Müsahibə
Bakıdan Moskvaya kritik zəng: "Dedi ki, bunu yalnız Əliyev həll edə bilər"
2 avqust Azərbaycan Kinosu Günüdür. Ulu öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu gün Azərbaycan kinosunun yaranmasının 126-cı ildönümü tamam olur. Kinodan söz düşəndə bütün həyatını, yaradıcılığını milli kinomuzun inkişafına həsr edən, başdan ayağa kino adamı olan Aydın Kazımzadə canlanır göz önündə. Milli Kino Günü münasibətilə kinoşünas, əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadə ilə görüşüb həm peşə bayramını təbrik etdik, həm də kinomuzun yaranma tarixi, inkişaf yolundan danışdıq.
Publika.az Aydın Kazımzadə ilə müsahibəni təqdim edir.
- Azərbaycan kino tarixindən söhbət açanda göz önünə gələn ilk Aydın Kazımzadə olur. Əsl kino adamı, sözün bütün mənalarında ömrünü milli kinomuzun inkişafına həsr edən adam. Gününüz mübarək olsun.
- Təşəkkür edirəm. Diqqətiniz, belə gözəl bir gündə məni xatırlamağınız nəyə desəniz dəyər.
- Gəlin, lap əvvəldən başlayaq. Hamıya yaxşı məlumdur ki, milli kino tariximizin 1916-cı ildən deyil, 1898-ci ildən başlanması faktının üzə çıxarılması, 2 avqustun Kino İşçiləri Günü elan edilməsi bilavasitə sizin adınızla bağlıdır. Buna necə nail oldunuz? Bu gün o illəri necə xatırlayırsınız?
- Hər il avqustun 2-si gələndə mən ikiqat bayram edirəm. Çünki 1963-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra iş axtara-axtara təsadüfən gəlib çıxdım kinoya. Kino dünyası ilə tanış olandan sonra gördüm ki, bura başqa bir aləmdir. Elə o qalan qaldım burada, bu günə qədər də kinodayam. Bu gün öz bayramımdır, çünki həm kino adamıyam, həm də ulu öndər tərəfindən milli kino günümüzün təsdiq olunmasında zərrə qədər də olsa payım olduğuna görə mənim üçün ikinci bir bayramdır.
1963-cü ildə kino sahəsində işləməyə gələndə Respublika Kino Prakat İdarəsində qəzet formatında bir bülleten buraxılırdı. Burada yalnız filmlərin repertuarı, onlar haqqında məlumat verilirdi. Fikirləşdim ki, mən bunu bir qəzet formasında çap etdirim. Azərbaycanda kino mətbuatının yaradıcısı kimi bunu elədim. O vaxt məni bir məsələ çox düşündürürdü. Deyirdim ki, bizim 1915-ci ildə “Neft və milyonlar səltənətində” iki hissəli filmimiz ola-ola biz niyə onun yarandığı və ya ekranlara çıxdığı günü bayram etməyək? Doğrudur, o vaxt film qalmamışdı, amma Azərbaycan Milli Kitabxanasında bu filmin sənədləri saxlanılırdı. SSRİ yaranandan sonra Leninin verdiyi bu qərar bütün respublikalara şamil olundu və sovetlər dövründə hamı kimi biz də 27 avqustu kino bayramı - sovet kinosu günü kimi qeyd edirdik. Azərbaycan kinosu bir kənarda qalmışdı. Mən bu məsələni “kino prakat”ın müdirinin yanında qaldırdım. O vaxt mənə ilk sözü bu oldu: “Cavan oğlansan, gəlmisən başını aşağı sal, işinlə məşğul ol. Sən hara, tarix hara? Burada tarix dəyişməyə gəlmisən?” Dedim, yaxşı. Tanımırdılar məni, cavan idim. 1963-cü ildə kinoya gəlmişəm, 1965-ci ildə belə bir təşəbbüs ilə çıxış elədim. O vaxt “Neft və milyonlar səltənətində” filminin ekranlara çıxmağının 50 illiyi idi. Qoymadılar ki, mən bu məsələni qaldırım. Amma 1966-cı ildə artıq özümü sübut etmişdim, məni kifayət qədər tanıyırdılar. Ona görə də həmin il yığdım o adamları, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri Məmməd Qurbanovun yanında bir araya gəldik.
Həsən Seyidbəyli, Cəmil Əlibəyov da orada idi. Bu toplantıda məsələni qaldıraraq dedim ki, 1976-cı ildə “Neft və milyonlar səltənətində” filminin ekranlara çıxarılmasının 60 illiyidir. O vaxt biz Moskvaya tabe idik. Məmməd müəllim Moskvaya zəng elədi, SSRİ Kinematoqrafiya İttifaqının sədrinə dedi ki, bizim belə bir tariximiz var və istəyirik ki, bu tarixi günü, yubileyi qeyd edək. Telefonla danışa-danışa birdən Məmməd müəllimin rəngi dəyişdi, üzü saraldı, yalandan gülümsəyərək dəstəyi yerə qoydu. Mən cəsarət edib soruşa bilmədim ki, nə baş verir? Dərhal Həsən Seyidbəyli soruşdu ki, Məmməd müəllim nə oldu sizə? Dedi, görmürsən, mən buna deyirəm ki, bizim əlimizdə 1915-ci ildə çəkilən film var və bu il filmin ekranlara çıxmağının 60 illiyini qeyd etmək istəyirik. Dəstəyin o biri tərəfindən mənə deyir ki, nə film, nə qeyd? Azərbaycan hara, kino hara? Sən nə danışırsan? Heç vaxt sizdə kino olmayıb. Orta Asiyanı ümumiyyətlə mən heç saymıram. Onu da deyib ki, SSRİ yaranandan sonra Azərbaycanda kino inkişaf etməyə başlayıb, ruslar edib bunların hamısını sizin üçün, yoxsa siz təkbaşına bu işin öhdəsindən gələ bilməzdiniz. Həmin telefon danışığı ilə də bu mövzu bağlandı. Birdən Məmməd müəllim dedi ki, sözümüz qaldı Heydər Əliyevə.
- Elə belə də dedi?
- Bəli, dedi ki, bu məsələni Heydər Əliyev həll edə bilər. H. Əliyevə müraciət forması hazırladıq. Onda birinci katib işləyirdi. Məmməd müəllim məktubu da götürüb getdi Heydər Əliyevin yanına. O, məktubu oxuyan kimi deyib ki, gecikmişik biz. May ayında yubiley olmalı idi, iki aydan da az vaxt qalmışdı, ona görə deyib ki, bunu dekabr ayında qeyd edək. Heydər Əliyev tədbirin dekabr ayında keçirilməsi üçün bütün nazirlərə göstəriş verdi. Bütün qəzetlər bu tədbir haqqında yazırdı. Dekabr ayında indiki Heydər Əliyev Sarayında gözlənilən o yubiley tədbiri baş tutdu. Sarayın foyesində böyük bir sərgi təşkil etmişdik. SSRİ-nin bütün respublikalarından qonaqlar dəvət olunmuşdu. Heydər Əliyev sərgi stendlərinə baxa-baxa dedi ki, çağırın o qonaqları, gəlib görsünlər ki, Azərbaycanda hələ SSRİ yaranmamışdan əvvəl sivilizasiya inkişaf edib, film çəkilib. Məmməd Qurbanov bir qrup rəsmi qonaqlarla gəlib dayandı sərgi stendlərinin qarşısında. Mən də düz onun yanındayam, müsahiblər götürürdüm. Qonaqlar şəkillərə baxa-baxa Məmməd Quliyevə bu sözləri dedilər: “Bir respublikanın rəhbəri ki, Heydər Əliyev ola, əlbəttə ki, burada mədəniyyət də olar, kino da, teatr da”.
Məhz o gündən sonra biz 27 avqust sovet kinosu günü ilə bərabər, ulu öndərin sərəncamı ilə 2 avqust Milli Kino Gününü də qeyd edirik.
- Niyə məhz 2 avqust ? “Neft və milyonlar səltənətində” filmi həmin tarixdə ekranlara çıxdığına görə?
- O vaxt Mişon adında bir fotoqraf Bakıda filmlər çəkməyə başladı. Özünün də Bakıda fotoatelyesi var idi. Mişon iyun ayında sirkdə göz bağlayıcı tamaşalar nümayiş etdirəndə “Neft və milyonlar səltənətində” filmindən kiçik səhnəciklər göstərib. Bir növ təcrübədən keçirib ki, görsün insanlar bu filmi necə qəbul edir, nə reaksiya verir. Ona görə biz bu tarixi əsas götürmədik. Fikirləşdik ki, bu sadəcə təcrübə məqsədi ilə aparılan bir iş olub. Amma avqustun 2-də Mişon həmin o sirk binasında kinonu bütöv şəkildə nümayiş etdirib. Bunu rəsmi şəkildə təqdim edib. Bu artıq kinomuzun günü sayılır. Belə yaranıb milli kino günümüz. O vaxt bir çox insan üstümə düşdü ki, Mişon kimdir? Alverçinin biridir. Nəyə görə belə deyirdilər onu da izah edim. Çünki o vaxt Azərbaycanda kinonun yaranma tarixi 1898-ci il hesab olunurdu. Amma o vaxt Mişonun adı, çəkdiyi fotoları Milli Arxiv İdarəsində saxlanılırdı. Mişonu fransız kimi qələmə verirlər ki, kapitalist olub, pul qazanmaqla məşğul olub. Bu adam 30 il Bakıda yaşayıb.
Mişonu araşdırmağa başladım. Məlum oldu ki, o heç Mişon deyilmiş. Əslən polyak olub, anası Mişon soyadında fransız xanımı olub. Atası isə Brezovski soyadında olub, Polşadandır. Əmisi Çar Aleksandra qarşı sui-qəsddə iştirak edib. Bunun qorxusundan atası Brezovski soyadından imtina edərək həyat yoldaşının soyadına keçib. Ən əsası araşdırma zamanı ortaya çıxır ki, 1915-ci ildə “Neft və milyonlar səltənətində” filmini Mişon çəkməyib, Firma Səhmdar Cəmiyyətindən rejissor Boris Svetlov onu İbrahimbəy Musabəyovun romanı əsasında ekranlaşdırıb. Həmin filmdə də baş rolda Hüseyn Ərəblinski çəkilib. Kinomuzun əsl tarixi burdan başlayıb.
- Aydın müəllim, o tarixdən bu tarixə 125 ildən çox vaxt keçib. Çox şey dəyişib. Azərbaycan kinosunda kifayət qədər əməyi, zəhməti olan biri kimi bu tarixi necə dəyərləndirirsiniz?
- 60-cı illərin sonu, 80-ci illərin ortalarında Azərbaycan kinosu intibah dövrünü yaşayıb. Bu dövr də Heydər Əliyevin dövrünə təsadüf edib. Mən kinonu dənizə bənzədirəm. Necə ki, dənizdə qabarma və çəkilmələr olur, kinomuz da dəniz kimidir. Bunun da səbəbləri var. Ermənilər bizimlə qonşuluq etməyə başlayan vaxtdan elə kino sahəsində də geriləmələr başladı. Çox uzağa getmirəm, bu xalq 1-ci və 2-ci Qarabağ müharibəsində nələr yaşadı, nələrdən keçdi... Bütün bu yaşananlar hər sahədə olduğu kimi, kinomuza də təsirsiz ötüşmədi. Yaxşı yadımdadır, 90-cı illərin ortalarında artıq insanlar deyirdi ki, kino öldü, kino yoxdur. Öldü deyilən vaxtlarda mən başladım kitabları yazmağa, bir növ sübut etdim ki, kinomuz ölməyib, tarixi 1898-ci ildən başlayan kino ölə bilməz.
- Nə vaxtdan kinomuz dirçəlməyə, yenidən inkişaf etməyə başladı?
- Yenə də ulu öndər hakimiyyətə gələndən sonra. 1993-cü ildə onun sərəncamı ilə Dövlət Film Fondu yaradıldı. Bizim filmlərimiz hamısı o vaxt Kinostudiyanın bazasında batıb qalmışdı. Yağış lentlərin hamısını yararsız vəziyyətə salmışdı. Belə bir qurumun təsis olunması kino sahəsində çalışan hər bir insanın arzusu idi. Dövlət Film Fondunun yaradılması ilə canlanma oldu. Dövlət büdcəsindən kinoya kifayət qədər vəsait ayrıldı, kinomuz dirçəlməyə başladı.
- Bəs hazırki vəziyyət necə, sizi qane edirmi?
- Düzünü desəm, hələ ki, qane etmir. Suverenliyimizi bərpa etdikdən sonra ümidim böyükdür. Kino industriyası inkişaf üçün böyük pullar tələb edir. Kino istehsalatı birbaşa pula bağlıdır. Onu inkişaf etdirmək üçün normal vəsait olmalıdır. Məncə, bu istiqamətdə bir xeyli işlər görüləcək.
- Aydın müəllim, bu gün kifayət qədər filmlər, seriallar çəkilir, yaxşı da pullar xərclənir. Amma keyfiyyət o deyil. Sizcə, bunun səbəbi nədir?
- İnsanlar var idi ki, maddiyyat onlar üçün ikinci dərəcəli idi, sənət ilk yerdə qərarlaşırdı, indi onlar yoxdurlar. Getdilər, artıq həyatda deyillər. Səbəbi budur. Pulu yox, işi sevərək görmək lazımdır. Aktyorlara nə verilir? Qəpik-quruş. Bəs bu pullar hara gedir? Mən aktyorlardan eşidirəm ki, onlar çox az qonorara çəkilirlər. Dövlət də müəyyən qədər vəsait ayırır, ayrı-ayrı sponsorlar da maliyyə yardımı edirlər. Mən 20 ilə yaxın pedaqoq kimi fəaliyyət göstərmişəm. İndiki rejissorlar “plonka” nədir bilmirlər. Onu ki, əlinə götürmədin, qoxusunu hiss etmədin, fırlatmadın, haradan biləsən ləzzətini, peşəkar işin nə olduğunu?!
Sözün düzü indiki nəsli də qınamıram. Öyrənirlər... Nə tapırlar onu da edirlər. Pis-yaxşı çəkirlər, nə isə etməyə çalışırlar. Əsas odur ki, iş görmək istəyirlər. Mən cavanlara dəstəyəm. Hazırda aparıcı qüvvə onlardı. Həmişə onlara deyirəm ki, dayanmayın, bacardığınızı edin. Ətrafdakılar sizi tənqid etsələr də ruhdan düşməyin. Səmimi etiraf edim ki, son dövrlər yaxşı seriallar çəkilir. Əvvəllər bizdə seriallar olmayıb. Tofiq İsmayılov 3 serialı “Vulkana doğru” filmini çəkib, vəssalam. Serialları bizdən sonrakı nəsil çəkib, təqdim edib bizə. Allah üçün deyim ki, içlərində yaxşıları da az deyil. “Vicdan haqqı” serialına ilk bölümdən sonuncuya kimi baxmışam. Rövşən İsaqın rejissor işidir. Rövşən öz işinin peşəkarıdır. “Xəyanət” serialına baxmışam, bəyənirəm, gözəl aktyor işi var idi. Elə bilirsiniz sovet dönəmində bizim çəkdiyimiz filmlərin hamısı yaxşı idi? Əsla! İçlərində nə qədər zəifin zəifi var idi...
İndi də ələnə-ələnə gedirik. Yaşlı nəsil artıq yoxdur. Bir qalıb Oktay Mirqasımov. Meydan gənclərindir.
- Azərbaycan kinosunun gələcəyinə ümidiniz nikbindir və gözləntiləriniz çoxdur.
- Əlbəttə, zamanla yaxşı olacaq. Adam gərək sabaha yaxşı baxsın, gözəl düşünsün. Baxmayaraq ki, təqaüdə çıxmışam, amma yenə də yaradıcılıqla məşğulam, kitablarım üzərində işləyirəm və bu kitabların hamısı birbaşa kino ilə bağlıdır. İkicildli “Azərbaycan Kino Salnaməsi”nin ikinci cildini də tamamlasam, 36-cı kitabımı təqdim etmiş olacağam.
Yaş elə bir yaşdır ki, bu gün varam, sabah yoxam. Ona görə istəyirəm ki, nə qədər gücüm, vaxtım, zamanım var yazım. Bütün bunlar gələcək nəsil üçün bir tarixdir.
Cəmilə Hətəmxanova
FOTO: Elnur Muxtar
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ