• USD 1,7000 0,00% EUR 2,0722 0,00%
    • GBP 2,4112 0,00% RUB 0,0237 0,00%

Prezidentin ölüm fətvası, böyük əməliyyatın detalları, Moskvanın bitməyən torpaq iştahı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

  • Nida.az
  • 9 Sentyabr 2016 20:23
  • 2 095 Baxış
Prezidentin ölüm fətvası, böyük əməliyyatın detalları, Moskvanın bitməyən torpaq iştahı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Suriyada İŞİD terror qruplaşmasına qarşı quru güclərinin iştirakı ilə başlanacaq genişmiqyaslı əməliyyatın detalları məlum olub. Amerika isə bu fikirdədir ki, İŞİD Suriya və İraqda məğlub edilsə belə, dünya terror təşkilatından yaxa qurtara bilməyəcək. Dünyada ərazi baxımından ən böyük ölkə olan Rusiya Dnestryanı ərazini də "uda" bilər. Səudiyyə ilahiyyatçısı isə Çeçenistan lideri Ramzan Kadırovun qətlinə çağırıb.

Moskva Donbası qaytarmaq üçün şərtini açıqladı

Rusiya Şərqi Ukraynada sərhəd üzərində nəzarətin Ukraynaya ötürülməsi üçün şərtini açıqlayıb.

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaş ATƏT-in Daimi Şurasının iclasında etdiyi çıxışında Donbasda seçkilərin keçirilməli olduğunu bildirib.

O, deyib ki, Minsk razılaşmalarını dəyişmək, münaqişənin nizama salınması prosesinə əlavə şərtləri gətirmək cəhdləri qəbuledilməzdir. Rusiyalı diplomat həmçinin vurğulayıb ki, münaqişənin nizama salınması prosesi yalnız seçkilər məsələsini deyil, həm də amnistiya və Konstitusiya islahatını nəzərdə tutur.

Lukaşın sözlərinə görə, Ukrayna Ali Radasının sessiyasında "Tədbirlər kompleksi"nin siyasi bəndlərinin reallaşdırması üçün lazımı sənədlər qəbul edilə bilər. O, əlavə edib ki, təhlükəsizlik və siyasi addımlar sahəsində ölçülər sinxronlaşdırılmalıdır.

PKK Türkiyədə yük qatarını partlatdı

PKK terror təşkilatı Türkiyənin Muş vilayətinin Yörecik kəndi yaxınlığında yük qatarına hücum edib.

Relslərə döşənilən partlayıcının partladılması nəticəsində qatarın 7 vaqonu relsdən çıxıb. Ölən, ya da yaralananların olmadığı bildirilir. Bölgədə hava qüvvələrinin dəstəyi ilə əməliyyat başlayıb.

"İki ölkə parçalanacaq" – CİA-nın şefindən PROQNOZ

Suriya və İraqdakı dövlət quruluşu yenidən bərpa oluna bilməyəcək şəkildə zərər görüb.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan "West Point" hərbi akademiyası tərəfindən çıxarılan "CTC Sentinel" nəşrinə müsahibəsində deyib.

"İraq və Suriyanın ərazi bütövlüyünün yenidən təmin olunacağına şübhə edirəm. İki ölkənin bundan sonra mərkəzi hökumət tərəfindən idarə oluna biləcəyini təxmin etmirəm. Suriya və İraq yenidən bir araya gələ bilməyəcək", - CİA-nın şefi bildirib.

Con Brennan Suriya və İraqda kürd bölgələri kimi bir çox muxtar bölgənin yaranacağını ifadə edib.

Qazaxıstanın yeni baş naziri məlum oldu

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıtcan Saqintayevi yeni baş nazir təyin edib.

Bu haqda dövlət başçısının mətbuat xidmətindən bildirilib. Bir gün əvvəl isə Kərim Məsimov baş nazir vəzifəsindən istefaya göndərilib. O, Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

Rusiyanın ərazisi genişlənir - "İkinci Krım?"

Separatçı "Dnestryanı Moldova Respublikası"nın "prezident"i Yevgeni Sevçuk Rusiyaya birləşməyə hazırlıq haqqında fərman verib.

Fərmanda 17 sentyabr 2006-cı ildə keçirilən referendumunun nəticələrinin reallaşdırmasına göstəriş verilib.

Qeyd edilir ki, normativ akt Rusiya Federasiyasına birləşmə üzrə Dnestryanı xalqın iradəsinin icrası üçün lazımdır. "Prezident" prioritet məsələləri arasında "respublika"nın hüquq sisteminin Rusiyanın qanunvericiliyinə uyğunlaşdırılmasını göstərib. Qeyd edilir ki, Rusiya qanunlarına zidd olan normativ aktlar müəyyən müddətdən sonra tətbiq olunmayacaq.

Öz növbəsində Moldova hökuməti yanında reinteqrasiya üzrə Büro Şevçukun fərmanını etibarsız adlandırıb. Bildirilib ki, təşəbbüs münaqişənin nizama salınması üzrə səylərə zərbə vurur.

Dnestryanı ərazi 1990-cı illərin əvvəllərində müstəqilliyini elan edib. 2006-cı ilin sentyabrında keçirilən referendumda seçicilərin əksəriyyəti Rusiyaya birləşmənin tərəfdarı olduğunu ifadə edib.

Rusiya bölgədə sülhməramlılar adı altında hərbi qüvvə saxlayır.

Prezidentin ölümünə FƏTVA verildi

Kral Səud Universitetinin professoru, səudiyyə ilahiyyatçısı Məhəmməd Ben Əbdülrəhman Əl-Arifi Çeçenistan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Ramzan Kadırovun qətlinə çağırıb.

Bu haqda Qətərin "Əl-Cəzirə" informasiya agentliyi yazıb.

Səudiyyə ilahiyyatçısı Qroznıda bu ilin avqustun sonunda keçirilən və Çeçenistanın birinci qanuni prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan Ümumdünya İslam Konfransını kəskin tənqid edib. Konfransda vəhhabi ideologiyası ittiham olunub.

Professor Çeçenistan liderini "kafir" elan edib və Kadırovun qanının tökülməsinə "icazə verib". Əl-Arifi özünün sələfi (vəhhabi) davamçılarına bildirib ki, onların "islamın düşməni" olan Kadırovu öldürməyə haqqı var.

"EADaily" saytı xatırladır ki, Rusiyanın demək olar ki, bütün müsəlman liderləri və dünyanın bir çox ölkələrindən sünni ilahiyyatçıları toplayan konfransda fətva qəbul edilmişdi. Fətvada sünniliyin hansı istiqamətlərinin həqiqi olduğu göstərilmişdi. "Qroznı fətvası"na əsasən, dörd ənənəvi məzhəbə - hənəfi, maliki, hənbəli və şafii məzhəblərinə ürəyini açan bütün müsəlmanlar sünni təriqətinin davamçısıdır.

"Qroznı fətvası"nda özlərini sünni adlandıranlar, amma islam qanunlarına uyğun olmayan istiqamətlər yer alıb. "Bu istiqamətlər müsəlmanları bölür, onların arasında nifrət və nifaqı alovlandırır, ekstremizm və terrorizmi yaradırlar", - fətvada deyilirdir. İŞİD, "Müsəlman qardaşları" və "Hizb ut Tahrir"dən başqa, bu siyahıya sələfilər də daxil edilib.

Baxmayaraq ki, "Qroznı fətvası"nın icrası yalnız Rusiyanın ərazisində məcburi hesab edilir, fətva bir sıra Fars körfəzi ölkələrinin siyasi, ilahiyyat və jurnalist dairələrinin nümayəndələrində hiddət doğurub. Xüsusi halda, Səudiyyə yazıçısı və jurnalisti Məhəmməd Əl-Şeyx "Twitter" səhifəsində yazıb ki, Qroznıdakı konfrans Rusiya və İran kəşfiyyatının müşahidəsi altında keçirilib. Onun sözlərinə görə, konfransın tək hədəfi Səudiyyə Ərəbistanını sünniliyin davamçıları siyahısından çıxarmaq idi.

Livanın "Al-Manar" qəzeti bildirir ki, Qətər və Səudiyyə Ərəbistanında Qroznıdakı konfrans "kədərli hadisə", Ramzan Kadırov isə "dəli sufi" adlandırıldı. Ər-Riyadda məscidlərdən birində imam cümə xütbəsi zamanı bildirdi ki, Qroznıda keçirilən konfransda "əsl müsəlmanların tonqalda yandırılmasına" qərar verilib.

Qeyd edək ki, Məhəmməd Ben Əbdülrəhman Əl-Arifi Suriya rejiminə qarşı "azadlıq cihadı"na qoşulması üçün etdiyi çağırışlarla məşhurdur. 14 iyun 2013-cü ildə Qahirə məscidlərindən birində cümə xütbəsi ilə çıxış edən Səudiyyə ilahiyyatçısı "Misirin qəhrəman xalqı"nı Suriyanı dəstəkləməyə , "zülmkar Əsəd"ə qarşı birləşməyə çağırıb. "Mən sizə and içirəm ki, islam xəlifəsi tezliklə olacaq və mən onu artıq öz gözlərimlə görürəm", - o, deyib.

Professor videomüraciətlərinə Rusiyanı müsəlmanların təqibində tez-tez ittiham edir və Ramzan Kadırovu "zülmkar" adlandırır.

Azərbaycan sərhədlərində dəhşətli müharibə SSENARİLƏRİ: Rusiya, yoxsa NATO?

Döyüş hazırlığının qəfil yoxlanılmasından sonra Cənub hərbi dairəsi sentyabrın 5-də irimiqyaslı strateji komanda-qərargah təlimlərinə başladı.

Sentyabrın 10-una kimi davam edəcək "Qafqaz-2016" adlanan hərbi təlimlərdə Rusiya ordusunun 12,5 min hərbi qulluqçusu, aviasiya qüvvələri, müxtəlif hərbi texnikası və gəmiləri iştirak edir. Təlimlər Cənub hərbi dairəsinin poliqonlarında, Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçirilir. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması və Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə ordunun döyüş hazırlığı yoxlanılacaq.

"Qafqaz-2016" təlimlərini şərh edən ekspertlər bu fikirdədir ki, Rusiya müharibəyə hazırlaşır. Onlar hətta, Rusiyanın bir neçə istiqamətdə müharibəyə hazırlıq gördüyünü iddia edirlər( http://publika.az/p/149589).

Müharibə başlayır – Böyük əməliyyatın DETALLARI açıqlandı

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı" əməliyyatı müvəffəqiyyəti beynəlxalq koalisiyanı hərəkətə keçirib.

Əməliyyatı maraqlı bir detalı üzə çıxarıb. Bu, ondan ibarətdir ki, hava və quru əməliyyatı eyni vaxtda aparıldıqda İŞİD terror təşkilatı müqavimət göstərə bilmir. Çində keçirilən G20 ("Böyük iyirmilik") sammitindən sonra İngiltərənin paytaxtı Londonda "Fikirdaş Ölkələr" toplantısında iştirak edən olkələr Suriyada İŞİD-ə qarşı əməliyyatla bağlı ortaq fikrə gəliblər. Toplantıda Suriya münaqişəsinin həlli üçün İŞİD-in Suriyadan çıxarılmasının lazım olduğu, İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatın qaçılmaz olduğu təkrar vurğulanıb. Əldə edilən məlumata görə, Ramazan bayramından sonra Mosul və Rakkanın azad edilməsi üçün əməliyyatın keçirilməsi planlaşdırılır.

Türkiyə Suriya sərhədindən İŞİD-i təmizləyən Ankara əməliyyatının növbəti mərhələsini təkbaşına üzərinə götürə bilməyəcəyini bu günə qədər bütün beynəlxalq platformada vurğulayıb.

Əməliyyatda ABŞ və Türkiyə, həmçinin Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgə ölkələrinin də iştirakı təmin ediləcək. Bunun üçün ərəb ölkələri ilə müzairələr aparılacaq. Əməliyyat planına son şəklin 13-20 sentyabr tarixləri arasında Nyu-Yorkda keçiriləcək BMT sammitində verilməsi gözlənilir.

İlkin məlumata görə, Rakka əməliyyatına Azad Suriya Ordusuna daxil olan qrupların da qoşulması nəzərdə tutulur. Quru əməliyyatına hava dəstəyini isə Türkiyə və NATO verəcək. Türkiyə Azad Suriya Ordusuna zirehli texnika ilə dəstək verəcək. Səudiyyə Ərəbistanı, Qətər və əməliyyata dəstək verəcək digər bölgə ölkələri əməliyyatda iştirak edəcək gücləri silahla təchiz edəcək. Türkiyənin əməliyyata çox böyük hərbi güclə qatılması planlaşdırılmır.

FTB rəhbəri: "İŞİD-in terror təhdidi davam edəcək"

"İŞİD terror təşkilatı İraq və Suriyada məğlubiyyətə uğrasa da, dünyada, xüsusilə də Qərb ölkələrində terror təhdidi davam edəcək".

Bunu ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru James Comey bildirib.

FBİ rəhbəri deyib ki, xəlifəliyin məhv edilməsinin təsiri altında terror təhdidi hələ daha 5 il davam edəcək: "Vaxt gələcək ki, İŞİD-in həbs edilən qatilləri nə zamansa həbsxanadan çıxacaqlar və daha sonra onlar Qərb ölkələrinə, o cümlədən Parisə və Brüsselə gedərək yenə də dəhşətli terror aktları törədəcək. ABŞ da oxşar terror hücumlarına məruz qala bilər".

Şimali Koreya nüvə sınağı keçirdi, 5,3 bal gücündə zəlzələ oldu

Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) sayca 5-ci nüvə sınağını həyata keçirib.

Sonuncu nüvə sınağı ən güclü təkanlarla qeydə alınıb. Nüvə sınağı nəticəsində Cənubi Koreyanın şimal-şərqində güclü zəlzələ meydana gəlib. ABŞ-ın Geoloji Araşdırma Mərkəzi sözügedən nüvə sınağı zamanı zəlzələ ilə yanaşı böyük partlayışın da əmələ gəldiyini qeydə alıb. Peykdən əldə edilən görüntülər isə BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırılıb.

Seul rəhbərliyi bəyan edib ki, Şimali Koreyanın sonuncu nüvə sınağı bu ilin yanvar ayındakı testdən iki dəfə güclü təkanlar yaradıb. Baş verən hadisəyə görə Cənubi Koreyanın lideri Park Gın-hye Geun-hye Laosda keçirilən Cənub Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) zirvə toplantısında iştirakını yarımçıq qoyaraq ölkəsinə qayıdıb.

Hadisə ilə əlaqədar Yaponiyanın baş naziri Shinzo Abe də açıqlama verib. O deyib ki, Şimali Koreyanın bu cür təhdid yaradan nüvə sınağı əsla normal qəbul edilə bilməz.

Nüvə sınağının keçirildiyi poliqonda 4,8-5,3 bal gücündə zəlzələ meydana gəlib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR