Bəşər Əsədin azərbaycanlılardan ibarət ordusu - ARAŞDIRMA
Bizi izləyin

Nida.az

Bəşər Əsədin azərbaycanlılardan ibarət ordusu - ARAŞDIRMA

Azərbaycandan gedən Əsəd döyüşçülərini Bakı kəndlərindən bir nəfər koordinə edir. Dəqiq kim olduğu bilinməsə də, həmin şəxsin kənardan- İrandan, yoxsa başqa yerdən gəldiyi də dəqiq deyil - gəldiyi məlumdur.

İranda azərbaycanlılardan ibarət Əsəd ordusu yaradılır. Publika.Az –n əldə etdiyi məlumata görə, İrandakı Əsəd ordusunu qeyri-farslar, xüsusilə azərbaycanlılar təşkil edir.

Suriyada Azərbaycandan şiə icmasının nümayəndələrinin də döyüşməsi faktı var. Hələ ötən il Əsəd tərəfindən vuruşan 3 azərbaycanlının öldürülməsi xəbəri gəldi. Bu günlərdə konfliktoloq Arif Yunus da bizimlə müsahibəsində (http://publika.az/p/3970 ) bildirdi ki, Suriyada azərbaycanlılar azərbaycanlılara qarşı vuruşur. Onun sözlərinə görə, bu ilin yanvar ayında Suriyada 17 sələfi, iki şiə azərbaycanlı öldürülüb.
Bunun ardınca Bəşər Əsəd tərəfindən vuruşaraq öldürülən azərbaycanlıların 8 nəfərlik siyahısı yayıldı.

Bu faktlar Suriyada azərbaycanlıların bir-birinə qarşı vuruşduğu fikrini təsdiqlədi. Əsəd tərəfindən vuruşan azərbaycanlıların Suriyaya necə keçməsi haqqında ilginc məlumatlar əldə etmişik. Belə ki, söhbət yalnız İran vətəndaşı olan azərilər deyil, Azərbaycan respublikası vətəndaşalrı içərisində də müharibəyə cəlb edilənlər var.

Əsədə dəstək üçün gedən Azərbaycan vətəndaşları əvvəlcə ya həkimə getmək, ya ziyarət, yaxud da digər müxtəlif bəhanələrlə İrana sərhədini keçir. Lakin onlar Əsədə qarşı vuruşan azərbaycanlıların bir çoxu kimi Türkiyə sərhədini keçdikdən sonra birbaşa Suriyaya yollanmırlar. İranda vəziyyət bir qədər başqadır. Mənbə iddia edir ki, onları İranın xüsusi xidmət orqanları qəbul edir və təlim düşərgələrinə aparırlar. Təlim düşərgələrində müharibəyə aid ibtidai biliklər-silah tutmaq və digər partlayıcı maddələrdən istifadə qaydaları öyrədilir. Hazır vəziyyətə gətirildikdən sonra radikal şiə qruplaşması olan “Hizbullah” və onun qolları tərəfindən 3 yolla Suriyaya aparılırlar: Türkiyə, İraq və Əfqanıstan.

İran Suriya ilə birbaşa sərhədlərə malik deyil. Buna görə də, “Hizbullah” yerli bölmələri “təlim keçmiş döyüşçüləri” qəbul edir və bu ölkələrdən müxtəlif yollarla Suriya sərhədlərini keçirirlər.

Ən maraqlı iddia isə Əsəd ordusunda vuruşmaq üçün yaradılan hərbi bölmələrdə farsların olmamasıdır. Mənbə bildirir ki, bu bölmələrdə Bakının Nardaran və digər kəndlərindən, eləcə də cənub bölgəsindən olanlar, Cənubi Azərbaycandan olan azərbaycanlılar, eləcə də digər qeyri-farslar var. Bir neçə təlim düşərgələrinin olduğu deyilir, lakin mənbə yalnız birini dəqiq bilir. Bu düşərgə Qum şəhərinin 20 kilometrliyində yerləşir. Bu düşərgələrdə Azərbaycandan son vaxtlar gedənlərlə yanaşı, Qumda dini təhsil alan vətəndaşalrımız da var. Lakin tələbələr daha çox könüllülük prinsipi ilə bura cəlb edilir. Məlumata görə, hazırda təlim düşərgələrində 150-dən çox azərbaycanlının olduğunu deyir (bu rəqəm dəqiqləşdirilməmiş informasiyadır-red).

Əsəd ordusunun tərkibində azərbaycanlıların da olduğu hərbi qruplaşmalar daha çox partizan döyüşlərində istifadə olunur. Məlumata görə, hazırda Suriya küçələrində gedən döyüşlərdə radikal dini qruplaşmalar əmir adlanan rəhbərin başçılığı altında qruplar halında döyüşür. Məhz onlara qarşı Suriyanın hökumət ordusu deyil, bu qruplar vuruşur. Həmçinin Əsədə qarşı vuruşanlardan fərqli olaraq, İranda hazırlanan bu qruplarda öldürülənlər haqında dəqiq informasiya verilmir, çox vaxt da gizli saxlanılır. Ümumiyyətlə onlarla bağlı təkcə ölümlər deyil, hər şeyin gizli saxlanılmasına çalışılır. Bu hərbi qruplaşmalarda iştirak edənlər xüsusi geyimləri, əsasən də çalma formasında olan yaşıl, yaxud da qara rəngli bağlama ilə seçilirlər.

Mənbə daha bir maraqlı iddianı da bildirir. Onun sözlərinə görə, Azərbaycandan gedən Əsəd döyüşçülərini Bakı kəndlərindən bir nəfər koordinə edir. Dəqiq kim olduğu bilinməsə də, həmin şəxsin kənardan- İrandan, yoxsa başqa yerdən gəldiyi də dəqiq deyil - gəldiyi məlumdur. Koordinator rolunu oynanan bu şəxs burda təbliğat aparmaqla yanaşı, vəsaitlərin toplanması və gedənlərin yola salınmasını həyata keçirir.

Məlumata görə, Əsəd tərəfdarları olaraq vuruşan azərbaycanlılar buna “Əhli-Beyt təhlükədədir" arqumenti ilə haqq qazandırırlar.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm