü inkişaf üçün incəsənət mərkəzində “Əldən-ələ, dahidən dahiyə: 100” adlı sərgidə təqdim edilib. Sərgidə Heydər Əliyevlə görüşmüş, ondan fəxri adları almış Milli Qəhrəman, olimpiya çempionu, sənətçi və elm adamlarının əlləri var idi. Bununla yanaşı başqa maraqlı kompozisiya düzəltmişdik. 100 rəqəmi, onun da üzərində əllərini danışdırdığımız şəxslərin Heydər Əliyevlə fotoları var idi. Əslində 99 əl danışdırmışdıq. Sərgidən 3 gün öncə Leyla Əliyevanın da əlinin hazırladıq.

- Danışdırmaq istədiyiniz əl varmı?
- Ən çox danışdırmaq istədiyimiz Prezidentin əlidir. Hətta (əli ilə rəflərin birində yumruq heykəlini göstərir) qardaşımın bir neçə dəfə əlini yumruq şəkilində düzəltmişik. Adətən əlləri açıq şəkildə düzəldirik. Yumruq şəklində də düzəltmək istədik ki, görək necə alınacaq.
- Əlini danışdırdığınız, lakin bəyənməyən birisi olubmu?
- Əslində yox, çünki hər kəsin öz əlidir. Lakin əlini qoyduğu formanı, barmağını fərqli tutubsa, onu bəyənməyə bilər.

- Əlləri necə hazırlayırsınız?
- Alginat deyilən bir maddədən hazırlayırıq. Hansı ki, ondan protez formaları hazırlanır. Demək olar ki, 2-3 dəqiqəyə bərkiyir. Sonra əli həmin maddənin içindən çıxarıb, formanın içinə gips tökürük. Texniki gipslərdən istifadə edirik. Əslində bu gün sizə göstərmək üçün Ramiz Həsənoğlunun əlini danışdıracaqdım. Bəzi səbəblərdən alınmadı. Qismət belə imiş..
- Bəs əlinizdə tutduğunuz əşyadan əl danışdırarkən istifadə edirsiniz?
- Xeyr, demək olar ki, heç lazım olmur. Adətən, hansısa heykələ forma verərkən istifadə edirəm.

- Ən çox kimin əlini danışdıranda çətinlik çəkibsiniz?
- Qazimiz Orxan Babazadənin əlini danışdırarkən çox qəribə hislər keçirdik. O, Şuşada yaralanmışdı. Hətta bildirdi ki, bir güllə əsgər yoldaşını şəhid, onu isə qazi edib. Qolu yuxarıdan aşağıya qədər yanmış, sümükləri bölünmüşdü. Əlində isə mil var idi. Çox çətinliklə onun əlini danışdırdıq. Hətta barmağı maddənin içinə ilişmişdi, çıxmırdı. Canının ağrıdığını hiss etdik. Bu bizim üçün çətin idi. Sonra müalicə nəticəsində onun əli qismən bərpa olundu. Əvvəl barmaqları yapışmışdı. Əməliyyatdan sonra bir barmağı artıq açılmış, rahat istifadə edə bilirdi. Sonra yenə gəldi, əlini ikinci dəfə danışdırdım. Bu dəfə də təəsüratlar fərqli idi.

- Gələcəkdə bu layihəni muzeyə çevirmək fikriniz varmı?
- Bəli “Danışan Əllər” muzeyi yaratmaq istəyirik. Hətta sərgidə bu fikrimizi Leyla xanıma dedik, o da çox bəyəndi. Bu sahədə bizə kömək olacağını bildirdi. İstəyimiz şəhərin mərkəzində, turistlərin çox olduğu yerdə muzey yaratmaqdır. Artıq Leyla xanım da bu sahədə dəstək olacağını söyləyib. Hələ ki, biz onunla görüşməmişik. İnşallah yaxın vaxtda görüşmək istəyirik. Tətildən sonra bu planımızı reallaşdıracağıq. Hətta belə bir fikrimiz var ki, xatirə kitabında olan yazıları və həmin şəxsin şəkli ilə danışdırdığımız əli stendə qoyaq.

- Layihənin xatirə kitabı da var?
- Bəli. Muzey üçün xatirə kitabımız var. Kitabda əlini danışdırdığımız hər bir şəxsin ürək sözü və imzası yer alıb. Hətta birinci kitab təmiz dolub, ikinci kitaba keçmişik. Bununla yanaşı rəsim albomumuz da var. Əlini hazırladığımız şəxslərin fotolarını çəkirik.

- Bu işlə bağlı dünya təcrübəsinə nəzər salıbsınız?
- Sözün açığı, əvvəl heç maraqlanmamışdıq. Sonra bir az araşdırma edib, gördük ki, sən demə Amerikanın Dallas şəhərində Adrian Flatt adlı cərrah tərəfindən xəstəxananın içində kiçik muzey yaradılıb. Hansı ki, dünyay 8-9 barmaqlı gələn uşaqların əlləri hazırlanıb. Onlar daha sonra yavaş-yavaş siyasətçilərin, prezidentlərin, idmançıların 100-ə yaxın əllərini çıxardıb, orada sərgiləyiblər. Lakin o əllərlə bizim hazırladığımız əllər arasında fərq var.

- Fərq nədir ki?
- Fərq ondan ibarətdir ki, biz danışdırdığımız əli həmin şəxsin peşəsinə, fəaliyyətinə uyğun edirik. Məsələn, bir qazimiz Şuşadakı dağa necə qalxıbsa, əlini o cür tutmuşdu. Heykəli də elə düzəltdik. Aftandil İsrafilov qarmonu tutduğu kimi, şahmat çempionu əlində fiqur, şair və yaxud yazıçı əlində öz qələmini tutur. Hətta bizim üçün də yeni və maraqlı bir şey olmuşdu. Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyevin əlini danışdırmışdıq. Sonradan ailəsi onun əllərini qızıla çevirdi. Cahangir Novruzov əllərini isə iki dəfə fərqli cür danışdırmışıq. O, bizə iki obrazının olduğunu bildirdi. Biri dərs dediyi, biri isə digər gündəlik həyatında olduğu kimi (əlləri ilə onun hər iki obrazını göstərir).

- Əllərinizi danışdırdığınız neçə nəfər həyatda yoxdur?
- Artıq 7 nəfər həyatda yoxdur. Bəzən şəkillər arasında görüb, özümüz də qəribə hislər keçiririk. Onlarla olan xatirələrimiz yadımıza düşür.

- Bəs vəfatından sonra danışdırığınız əl olubmu?
- Bəli, olub. Tahir Salahovun sağlığında onunla çox danışdıq. Hətta yanına belə getmək istəyirdik. Bizə bir neçə şəxs söz vermişdi ki, şərait yaradılacaq, amma alınmadı. Tahir Salahovun əlini çox danışdırmaq istəyirdik. O bizim üçün ən vacib üzüyün qiymətli qaşı idi. Qismət olmadı ki, onun sağlığında əlini danışdıraq.
Vəfat etdiyi gündən ora getməyimiz üçün müraciətlər etdik. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ailəsi şərait yaratdı ki, ora gedək. Morqda onun üzünün və əllərinin heykəllərini çıxartdıq. Tahir Salahovun maskasını çıxarmağa köməklik əməkdar rəssam Teymur Rzayevin böyük dəstəyi olub. Ora gedərkən yolda düşünürdük ki, insanlar ölərkən əllərini sıxır, görəsən necə hazırlayacağıq? Amma gedib gördük ki, əlləri açıq vəziyyətdədir. Xüsusi bir maddə vurmuşdular ki, çürüməsin. Hətta barmaqlarına baxsanız (Tahir Salovun danışdırdığı əlinin barmaqlarının ucunu göstərir) görərsiniz ki, barmaqlarının ucu havasızlıqdan büzüşüb.

- Son zamanlar hansı işləri görmüsünüz?
- Ölkəmizdə Şahmat üzrə Dünya Kuboku keçirilir. Azərbaycan Şahmat Federasiyası və Dünya Şahmat Federasiyası ilə danışıqlar apardıq. Bu işdə əməkdar məşqçi Şahmat üzrə beynəlxalq dərəcəli hakim Ülkər Umudovanın dəstəyi olub. Belə ki, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, şahmat üzrə dünya çempionu Maqnus Karlson və bir çox ölkədən olan idmançının əllərini danışdırdıq. Demək olar ki, son 3 gündə 10-a yaxın ölkənin dünya və olimpiya çempionlarının əllərini hazırlamışıq.
Aysel Şahmar
Foto: Elnur Muxtar
-
Magazin101:11Tanınmış müğənni kövrəldi - “Qədrimi bilməmişəm”
-
Magazin100:15Rəqsanə estetik əməliyyatdan sonra tanınmaz halda - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Geri dönüş yoxdur
-
Magazin112 May 23:00“Başıma pis hadisə gələcəyini hiss edirdim"
-
Magazin212 May 22:30Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi başlayır - CANLI
-
MDB12 May 21:12Fyodorov dolların ucuzlaşmasının səbəbini açıqladı
-
Magazin212 May 20:48Farah Zeynep Abdullaha nə olub? - FOTO
-
Nəqliyyat12 May 19:48Daha bir müntəzəm marşrutun avtobusları yenilənir























.png)














