Şuşada ilk yaşanır: Bundan sonra diasporumuz... - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Şuşada ilk yaşanır: Bundan sonra diasporumuz... - MÜSAHİBƏ

Bu gün bütün dünyanın diqqəti Şuşadadır. Dünya Azərbaycanlılarının V Qurultayı, eyni zamanda ilk Zəfər qurultayımız Şuşada keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə azərbaycanlı Şuşada bir araya gəlir. Bir çoxları hesab edir ki, Azərbaycan diasporu bu qurultaydan sonra daha böyük işlərə imza atacaq. Çünki Şuşada diasporumuzun gələcək fəaliyyəti ilə bağlı yeni “yol xəritəsi”nin qəbul olunacağı gözlənilir.

Bu istiqamətdə Milli Məclisin deputatı Aydın Mirzəzadənin fikirlərini öyrənməyə çalışdıq.

Deputat Publika.az-a müsahibəsində bildirdi ki, bu gün Azərbaycan diasporunun önündə çox mühüm missiyalar dayanır.

- Aydın müəllim, bu gün dünyanın diqqəti Şuşadadır. Diasporumuzun qarşısında ilk növbədə hansı vəzifələr durur?

- Bu gün Azərbaycan dövləti xaricdəki Azərbaycan diaspor nümayəndələri ilə fəxr edir. Bizim həmvətənlərimiz orada öz ölkələrinin layiqli vətəndaşlarıdır. Elmdə, biznesdə, ictimai münasibətlərdə layiqli yer tuturlar. Həmişə onların xoş sədalarını alırıq. Onların görəcəyi ən böyük iş ilk növbədə Azərbaycan dövləti, Azərbaycan xalqı ilə əlaqələrinin itməməsidir. Görəcəkləri ən böyük iş özlərinin azərbaycançılıq məfkurələrini, milli kimliklərini, dəyərlərini qoruyub saxlamalarıdır, gənc nəslə bunların ötürülməsidir. İlk növbədə baza məsələlərinin qorunub saxlanmasıdır. Bütün bunlar bizi ürəkdən sevindirir. Artıq xaricdə ikinci, üçüncü nəsil azərbaycanlılar fəaliyyət göstərirlər. Amma onlar yenə də ana vətənə bağlıdırlar. Eyni zamanda onların çıxışlarında, münasibətlərində Azərbaycanla qürur duyduqlarını, Vətən müharibəsindəki qələbənin onlara güc verdiyi barəsində fikirlərini də eşidirik. Bu gün cənab Prezidentimizin açıq havada, qədim Şuşa divarlarının yanında qurultay keçirməsinin özü də simvolik məna daşıyır.

- Budəfəki qurultaydan sonra xaricdəki diasporumuzun hədəfləri, onun “yol xəritəsi” sizcə, nədən ibarət olacaq?

- Bu gün Şuşada bir tarix yaşanır. İlk dəfə olaraq Dünya Azərbaycanlılarının Qurultayı Azərbaycanın çox dəyərli bir bölgəsində - mədəniyyət paytaxtımızda keçirilir. Xaricdə yaşayan hər bir azərbaycanlı ana vətənlərinə bağlılığını hiss edirlər. Harada yaşamasından asılı olmayaraq, Şuşa hər bir azərbaycanlı üçün qürur, fəxarət ünvanıdır. Hesab edirəm ki, bu qurultaydan qayıtdıqdan sonra onların hər biri Azərbaycanla bağlı daha böyük işlər görməyə başlayacaqlar. Əlbəttə, Azərbaycanı tanıtmaq, Azərbaycan həqiqətlərini yaymaq, ölkəmizin dəyərlərini göstərməklə bağlı bütün məsələlər onsuz da diaspor dairələrimiz tərəfindən çox uğurla həyata keçirilir. İndi bu, daha geniş şəkildə vüsət alacaq. Bu, özünü müxtəlif formalarda tapacaq. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, o cümlədən Vətən müharibəsinin qalibiyyətinin dünyaya elan edilməsində xaricdə yaşayan azərbaycanlıların böyük rolu var. Bu günlər xaricdəki azərbaycanlılar işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə, eyni zamanda mədəniyyət paytaxtımızın yüksək səviyyədə bərpa edilməsi məsələlərinə böyük diqqət yetirirlər. Xaricdəki həmvətənlərimizdən bərpa-quruculuq işlərində iştirak etmək, investisiya qoymaq barədə çoxsaylı təkliflər gəlir. Hesab edirəm ki, qurultayın Şuşada keçirilməsi milli birliyimizin, həmrəyliyimizin bir nümunəsi olacaq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yeni bir səhifə açacaq və vətənə olan sevgi Şuşada özünü bir daha göstərəcək.

- Söhbət hansı formalardan gedir?

- Elə yer var ki, təbliğata ehtiyac var. Elə yer də var ki, sadəcə olaraq göstərməyə ehtiyac duyulur. Elə ölkələr var ki, orada digər türkdilli ölkələrin nümayəndələri və yaxud Azərbaycana dost münasibət göstərən diaspor dairələri ilə fəaliyyət formaları axtarılır və uğurla həyata keçirilir. Bir sözlə, bu gün diaspor nümayəndələrinin söykənəcəyi, qürur duyacağı qüdrətli bir Azərbaycan mövcuddur. Onun tarix yaradan lideri hörmətli Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev var. Bundan sonra da biz diaspor nümayəndələrimizin hər bir ölkənin özünəməxsusluğunu nəzərə alaraq daha geniş və fəal iş görəcəklərinə inanırıq. Onlar bunu bacarırlar.

- Aydın müəllim, bu vaxta qədər Azərbaycan və türk diasporu xaricdə birgə fəaliyyət göstərirdi. İndi digər türkdilli ölkələrin xaricdəki nümayəndələri ilə fəaliyyətini birləşdirmək məsələləri gündəmdədir. Bugünkü şəraitdə belə bir fəaliyyət mümkündürmü?

- Artıq belə bir təcrübə var. Azərbaycan və türk icmaları yaşadıqları ölkələrdə birgə fəaliyyət göstərirlər. Ermənilərin yalan təbliğatına və böhtan kampaniyasına qarşı birgə fəaliyyət həyata keçirirlər. Bununla bağlı internet resurslarında çoxsaylı videolar, şərhlər və məlumatlar var. Əlbəttə, artıq yeni bir mərhələyə çıxmaq lazımdır. Türkdilli dövlətlərin koalisiya diaspor dairəsinin yaranması buna misal ola bilər. Təkcə türkdilli dövlətlərin xaricdəki diasporlarının birgə fəaliyyəti ilə kifayətlənmək olmaz. Mən hesab edirəm ki, Azərbaycanla, Türk dünyası ilə dostluq edən digər icmalar da birgə fəaliyyət göstərirlər və göstərə bilərlər. Azərbaycana dost münasibəti göstərən ərəb ölkələrinin, Balkan dövlətlərinin, Şimali Afrikada Azərbaycana dostluq münasibəti bəsləyən dövlətlərin birgə diaspor fəaliyyəti də arzuolunandır. Uzaq Şərqdə Azərbaycana dostluq münasibəti göstərən ölkələr mövcuddur. Yəni onların icmaları ilə birgə fəaliyyətə böyük ehtiyac var. Hesab edirəm ki, artıq bu iş gedir.

- Bu işin sürətlə getməsi üçün nələr edilməlidir?

- Bu işin daha da sürətlə həyata keçiriləcəyinə şübhə yoxdur. Bu gün Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayından sonra bu işlər daha geniş vüsət alacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm