Paytaxtın "uzanan" TIXAC PROBLEMİ: ÇIXIŞ YOLU nədir?
Bizi izləyin

Nəqliyyat

Paytaxtın "uzanan" TIXAC PROBLEMİ: ÇIXIŞ YOLU nədir?

“Bu gün paytaxtın yollarında məsulliyyətsiz və təcrübəsiz sürücülərin sayı çoxdur. Onlar yollarda əməlli-başlı “at” oynadırlar. Belələri qəfildən yolun ortasında avtomobilini saxlayır, harasa gedir və saatlarla yoxa çıxır. Tıxacın yaranmasının bir səbəbi də budur. Amma təkcə bu deyil..”.

Bu problem barədə Publika.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov paytaxtda nəqliyyat tıxacının yaranmasının əsas səbəbi kimi parklanma yerlərinin olmamasını göstərdi:

“Dövlətin balansında olan pulsuz parklanma yerlərinin çoxunun ünvanı bəlli deyil və sürücülər belə yerlərin mövcudluğundan xəbərsizdilər. Bu səbbədən onlar avtomobillərini harda gəldi saxlamağa məcbur olur. Əslində dövlət belə yerlər barədə məlumat verməli, onlar da paytaxtın hansı ərazisində neçə parklanma ünvanının olduğunu bilməlidir”.

Onun sözlərinə görə, əsas səbəblərdən biri də ictimai nəqliyyatın işinin düzgün qurulmamasıdır:

“Avtobusların sayı az, aralarındakı vaxt intervalı isə çoxdur. Səhər tezdən işə tələsən vətəndaş dəqiqələrlə dayanacaqda gözləməyə məcbur olur. Buna görə də şəxsi avtomobillərindən, taksilərdən istifadə etməyə üstünlük verirlər”.

Ekspert hesab edir ki, ilkin mərhələdə ictimai nəqliyyatı gücləndirilmək lazımdır:

“Bu sahədə şaxələndirmə aparılmalı, avtobusların sayı artırılmalı və interval azaldılmalıdır. Bundan başqa, şəhərdə tramvay xətləri yenidən bərpa olunmalıdır. Şəhərətrafı qəsəbələrə gedən yollarda bu xətlər çəkilməlidir. Mərkəzdə olmasa da, arxa küçələrdə və prospektlərdə, 20 Yanvar dairəsi ərazisindən Koroğlu metrosuna qədər bu xətləri çəkmək olar. Yaxud Ziya Bünyadov prospektinə paralel ərazilərdə körpü və ötürücülər tikmək, tramvay xətti quraşdırmaq olar”.

E.Cəfərov qeyd etdi ki, bu gün ölkənin nəqliyyat parkının ən azı 60-70 faizi paytaxtda cəmləşib:

“Çoxunun da istismar vaxtı bitib. Yəni, qəfildən xarab olur, yolun ortasında qalır. Yaxud, bir də baxırıq ki, hansısa prospektdə, nəqliyyatın sıx olduğu yollarda əvvəlcədən heç bir xəbərdarlıq etmədən, plansız və qaydalara uğun olmayan təmir işləri aparırlar. Bu kimi hallar yollarda tıxacların yaranmasına səbəb olur və vətəndaşlarda haqlı narazılıqlar yaranır”.

Müsahibimiz onu da vurğuladı ki, müvafiq dövlət qurumları, agentliklər paytaxtda nəqliyyatın tənzimlnməsi ilə bağlı öz vəzifələrini yerinə yetirə bilmirlər:

“Bu sahədə hansısa konkret işin həyata keçirildiyini görməmişəm. Tıxacların aradan qaldırılması ilə bağlı hansısa birgə layihənin hazırlandığını da eşitməmişəm. Hesab edirəm ki, artıq gündəlik problemə çevrilmiş tıxac başağrısına Nazırlər Kabineti səviyyəsində əncam çəkilməlidir”.

Rövşən Ziya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm