Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?
Bizi izləyin

Yaxın Şərq

Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?

Dünya yeni böhranın astanasında: İran hər şeyi riskə atdı - Müharibə başlayır?

İran Hörmüz boğazı üzərində nəzarəti ABŞ-la danışıqlarda ən vacib təzyiq alətlərindən biri hesab edir və görünür, bu üstünlüyünü qorumaq üçün hətta yeni əldə olunmuş atəşkəsi də riskə atmağa hazırdır.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilib ki, son günlər İran və ABŞ arasında Hörmüz boğazı ətrafında yaşanan dörd günlük qarşılıqlı zərbələr tərəflərin başa çatdırmağa çalışdığı müharibədən sonra əldə olunan atəşkəsi təhlükə altına salıb. Bununla belə, analitiklərin fikrincə, Tehran üçün bu addımlar zəruri hesab olunub.

Ekspertlər bildirirlər ki, İran üçün yenidən əldə edilən əsas üstünlük dünya iqtisadiyyatında həyati əhəmiyyət daşıyan bu su yolunda hərəkəti pozmaq imkanının yaranmasıdır. Tehran bu rıçağı nə danışıqlar masasında, nə də ABŞ-la mümkün yeni qarşıdurmada itirmək istəmir.

Omanın addımı Tehranda narahatlıq yaratdı

Məlumata görə, ötən həftə Oman və BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazı üzrə yeni gəmiçilik marşrutu müəyyən edib. Yeni marşrut yalnız Oman ərazi sularından keçir.

Analitiklər hesab edirlər ki, bu qərar İranın uzun illər formalaşdırdığı əsas strategiyanı - boğaz üzərində dominant nəzarəti zəiflədə bilərdi.

İran üzrə analitik Əli Vaez bildirib ki, Tehran üçün bu təsir vasitəsi həyati əhəmiyyət daşıyır: “Yaxşı və ya pis ssenaridə onların bu rıçağa ehtiyacı olacaq”.

ABŞ-dan güzəşt almağın əsas yolu

Hələlik ABŞ və İran arasında növbəti danışıqların nə vaxt və harada keçiriləcəyi məlum deyil. Ancaq ekspertlər qeyd edirlər ki, belə görüş baş tutarsa, İran rəsmiləri Hörmüz boğazına nəzarəti Vaşinqtondan güzəştlər almaq üçün ən güclü vasitə kimi görürlər.

Tehran uzun illərdir tətbiq olunan ağır sanksiyaların ləğvini istəyir. Bunun qarşılığında isə nüvə sazişi çərçivəsində yüksək zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması və ya ölkədən çıxarılması müzakirə mövzusu ola bilər.

İran uzun müddət nüvə proqramını əsas çəkindirici vasitə kimi təqdim etsə də, son hadisələrdən sonra boğaz üzərində nəzarətin daha təsirli alətə çevrildiyi barədə fikirlər güclənib.

İran nəzarəti itirdiyini anladı

Bəzi İran rəsmiləri hesab edirlər ki, ABŞ administrasiyası ilkin razılaşmanı sadəcə vaxt qazanmaq üçün imzalayıb və gələcəkdə yenidən hərbi ssenariyə qayıda bilər. Belə vəziyyətdə Tehran yenidən Hörmüz kartından istifadə etməli olacaq.

ABŞ dövlət katibi Marko Rubio ötən həftə Fars körfəzi ölkələrinə səfəri zamanı bir neçə dəfə bildirib ki, boğazda sərbəst gəmiçilik bərpa ediləcək. Ardınca Oman və IMO alternativ marşrut üzrə addımlar atıb.

Cenevrə Ali Təhsil İnstitutunun analitiki Fərzan Sabet hesab edir ki, Tehran bunu öz təsir imkanlarının zəifləməsi kimi qəbul edib: “İranlılar anladılar ki, nəzarəti itirirlər. Onlar gördülər ki, təsir imkanları yalnız müharibə və gərgin atəşkəs dövründə işləyir”.

Tankerə hücum və cavab zərbələri

Ekspertlərin fikrincə, məhz buna görə İranın reaksiyası sürətli oldu.

Belə ki, yeni marşrutdan istifadə edən Sinqapur bayraqlı konteyner gəmisinə cümə axşamı hücum edildi. Tehran nə həmin hücuma, nə də şənbə günü eyni gəmiyə edilən ikinci zərbəyə görə məsuliyyəti üzərinə götürməyib.

Lakin hadisələr ABŞ-ın cavab hərbi əməliyyatları və ardınca İranın Fars körfəzində ABŞ hərbi obyektlərinə cavab zərbələri ilə nəticələnib.

Əraqçidən üstüörtülü xəbərdarlıq

İranın xarici işlər naziri Abbas Əraqçi Bağdadda keçirdiyi mətbuat konfransında açıq olmasa da, sərt mesaj verib.

Onun sözlərinə görə, İranın hazırda həyata keçirdiyi mexanizmlərdən kənar yeni qərarlar vəziyyəti daha da mürəkkəbləşdirəcək: “Bu cür addımlar yalnız əlavə gərginlik yaradacaq, Hörmüz boğazının açılmasını gecikdirəcək”.

İran rəhbərliyi hesab edir ki, Oman və IMO-nun Tehranın iştirakı olmadan müəyyən etdiyi yeni marşrut ABŞ-la imzalanmış anlaşma memorandumunun ruhuna ziddir.

Tehranın yeni kursu: həm sülh, həm sərtlik

Analitik Elli Geranmayenin fikrincə, İranın hazırkı rəhbərliyi əvvəlki dövrlə müqayisədə daha riskli yanaşma seçib.

Onun sözlərinə görə, yeni siyasi çevrə həm Vaşinqtonla razılaşmağa, həm də lazım gəlsə eskalasiyaya hazır olduğunu göstərmək istəyir.

Ekspert hesab edir ki, son vaxtlar Hörmüzdəki addımlar da bu strategiyanın bir hissəsidir.

Sülh prosesi uzana bilər

Bununla yanaşı, həm Vaşinqtonun, həm də Tehranın danışıqları davam etdirmək üçün ciddi səbəbləri var.

ABŞ administrasiyası yeni müharibənin ölkə daxilində populyar olmadığını anlayır və qlobal enerji böhranı yarada biləcək qarşıdurmaya qayıtmaq istəmir.

İran üçün isə əsas məqsəd neft sanksiyalarının ləğvi və milyardlarla dollar dondurulmuş aktivlərin açılmasıdır.

Analitik Əli Vaez qeyd edir ki, iqtisadi və hərbi risklər tərəfləri əldə olunan razılaşmanı qorumağa məcbur edir.

Siyasi müşahidəçilərin əksəriyyəti hesab edir ki, ilkin 60 günlük danışıq müddəti daha bir neçə ay uzadıla bilər.

Ancaq ekspertlər xəbərdarlıq edirlər ki, davamlı gərginlik danışıqların əsas məqsədləri olan nüvə razılaşmasına və yekun siyasi həllə çatmağı daha da çətinləşdirə bilər.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm