Nida.az
Media imperiyasının informasiya müdaxiləsi: bizi necə idarə edirlər?- MÜSAHİBƏ
“Media imperiyası” kitabının müəllifi, politoloq Vüqar Zifəroğlu Publika.az-a müsahibəsində transmilli media korporasiyalar, onların məqsədi və ölkələrə, o cümlədən Azərbaycana təsirləri barədə danışıb.
- Transmilli media korporasiyalarının dünya informasiya
bazarına göstərdiyi təsiri necə qiymətləndirmək
olar?
- Media korporasiyaların dünya informasiya bazarına göstərdiyi təsir bu gün müasir KİV sisteminin ən aktual mövzusudur. Bu barədə danışarkən əvvəlcə mütləq dünya informasiya bazarının yaranmasını şərtləndirən mühit təsvir olunmalıdır. Təbii ki, bu proses informasiyanın qloballaşdığı və kütləvi informasiya vasitələrinin monopoliyalaşdığı şəraitdə gedir. Müasir dövrdə KİV dünya iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilib. İndi xəbərə əmtəə, auditoriyaya isə kapital gözü ilə baxılır. Odur ki, kütləvi informasiyanın hər hansı bir vasitəsi iqtisadi qanunlardan kənarda fəaliyyət göstərə bilməz. Sadəcə olaraq, informasiyanı digər əmtəə məhsullarından fərqləndirən cəhətlər var. Onlardan biri informasiyanın topdansatışının asanlıqla təşkil olunmasındadır. Çünki informasiya “satıcı”sı eyni vaxtda minlərlə “müştəri”yə xidmət göstərə bilər. KİV-də hər zaman aktual mövzu olan monopoliyanın özünəməxsus başqa xüsusiyyət və meyilləri də mövcuddur... Ümumiyyətlə, mətbuatda monopoliya probleminə iki istiqamətdə yanaşmaq olar. Birinci, Kütləvi İnformasiya Vasitələrinin özlərinin monopoliya şəklində fəaliyyət göstərməyə üstünlük verməsidir. İkinci, dünyanın iri konsern və birliklərinin Kütləvi İnformasiya Vasitələrinə təsir göstərmək cəhdləri ilə bağlıdır. Birinci yolla daha çox ideoloji istiqamətləri və siyasətləri oxşar olan Kütləvi İnformasiya Vasitələri birləşirlər. İkinci üsulla isə əsasən iri mediamaqnatların təsirinə məruz qalanlar, rəqabətə dözməyənlər, bir sözlə məcburiyyət qarşısında qalanlar bir araya gəlirlər. Odur ki, həmin mediakorporasiyaların tərkibində birləşən Kütləvi İnformasiya Vasitələri artıq öz ideya istiqamətlərini unudub, onlara deyilənlə oturub-durmağa məcbur olurlar. Birinci üsula daha çox mediakorporasiyaların ilkin formalaşdığı dövrdə rast gəlinirdisə, ikinci istiqamət daha çox son vaxtlarda müşahidə olunmağa başlayıb.
- Transmilli media korporasiyalarının dünyada ictimai rəyə
təsir gücü nə dərəcədədir?
- Əslində, qlobal informasiya məkanında media korporasiyaların çəki
və təsir gücünün nə qədər olduğunu Beynəlxalq Jurnalistlər
Federasiyasının 2001-ci ildə Seulda keçirilən beynəlxalq
konqresində təqdim etdiyi arayış da sübut edir. Arayışda
qloballaşmanın informasiya və KİV sistemində bir sıra
dəyişikliklərə yol açdığı vurğulanır, dünya mediasının “bir ovuc
holdinqin” nəzarəti altına keçdiyi barədə həyəcan təbili çalınır.
Arayışda bildirilir ki, “jurnalistin peşə kimliyi jurnalistikanın
bugünkü sosial və mədəni böhrana qarşı sinə gərməkdə çox önəmli bir
vasitədir”. Sənəddə media sektorunun da içində olduğu qlobal
iqtisadiyyatın, “demokratik və industrial məsuliyyət dərəcəsinin”
kənarında olduğu qeyd edilərək, “buna nail olunmadıqca mediada
çalışanlar və jurnalistlər, digər işçilər kimi əziləcəklər”.
BJF-nin baş katibliyi tərəfindən hazırlanmış arayışın “Yeni media
və qloballaşma: bir etirazın təşkilatlanması” başlıqlı bölümündə,
qloballaşmanın bütün dünya iqtisadiyyatı və media üzərindəki
təsirlərindən söz açılır. ABŞ-dakı kabel televiziya sahiblərinin
Avropa, Asiya və Latın Amerikası ölkələrində bazar payı uğrunda
amansız rəqabət apardıqlarına da diqqət çəkilir: “Bir çox ölkədə,
milli sənaye və yerli medianı qorumağa yönəlik güclü ənənələr
olması gerçəyinə rəğmən, bu media bazarlarını qlobal
mediaholdinqlərin nüfuz dairəsinə daxil etmək üçün böyük təzyiqlər
var”. Sənəddə qloballaşmanın gətirdiyi təməl dəyişikliyin, sərmayə
dövriyyəsinin artması və dünya miqyasında “istiqrarsız mal
bazarlarının” böyüməsi olduğu göstərilir, bunların pozulması
nəticəsində isə, böhran, yoxsulluq və işsizliyin artması kimi,
“pərişan edici nəticələr”in
ortaya çıxdığı qeyd olunur... Beynəlxalq Jurnalistlər
Federasiyasının arayışında ən maraqlı məqam məhz qlobal media
bazarının 9 korporasiya tərəfindən idarə edilməsi ilə bağlı
yazılanlardır: “Qlobal media bazarı 9 holdinq tərəfindən idarə
edilir: AOL Time Warner (ABŞ), Bertelsman (Almanya), General
Electric, Disney (ABŞ), Sony (Yaponya), Vivendi-Universal (Fransa),
News Corporation (ABŞ, Avstralya), AT&T və Viacom xeyli
mürəkkəbləşmiş bir sənayenin ən üst təbəqəsidir. Bu oyunçuları
bir-birindən ayıran, yalnız onların böyüklükləri deyil, eyni
zamanda, qlobal fəaliyyət çevrəsidir. Bütün bu şirkətlər,
gələcəkdəki inkişaflarını qlobal bazarda daha böyük pay qazanmaqda
görməkdədir”.
Bu baxımdan, Amerikanın məşhur “Forbes” jurnalının ənənəvi “Dünya
dollar milyarderləri” siyahısı da maraq doğurur. Siyahıda media
korporasiyaların sahibləri kifayət qədər qabaqcıl yer tutaraq,
nəinki informasiya bazarında, hətta dünya siyasətində belə söz
sahibi olduqlarını sübut edirlər. Siyahıda media maqnatları üçün
xüsusi bölmə də var: “Kağızı pula çevirənlər”. Bu bölmədə dünyanın
ən güclü media patronlarının adları yer alıb. Daha doğrusu, burada
dünya informasiya bazarında gerçək söz sahibi olan 7 nəfərin adı
çəkilir.
- Bir sıra ekspertlər bu korporasiyaların əslində
ölkələrə müdaxilə metodları kimi də istifadə edildiyini deyirlər.
Bu kontekstdə nə deyə bilərsiniz?
- Cəmiyyətin idarə olunması üçün ən sərfəli vasitə informasiyadır.
Dünyanın iri mediakorporasiyalarının həyata keçirdiyi siyasətin əsl
mahiyyəti ayrı-ayrı dövlətlərin informasiya məkanını nəzarətdə
saxlamaqdır. Nəticədə cəmiyyətin standart kriteriyalar əsasında
idarəsi gerçəkləşir. İstiqamətlənmiş informasiya axınına düşən
insan tədricən öz düşüncə tərzindən uzaqlaşaraq aldığı
informasiyanın təsiri ilə düşünməyə başlayır. Bütün bunlar sübut
edir ki, müasir dünya üçün ən təhlükəli silah informasiyadır.
Yalnız informasiya müharibəsindən qalib gələn dövlətlər dünya
informasiya bazarına sahib çıxacaq. KİV-in monopoliyalaşması
prosesi nəticəsində müşahidə olunan ilk yenilik kapitalın
təmərküzləşməsidir. Nəticədə şirkətlərə gələn gəlirin mənbəyini
müəyyənləşdirmək mümkün olmur. Monopoliyanın möhkəmlənməsinin
nəticəsində bir çox ölkələrdə informasiya üzərində nəzarəti
beynəlxalq informasiya agentlikləri və mediakorporasiyalar ələ
keçirir. Ümumiyyətlə hər hansı ölkədə mətbuat orqanının
fəaliyyətinə və ideya istiqamətinə müxtəlif yollarla təsir etmək
mümkündür: konsern, sindikat və trestlərin göstərdiyi maliyyə
dəstəyi ilə; təbliğat vasitəsilə; informasiya orqanlarına biznes və
ictimai təşkilatların rəhbərlik etməsi ilə; mətbuatda aparıcı
mövqeləri ələ keçirməklə; qəzet və jurnallara reklam verməklə.
Reklamdan çox zaman siyasi məqsədlərlə istifadə olunur.
- Bu media korporasiyalarının digər ölkələrdə, o cümlədən
Azərbaycanda nümayəndəlikləri də var. Misal üçün, bu günlərdə
məşhur amerikalı jurnalist Mayn Yaffi “Azadlıq” radiosu,
“Amerikanın səsi”, “BBC” haqda çıxış edərək dedi ki, bu orqanlar
Azərbaycan haqqında yanlış rəy formalaşdırır.
- Əslində, Mayn Yaffinin dediklərində həqiqət payı çoxdur və bunu
biz dəfələrlə həmin media vasitələrində ölkəmiz haqqında gedən
materiallarda görmüşük. Burada eyni zamanda ikili yanaşmanın da
şahidi oluruq ki, bu da özünü daha çox Ermənistanla bağlı
məsələlərdə göstərir. Bir məqamı qeyd edim. Hələ İkinci dünya
müharibəsindən sonra özündə Amerika ideyalarını birləşdirən
“Marşall planı” meydana çıxmışdı. Bu ABŞ-ın KİV sisteminə köklü
şəkildə təsir göstərdi. Bundan sonra ABŞ-ın yeni siyasətini
Kolambia Brodkastinq Sistem – Ci-Bi-Es telekompaniyası həyata
keçirməyə başladı. Bu televiziyaya mediamaqnat U. Peyli rəhbərlik
edirdi. Kampaniyanın əsas ideoloqu D. F. Dalles olur. O, ABŞ
informasiya agentliyinin yaradıcısı idi. Dallesin tərəfdarı olan
Peyli məsləkdaşının “Müharibə və sülh” kitabından bəhrələnmişdi.
Kitabda yazılırdı: “Son
illərdə ABŞ bomba, təyyarə, silahla müharibəyə milyardlarla dollar
vəsait ayırıb, amma ideya müharibəsinə çox az pul xərcləyib. Ona
görə də heç bir silahla müqayisə olunmayacaq qədər güclü olan ideya
müharibəsində uğursuzluğa düçar oluruq”.
“Si-Bi-Es” şirkətinin ABŞ hərbi-siyasi kompleksinin bir hissəsi
olması sirr deyil. Bu hüququ qoruyub saxlamaq üçün isə “En-Bi-Si”
və “Ey-Bi-Si” daim mübarizə aparıb. “Si-Bi-Es” bir növ Pentaqona və
aerokosmik sənayenin inkişafına xidmət edib. Peylinin rəhbərlik
etdiyi korporasiya ilə ölkənin hərbi-sənaye kompleksinin
əməkdaşlığı sayəsində Reyqanın hakimiyyətə gəlişi gerçəkləşib. Bu
hadisə “Si-Bi-Es”in iqtisadi və ideoloji fəaliyyətində ömürlük iz
buraxıb. Bundan sonra “General motors”, “Boing Company”, “Ford
motor company”, “General electric company” kimi tanınmış hərbi
şirkətlər onun daimi reklam sifarişçisinə çevriliblər. Məhz bu
korporasiyalar qaynar nöqtələrdə baş verənlər haqda canlı yayımlar
üçün maliyyə vəsaiti ayırırdı.
Asif Nərimanlı
-
Sosial00:30
Tanınmış vəkil vəfat etdi - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Vəziyyət daha da ağırlaşacaq
-
Sosial23 Noyabr 23:24
Sevgilisindən 836 min manat tələb edən tiktoker HƏBS OLUNDU
-
Region23 Noyabr 23:00
Türkiyədə bu bank kartlarından nağd pul çıxarmaq BLOKLANDI
-
Sosial23 Noyabr 22:20
Çingiz Şəfiyev vəfat etdi - FOTO
-
Magazin223 Noyabr 21:24
Türkiyənin ən varlı məşhurları onlar imiş... - ADLAR
-
İdman23 Noyabr 20:24
Arda Gülerin yeni klubu AÇIQLANDI
-
Sosial23 Noyabr 20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı