Görüşün 4 saat davam etməsi o deməkdir ki... - Şərh
Bizi izləyin

Nida.az

Görüşün 4 saat davam etməsi o deməkdir ki... - Şərh

“Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüşün 4 saat davam etməsi tərəflərin prinsipial məsələlərlə bağlı ciddi fikir mübadiləsi apardıqlarının göstəricisidir. Güman edildiyi kimi, Avropa İttifaqının mərkəzində tərəflər arasında hər hansı bir sənəd imzalanmasa da, görüşdə bir sıra məsələlərlə bağlı qərarların verilməsi müsbət hal kimi qiymətləndirilə bilər”.

Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, Bakı İrəvana verdiyi 5 şərt və Fərruxda bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklərlə Brüssel görüşünə qədəm qoydu: “Eyni zamanda Ukrayna hadisələri fonunda Azərbaycanın Avropanın gələcəyi üçün artan logistika-kommunikasiya mövzusunda və enerji təhlükəsizliyindəki rolu da diqqətdən kənara atılmamalıdır. İrəvan isə Ukraynaya göndərdiyi Su-30 və bu fonda Blinkendən irad alan Nikol Paşinyan Brüsselə heç bir siyasi, iqtisadi gündəlik olmadan ayaq basdı. Onun baqajında isə erməni müxalifətinin 1 gün əvvəl keçirdiyi 20 minə yaxınlıq mitinq var idi. Görüşün 4 saat baş tutması o deməkdir ki, əslində iki tərəf arasında müzakirə edilən və bəlkə də razılaşdırılan mövzular daha genişdir, sadəcə Bakı və İrəvan mərhələli şəkildə sülh prosesinin formalaşmasına razılıq verib. İrəvanın “Qarabağ ərazi münaqişəsi deyil” kimi Azərbaycanın lehinə səsləndirdiyi fikir fonunda Qarabağa kiçik idarəetmə hüququ verilməsi ilə bağlı “status” terminini yekun bəyanata salmaq cəhdi bu dəfə də uğursuzluqla başa çatdı. Bu da aydındır. Çünki rəsmi Bakı çox yaxşı bilir ki, hansı mənada işlədilməsinə baxmayaraq, “status” ifadəsinin yekun bəyanatlardan birində işlədilməsi gələcəkdə erməni tərəfinin və Minsk qrupunun mövzu ilə bağlı fərqli interpretasiyalarına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycan Prezidenti Qarabağ mövzusunu ölkəmizin daxili işi sayır və mövzu heç bir halda Azərbaycan və Ermənistan tərəfindən ikitərəfli bəyanatlarda səsləndirilə bilməz. Minsk qrupu ifadəsinin bu dəfə də işlədilməməsi bu ölü institutun nəinki Qarabağ, heç Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında belə yer almadığının göstəricisidir. Beləliklə, 44 günlük müharibədən sonra Bakı və İrəvan arasında ziddiyyətlərin aradan qaldırılması ilə Aİ, Rusiya və hansısa mənada Türkiyə məşğuldur”.

Siyasi şərhçi əlavə edib ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsi üzərində işləməlidir: “Bunun üçün isə tərəflər arasında vacib ziddiyyətlər və problemlər aradan qaldırılmalıdır. Hazırda iki siyasi məsələ gündəlikdədir. Bu, silahlıların Qarabağdan çıxarılması və fundamental məsələ olan delimitasiyadır ki, tərəflər delimitasiya ilə bağlı razılığa gəldilər. Fundamental mövzu və digər problemləri də aradan qaldıracaq delimitasiya ilə bağlı işçi qrupunun yaradılmasına qərar verildi. Xatırladım ki, İrəvan Soçi görüşündə işçi qrupunun yaradılmasına razılıq versə də, məsələni uzatmaqla məşğul idi. Bəhanə kimi sərhədlərdən qoşunların uzaqlaşdırılmamasını gətirirdi. Budəfəki bəyanatda sərhəd təhlükəsizliyi ifadəsi yer alır. Delimitasiya məsələsi həllini taparsa, Qarabağla bağlı daha bir üstünlük əldə edəcəyik. Diqqətçəkən digər iki məqam kommunikasiya və humanitar məsələlərlə bağlıdır. Nəqliyyatla bağlı əldə edilmiş razılıqların bu bəyanatda bir daha səsləndirilməsi, lakin mövzu ilə bağlı atılacaq konkret addımlar haqqında danışılmamasına baxmayaraq, böyük ehtimalla Mehri vasitəsilə dəmir yolu mövzusu və Qarakilsə ( Sisiyan) vasitəsilə avtomobil yolunun perspektivliyi bir daha müzakirə edilib. Mövzu Rusiya və İran tərəfindən diqqət mərkəzində olduğundan bu məsələ ilə bağlı digər formatlarda da yəqin ki, müzakirələr aparılacaq”.

Z.Məmmədov vurğulayıb ki, humanitar məsələlərə gəldikdə, bəyanatda itkin düşənlər, həbs edilənlər və minalanmış ərazilər ifadələrindən istifadə edilir: “Tərəflər arasında münasibətlərin yumşaldılması üçün yəqin ki, yaxın günlərdə bir neçə həbs edilmiş erməninin azad edilməsini, Ermənistan tərəfinin isə itkin düşmüş bəzi şəxslərin coğrafiyası haqqında latent şəkildə informasiyanın ötürülməsini ehtimal edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm